RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ədəbiyyat Muzeyində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb Dek 11, 2022 | 17:25 / Tədbirlər

Dekabrın 8-də Mədəniyyət Nazirliyinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar “Həmişə Azərbaycanla olan” adlı anım mərasimi keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və sədr müavini Nicat Hüseynov də iştirak ediblər.

Muzeyin baş direktoru akademik Rafael Hüseynov bütün mənalı ömrünü Azərbaycanın tərəqqisinə həsr etmiş, milli dövlətçilik tarixində xüsusi bir mərhələni təşkil edən ulu öndər Heydər Əliyevin siyasi təfəkkürünün, azərbaycançılıq ideologiyasının müasir dövrün iqtisadi, mədəni, siyasi dirçəlişindəki mühüm rolundan danışıb. O, bu uzaqgörən siyasətin xalqın milli özünüifadə və milli qürur hissinin yüksəlişində danılmaz amil olduğunu vurğulayıb. 

Alim bildirib ki, ulu öndər Heydər Əliyevin müdrik şəxsiyyəti sayəsində Sovet dönəmində Azərbaycan Sovet İttifaqına daxil olan respublikalar arasında önə çıxmağa başladı, ölkəmizin iqtisadiyyatı dirçəldi.

Heydər Əliyevin təbiətində quruculuq amilinin üstünlük təşkil etdiyini deyən akademik Rafael Hüseynov dahi şəxsiyyətin Sovet İttifaqının rəhbərliyində təmsil olunmağa başladıqdan sonra daim qurub-yaratmağa təşəbbüs göstərdiyini diqqətə çatdırıb. O, Ümummilli Liderin müstəqillik illərində həyata keçirdiyi islahatların, gördüyü mühüm işlərin Azərbaycanın bütün sahələrdə inkişafı ilə nəticələndiyini vurğulayıb.

Rafael Hüseynov görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə mədəniyyətin, ədəbiyyatın, incəsənətin inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan söz açıb. Bildirib ki, bu böyük şəxsiyyətin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti yüksəliş dövrü keçib. Hələ keçmiş sovet dövründə Ulu Öndər klassiklərimizin, mədəniyyət və incəsənət xadimlərimizin, elm adamlarının yubiley və yaradıcılıq gecələrinin təkcə ölkədə deyil, onun hüdudlarından kənarda da qeyd edilməsinə müvəffəq olub. 

Alim ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyini, istiqlalını məhv olmaqdan xilas etməsini, onu möhkəmləndirməsini dahi liderin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən olduğunu diqqətə çatdırıb.

Akademik Rafael Hüseynov Azərbaycanın hazırda sürətlə inkişaf edərək dünya ölkələri arasında özünə layiqli yer tutduğunu qeyd edib, respublikamızda qazanılan bütün nailiyyətlərin Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu vurğulayıb. Əlavə edib ki, Prezident İlham Əliyev Heydər Əliyevin açdığı işıqlı yolu uğurla davam etdirərək Azərbaycanın istiqlalını daha da sarsılmaz edib, ölkəmizi dünya dövlətləri arasında üstün mövqeyə çıxarıb, qlobal enerji və nəqliyyat layihələrini gerçəkləşdirərək müstəqilliyimizin dönməzliyinin və xalqımızın firavanlığının təmin edilməsinə əvəzsiz töhfələr verib.

Muzeyin baş direktoru qeyd edib ki, İkinci Qarabağ müharibəsində Heydər Əliyevin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğaldan azad olunması ilə Ümummilli Liderin ən ali arzusu reallığa çevrildi.  

O, çıxışının sonunda Ulu Öndərin ideyalarının bu gün də aktuallığını qoruduğunu və onun xatirəsinin daim Azərbaycan xalqının qəlbində yaşayacağını qeyd edib.

Anım mərasimində ümummilli lider Heydər Əliyevin zəngin siyasi fəaliyyətindən, müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı tarixi addımlardan danışılıb.

Sonda iştirakçılar ulu öndərin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

Sərgidə ümummilli lider Heydər Əliyevin 30 ildən artıq müddətdə Azərbaycan ədəbiyyatı və incəsənətinə verdiyi töhfələrin mənzərəsi fotoşəkillərin, sənədlərin dili ilə əyani şəkildə nümayiş etdirilib. Həmçinin Heydər Əliyevə həsr olunmuş şeirlərdən nümunələr də sərgidə öz əksini tapıb.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook