RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Akademikin vida məktubu Sen 20, 2022 | 14:33 / Mətbuatda çıxışlar

Bu düşündürücü zərbülməsəli XX yüzilin başlanğıcında Bakıda az qala hər kəs əzbər bilirmiş. Çünki o cümlə hamının gözünün qarşısındaymış - Bakının ən cazibədar binasının, İstiqlaliyyət küçəsindəki "İsmailiyyə"nin lap yuxarı hissəsində həkk edilibmiş. Sözlər əski hürufatla, həm də Azərbaycan dilində deyil, ərəbcə yazılıbmış, ancaq bilməyənlər dərhal bilənlərdən soruşub öyrənməyə tələsirmiş ki, görən, o sözlərin mənası nədir?

Yeddinci əsrdən iyirminci əsrə gəlib çatmış, 1920-ci illərdə bolşeviklərin məhz ərəb əlifbasında yazıldığından dini mətn hesab edərək sındırıb yox etdiyi həmin hikmətli cümlə fəlsəfə ilə dolu idi: "Dünyanın qatışıqlığı təəccüblü deyil, təəccüblü olan insanların bu qatışıqlıqdan necə baş çıxarmasıdır".

Bu binanın yuxarı başında, dəndanələrin altında bir vaxtlar o kəlmələrin yazılmış olduğunu gözəlcə bilən akademik Musa Əliyev 1950-58-ci illərdə hər gün o binaya işə gəlirdi. Həmin illərdə o, Azərbaycan Elmlər Akademiyasının prezidenti idi və bu dövr baş elm məbədimizin həyatındakı ən parlaq mərhələ sayılır.

O vəzifəni daşıyanadək də, həmin illərdə də akademik Musa Əliyev elə çətin, keşməkeşli həyat döngələrindən adlamışdı ki, indi vaxtın ucalığından olub-keçənlər haqqında düşünürkən heyrətlənməyə bilmirsən bu fırtınalardan necə salamat qurtarıb, təlatümlərün ağuşunda ola-ola böyük işlər görməyi necə bacarıb və ən mühümü - həm də qoruna bilib, məhv olmayıb?

Onun özü də, ailəsi, nəsli, əsli-kökü də, qoynundan keçdiyi onillər və bütövlükdə ömür möhlətinə düşmüş vaxt kəsiyi də, qarşılaşdığı hadisələr, işlədiyi insanlar da qeyri-adi olub.

Quruculuq və dağıdıcılıq, insana özünüifadə üçün geniş üfüqlərin açılması və insan həyatının heçə sayılacaq qədər ucuzlaşdırılması, ən sonda öldüyü deyilən ümidin milyonların qəlbində dəfn edilməsi və digər milyonların könlündə gələcəyə ən dərin ümidlərin pöhrələnməsi. Bu, təzadlı XX yüzildir. Bu, insan oğlunun yaşadığı əsrlərin ən mürəkkəblərindəndir. Bu, iki dünya müharibəsinin, o müharibələr qədər qəddar və qanlı sovet siyasi repressiyalarının tüğyan etdiyi, bir tərəfdən şərin meydan suladığı yaşanılmaz, o biri tərəfdən də ən dar macalda belə ədalətin, haqqın  zəfər çala, ayaq tuta bildiyi, insanların inama kökləndiyi ağlı-qaralı zəmanə, nisgil və fərəhlərlə ləbələb qəliz zaman parçasıdır.

Həmin burulğanlı illərin hadisələrini yaddaşdan keçirərkən görürsən ki, sovetin 1920, 1930, 1940, 1950-ci illərində daim üzdə olmaq və axıracan da xətərsiz qalmaq nəinki sadə məsələ deyil, hətta əfsanə kimidir.

O dövr nə qədər parlaqları udub, neçə tanınmış, güclü şəxsiyyət bir müddət öndə olandan sonra çöküb, həyatdan qoparılıb, adı, imzası unutdurulmağa məhkum kəsilib.

Musa Əliyevsə elmdə, təhsildə, dövlət həyatında bu sərt dönüşlü onillərin hamısında birinci sıralarda, göz önündə, mərkəzdə olub. Ən aparıcı ali məktəblərdən birinin -  Sənaye İnstitutunun rektoru da işləyib, akademiya prezidentliyinə də yüksəlib, Mərkəzi Komitədə məsul vəzifələr də tutub, Dövlət Plan Komitəsinin sədri də olub.

Keçmiş NKVD-KQB - Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərində sovet dövründə siyasi repressiyaya uğramışların yüzlərlə cinayət işi ilə yaxından tanış olan, oxşar yüksəlişlərə nail olmuşların sonra hansı bəlalarla qarşılaşdığını bilən, həmin çağların bütün səhnəarxası siyasi idbarlıqlarına uzun illərin diqqətli araşdırmalarından bələd şəxs kimi ikinci adamı görmürəm ki, belə yol keçmiş olsun və taleyi tar-mar edilməsin.

Musa Əliyevsə bütün iş həyatı ərzində həmişə fəallığı ilə seçilib, daim arxa deyil, ön planda olub, dövrün səciyyəvi təhlükələri hər an onun da yan-yörəsində hərlənib, xata-bəla başı üstündə bir qılınc kimi asılı qalıb, lakin bununla belə, qətiyyətlə yolunu davam etdirib və həmişə də bütün gərəkli işlərini görməklə bərabər, simasını, mənliyini hifz etməyə, şəxsiyyətini, adını o çağlara xas ənənəvi ləkələrdən kənarda saxlamağa müvəffəq olub.

Mat qalmamaq mümkünsüzdür!

Söz yox, Allahın nəzərində olmasının, taleyin onu qorumasının, xoşbəxt təsadüflərin də yeri var. Amma əsas səbəblərdən ən ümdəsi olaraq onun bilgin mütəxəssis kimi yüksək peşəkarlığı, müstəsna qabiliyyətlərinə müəyyən tarixi məqamlarda kəskin ehtiyac duyulması, onun edə biləcəklərinin öhdəsindən bir başqasının gələ bilməyəcəyinin aşkar hiss edilməsi, tapşırılan istənilən işə bütün ürəyini qoyub fədakarlıqla çalışması, çox mənada əvəzolunmazlığı, təmkini, təmizliyi, dürüstlüyü, iddiasızlığı götürülməlidir.

İnsanlar zəka və duyğuları ilə sıx bağlı olduqları, kamil yiyələndikləri və asta-asta talelərinə, varlıqlarının bir parçasına dönmüş ixtisaslarına bənzəyirlər və bəzən bu oxşarlıqlar, üst-üstə düşmələr elə bariz olur ki, bu adamın bu sənətə bağlanmasının elə alın yazısı, sanki irəlicədən cızılmış bir qismət olmasına iman gətirirsən.

Musa Əliyev geoloq idi. Geologiya isə qədimlikdir, dərinlikdir, qat-qat laylardır, o laylardakı sərvətlərdir və eyni zamanda gələcəyin təməlidir, sabaha dikilən baxışdır, gələcək içində rahat, firavan yaşamağa imkanlar açan qüdrətdir.

Və Musa Əliyev şəcərəsi, ömrü və əməlləri ilə qoşa alma kimi sənətinin, sevib-seçdiyi elm sahəsinin oxşarı idi.

Sənədlərinə görə o, 1908-ci ildə Şamaxıda təvəllüd tapıb. Amma onun dünyaya gəlişinəcən nəslin keçdiyi yol da vardı axı! Musa həm də bu yolun, qanın yaddaşının, nəslin ənənələrinin, vərdişlərinin davamı idi. Atası Mirzə Mahmud hörmətli-izzətli sahibkar idi, əmisi Məmmədtağı Əliyev Sankt-Peterburqdakı məşhur Petrovsko-Razumovski Kənd və Meşə Təsərrüfatı Akademiyasında təhsil almışdı, dünyanı gəzib dolaşmışdı, Avropada yaşamışdı, Rusiya imperiyasının tanıyıb-etiraf etdiyi barmaqla sayılacaq qədər seyrək olan seçkin azərbaycanlılardan idi və Birinci Dövlət Dumasına deputat da seçilmişdi.

Vaxt ötəcək, bu nəsil dərinliyi və şəcərə qol-budaq açması Musanın da ömründə əks-sədalarını verəcək.

Torpağın təki təbəqə-təbəqə olub hər lay öz sirlərini daşıdığı kimi, Musanın da  cavan yaşlarından etibarən həyatı qat-qat, mərtəbə-mərtəbə fərqlənəcək, hər mərhələnin də digərinə bənzəməyən özəllikləri olacaq. Sənətində - geoloqluğunda mahir olduğu, daşın-torpağın dərin qatlarının dilini başqalarından, hətta ən yaxşı mütəxəssislərdən də üstün anladığı, heç vaxt yanılmadığı kimi, elə yerin dərinlərindəki sayaq mübhəm, çoxsuallı həyat dolaylarında da heç zaman yanılmayacaq, anına görə həmişə ən doğru cavabı tapmağı bacaracaq.

lll

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında - "İsmailiyyə"dəki kiçik iclas zalında bir divarda bu quruma lap başlanğıcdan başçılıq etmiş bütün prezidentlərin rəssamlarımızın çəkdiyi portretləri sıralanıb. Hər dəfə orada keçirilən iclaslarda istər-istəməz həmin cərgəni seyr edirsən.

Tale elə gətirdi ki, 1970-ci illərin sonlarından, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirərək Elmlər Akademiyasına təyinat aldıqdan sonra həmin sıradakıların xeylisi ilə birgə işlədik, onları yaxından tanıdım, bəziləri ilə səmimi təmaslarımız da yarandı. Ancaq akademiya prezidenti olmuşlardan birinə marağım və onunla qaibanə tanışlığım həmin silsilədəkilərin hamısından əvvəl başlanıb. Səbəbkar da dahi Hüseyn Cavidin qızı Turan xanım olub.

Hələ tələbəykən mən XII yüzilin böyük riyaziyyatçısı, filosofu, rübai ustası Ömər Xəyyam Nişaburini araşdırmağa başlamışdım və o vaxtdan indiyədək də Xəyyam mənimlədir. Həmin çağlarda yazdığım və tələbə konfransında da məruzə kimi təqdim etdiyim bir məqaləm "Hüseyn Cavidin "Xəyyam" faciəsi və tarixdəki Ömər Xəyyam" adlanırdı. O dövrdə o yazımı ölməz şairin tək yadigarı Turan xanım Cavidə də göstərmişdim, bəzi suallarıma cavab istəmişdim və o da mənə bir sıra başqa təfərrüatlarla yanaşı maraqlı bir məqamı da xatırlatmışdı. Söyləmişdi ki, dünyada Xəyyamla əlaqədar iki ilk Azərbaycanla bağlıdır. Biri mənim atamın "Xəyyam" pyesidir. Onun 1935-də yazdığı, həyatında mükafata layiq görülmüş yeganə əsəri olan bu dram dünyada Xəyyama həsr edilən birinci bədii əsər idi. Bir də həmin əsərdən 2-3 il əvvəl Azərbaycanda ilk Xəyyam adı yarandı. 1935-ci ildən, atamın pyesindən sonra o əsərdəki bir neçə ad bizimlə yaxın olan ailələrin də övladlarına verildi - adların qoyulmasını çox zaman elə həmin ailələr özləri atamdan təvəqqe edirdilər.

Cümhuriyyət dövründə milli parlamentin rəhbəri Həsən bəy Ağayevin nəvəsi, elə o vaxtlar ilk əmək nazirimiz olmuş Əhməd Pepinovun qızı Sevdaya həmin adı atam verib. Sevda surəti "Xəyyam"ın baş qəhrəmanlarından biri idi. Professor Hadi Mirzəzadənin sonradan məşhur bəstəkar olacaq oğlu Xəyyama da 1935-ci ildə həmin ad bu pyesdən alınaraq verilib. Ancaq Azərbaycan ailəsində Xəyyam adı daşıyan ilk uşaq bundan bir az əvvəl dünyaya gəlib. Həm də o uşağa sadəcə Xəyyam adı verilməyib, bütöv halda Ömər Xəyyam adı qoyulub. Bu, akademik Musa Əliyevin ilkinin, böyük oğlunun adı idi...

Turan xanım belə söyləyirdi və Ömər Xəyyamın yüzillər boyu dünyanı dolaşan, sayı bilinməyəcək qədər çox dillərə çevrilmiş müdrik dördlüklərindən biri adətən onun "Rübaiyyat"ının əlyazma nüsxələrində ən əvvəldə gəlir. Bu şeir insan, kainat, həyatın açılmaz sirləri, varolmanın mahiyyəti haqqında bir aqilin yorğun fikrədalmasıdır:

 

Əsrar-e əzəlra nə to dani yo nə mən,

Vin hərf-e moəmma nə to xani yo nə mən.

Həst əz pəs-e pərde qoftequ-ye mən o to,

Çon pərde bər oftəd nə to mani yo nə mən.

 

Əzəli sirri bilən nə sən olarsan, nə də mən,

O müəmmaya cavab nə sən bularsan, nə də mən.

Getmədə pərdə dalında bizim hər söhbətimiz,

İtsə pərdə aradan, nə sən qalarsan, nə də mən.

 

O pərdə hər kəs üçün günlərin birində mütləq düşür. Hamımız gedəriyik. Ancaq hər ömür üçün mühüm olan budur ki, pərdə enəndən, ömür bitəndən sonra bizdən sonra nə qalır, bizi hansı izlərimizlə, necə anırlar.

Gənc yaşındaykən Allahın ona bağışladığı ilk övladına Ömər Xəyyamın adını vermiş böyük düşüncə adamı və dövlət xadimi akademik Musa Əliyev üçün həmin əbədi ayrılıq anı yetişəndə 1985-ci il mayın 3-ü idi və o, 77 yaşında idi.

Musa Əliyev hadisələrlə, insanlarla, eniş-yoxuşlarla dolu bir həyat yaşamışdı. Artıq mənzilinin səssizliyinə çəkildiyi, bütün ömrü boyu onu müşayiət etmiş iş-güclə qaynayan onillərdən sonra  sakit təqaüdçü həyatı sürdüyü əyyamlarda, təbii ki, o da ara-sıra dünənlər haqda xəyallara dalırdı, olub-keçənlər haqda fikirləşirdi.

Ömrün bu qürub fəslinə yetişənəcən Musa Əliyev o qədər çoxlu və faydalı işlər görmüş və silinməz izlər qoymuşdu ki, dünyanın qarşısında üzüağ idi.

Xəyallara dalanda o, yalnız keçmişini görmürdü, özünün olmayacağı gələcək  günlərdəki taleyini də aydın təsəvvür etmək imkanında idi. Dünyanın hər üzünə bələd insan kimi anlayırdı ki, gec-tez hər yaxşılıq, hər savab cavabını tapır və onun yurdu, milləti və insanlıq naminə əməlləri də unudulmayacaq, zaman-zaman xatırlanacaq, qiyməti veriləcək.

O, heç vaxt əlini-qolunu yanına salıb oturanlardan olmamışdı, indi bu ixtiyar sinnində də elə köhnə eşqi ilə ürəyində daha nəsə gərəkli bir iş görmək, xeyir vermək istəyi vardı.

Və o, son yaxşılığını edirdi.

Gözləri getdikcə işığını itirsə də, 2-3 səhifə oxuyunca-yazınca heysizləşsə də, səhhətə müqavimət göstərirdi. Sabahdakılar dünənləri daha aydın görsünlər, gələcək içərisindəki yolları daha işıqlı olsun deyə işığını itirən gözlərinə ürəyinin nurunu əlavə edərək xatiratını yazırdı.

Bu, nə gündəlik idi, nə tərcümeyi hal, nə onun özünün də canlı şahidi olduğu, həyəcanları və sevinclərini yaşadığı tarixin rəngarəng parçaları haqqında sənədli hekayət.  Əslində hər gün səhifə-səhifə artan həmin yazılarda onların hamısı vardı, ancaq bu dəftərlər qatarı onun sabaha və sabahdakılara vəsiyyəti, nəsihəti, uzun vida məktubu idi.

Sezirdi ki, artıq dünya dəyişir, qarşıdan ayrı, indiyədək yaşanmışdan fərqli bir zəmanə gəlir. Elə həqiqətlərdən yazırdı ki, bunlar daha təkrarlanmayacaq, o dövr, o şəxsiyyətlər  bir daha olmayacaq, dərk edirdi ki, bildiyi həqiqətləri yazılaşdırmasa, onların sabaha çatmasından ötrü gücünün tükəndiyi məqamında da olsa edə bildiyini etməsə, bu gizlinclər də onunla məzara gedəcək, yerli-dibli unudulacaq.

Bütün bunları yazmağında məqsədi təkcə xəbər ötürmək də deyildi. Təcrübəli insan idi. Bilirdi ki, zaman çayı durmadan axsa da, axan çaya ikinci dəfə ayaq basmaq mümkünsüz olsa da, dünya həmin dünyadır, insan həmin insandır. Təqvimlər dəyişir, rənglər dəyişir, yolsa yolluğunda qalır və sabah həmin yolla büdrəmədən, ağrısız, daha az itkilərsiz irəliləyə bilməkçün gərək dünənin dərslərindən ibrət götürəsən, ibrət götürməkçünsə gərək başvermişlərdən şayiələrə, qondarma rəvayətlərə əsasən deyil, qərəzsiz və doğruçu şahidlərin, sənədlərin-sübutların əsasında agah olasan.

Cavanlığında qorxmaz olmuşdu, çılğın olmuşdu, geoloq idi və indi uzaqlarda sayrışan 1930-cu illərdə çox zaman elə ekspedisiyalara könüllü yollanmışdı ki, onların əksərində həyatı itirmək təhlükəsi gözlə qaş arasındakı kimiydi. Ancaq heç vəchlə çəkinməmişdi, daim qabağa can atmışdı. İndi həyatı bitəbitdəydi, ömrün xəzanındaydı, amma təpər həminki təpər idi və o, tükənən gücünü səfərbər edərək keçilmiş yol haqqında sabahkı övladlara yol xəritəsi yazırdı. Və millətinə, yurduna son borcunu verirdi

Hələ bu "Xatirat"ın bütün başqa istiqamətlərini bir kənara qoysaq belə, akademik Musa Əliyevin Azərbaycanın XX yüzildə düşüncə mərkəzi olmuş Elmlər Akademiyası, tarixə həmişəyaşar möhürlərini vurmuş böyük alimlərimizlə bağlı qiymətəsığmaz yaddaşları yaxın keçmişimizin xalqa naməlum qalan elə səhifələrini aydınladır ki, bunları gərək insanlarımız mütləq bilə.

Bu xatirələr vaxtında yazılmasaydı, o səhifələrə indi əlimiz çatardımı?

Heyhat, daha xatirə bölüşə biləcəklərdən biri də qalmayıb...

Akademiyamızın XX əsrin ortalarındakı həyatı ilə əlaqədar çoxlarına bəlli olmayan xeyli örtülü gerçəkləri bir vaxtlar mənə iş yoldaşım, erkən və faciəli ölümünə rejimin bais olduğu böyük filosof Heydər Hüseynovun qızı Sara xanım söyləmişdi. Tarixçi Tamilla Kərimovanın Elmlər Akademiyasının tarixinə həsr etdiyi mükəmməl əsərində də o dönəmdə akademiyanın nələri yaşadığı və hansı ucalıqlara çatdığı barədə arxivlərin əldəyməz dərinlərindən ilk dəfə üzə çıxarılmış son dərəcə maraqlı bilgilər var. Di gəl, hadisələrin tən mərkəzində dayanmış, həm bir çox proseslərin idarəedicisi, yönəldicisi olmuş, həm də başqalarının heç cürə  bilməyəcəyi bir para məxfi mətləblərdən bilavasitə agah Musa Əliyev xatiratında elə gerçəkləri və incəlikləri əyan edir ki, bütün başqa xidmətlərindən əlavə tariximizin, mənəviyyat keçmişimizin zülmətə qərq olmuş hadisələrinə güzgü tutduğu üçün bu nəcib insana minnətdar olmaya bilmirsən.

Öz əli ilə qələmə aldığı "Xatirat"ını oxuyanadək akademik, dövlət adamı Musa Əliyevin macəralı və şanlı həyat yolu haqqında müəyyən biliklərim vardı. Qızı, unudulmaz ərəbşünas alim Rəna Paşayeva ilə Elmlər Akademiyamızın Şərqşünaslıq İnstitutunda birgə işləmişdik, akademikin haqqında eşitdiklərim, oxuduqlarım da az deyildi. Ancaq nə qədər bilirsən bil, insanı olduğu kimi görmək və tanımaqçün gərək onunla üz-üzə dayanasan, nəfəs-nəfəsə olasan, özünü dinləyəsən.

Bu da nəsibimiz oldu!

Qızı Rəna xanım günlərin birində illərcə tək özünün oxuduğu, üzə çıxarmağa, hamınınkılaşdırmağa ürək eləmədiyi dəftərləri - atasının 1970-ci illərin sonlarından rusca qələmə almağa başladığı xatiratını tam düz seçim edərək usta jurnalist Nadejda İsmayılovaya etibar edir.

Və nə heyif ki, həmin xatirələrin bir kitaba çevrilərək hamıya çatdığı günü görmək Rəna xanıma qismət deyilmiş.

Həyat yoldaşı, dəyərli diplomat, alim və təhsil qurucusu Hafiz Paşayev ona xas səliqə və zövqlə, qızı Cəmilə xanım ikiqat nəvazişlə - həm Musa Əliyevin, həm Rəna xanımın xatirəsinə məhəbbətlə bu niyyəti tamama yetirdilər və akademik Musa Əliyevin yadigar dəftərlərini nəfis bir kitaba döndərərək hamının həmsöhbətinə çevirdilər. 

Yaşadığı dövrün söz sahibi şəxsiyyətlərindən olmuş akademik Musa Əliyevin səciyyəvi cəhətlərindən biri miqyaslı düşüncə idi.

O, hələ cavan, ahıl çağlarında müasiri olduğu gedişata üstdən baxa bilirdi, onda qalmış üst-üstə qalaqlanan onillərin də əlavə bəsirətlilik gətirdiyi ixtiyar çağlarında ola. Həmin səbəbdən də akademikin xatiratı sadəcə keçən günlərin və hadisələrin təsviri deyil. Bu yazılar bütövlükdə zəmanənin portretidir, bir ömrün, bir nəslin timsalında XX yüzil içərisindəki Azərbaycanın taleyi və tarixidir, əsrin fərqli bir salnaməsidir.

Yazır ki, yeriməyə erkən, 1 yaşım olanda başlamışam.

Bu cizgini mən Musa müəllimin ömür yoluna nisbətdə sırf rəmzi sayıram. Sanki vaxt, həyat ona diktə edirmiş ki, cəld ol, qabağa düş, yaşından irəli get.

1934-cü ildə namizədlik dissertasiyasını yazıb başa çatdıranda onun 26 yaşı vardı.

1 il sonra ardıcıl imtinalarına baxmayaraq, Qafqaz Geologiya Trestinin Azərbaycan Geologiya Bürosuna rəis təyin edilincə qısa müddətdə ona qədər mövcud olmuş iş üslubunu dəyişəndə, rəhbərlik etdiyi idarənin tərkibini gəlmə mütəxəssislərdən təmizləyərək yerli kadrlarla əvəzləyəndə də bu ağsaqqalcasına uzaqgörən hərəkətləri edən bir cavan oğlandı.

1936-cı ildə az əvvəl bitirdiyi Azərbaycan Sənaye İnstitutunun Neft (dağ) fakültəsinə dekan seçiləndə heç 28 yaşı tamam olmamışdı.

1938-ci ildə 30-na çatanda Musa Əliyevi həmin məşhur ali məktəbə rektor, ya o günün ifadəsi ilə yazarsaq, "direktor" təyin edirlər.

Musaya qədər orada başqa millətlərdən 3-4 direktor olmuşdu. Yeganə azərbaycanlı direktorunsa aqibəti faciəylə qurtarmışdı, onu da, müavinini də sovet cəza orqanları 1937-də güllələmişdilər.

Musanın bu vəzifədə əvəzlədiyi erməni direktorun vaxtındasa institutda sahman lap pozulmuşdu.

Musa Əliyev gəlir və düzəldir. 1940-cı ildə Azərbaycan İndusrtrial İnstitutu - AZİİ SSRİ-nin neft təmayüllü ali məktəbləri arasında birinci yeri tutur. O çağacansa həmin yerin daimi sahibi Moskva Neft İnstitutuymuş.

Musa Əliyev iftixarla anır: "Bütün Sovet İttifaqında bizim institutdan danışmağa başladılar".

Onda AZİİ 20 yaşındaydı. Üstündən 60 il keçərkən, bu təhsil ocağının 80 illiyində həmin 1940-cı ildə buranın tələbəsi olmuş adil bir münsif məhz Musa Əliyevin rektor olduğu dövrün institutun tarixindəki ən işıqlı, ən uğurlu illər olduğunu təsdiqləyirdi. Bu qiyməti verən böyük Heydər Əliyev idi!

1941-ci ilin baharı. Musa Əliyevin 33 yaşı var. Onu - hələ az adamın tanıdığı bir azərbaycanlını çox yuxarılara çəkirlər: SSRİ Neft Nazirliyində Təhsil müəssisələri şöbəsinin müdiri təyin edilir.

Bayaqdan ixtiyarında bir AZİİ idisə, indi bütün Sovet İttifaqının neft təmayüllü ali məktəb və texnikumları onun səlahiyyətləri çərçivəsində idi.

Təbiətindəki yenilikçi, qurucu ruhla ideyalarını bütün İttifaq boyu gerçəkləşdirmək barədə düşünür.

1942-ci ilin sentyabrı. Dünya qopmaqdadır, göydən od yağır. Alman qoşunu Şimali Qafqazdadır, Mozdoka çatıblar. Faşist hərbi hissələri Gürcüstanda aşırımlarda yerləşib. Və Musa Əliyevi, artıq SSRİ Neft Nazirliyində Təhsil müəssisələri ilə iş üzrə baş idarənin rəisi olan azərbaycanlı cavanı Kremlə dəvət edirlər, yollayırlar həmin ən qaynar, ən təhlükə altındakı bölgəyə. Əlində İosif Stalinin imzaladığı mandat. O, sovet liderinin təmsilçisi kimi gedir, orada onun verəcəyi hər tapşırıq Stalinin əmri kimi qəbul ediləcək. Geriçəkilmələrin müvəqqətiliyinə, qələbənin hökmən bizimlə olacağına inam oyadan xüsusi tapşırıq növbəti tədris ili üçün Qafqaz respublikalarında tələbə qəbulunun təşkili və həyata keçirilməsidir. Ali dövlət əhəmiyyətli bu missiyanı layiqincə yerinə yetirən Musa Əliyevin 34 yaşı var, getdiyi hər yerdə qarşısında mil dururlar, göstərişləri, tövsiyələri danışıqsız icra edilir.

...Bən-i Amir qəbiləsinin şad günü idi. Qeys dünyaya gəlmişdi. Qohum-əqrəba, yaxınları gənc ananı əhatəyə almışdılar. Uşaqsa ətini kəsirlərmiş kimi durmadan ağlayırdı. O çevrədəki xanımların ən gözəli körpəni alır qucağına və uşaq xırp səsini kəsir.

Dahi Füzuli nəticə çıxarırdı:

Zatında çü var idi məhəbbət,

Məhbubi görüncə tapdı rahət.

Quruculuq, ixtiraçılıq, yenilikçilik, müdriklik, uzaq gələcəyi düşünərək ölçülü-biçili addımlar atmaq Musanın cövhərində, ruhunda idi. Hara göndərilsə, orada gəlişi hökmən hiss olunmalı idi. Hansı səmtə üz tutsa, illərcə bəhrələr verəsi tədbirlərini tökməli idi.

1949-cu ildə 41 yaşında Azərbaycan Dövlət Plan Komitəsinin sədri təyin ediləndən lap az sonra respublikanın 1950-1970-ci illər üçün inkişaf planını hazırlayaraq Moskvaya Baş İdarəyə təqdim edir.

Həyatı boyu nail olduqlarını qürurla dilə, qələmə gətirməkdə xəsis olan Musa Əliyev, bir növ, ömür hesabatı olan xatiratını yazarkən tərtib edib irəliləməsinə nail olduğu həmin plana görə sidq ürəkdən fəxr edirdi: "Mən həyatım boyu təvazökar adam olmuşam, heç vaxt öz müvəffəqiyyətlərimdən bəhs etməmişəm. Amma indi özüm öz qarşımda ürəyimi aça bilərəmmi? Dövlət Plan Komitəsinə rəhbərliyim zamanı nələri etdiyimlə öyünə bilərəmmi? İttifaq Dövlətplankomunda Respublika kitabxanasının, Azərbaycan Dram Teatrının, Akademiya şəhərciyinin, Astrofizika rəsədxanasının, metronun, boru-prokat zavodunun tikintilərini təsdiq etdirdim. Mənim təşəbbüsümlə Gəncədə alüminium, Sumqayıtda sintetik spirt və kauçuk zavodlarının inşası başlandı".

Qəhərlənən həddə qədər qürurlanmağa, əlbəttə ki, haqqı vardı. Bu tikintilərdən hər biri əslində həm də onun əsəri idi. Vətənində qalacaq izləri!

O illərdə məhz Moskvada şəxsiyyətinə və sözünə bəslənən sayğı və inam, təklif və təşəbbüslərini aşılması çətin mərhələlərdən keçirə bilmək qabiliyyəti bütün bu layihələrin həyata vəsiqə almasında xüsusi rol oynamışdı.

Hər böyük vəsait ayırmalarının Moskvada həll olunduğu illərdə bu qədər nəhəng layihələrin bir-ikisinin yolunu açmağa nail olmaq da böyük uğur sayılardı, o isə hamısını qazanmışdı.

Memar Əcəmi demiş, insan gedir, əsər qalır. Akademik Musa Əliyev çoxdan həyatda yoxdur, həmin ƏSƏRlərin hər birisə yaşayır, xalqın, Vətənin xidmətindədir.

...8 il Azərbaycan Elmlər Akademiyasının prezidenti oldu. Çox işlər gördü. Amma əsl böyük dövlət xadimi və millətpərvər, vətənsevər kimi etdiklərindən biri, üstündən xeyli zaman da sovuşarkən də, ona məxsusi ləzzət verirdi: "Mən akademiyanı qəbul edəndə ştatda 1050 nəfər vardı və onların 30 faizi azərbaycanlı alimlər idi. 1953-cü ildə artıq bizdə 1600 nəfər işləyirdi  və azərbaycanlıların faiz nisbəti 50-yə çatmışdı. 1954-cü ildə isə akademiya əməkdaşlarının miqdarı 2500 idi və onların 70 faizi azərbaycanlılar idi".

Azərbaycan akademiyasının haradan hara qalxdığını, niyə məhz akademiyanın Musa Əliyev illərinin "qızıl dövr" adlandırılmasının cavabı SSRİ Elmlər Akademiyasının prezidenti olmuş görkəmli alim Aleksandr Nesmeyanovun 1957-ci ildə dediyi sözlərdir: "Musa Mirzoyeviç Əliyevin prezidentliyi illərində Azərbaycan akademiyası aşağıdakı ikinci yerdən yuxarıdan üçüncü yerə ucalıb. Azərbaycan akademiyası artıq İttifaqın ən aparıcı akademiyalarını haqlayıb".

Amma Musa Əliyevin karyerasının akademiya parçasında bundan heç də xırda sayılmayası və ümummilli siqlətli bir başqa misilsiz xidməti də olmuşdu.

1953-cü ilin fevralında səhər saatlarında akademiya prezidentinə respublikanın ovaxtkı rəhbəri Mircəllad Bağırov zəng vurur: "Qulaq as, Əliyev, indi mənim yanımda səninlə danışığımın şahidləri əyləşiblər. Quliyev, Yaqubov, Həsənov, Qafarzadə burdadırlar. Sənə tapşırıram: Mirəsədulla Mirqasımovu, Səməd Vurğunu, Mirzə İbrahimovu akademiklikdən xaric elə. Onları çıxarmasan, sənin özünü partiyadan çıxaracağam. Onsuz da artıq şiddətli xəbərdarlıqla bir töhmətin var. Yəqin, özün də anlayırsan ki, partiya üzvü olmayan akademiyaya rəhbərlik edə bilməz. Tapşırığımı yerinə yetirməsən, özündən küs!"

Musa Əliyevdən əvvəlki prezidentlərin artıq belə xaricetmə təcrübəsi olmuşdu - Məmməd Arif Dadaşzadə və Ələşrəf Əlizadəni akademiklikdən çıxarmışdılar.

Bağırovun zəngi artıq mənhus tələyə düşmək demək idi, bu çıxılmaz kor dalana dirənmək, nicatsız "qara dəlik" idi.

Axşam dərdini ürəyini aça biləcəyi yeganə adamla - zövcəsi Sona xanımla bölüşür. "Haqlısan, Musa, etmə. Qoy nə olur-olsun!"

Musa Əliyev ən pis sonluğu artıq gözünün altına almışdı. Bundan bir qədər əvvəl Mircəfər Mərkəzi Komitənin büro iclasında başqa münasibətlə açıq mətnlə ona qeyzlə çımxırmışdı: "Həmişə nəyəsə etiraz edirsən. Eybi yoxdur, gün gələr, elə edərəm ki, bu çal başını Sibirdə itirərsən".

Və həmin səksəkəli günlərdə qəfildən Gözəl Allah bir babayolu açır, qısa da olsa nəfəsdərmə girəvəsi verir Musaya. 1953-cü ilin martında Stalin vəfat edir, Bağırovun başı qarışır.

Həftələr ötür. Amma ara sakitləşən kimi Mərkəzi Komitə katibi Həsən Həsənovdan zəng gəlir: "Bağırov soruşur ki, sənə deyilən şəxsləri akademiklikdən çıxardınmı?". "Yox" cavabını alınca katib qayıdır ki, daha mənlik deyil, bilirsən səni nə gözləyir, sabah saat 11-də məndən nəticəni soruşacaq. Məcburam deyəm ki, tapşırığı yerinə yetirməmisən.

Mıxı mismar edən Pərvərdigar yenə şəfqətini əsirgəmir.

Musa Əliyev akademiya prezidenti olmaqla yanaşı SSRİ Ali Soveti ağır sənaye seksiyasının sədri idi. Mərkəzi Komitə katibi ilə söhbətdən 2-3 saat keçməmiş Kremldən Voroşilovun adından teleqram alır ki, təcili Moskvaya uçun, sabah Ali Sovetin büdcə komissiyasının iclasıdır.

Musa Əliyev teleqram barədə Mərkəzi Komitə katibi Həsən Həsənova xəbər verərək baş alır hava limanına. Amma bir neçə gün əvvəl hər ehtimala qarşı ailəsini paytaxta yollamışdı.

Artıq iyul başlanırdı. Büdcə komissiyasının iclasları bir həftədən çox çəkəcəkdi. Hər səhərini dirigözlü açdığı o narahat gecələrində Musa Əliyev ən xəfif ümidlə də olsa möcüzə gözləyirdi. Və İlahi yenə lütfünü göstərir.

Ayın 12-də səhər Musa Əliyev qaldığı "Moskva" mehmanxanasının foyesində bir bakılı nazirlə rastlaşır: "Musa müəllim, canınız qurtardı. Beriyanı tutublar. Dünən axşam Bağırovu da işdən çıxarıblar".

...İşığın gurdursa, bu, qaçılmazdır - paxılların da olacaq, həsəd aparanların da, gözü götürməyənlərin də, ardınca qeybət qıranların da, ayağının altını qazıyanların da. Tək bizdə belə deyil. Dünyanın hər yerində, tarixin hər dönəmində bu təhər olub. Bu, insan xislətidir. İnsanın daxilindəki cılız "Bəs mən niyə belə deyiləm?" etirazıdır, "Birdən bu gedişlə yerimi dar edər" şübhəsidir. Bir insan mərəzi ki, haçansa büsbütün aradan gedəcəyini fərz etmək belə müşküldür.

Musa Əliyevin hamı kimi olmaması, hətta ən seçilənlərin də çoxundan ötkünlüyü gizlədilməsi mümkünsüz, ilk gəncliyindən hamıya görünən idi. Təbii, böyür-başındakıların neçəsində bu, qısqanclıq da doğururdu. Geoloji ekspedisiyalara gedirdi, biliklərinin, fəhminin, işgüzarlığının sayəsində tezliklə zəngin molibden, kobalt, qızıl yataqları tapırdı, ondan əvvəl başqa neçəsinin araşdırdığı yerlərdə kəşfiyyat aparırdı, neft yataqlarının nə qədər ehtiyatı olduğunu dəqiqliyi ilə elan edirdi və söz yox, hər dəfə bunlar kimlərisə sevindirirdisə, kimlərinsə də ovqatını təlx edirdi, ürəyinə qibtə güvəsi salırdı.

Ancaq bir var içəridə xəlvəti çəkilən, bəlkə də zərərsiz, əksinə, həmkarları rəqabətə kökləyən həsəd, bir də var əlində səlahiyyət olanın paxıllığı, səni təhlükə sayaraq qarşında açıq-gizli maneələr yaratması, badalaqlar vurması.

Musa Əliyevi 1930-cu illərin ortalarından Moskva tanıyırdı, onu yüksək səviyyəli mütəxəssis, həm də perspektivli kadr kimi diqqətə almışdılar.

Bakıda Mircəfər Bağırovsa Moskvanın maraq dairəsinə yaxşı kimi düşənlərin hər birini sadəcə potensial rəqib deyil, xəbis, qurdlu təbiətini nəzərə alarsaq, birbaşa düşmən hesab edirdi. Sətəlcəmli təfəkkürü ilə dərhal o gümana düşürdü ki, bu, mənim yerimə hazırlana bilər. Dördsiniflik təhsili də olsa, təcrübəli idi, ağıllı idi, təhlilçi zəkası vardı və anlayırdı ki, yüksək savad və qabiliyyət sahibləri Ruhulla Axundov, Əhməd Pepinov-Ömərbəyov və daha neçə başqaları ilə müqayisədə o, həddən ziyadə sönükdür.

Adətən, o cür adamları Bağırov hədəfində saxlayır, Mərkəzə aparılıblarsa, nəyin bahasına olur-olsun Bakıya gətizdirir (dostu Lavrenti Beriyanın vasitəsilə bunu gerçəkləşdirməsi də rahat idi), vəzifə də verir, müəyyən vaxtdan sonra axırına da çıxırdı.

Musa Əliyev həmin qəbildən olanlardandı. O, Moskvada ilk dəfə vəzifəyə gətiriləndə Mirqəzəbin dalağı sancmışdı. Stalinin Musaya mandat verdiyini biləndən sonra isə qəti hərəkətə keçməyi qət etmişdi, Kreml qarşısında israrla Əliyevin Bakıya lazım olması məsələsini qaldırmışdı. Gətizdirmişdi, lap yüksək vəzifələr də vermişdi. Əsas odur ki, gözünün qarşısında idi. Bilirdi ki, Musa Əliyevi Moskva tanıyır, qiymətləndirir, digər tərəfdən bu da aydın idi ki, o, respublika üçün gərəklidir, nə qədər imkan var, istifadə etmək lazımdır. Onsuz da düymə Bağırovun öz əlində idi və hər an ən bəd üzünü göstərə biləcəyini Musa Əliyevə də, tabeçiliyindəki digərlərinə də aşkar, ya üstüörtülü anladırdı da.

Bu mülahizələrimin quruca söz olmadığı, həqiqətə söykənməsinin çək-çevirsiz sübutu-dəlili elə akademik Musa Əliyevin "Xatirat"ındadır.

1942-ci ilin noyabrıdır, artıq Bakının təkidi ilə Musa Əliyevin işləməkçün onların sərəncamına göndərilməsi qərarı qəbul edilib.

O vaxtlar SSRİ Xalq Komissarları Soveti yanında Ali Məktəblər üzrə Ümumittifaq Komitəsinin sədri, eyni zamanda, SSRİ Müdafiə Komitəsinin səlahiyyətli nümayəndəsi olan və Kremldə, Stalinin yanındakı ən nüfuzlu simalardan sayılan, Musa Əliyevə də xeyirxah, qayğıkeş münasibət bəsləyən Sergey Vasilyeviç Kaftanovla maşına minirlər.

"- İzah edə bilərsinizmi mən Bağırova nəyə görə belə lazımam?

- Təqsirin hamısı məndədir.  Bir də Stalinin o mandatında. Sizin işiniz rəvan getsin deyə həmin mandatın verilməsinə nail oldum. Bağırov o mandatı görəndə fikirləşib ki, Moskva sizin şəxsinizdə sabahkı güclü, ağıllı lideri yetişdirir. O, sizin simanızda uzaq rəqibini görür və istəyir ki, sizi öz nəzarətində saxlasın. Başqa izah yoxdur. Biz Xalq Komissarları Soveti sədrinin müavini Rozaliya Moiseyevna Zemlyaçka ilə sizsiz bu barədə söhbətləşərək belə qənaətə gəlmişik. Sizin vur-tut 34 yaşınız var, Bağırovsa çox uzaqgörən adamdır. Gedin, Musa. Rozaliya haqlıdır, Bağırovla zarafat etmək olmaz".

...Ömrünün son 23 ilini akademik Musa Əliyev Vətəndən kənarda yaşadı. Bir müddət Əlcəzairdə işlədi, onların neft sənayesinə elə töhfələr verdi ki, adı bu ölkənin tarixinə düşdü.

 

 

Və sonra da Moskva altında, Perxuşkovoda nostaljili, xatirələrlə baş-başa illər.

Əslində Azərbaycanı tərk edəndən sonra Musa Əliyev 27 il yaşadı. Ancaq son 4 ili mən ömrün əvvəlki bütün illərindən ayrıram.

Bu axırıncı 4 ildə o çoxdan ayrı düşdüyü Vətənə, sevimli Bakısına hər gün gedib-gəlirdi, hər gün tanış küçələrlə addımlayırdı, hər gün köhnə dost-tanışlarla birgə idi. O, yaddaşların, anıların arasında idi. Saatın əqrəbləri geri işləyirdi…

Yarımçıq qalan “Xatirat”ının axırıncı cümlələri qüssə gətirir: “1981-ci il. Payızın əvvəli. Perxuşkovo. 

…Gözlərim tamam tutulub. Heç nə görmürəm. Daha yaza da bilmirəm. Yalnız səsləri seçirəm. Mən artıq böyük dünyadan aralanmışam. Hiss etdiyim ancaq onun  həniridir”.

Ömrün zülmət və sükuta qərq olacaq axırıncı 4 ilindən az əvvəl ürəyini bolaşltdığı “Xatirat”ında  akademikin acı bir etirafı da yer alır:
"Moskva mənimçün doğmalaşıb. Burada məni əhatə eləyənlər yaxşı adamlardır, Moskva ilə çoxlu quruculuq işlərim, elmi nailiyyətlərim bağlıdır. Amma hər halda hərdən düşünürəm ki, görən, Bakıdan aralanmaqla düzmü hərəkət etmişəm? Əgər o vaxt Elmlər Akademiyasının prezidenti olaraq qalsaydım, respublika üçün nə qədər yaxşı, faydalı işlər görə bilərdim. Digər tərəfdən, fikirləşirəm ki, yəqin, elə düz etmişəm ki, Bakıdan çıxmışam. Bəlkə də ona görə indiyəcən sağ-salamatam ki, Bakını vaxtında tərk eləmişəm".

Bu, kədərli qənaətdir. Amma neyləyəsən ki, bəzən bəxtinə çox sevdiyin yurdunda qərib olmaq düşür və çıxıb getməli olursan, doğma yurdu uzaqdan-uzağa həsrətlə, qəribsəyə-qəribsəyə xatırlayaraq sevməkdən başqa çıxış yolun qalmır.

İxtiyar akademikin bu tərəddüdlü, özünü inandırmaq istədiyi qənaətinin ardında da tarixçələr dayanır.

1954-cü ildə Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayından sonra Bakıda yeni Birinci katib seçməkçün Mərkəzi Komitənin plenumu keçirilirmiş. Kremlin nümayəndəsi qalxır, Bağırov dönəmində kənd təsərrüfatı naziri olmuş İmam Mustafayevin namizədliyini irəli sürür. Və heç kimin gözləmədiyi hadisə baş verir. Plenum üzvü Səməd Vurğun yaxınlaşır tribunaya və deyir ki, mən Birinci katib vəzifəsinə daha layiqli şəxsin - akademik Musa Əliyevin namizədliyini təklif edirəm.

Stalinin ölümü kimi xilasedici möcüzələr zənninizi çaşdırmasın, sovet dövlət idarəçiliyində (və sovet tipli bütün dövlət idarəçiliklərində) bu təhər xoş möcüzələrin çin çıxması mümkünsüz xülyadır.

Səməd Vurğunun mərdanə hərəkəti şairanə bir jest idi. Dövlət idarəçiliyində, hər seçkinin nəticəsinin çox irəlidən bəlli olduğu sovet gerçəkliyində belə hal yolverilməz, ağlasığmaz idi. Səməd Vurğun şair idi, bəlkə belə deməsinə nə şəkildəsə don geydirmək mümkün ola bilərdi, amma Musa Əliyev həm də siyasətçi, dövlət adamı idi, vaxtilə Mərkəzi Komitədə şöbə müdiri vəzifəsində də çalışmışdı, nəyin necə olmalı olduğunu da qəşəng bilirdi. Dərhal qalxır ayağa, "Mən namizədliyimi geri götürürəm", - deyir.

Ancaq söz ağızdan çıxmışdı, plenumdakı bu təşvişli anlar barədə xəbər, təbii ki, dəqiqələr ötüncə lazımi yerlərə çatdırılmışdı.

Səriştəli, təcrübəli bir şəxs kimi Musa Əliyev hər kəsdən əvvəl hiss edirdi ki, yalnız respublikada yox, şübhəcil sovetin gözündə bu səhnədən sonra onun yüksək vəzifələrə doğru yolu birdəfəlik qapanır, elə akademiya prezidentliyində də çox qala bilməyəcək. Yəni azı bu qədər.

1958-ci ildə Akademiyanın prezidenti kürsüsündən ayrılanda hələ 50 yaşı vardı. Daha böyük faydalar verə bilmək üçün əslində ən yetkin çağında idi.

Və Azərbaycandan gedəsi olur...

Akademik Musa Əliyev dünyanın çox imtahanlarından keçmişdi, neçə dəfə ölümlə göz-gözə qaldığı da olmuşdu. Gəncliyində dağlardakı ekspedisiya əsnasında qayadan yıxılmışdı, uçuruma yuvarlanaraq məhv olmaqdan onu sıldırımdakı tikanlı kollar xilas etmişdi.

1941-ci ilin oktyabrında faşistlər Moskvanın həndəvərində dayandığı, şəhəri bombardman etdiyi günlərdə paytaxtı vahimə içərisində tərk edən əksəriyyətdən fərqli olaraq, Musa Əliyev sonacan qalanlardan, vəzifə borcunu başacan yerinə yetirənlərdən idi və həmin günlərdə həlak da ola bilərdi, yaşadığı evə mərmi də dəymişdi.

Ancaq Tanrı onu xalqı üçün, böyük elm naminə qorudu, yaşatdı və Musa Əliyev də son anınacan yazıb-yaratmaqdan doymadı.

Həyatdakı ən axırıncı imtahanı qələmə aldığı xatirələri idi. Bütün bunları mütləq yazmalı idi. Bu həqiqətləri, bu düşüncələri özü ilə apara bilməzdi.

Şərəfli bir ömür yaşayaraq ən sonda gələcəkdəkilərə ürək və alın açıqlığı ilə belə vida məktubu yaza bilməkdən xoşbəxt gediş olarmı?

...Hərdən fikrimdən bir az bədbinlik qarışıq o nigaran sual da keçir ki, görən, yenə belə güclü, tarixi gedişata təsir edə bilən ağır-batman kişilər olacaqmı?

Ancaq tezcə özümə həm ümid, həm təsəlli də verirəm ki, dünya xali deyil. Əgər şanlı və qəmli tariximizə etibarlı olsaq, bu cür insanları yaxşı tanısaq, onların keçdiyi yollara biganə qalmayıb gərəyincə öyrənsək, o unudulmazların bizə göndərdiyi məktublardan dərs alsaq, olacaq!

Yollar da davam edəcək, o yollardan sıra-sıra belə nurlu insanlar da keçəcək!

akademik Rafael Hüseynov

525-ci qəzet

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook