RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
İtən və itməyən izlər Fev 23, 2023 | 16:39 / Mühüm hadisələr

Göylər bütün başqa gözəllik və özəlliklərindən savayı, Tanrının insana bağışladığı seyr edərək düşüncələrə dalma fürsətidir. Göylərin sonsuzluğuna baxırsan və zahirən boşluq kimi görünən o sonsuzluq səninlə danışa bilir. Düşünməyə başlayırsan ki, sənin Yerdə tabe olduğun təqvimlər, vaxt ölçüləri şərtidir. Şərti olmasaydı, bu dünyanın neçə təqvimi, neçə saat qurşağı olmazdı ki!

Əsl Zaman məhz orada, o ənginliklərdədir - axan, dövr edən əvvəl-axırsız, bitəcəksiz Zaman!

Əvvəl-axırsız, bitəcəksizdirsə, bəlkə elə keçmiş və gələcək də bizim Zamanla bağlı Yerdə öz düşüncəmizə görə uydurduqlarımızdır?!

...Mən elə yerdə doğulub böyümüşəm ki, uşaqlıqdan tez-tez səmaya baxmağa vərdişliydim.

Gün boyu ara-sıra qəfilcə ardınca baxılmaması mümkünsüz olan gur səslər gələrdi. Yerdən qopunca gözdən itən, özü görünməsə də, böyük sürətlə buludları yarıb səmaya şığıyan qırıcı təyyarələrdən göyün lap ucalarında ağappaq iz qalardı. O uğultuya-vıyıltıya diksinərək səma tərəf qanrılınca həmin ağ cığırın əriyib-itdiyi anlaracan gözümüzü göydən çəkə bilməzdik.

Bilirdik ki, o təyyarələr göyə lap yaxından, yaşadığımız məhəllələrdən çox da aralı olmayan uçarlıqdan - aerodromdan qalxır. Həmin uçarlıq tərəflərə "çölləmə" deyərdik, o açıqlıq yerlərdə gün əyiləndə adətən futbol oynamağa gedərdik.

Ancaq yaz-yay aylarında tez-tez səmaya qalxan və həmin qırıcılardan fərqli olaraq, aydınca gördüyümüz başqa təyyarələr də vardı ki, onlar ətraf kəndlərdəki pambıq tarlalarının üzərindən alçaqdan uçar, qırıcıların göyün ucalıqlarına dikələn düz izindən fərqlənən, amma elə o cür ağ iz buraxaraq yerə enərdilər. Hər belə təyyarələr qalxanda yaşlılar deyingən bir ədayla "Yenə ağu səpdilər" söylərdilər. Kiçikkən "ağu" sözünü elə "ağ" mənasında anlardım, amma böyüdükcə başa düşdüm ki, bu, zəhər deməkmiş. Pambıq tarlalarını dərmanlaya-dərmanlaya elə adamları da zəhərləyirlərmiş. Onillər boyu. Hətta uşaq vaxtı belə bir əhvalat da eşitmişdim ki, vaxtilə Kürdəmirdə işləmiş bir rus təyyarəçi ilə bir yerlimiz Moskvada təsadüfən rastlaşırlar, həmsöhbətinin haralı olduğunu bilincə təyyarəçi yarızarafat-yarıciddi xəbər alır ki, hələ Kürdəmirdə adam yaşayır? Mən ora o qədər dərman səpmişəm ki, hesabımla orada indiyə daha adam qalmamalı idi.

Beləcə, uşaqlıq illərimizdən o hər gün uçan fərqli təyyarələrə baxa-baxa ən azı yaxşı izlə yaman izin fərqini duymuşduq, böyük sürətin doğurduğu uzaqlardakı ağ izlə yaxınlıqdakı ağulu izin təfavütünü anlamışdıq. Uşaq vaxtı həmin qırıcı təyyarələrə bir də ona görə gizli rəğbətlə baxırdıq ki, məhz onlara, onları sürən təyyarəçilərin də yerləşdiyi və dövlət səviyyəli xüsusi vəzifələri olan hərbi hissəyə görə Kürdəmir Sovet İttifaqında əhəmiyyətli bir məkan kimi tanınırdı. Müəllimələrimizdən birinin əri Kürdəmirdəki hərbi şəhərcikdə işləyirdi. Bir dəfə bizi həyat yoldaşının xahişi ilə məktəbdə keçməli olduğumuz dərsin əvəzinə ora - iş yerinə aparmışdı. Burma dəmir pillələrlə bir neçə mərtəbə yerin altına endik. 1960-cı illər idi, o vaxtlar idi iki, hələ çox evdə televizor yox idi. Ona görə də həmin yerdə bir divarda onlarla televiziya ekranını yanaşı görəndə heyrətə düşmüşdük. O kişi "Burada gördüklərinizi heç yerdə danışmayın" söyləyib əlavə etmişdi ki, haradan nə təyyarə qalxsa, burada görüb-bilirik, izləyirik.

Bilmirəm, onun o vaxt bizi ora aparmağa, belə şeyləri danışmağa ixtiyarı vardı, ya yox, amma zahirən dövlət sirri kimi sayılan bəzi mətləblərin elə məktəbli çağlarımda, 1960-larda camaat arasında Allah-bəndə söhbəti kimi danışıldığına da şahidəm.

Xatirimdədir, Kürdəmirdə camaat danışırdı ki, bir neçə il əvvəl bizim aerodromdan qalxan qırıcı təyyarələr Qarabağ tərəfdə amerikan təyyarəsini vurub. Bizə inanılmaz, nağıl kimi gəlirdi ki, Amerika təyyarəsi hara, bizim tərəflər hara, lap o təyyarə buralara gəlib çıxsa da, Kürdəmirdə cəsarət hanı ki, onu vura bilə.

Sən demə, nə nağılmış, nə uydurma. Bütün bunlar həqiqətən olubmuş.

O hadisənin özünü görməsələr də, hər halda kürdəmirlilər ən azı diqqət edilməməsi mümkünsüz olan gurultuyla səmaya qalxan həmin qırıcıların səsini mütləq eşitmişdilər.

Əhvalat vaqe olub 1958-ci ilin 27 iyununda.

O vaxtlar ki, "soyuq müharibə"nin qaynar çağlarıydı. Çox da uzaq olmayan bir dönəmdə - on ildən bir az əvvəl tamamlanmış dəhşətli dünya müharibəsində müttəfiq olmuş iki böyük dövlət indi bir-birinə ən qəddar düşmən kəsilmişdi.

Və 1958-ci ilin sakit iyun axşamlarından birində amerikan hərbi yük təyyarəsi dövlət sərhədini pozaraq SSRİ ərazisinə daxil olmuşdu və gəlib çıxmışdı Azərbaycan səmasına.

O dövr üçün bu, gündüzün günorta vaxtı buludsuz aydın göylərdə şimşək çaxması kimi qeyri-adi hadisə idi və bu "şimşəyin" sorağı, təbii ki, ildırım sürəti ilə Moskvaya da çatır.

Dərhal göstəriş verilir və Kürdəmir aerodromundan Hərbi Hava Müdafiə Qüvvələri 976-cı hərbi alayının 259-cu hərbi diviziyasının iki Mİ-17 təyyarəsi havaya qalxır.

Bu sərhədpozmanın yalnız hərbi məsələ deyil, bir silsilə siyasi uzantıları da olduğundan araşdırmaya Dövlət Təhlükəsizlik Komitəsinin də qoşulması haqda göstəriş verilir. Əməliyyata rəhbərlik DTK-nın 2-ci şöbəsinin rəis müavini, mayor Heydər Əliyevə həvalə edilir.

Elə iyunun 27-dəcə axşam saat 23:40-da Heydər Əliyevin başçılıq etdiyi 33 nəfərdən ibarət əməliyyat qrupu Ağcabədi rayonunun Hindarx kəndinə yola düşəcək və ora səhər saat 10-da yetişəcək.

Hələliksə iyun ayının 27-si, axşam saat 7 radələri idi, Ağdam rayonunun Qaradağlı kəndinin 1901-ci il təvəllüdlü sakini, rayondakı Orconikidze adına kolxozun sədri Muxtar Məmmədov kənd məktəbinin müəllimi, bacısı oğlu Mehdi Şıxlarovla, kolxoz avtomobilinin sürücüsü Naib Bayramovla, rayon maliyyə şöbəsinin müfəttişi Ağalar Əkbərovla həyətdəki tut ağacının altında oturub çay içir, şam etməyə hazırlaşırdılar. Qəfildən göydən qopan dəhşətli səs hamını diksindirir. Hamı qalxır ayağa, görür ki, buludların arxasından alışıb yanan bir təyyarə göründü. Vaysınırlar ki, deyəsən, təyyarəmiz qəzaya uğradı.

Kimin ağlına gələrdi ki, bizim göylərdə başqa bir ölkənin təyyarəsi də görünə bilər!

Ancaq ardınca da bu alışan təyyarədən yuxarıda uçan, qırıcıya bənzər daha bir təyyarəni görəndə fikirləşirlər ki, yox, burada nəsə ayrı iş var.

Səsi tək onlar eşitməmişdilər və bu, elə heybətli gurultu idi ki, bütün kəndi ayağa qaldırmışdı və heç kəs gözünü göylərdən çəkə bilmirdi.

Elə bil ki, davalı kinolardakı həyəcanlı səhnələr cərəyan edirdi.

Baxırlar ki, bir-birinin ardınca yanan təyyarədən atılan paraşütçülər enməyə başladı.

Kəndin sakit həyatına elə nataraz hadisə daxil olmuşdu ki, söhbəti, müzakirələri ondan sonra aylarla davam edəcək və ertəsi gün Qarabağa yetişərək təhqiqata başlayan Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarına təyyarənin necə vurulmasını müşahidə etmiş bir çox başqaları kimi, elə şam süfrələri yarımçıq qalmış kolxoz sədri və qonaqları da ifadə verəcəklər.

Bu, sabah olacaq, hələliksə kolxoz sədrinin "Pobeda"sı doqqazda dayanmışdı. Sürücü tez maşını işə salır, yollanırlar vurulan təyyarənin tüstülənə-tüstülənə endiyi əraziyə sarı.

Çatanda onu görürlər ki, ayıq-sayıq camaat dərhal paraşütlə enənlərdən ikisini tutub. Biri isə paraşütünü ataraq kolluğa doğru qaçıb.

Bu gələnlər də kənd adamına qoşulub cumurlar həmin dabanqırma qaçan paraşütçünün ardınca.

O dəqiqələrdə hamı özünü bir kinofilmin içərisindəki kimi sanırmış və paraşütlə enənlərin danışıqlarından onların əcnəbi vətəndaşlar olduğunu hiss etdiklərindən hərə özünü casus təqib edən bir kəşfiyyatçı kimi aparırmış. Paraşütçülər bərk müqavimət göstərdiklərindən onları yerə yıxıb əl-qollarını kəndirləyirlər.

Ertəsi gün hadisənin şahidi olmuşların hər biri danışdırılacaq, bütün bunları kəlməbəkəlmə təkrar-təkrar söyləyəcəklər, o deyilənlər kağıza köçürüləcək, sənədləşdiriləcək və mən də indi, üstündən altmış ildən də bir az vaxt ötəndən sonra, hər şeyi həmin vərəqlərdən bütün əyaniliyi ilə görürmüş kimi oxuyuram...

Özünü hadisə yerinə isti-isti çatdıranlardan biri - Ağdam rayonu Üçoğlan kənd sakini Mirağa Bayramov iş yoldaşları Söhrab Babayev və Qaraca Əliyevlə maşınla gedirlərmiş. Yanan təyyarədən atılan 5 paraşütçünün kolxoz yolu tərəfdə yerə endiyini görüncə maşını o tərəfə sürürlər. Gedib görürlər ki, artıq bu ətraf "Sosializm" və Stalin adına kolxozların işçiləri ilə doludur. Mirağa da cəldliklə kənd camaatının tutduğu və üst-başını axtarmağa başladığı paraşütçüyə yaxınlaşır, onun cibindən avtoqələm, kiçik dəmir qutu, kaburalı tapançanı çıxarır və birdən arxadan başı kepkalı, ağ parusin pencəkli, qara şalvarlı ucaboy bir adam əlini qoyur onun çiyninə ki, sən onları niyə götürdün, bəri ver.

Demək, Bakıdan əsas dəstə hələ gəlib çıxanacan da, sanki qatmaqarışıq cərəyan edən bu gedişatın içində də nəzarət varmış və həm də onun olması çox lazımmış.

Sabahı gün dünən baş verənlər bütün ayrıntılarıyla sənədləşdiriləcək.

Ancaq bütün bunlar baş verənədək, təyyarə yanıb yerə düşənəcən göydə də dramatik hadisələr cərəyan etmişdi.

Və o göydə baş verənləri adi adamların görməsinə qədər elə yerdə də düşmən təyyarəsinin vurulmasınacan olanları və yerə düşməsinin ilk anlarında baş verənləri addım-addım izləyənlər olmuşdu.

Leytenant Leonid Zıryanov hadisənin ertəsi günü Heydər Əliyevin başçılıq etdiyi əməliyyat qrupuna iyunun 27-də saat 19 radələrində baş verənlərlə bağlı məlumatları çatdırırdı.

Bildirir ki, ərazimizin üzərində düşmən təyyarəsinin uçması xəbərini alandan sonra göyü diqqətlə izləməyə başladım. Şərq tərəfdə, təqribən 5 min metr hündürlükdə getdikcə işığı artan bir nöqtəni görüncə müşahidələrimi binoklla davam etdirməyə başladım. İki qırıcının müşayiət etdiyi dördmotorlu təyyarə hündürlüyü dəyişmədən qərbdən şərqə doğru uçuşunu davam etdirirdi. Bu vaxt qırıcılar o təyyarəyə bir az yaxınlaşdılar, gördüm ki, təqib edilən təyyarənin sol tərəfindən tüstü, ardınca da alov qalxdı. Ancaq həmin təyyarə göydə manevr edib sol tərəfə çevriləndən sonra alov kəsildi, təyyarə yenə yüksəkliyi dəyişmədən yolunu davam etdirdi. 5 nəfər paraşütlə atılsa da, təyyarə istiqamətini dəyişmədən yenə əvvəlki qaydada irəliləyirdi. Belə olanda izləyən qırıcılar bir neçə dəfə yaxınlaşaraq təyyarəni eniş üçün yönəltməyə cəhd etdilər. Bu səylər də nəticəsiz qaldı. Dördmotorlu təyyarə tabe olmadan uçuşunu tutduğu kursla davam etdirirdi. Onda qırıcılardan biri təyyarənin üst tərəfinə qalxdı, digəri isə böyürdən lap yaxınlaşaraq atəş açdı.

Və təyyarə tüstülənərək sürətlə yerə enməyə başladı.

Mən avtomat götürərək digər zabit və əsgərlərlə birgə həmin dördmotorlu təyyarəyə doğru yüyürdüm. Çatmağımıza 70 metr qalmış artıq üstündəki yazıdan gendən aydın görünürdü ki, bu, Amerika Hərbi Hava Qüvvələrinə məxsus təyyarədir. Biz təyyarəni mühasirəyə aldıq və təxminən 7 dəqiqə sonra içəridən 4 nəfər çıxdı.

Bir neçə gün sonra - iyulun 3-də, aparılmış ilkin müfəssəl araşdırmaların nəticəsi olaraq, əməliyyata rəhbərlik edən mayor Heydər Əliyev Bakıya, Azərbaycan DTK sədri F.Kopılova raportunu təqdim edəcək və təbii ki, bu hesabat dərhal Mərkəzə yönləndiriləcək. Çünki Azərbaycanın ucqar bir kəndində baş verən bu hadisə dünya əks-sədalı bir olacaq idi. Soyuq müharibənin vurhavur vaxtında Azərbaycanda vurulmuş amerikan hərbi təyyarəsi və saxlanılan 9 ekipaj üzvü hadisənin baş verdiyi ilk dəqiqələrdən etibarən Moskvanın da, Vaşinqtonun da diqqət mərkəzində idi.

Əməliyyat işinin içərisində xəritələr qoyulub və vurulan təyyarənin ərazimizə daxil olduğu andan ötüb keçdiyi marşurut orada nişanlanıb. Niyə?

Bu sualların hər biri cavab istəyirdi ki, doğrudanmı təyyarənin içərisində elə 9 nəfər varmış, ya bəlkə bu yol boyu haradasa desant atıblar?! Təyyarənin uçub keçdiyi xətt boyunca onların hansısa təxribat səciyyəli vərəqlər, kitablar tullaya biləcəyi də istisna deyildi. Bəlkə təyyarənin sərhədi pozmaqda məqsədi elə bu ədəbiyyatı atıb getməkmiş? Soyuq müharibə əyyamlarının əsas savaş vasitələrindən biri məgər elə söz deyildimi?

Mayor Heydər Əliyev hesabatında yazırdı ki, iyunun 28-i səhər saat 10-dan etibarən başçılıq etdiyi 33 nəfərlik qrup və onlara DTK-nın Gəncə bölməsindən qoşulan daha 5 nəfər, eləcə də 4-cü ordunun birləşmələrindən, Bakı dairəsi Hava Hücumundan Müdafiə Qüvvələrindən, 42-ci sərhəd dəstəsinin tərkibindən ayrılmış hərbçi qrupları, həmçinin, yerli fəallardan toplanmış heyət bir tərəfdən Hindarx, Mahrızlı, Qərvənd, digər tərəfdən Hindarx, İmanqulubəyli, Qaraxanlı, Çəmənli, Qərvənd, o biri yandan Hindarx, Üçoğlan, Qərvənd kəndləri istiqamətində - Ağdam, həmçinin, ovaxtkı Mardakert və Kəlbəcər rayonları üzrə ta Ermənistanla sərhədə qədər, eyni zamanda Qərvənd-Papravənd səmtində Xaçın, Salahlı, Boyəhmədli kəndlərini də əhatə etməklə Tərtərçaydan dağlıq-meşəlik ərazidə Kəlbəcərin sərhədinədək təyyarənin uçuş istiqaməti, paraşütçülərin enmə nöqtələri boyunca bütövlükdə 500 axtarıcı on kilometrlərlə uzanan əraziləri qarış-qarış, bitdə-bitdə araşdırıb.

20, 30, 40 nəfərlik dəstələr ayrı-ayrı istiqamətlər üzrə axtarış aparırdı, ancaq bu əməliyyatın vacibliyi və məsuliyyətini bütün varlığıyla və hamıdan artıq dərk etdiyindən Heydər Əliyev bir an belə dincini almadan gah o, gah bu istiqamətdə axtarış aparan dəstələrin yanında idi.

Nəticələrə yalnız ona verilən hesabatlardan deyil, həm də bilavasitə müşahidələrindən də əmin olduğundan raportunda göstərirdi ki, bu ərazidə üstündə ingiliscə yazılar olan iki kiçik karton qutu və bir neçə vərəqdən başqa heç nə tapılmadı.

Bu əməliyyat keçiriləndə Heydər Əliyevin 35 yaşı vardı və o vaxtacan da atlı və piyada, bax beləcə, axtarış aparılan günlərdəki kimi, Azərbaycanın çox guşələrini gəzib dolaşmışdı. Və təbii, bunların heç biri adi gəzib-görmək səyahətləri olmamışdı, işlə bağlı səfərlər idi. Hələ sonra neçə illər ərzində də elə beləcə davam etdi. Ona görə də Heydər Əliyev artıq ömrün ixtiyar çağlarında söyləyəndə ki, Azərbaycanın hər qarışında mənim izim var, bu, elə məcazi mənada, gəlişigözəl dilə gətirilən ifadə deyildi, arxasında coşqun fəaliyyətli bir ömür dayanan danılmaz həqiqətin ifadəsi idi.

1958-ci ildə Sovet İttifaqı da, Azərbaycan da böyük müharibədən hələ təzəcə çıxmışdı. Vur-tut 13 il əvvəl sona çatmış dəhşətin acıları hələ unudulmamışdı. Hava sərhədlərimizi pozmuş xarici təyyarənin paraşütdən atılan, qaçıb qurtarmaq istəyən və onları dayandırmağa çalışanlara şiddətli müqavimət göstərən ekipaj üzvlərini milis, hərbçilər gələnədək elə yalın əllə tutub-saxlayan, öz aləmlərində əsir götürən kənd camaatının hərəkətində şücaət, qəhrəmanlıq izi olmamış deyildi. Mühüm olan bu idi ki, insanlar biganə deyildilər, sadəcə ağızlarını açıb tamaşa etmirdilər, torpağıma yad enibsə, demək, düşmən ola bilər, zərərsizləşdirilməlidir düşüncəsindəydilər.

Əməliyyata rəhbərlik edən Heydər Əliyevə təqdim olunan sənədlərin arasında o paraşütçüləri ilk görən və qorxmazlıqla tutub-saxlayanların da adları xüsusi qeyd edilirdi.

Görən, o vaxt o adamları nə şəkildəsə təltif ediblərmi, ya onların şücaəti haqqında təqdiredici sözlər elə Dövlət Təhlükəsizlik Komitəsinin arxivində kənar gözlərə görünmədən qalan bu Əməliyyat işinin səhifələrində gizlənib?!

Tarixdir, Heydər Əliyev ruhunun bir savabı da bu olsun ki, ondan bəhs etdiyimiz bu yazıda həmin adamları da anaq. Yəqin, indi onların övladları, nəvələri, nəticələri yaşayır - qoy öz böyükləri ilə iftixar duysunlar: Ağdam rayonundakı "Sosializm" kolxozunun sədri Tamaşa Əliyeva, Ağdam rayonu Üçoğlan kənd sovetinin sədri Camal Məhərrəmov, "Sosializm" kolxozunun sürücüsü Xasməmməd Bayramov, həmin kolxozun traktorçusu Tohid Abbasov, "Sosializm" kolxozunun sədri İsa Hüseynov, o kolxozun briqadiri Məmməd Hüseynov, kolxozçu Eyyub Bayramov, kombaynçı Qurban Həşimov, traktorçu Bayram Heydərov.

Heydər Əliyevin misilsiz tarixi xidmətləri var və bəlkə də onların sırasında ABŞ Hərbi Hava Qüvvələrinin "Duqlas" S-UBA tipli dördmotorlu 13822 saylı hərbi yük təyyarəsinin Azərbaycanın hava sərhədlərini pozduqdan sonra vurulması və bununla bağlı aparılmış əməliyyat işi müqayisədə çəkicə çox da ağır olmayan kimi qavranıla bilər.

Ancaq belə deyil. Soyuq müharibənin vur-çatdasın dönəmində, ABŞ-ın SSRİ-yə, bunun da ona sataşmaq, dünyaya ifşaedici, hörmətdənsalıcı məlumatlar yaymaq üçün hər xırda bəhanədən yararlandığı bir dönəmdə bu təhqiqatı elə ustalıqla aparmaq gərək idi ki, iradla yapışılası bircə qulp yeri də olmasın.

1960-cı il mayın 1-də Sverdlovskda ABŞ-ın Lockheed U-2 kəşfiyyatçı təyyarəsi vuruldu, pilot Hari Pauers həbs edildi (10 il iş kəsilsə də, 1962-ci il fevralın 10-da sovet kəşfiyyatçısı Rudolf Abellə dəyişdirildi) və Amerika tərəfi etiraf etməyə məcbur oldu ki, SSRİ üzərindən uçan casus təyyarələrlə bağlı xüsusi proqramları var.

Azərbaycan səmasında baş verən o dövr üçün SSRİ-ABŞ münasibətlərində bir ilk idi və sağ-salamat qarşı tərəfə təhvil verdiyimiz 9 ekipaj üzvü qarşılığında Moskvanın o vaxt Amerikadan nələri qopardığından indiyəcən xəbərimiz yoxdur. Azərbaycan işini görüb, Moskva "təhvil ver" deyib, biz də etmişik.

Ancaq nə onacan, nə də ondan sonra Sovet İttifaqının mövcud olduğu illər boyunca bunca geniş tərkibdə amerikalı sərhəd pozucusunun ələ keçirilməsinə təsadüf edilməyib.

Sərhəd pozucusu və tabesizlik nümayiş etdirən ABŞ hərbi yük təyyarəsinin Azərbaycan göylərində vurulması da, 9 nəfərlik heyət üzvünün Dövlət Təhlükəsizlik Komitəsində saxlanılaraq onlardan ifadələrin məhz bizimkilər tərəfindən alınması da superdövlətlə əlaqədar məsələdə Azərbaycanın əsas tərəf kimi çıxış etməsinin göstəricisi idi və burada da tarixin başqa bir məntiqi olmamış deyil. İş ondadır ki, əsas oyunçularının ABŞ vcə SSRİ olduğu soyuq müharibə də əslində elə İkinci Dünya müharibəsinin başa çatmasından az sonra məhz Azərbaycandan başladı.

1945-ci ilin dekabrında Cənubi Azərbaycanda Milli Hökumət quruldu və bütöv İran əhalisinin təqribən yarısını təşkil edən bir xalqın müstəqillik, istiqlal yolundakı bu zəfəri, möhtəşəm başlanğıcın vəd etdiyi dalğanın daha geniş çevrəni bürüyəcəyi ehtimalı, bütün bu gedişatın arxasında SSRİ-nin də dayanması və ötən hər günün, ayın bölgədə onun nüfuz və təsir imkanlarını artırması həqiqəti Birləşmiş Ştatları narahat etməyə bilməzdi. Bundan dolayı da ABŞ Kremlə birmənalı şəkildə çatdırdığı nüvə silahı ilə həmlə etmək hədəsiylə Sovetin Güneydən çəkilməsinə nail oldu, nəticədə Milli Hökumət də varlığının birinci ilinin tamamında süquta uğradı, şah rejimi tərəfindən ən amansız şəkildə pərən-pərən salındı.

Soyuq müharibə artıq başlanmışdı...

Azərbaycanda ABŞ təyyarəsinin vurulması və 9 ekipaj üzvünün nəzarətə götürülməsi elə fövqəladə hadisə idi ki, prosesin hər mərhələsi ilə bağlı məlumatlar birbaşa SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri, ordu generalı İ.Serova çatdırılırdı.

Bakı iyulun 26-da Moskvaya, komitə sədrinə ünvanladığı məxfi məktubda xəbər verirdi ki, aparılan təhqiqat əsnasında toplanan və amerikan hərbi təyyarəçilərinin iş üslubunu səciyyələndirən sənədlər, əşya-yi dəlillərdən başqa, ekipaj üzvlərinin danışdırılması zamanı Müdafiə Nazirliyindən ötrü əhəmiyyət kəsb edən bir sıra qiymətli məlumatlar əldə edilmişdir.

İyunun 27-si axşamı, hadisə baş verən gün ABŞ hərbi təyyarəsinin 9 ekipaj üzvünü harada yerləşdirmək məsələsi ətrafında fikirlərin haçalandığı əsnada Bakıdan Mərkəzi Komitənin Birinci katibi İmam Mustafayevdən zəng gəlir: "Gecəni Gəncədə qalsınlar, səhər oradan iki  təyyarə ilə Bakıya gətirilsinlər".

Yəni respublika rəhbərinin bilavasitə məsələlərlə yaxından maraqlanması o demək idi ki, eyni şəkildə ona da Kremldən, SSRİ-nin ali rəhbərliyi tərəfindən müraciət olunub.

İyunun 28-də Gəncədən Bakıya çatdırılan və DTK binasında istirahət etmək imkanları da olan, doqquz ayrıca otaqda yerləşdirilmiş ekipaj üzvləri bir-bir danışdırılmağa başlanır. İlk müsahib edilən 1925-ci il təvəllüdlü gəmi komandiri, mayor Layls Lüter Vilyams olur. O, hansı ildən ABŞ ordusunda xidmət etdiyi barədə suala cavab verməkdən imtina etsə də, hazırda Qərbi Almaniyada, Visbadendəki aviaeskadrilyada xidmətdə olduğunu söyləyir. Bildirir ki, biz iyunun 27-də London vaxtı ilə 12.45-də Nikosiyadan uçurduq. Marşrutumuz da belə idi: Adana, Diyarbəkir, Van gölü, İran-türk sərhədini keçərək Tehrana çatmalıydıq. Səfərin nə məqsədlə edildiyindən xəbərimiz yoxdu, bircə onu bilirdik ki, yükü mənzil başına çatdırmalıyıq.

Soruşulur ki, bəs SSRİ sərhədini niyə pozdunuz? Cavab verirlər ki, Türkiyənin Diyarbəkir vilayəti üzərindən uçarkən şimşək meteoru ilə qarşılaşdıq. Adana tərəfdə hava şəraiti pis olduğundan biz daim buludların üstü ilə uçurduq və sonra azdıq, harada olduğumuzu müəyyənləşdirə bilmədik, gəlib çıxdıq SSRİ ərazisinə. Axırda da belə oldu ki, Sevan gölünü Van gölü zənn edərək istiqaməti dəyişdik, Rezaiyyə tərəfə, İran sarı səmt götürdük, bu əsnada da qırıcılar bizi haqladı.

- Bəs nə vaxt xəbər tutdunuz ki, siz Sovet İttifaqındasınız?

Pilot cavab verir ki, guya təyyarəmiz atəşə tutulandan sonra.

Əlbəttə, düz demir. Dərhal yadına salırlar ki, axı sizə sovet təyyarələri xəbərdarlıq etmişdi.

Doğrudan da, qırıcıları idarə edənlər - eskadrilya komandirinin müavini, kapitan Q.Svetliçnikov və bölük komandiri B.Zaxarov saat 19.44-də 5.500 metr hündürlükdə ABŞ hərbi təyyarəsini müəyyənləşdirincə təyyarələrini gah sağ, gah sol qanadı tərəfə əyməklə işarə vermişdilər ki, "Duqlas" yaxınlıqdakı Qaraçala aerodromuna eniş etsin. Lakin amerikan təyyarəsi buna məhəl qoymayaraq, İran ərazisinə doğru irəliləməyə çalışmışdı və yalnız 19.58-də atəşə tutulmuş, vəziyyətin çıxılmazlığını anlayaraq 20.07-də enməyə vadar olmuşdu.

Amerikan hava gəmisinin komandiri guya təqib edildiyini görüncə özünü itirdiyini, ona görə də cənub səmtinə, İran tərəfə burulduğunu deyir.

Yadına salırlar ki, axı bizimkilər sizin siqnalları tutublar, siz o arada Adana ilə radioəlaqəyə girmisiniz.

Etiraf edir ki, bəli, Adanaya bizə qırıcıların həmlə etdiyini xəbər verdik. Ancaq bunların hansı dövlətə məxsus qırıcılar olduğunu müəyyənləşdirə bilmədiyimdən konkretləşdirmədim. Mənə elə gəlirdi ki, biz Van gölü üzərindən uçuruq.

Təbii ki, amerikan təyyarəçilərlə söhbət ingiliscə aparılırdı və həmin danışdırmada tərcüməçilik edən Heydər Əliyevin rəhbərlik etdiyi 2-ci şöbədə yetişmiş, çox illər sonra Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin sayca yeddinci sədri vəzifəsinədək yüksəlmiş, o vaxtsa əməliyyat müvəkkili olan Ziya Yusifzadə idi.

Digər danışdırılan, qrupun komandiri, 1914-cü il təvəllüdlü polkovnik Deyl Donald Brannon bildirir ki, əvvəl Şimali Afrikaya - Tripoliyə uçaraq orada gecələyiblər. Ertəsi gün isə Nikosiyaya uçaraq yanacaq doldurublar və Tehran istiqamətinə yönəliblər. Sual verirlər ki, axı siz polkovnik olduğunuz halda niyə gəminin komandiri mayor rütbəli başqa şəxsdir, subordinasiya niyə pozulub? Cavab verir ki, ABŞ Hərbi Hava Qüvvələrində o cür subordinasiya qaydalarına əməl edilmir. Bu təyyarəni mayor Layls məndən daha yaxşı bilir, həmin səbəbdən də komandir odur.

Danışdırılanlardan biri, mayor rütbəli Benni Allen Şup daşınan yükə cavbdehmiş. Təyyarə tamam yandığından daşınan yükün də nədən ibarət olduğunu müəyyənləşdirmək lazım idi. Ona görə də bu barədə sual verirlər, mayor Şup da bildirir ki, yükümüz müxtəlif ölçülü 115-120 qutudan ibarət idi. Qutuların üstündə yalnız çəki, ölçü, bir də hara çatdırılmalı olması yazılmışdı. Adətən, bizə yükün məzmunu haqda məlumat verilmir. Yüklərin bir hissəsi Tehranda, qalanı Kəraçidə boşaldılmalı idi. Tehrana göndərilən yük oradakı Amerika səfirliyi, Kəraçi üçün nəzərdə tutulansa amerikan hərbi müşavirinin aparatından ötrü idi.

İyunun 29-u və 30-da danışdırılarkən mayor Şup maraqlı bir məqama da toxunur. Bu, paraşütlə ilk atılanlardan və ilk də ələ keçənlərdən olub. Kənd camaatı onu tutunca bir az döyəcləyibmişlər də. Ancaq bundan inciyib-eləməyib və belə izah edir ki, onları yaxşı başa düşürəm. Biz dəvət edilməmiş qonaqlar idik, onlarsa əksinə, əsl vətənpərvərlik göstərdilər. Əlavə də edir ki, doğrusu, mənə burada olduğumuz günlərdə xoş münasibət göstəriləcəyini təsəvvür etmirdim. Çünki sovet adamları haqda bizdə qənaət amerikan mətbuatının yazdıqları əsasında yaranır. Amma o yazılanların əksinə olaraq, burada insanlardan nəzakətli rəftar, mədəni münasibət gördük.

Danışdırılan 9 ekipaj üzvündən ən çox məlumat verənin, əməkdaşlığa ən çox meyl edənin, hətta sual verilmədən də bəzi örtülü təfərrüatları açanın mayor Şup olduğu duyulur. Məsələn, elə özü başlayır polkovnik Brannon haqqında belə təfərrüatları nağıl eləməyə ki, onun bu cür səfərlərə qatılması əsasən maddi maraqlarla bağlıdır. Çünki əvvələn, uçuşlara görə yaxşı ödənişlər edilir, o biri yandan da Tehranda və Kəraçidə dollar verib qiymətli şeylər ala bilər.

Başqa sözlə, özünün söhbətcilliyi, ünsiyyətə mailliyi, sovet hava hücumundan müdafiə sistemləri, ümumən SSRİ ilə bağlı rəğbətli düşüncələri, ayrı-ayrı mövzularla əlaqədar geniş məlumat verməyə hazırlığı ilə yanaşı, digər ekipaj üzvləri ilə bağlı söylədiklərində də yönəldicilik əlamətləri var və əlbəttə ki, bu məziyyətlər xüsusi xidmət orqanı işçilərinin nəzərindən qaça bilməz, gələcək əməkdaşlıqlarla bağlı qarmaq atmağa həvəsləndirə bilərdi. Səbəbsiz deyil ki, başqaları ilə bir, ya iki söhbət keçirilibsə, mayor Şupla müsahibələrin sayı "Duqlas" işində bir neçədir. Ehtimalən, onun bu özəllikləri barədə də o vaxt Mərkəzə işarə edilməmiş olmazdı.

Kəşfiyyat və əks-kəşfiyyat işinin öz incəlikləri var. Dindir-danışdır, sorğu-sual apar, ancaq məlumat əldə edə bilməyin mümkün olan başqa açıq və qapalı üsullarından da yararlan. Dinlənilirmişlər də. Ancaq onlar üzü üzlər görmüş hərbi təyyarəçilər idilər, anlayırdılar ki, danışıqlarına xəlvəti qulaq da asıla bilər. Ehtiyatla danışırdılar, artıq söz işlətmirdilər, arada bəzi mətləbləri bir-birlərinə pıçıltı ilə söyləyirdilər. Di gəl, pıçıltını da tutmaq olurmuş.

İyulun 1-i, iki amerikalı serjant xısın-xısın söhbətləşir:

- Mənə elə gəlir, göndərdiyimiz məlumatlara əsasən Amerikada bizdən sarı narahatlıq keçirməlidirlər. Yəqin, onlar elə düşünürlər ki, bizi oğurlayıblar.

- Görəsən, bizi burada nə qədər saxlayacaqlar?

- Onların da vaxt məhdudiyyəti var. Burada bizə çox diqqətlə yanaşırlar.

...Axıracan açıq qalan suallardan biri budur ki, necə olub təyyarə tamamilə alışıb yanıb. Çünki oradakı yük və diplomatik poçt materialları ən dəqiq cavabı verə bilərdi ki, doğrudanmı bu təyyarə hava sərhədini təsadüfən pozub, ya hansısa başqa məqsədləri də varmış. Söhbət zamanı ekipaj üzvlərindən biri təyyarədə 29-30 paraşütün olduğunu deyir. Ekipaj üzvü cəmi 9 nəfər idisə, bu qədər paraşüt nə üçünmüş?

İyulun 5-i. Layls və Şup ikilikdə söhbətləşirlər.

- Hiss olunur ki, bütün müddət boyu çalışırdılar bizim dilimizdən təsdiq alsınlar ki, təyyarəni özümüz yandırmışıq. Mən dedim ki, təyyarə elə birdən yandı. İzah etdim ki, biz o vaxt təyyarənin içindəydik.

- Ancaq mənə dedilər ki, təyyarə belə asanlıqla yana bilməz. Söylədilər ki, ola bilməz təyyarə bir dəqiqə sonra yanmağa başlasın. Dedilər ki, bu, təbii görünmür.

- Görürsən, demək olar, hamımıza eyni sualları verirmişlər. Onlar bu suala cavab tapmaq istəyirlər ki, təyyarəni biz özümüz yandırmışıqmı. Onlar belə düşünürlər ki, bizdə təlimat varmış ki, zəruriyyət yaranarsa, təyyarəni özümüz yandıraq.

- Biz deyəndə ki, təyyarə özü yandı, onlar da deyirlər ki, o halda siz özünüz də yanmalı idiniz.

...Çekistlərin şübhələri tamamilə əsaslı idi. Çünki hadisə yerinin ilkin müayinəsi zamanı oradan iki boş kanistr də tapılmışdı. Ola bilsin ki, məhz təyyarə yerə qonandan sonra 4 ekipaj üzvü içəridə olduqları 6 dəqiqə ərzində həmin benzini yüklərin üzərinə boşaltmış, alışma baş verincə təyyarəni tərk etmişdilər...

Mayor Heydər Əliyevin rəhbərliyi ilə aparılmış bu əməliyyatın diqqətəlayiq cəhətlərindən biri bu idi ki, ekipaj üzvləri ilə danışıqlar zamanı hərbi-texniki səciyyəli xeyli vacib bilgilər əldə edilə bilmişdi. Hazırlanmış geniş hesabatda Qərbi Almaniyadakı ABŞ Hərbi Hava Qüvvələrinin bazaları, xüsusilə Visbadendəki baza barədə yetərincə detallı məlumatlar əksini tapırdı. Bazada nə qədər təyyarə var, onların neçəsi hərbi yük, neçəsi reaktiv tiplidir, oradakı uçuş zolağının uzunluğu nə qədərdir, bazanın ərazisində hansı təyinatlı hansı tikililər, hansı anbarlar var, uçuşdan əvvəl təyyarələrin təminat-təchizat məsələləri ilə kimlər məşğul olur (və onların da rəhbəri elə bu vurulan təyyarədəki polkovnik Brannon idi), Avropada yerləşən bütün ABŞ Hərbi Hava Qüvvələrinin Visbadendəki Baş Qərargahının tərkibi nədən ibarətdir, hansı istiqamətdə işlər görür və bu qəbil bir-birindən mühüm məxfi məlumatların əks olunduğu hesabatın Mərkəzdə məxsusi məmnunluq oyadacağı şəksiz idi.

...1958-ci il iyulun 6-da axşam saat 23.30-da əməliyyata rəhbərlik etmiş mayor Heydər Əliyev, DTK-nın digər zabitləri və "Duqlas"ın 9 ekipaj üzvü Astaraya yola düşürlər.

İyulun 7-də səhər saat 8-də sərhəd komendaturasının ərazisində ekipajın təhvil verilməsi ilə bağlı danışıqlar başlanır.

Danışıqları SSRİ-nin Lənkəran rayonu üzrə sərhəd komissarı podpolkovnik Kuzmin və ABŞ-ın İrandakı hərbi attaşesi polkovnik Con Bask aparırdılar. Danışıqda iştirak edənlər arasında bizim nümayəndələrlə yanaşı, İranın Astara rayonu üzrə sərhəd komissarı da olur.

Con Baska ABŞ tərəfinin 30 min rubl təzminat ödəməli olduğu haqda qaimə təqdim ediləndə təəccüblə soruşur ki, bəs bu nə üçündür? Cavab verirlər ki, sizin vətəndaşlar ayrıca təyyarələrlə Bakıya gətirilib, digər nəqliyyat məsrəflərindən əlavə onların buradakı müalicəsi, mehmanxana, yemək xərcləri də var.

İngilis və rus dillərində təhvil-təslim aktının imzalanma məqamı yetişəndə İran nümayəndəsi təklif edir ki, bəs farsca da mətn olsun.

Başa salırlar ki, ekipaj üzvlərini Sovet İttifaqı ABŞ-a təhvil verir, İran hakimiyyət nümayəndələrinə yox, ona görə də mətn elə iki dildə olacaq.

Danışıqlar bitir və qəbul edilmiş qaydalara uyğun olaraq ziyafət təşkil edilir. Saat 14-də isə ekipaj üzvləri tərəflərin iştirakı ilə Sovet-İran sərhəd xəttinə aparılaraq qonşu dövlətin ərazisinə buraxılırlar.

Beləliklə, iyunun 27-də başlanmış və on həyəcanlı, gərgin günə sığan "Duqlas" əməliyyatı başa çatır.

...1958-ci il iyulun 3-də mayor Heydər Əliyevin işin yekunları ilə bağlı Azərbaycan DTK sədrinə yazdığı raportunda belə bir cümlə də vardı: "Yanmış amerikan təyyarəsinin qalıqlarının fotoşəkillərini çəkdik".

Və "Duqlas" adlı əməliyyat işinin arasındakı zərflərdə o fotolar da qalır.

İndi ilğım kimi xeyli uzaqlarda sayrışan 1958-ci ilin yayında cavan Heydər Əliyev və həmkarlarının, 10 zəhmətli, gecəsi ilə gündüzünün sərhədi itmiş günlər ərzində birbaşa Moskvanın diqqətində olan sərhəd pozucusu təyyarənin qəziyyəsini araşdırarkən, sərəncamlarında fotoaparat da vardı, fotoqraf da. Qarabağda ilkin araşdırmalar uğurla başa çatandan, ya artıq Lənkəranda əməliyyatın son nöqtəsi qoyulub təyyarəçiləri təhvil verəndən sonra həmin qayğılı günlərdən yadigar qalsın deyə bir şəkil də çəkdirə bilərdilər.

Və illər sonra hər dəfə qaldırıb baxarkən o foto onların hər birinə həmin sərgüzəştli günlərin sənədlərdə əksini tapmamış neçə təsirli anını xatırladardı.

Bu on gün boyunca onlar sanki həmişəki işlərini görmüş, nigaranlığın, məsuliyyətin daha çox olmasıma baxmayaraq, elə hər zamankı yeyin ritmdə adətkərdə olduqları  vəzifə borclarını yerinə yetirmişdilər. Fəqət həmin günlərdə onlar əslində böyük tarixin içərisindəydilər, dünyanın qəliz və çarpaşıq siyasət teatrı səhnəsində iki nəhəng tərəfi-müqabilin oynadığı və onillərcə sürəcək tamaşanın epizodlarından birinin iştirakçısıydılar.

Qırıcı təyyarələrin səmanın dərinliyində buxar kimi asta-asta əriyib yox olan bəmbəyaz izləri kimi, həmin günlərin gerçək görüntülərini uçan vaxt özüylə sovurub aparıb.

Lakin tarixin səhifələrindən nə zamanın yaddaşına əbədilik həkk olunmuş surətlər silinib gedər, nə də yazısına pozu olmayan bu hafizədəki irili-xırdalı izlər.

Yüzlərlə səhifənin bir-birinə calaq edildiyi yoğun qovluğun saralmış vərəqlərinə qısılan ağ-qara fotolar haçansa zəhmli MiQ-in bir anda şikəst edib yerə saldığı yanıq təyyarənin qaralmış-qarsmış onillər əvvəlki görkəmini bu gün də bizə elə dünənki dəqiqliklə göstərə bilirsə, tarixin də etibarlı yaddaşının güzgüsündə ən qərib keçmişlərin yaxşılı-yamanlı olmuşları eyni dəqiqlik və canlılıqda qalmaqdadır.

Və o tarix aynasından bizə inamlı və ümidli, bir az da yorğun gözləriylə az öncə çətin tapşırığı layiqincə yerinə yetirmiş, amma bu uğura rahatca fərəhlənməyə macal tapmadan növbəti gərgin işini başlayan, daha bir qalıcı iz qoymağa içəridən köklənmiş cavan mayor Heydər Əliyev baxır...

Akademik Rafael Hüseynov

525-ci qəzet

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook