RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Şərqşünas-alim Əkrəm Rəhimlinin 90 illiyi qeyd edilib Okt 22, 2022 | 12:22 / Yeni nəşrlər

Oktyabrın 19-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli alim, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəm Rəhimlinin 90 illiyi qeyd edilib.

Tədbirdə, həmçinin Əkrəm Rəhimlinin “Seyid Cəfər Pişəvəri və Cənubi Azərbaycan” kitabının əlavələrlə olan yeni nəşrinin təqdimatı olub. Kitabın elmi redaktoru Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri dosent Səməd Bayramzadə, elmi məsləhətçi AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva, “Ön söz”ün müəllifi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovdur.

Yubiley tədbirini akademik Gövhər Baxşəliyeva açaraq bu ilin aprelində dünyasını dəyişmiş alim, şərqşünaslıq elmimizdə mühüm yeri olan Əkrəm Rəhimlinin Türkiyə iqtisadiyyatı və Cənubi Azərbaycan tarixi üzrə dəyərli araşdırmaları ilə tanındığını deyib. Gövhər Baxşəliyeva yüksək intellekti, prinsipial mövqeyi, dərin məntiqi və özünəməxsus dəst-xətti ilə seçilmiş alimin ömür boyu xalqa sədaqətlə xidmət etmək, gənc nəslə elmin sirlərini öyrətmək, özündən sonra tarixin səhifəsinə çevriləcək qiymətli əsərlər yazmaq, mənəvi dəyərləri madiyyatdan üstün bilmək yolunu tutduğunu bildirib.

Gövhər Baxşəliyeva Əkrəm Rəhimlinin əsərləri barədə ətraflı danışaraq, “Seyid Cəfər Pişəvəri və Cənubi Azərbaycan” kitabının xüsusi əhəmiyyəti olduğunu qeyd edib, həmçinin alimin güneyşünas kadrların yetişdirilməsində də xüsusi xidmətləri olduğunu bildirib.

Akademik Rafael Hüseynov elmi fəaliyyətə Türkiyə iqtisadiyyatına aid tədqiqatlarla başlayan Əkrəm Rəhimlinin cənub sevgisinin, həsrətinin onun elmi araşdırmalarının səmtini dəyişdirdiyini, görkəmli alimin Cənubi Azərbaycanla bağlı bir-birindən qiymətli əsərlər yazdığını qeyd edib.

Rafael Hüseynov Əkrəm Rəhimli elminin zirvə nöqtələrindən birinin Seyid Cəfər Pişəvərinin həyat və yaradıcılığına həsr olunmuş kitabın olduğunu bildirib. O, Əkrəm Rəhimli kimi alimlərin tək elm tarixində deyil, insanların qəlbində də yaşadığını deyib.

AMEA-nın Tarix İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov Əkrəm Rəhimlinin həyat təcrübəsi, dünyagörüşü, elmi ilə Cənubi Azərbaycan tarixinin öyrənilməsində cığır açdığını deyib.

Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə Əkrəm Rəhimlinin həyatı və elmi fəaliyyətindən danışıb, alimin Qazaxdan başlayan, 40-cı illərdə İranın Mərənd şəhərində keçən, daha sonra yenidən Qazaxda və Bakıda davam edən keşməkeşli həyat yolundan, Şərqşünaslıq İnstitutundakı fəaliyyətindən, onun Türkiyə, İran, eləcə də Cənubi Azərbaycanın sosial-siyasi və iqtisadi-mədəni durumuna həsr olunmuş elmi yaradıcılığından bəhs edib.

Sonra Ə.Rəhimlinin vaxtilə telekanalların birinə verdiyi müsahibədən kadrlar nümayiş olunub.

Tədbirdə, həmçinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru tarix elmləri doktoru Eynulla Mədətli, Ədəbiyyat İnstitutun şöbə müdirləri filologiya elmləri doktorları İslam Qəribli və Rəhim Əliyev, “Muşovdağ” dərnəyinin sədri Aqşin Ağkəmərli, “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri Firudin İbrahimi çıxış edərək, fədakar və zəhmətkeş alim olmuş Əkrəm Rəhimlinin elmi yaradıcılığını yüksək dəyərləndiriblər.

Sonda Əkrəm Rəhimlinin həyat yoldaşı Fatimə xanım çıxış edərək tədbirin keçirilməsində əməyi olanlara və iştirakçılara təşəkkürünü bildirib.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook