RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verilişində görkəmli ədəbiyyatşünas alim Məmmədağa Sultanovun yaradıcılığından bəhs edilib Okt 11, 2022 | 14:27 / Verilişlər

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında “Mədəniyyət” kanalında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.

Verilişdə görkəmli ədəbiyyatşünas alim, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri namizədi Məmmədağa Sultanovun həyat və yaradılıcığından bəhs edilib.

Akademik Rafael Hüseynov bildirib ki, Məmmədağa Sultanov 1910-cu il yanvarın 5-də İranın Ərdəbil şəhərində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəlikcə Bakıya köçmüşlər. O, qələmini ilk dəfə 1931-ci ildə bədii tərcümə sahəsində sınamış, həmçinin ara-sıra şeir və hekayələr yazmışdır.

Görkəmli ədəbiyyatşünasla bağlı xatirələrini bölüşən Rafael Hüseynov Məmmədağa Sultanovun qardaşlarının da istedadlı alim olduğunu, çalışdıqları sahənin təməlqoyanlarından olduqlarını bildirib: “Alimin qardaşı - AMEA-nın müxbir üzvü Qədir Sultanov paleontologiya elmində yeni istiqamət açanlardan idi. Professor Rəhim Sultanov klassik fars dilli nəsr abidələrinin ana dilimizə mükəmməl şərhli silsilə tərcümə ənənəsinin başlanğıcında dayanırdı. Digər qardaşı Əli Sultanzadə isə istedadlı rəssam idi”.

Verilişdə diqqətə çatdırılıb ki, Məmmədağa Sultanov 1947-ci ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda Əlyazmalar şöbəsinə müdir təyin edilmişdir.  Eyni zamanda, universitetdə fars dili və İran ədəbiyyatı tarixindən dərs demişdir. Əlyazmalar şöbəsi 1950-ci ildə ədəbiyyatşünas alimin gərgin əməyi nəticəsində Respublika Əlyazmalar Fonduna çevrilmişdi. Məmmədağa Sultanov 1950-1972-ci illərdə fondun direktoru olmuş, onun bir elm mərkəzi kimi formalaşmasında yorulmadan çalışmışdır. Alim 1976-1981-ci illərdə Azərbaycan EA Yaxın və Orta Şərq Xalqları İnstitutunun Şərq ölkələri ilə ədəbi əlaqələr şöbəsinin müdiri, 1982-ci ildən isə Azərbaycan EA Əlyazmalar İnstitutunun baş elmi işçisi işləmişdir.

Akademik Rafael Hüseynov 1990-cı il noyabrın 30-da AMEA-nın Rəyasət Heyətində görkəmli alimin 80 illik yubileyinin qeyd olunduğunu deyib. Bildirib ki, tədbirdə akademik Şəfaət Mehdiyev, akademik Bəkir Nəbiyev və digər görkəmli alimlər çıxış edərək yubilyarın ünvanına təbriklərini səsləndiriblər.

Qeyd olunub ki, əlyazma kitabların kamil bilicisi, klassik ədəbiyyatımızın istedadlı tərcüməçisi Məmmədağa Sultanov 22 yanvar 1991-ci ildə Bakıda vəfat edib.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook