Xəbər saytları və informasiya agentlikləri bu günlər belə bir məlumatı yaydılar ki, İran İslam Cümhuriyyətindən Azərbaycan Respublikasına ticarət məqsədilə gətirilmiş 24 ton kartof qəbul edilmiş qaydalar üzrə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriya analizindən keçirilərkən bu məhsulu istifadə üçün yararsız edən biopatagen bakteriyalar aşkarlanıb. Bu, kartofun qonur çürüməsi deməkdir.
Biz heç vəchlə istəməzdik ki, yaxın qonşumuz olan İrandan Azərbaycan Respublikasına gələn nə hansısa məhsulda, nə hansısa münasibətdə, nə də hansısa siyasətdə ölkəmizin və xalqımızın təhlükəsizliyi qeydinə qalan heç bir qurum heç vaxt zərərli və zəhərli bakteriyalarla rastlaşmasın, hansısa çürüklüyə şahid olmasın. Ancaq çox acınacaqlıdır ki, bizə yönələn zərərli bakteriyaları da, cürbəcür çürüklükləri də yalnız kartofda yox, münasibətlərin və siyasətin çox istiqamətlərində də əyani şəkildə görürük.
Ən dərin təəssüf hissi doğuran da budur ki, qarşı tərəf bunu nümayişkaranə edir və sanki, marağındadır ki, belə naxoş – bu sözün həm xoşa gəlməyən, həm də xəstə, məriz mənasında – təmayülləri biz tez-tez müşahidə edək.
Bizim – Azərbaycan Respublikasının, azərbaycanlıların İrana münasibətimiz həmişə məxsusi olub. Bunun bütün başqa səbəblərindən savayı, mühüm bir əsası da var. Bu da ondan ibarətdir ki, İran əhalisinin tən yarısı azərbaycanlılardan ibarətdir və azərbaycanlılar İranda milli çoxluqdur.
Ona görə də İran tərəfdən Azərbaycan Respublikasına qarşı istənilən yolverilməz addım atılarkən unudulmamalıdır ki, bu, ilk növbədə, İranın özünün ali dövlət maraqlarına ziddir və belə ziyankar hərəkətlərə rəvac verənlər, ən əvvəl, İran dövlətçiliyinə qarşı qəsd edirlər.
İranın bugünkü çöhrəsinin başlıca müəlliflərindən olan imam Xomeyni həm də şair idi və sözün peşəkar anlamında, yaxşı şair idi və onun məşhur qəzəllərindən biri bu mətlə ilə başlanır:
Ma ze delbəstəgi-ye heylegəran bixəbərim,
Əz pərişani-ye sahebnəzəran bixəbərim.
Hiyləgərlər bu cahanda nə sevir, bixəbərik,
Müstəqil fikri olanlar nə çəkir? – Bixəbərik.
Biz, Azərbaycan, əksinə, hiyləgərlərin, məkri özünə adət edənlərin nələri istədiyindən, sətəlcəmli düşüncələrindən nələr keçdiyindən bixəbər yox, yaxşı xəbərdarıq.
Biz, Azərbaycan, müstəqil fikri olan, müstəqil siyasət aparan bir dövlət kimi bu xətti tutub gedənlərin nələr çəkdiyindən, yandan-yörədən hansı çirkin həmlələrə məruz qaldığından da yaxşı agahıq.
Biz heç istəməzdik ki, İranın da səsi o zümrədən olanların sırasından gəlsin. Biz istəməzdik, ancaq neyləməli ki, gəlir!
İran Milli Məclisinin deputatları – 210 vəkil məhz İran vətəndaşlarının vəkili olduqlarını unudaraq, bizə vəkillik eləmək, bizə yol göstərmək, bizə nəyin doğru olduğunu, guya, öz aləmlərində başa salmaq xülyasına düşərək 2023-cü il aprelin 5-də rişxənd, kinayəli təbəssüm doğuran şit, çiy, bəsit bəyanat veriblər.
Azərbaycan Respublikası İranın özünə qan qardaşı hesab etdiyi Ermənistandan fərqli olaraq bəlli dövlətçilik siması, öz sabit xətti, öz müstəqil siyasəti olan cümhuriyyətdir. Və heç bir yekəxana iddia, heç bir hikkəli tərpəniş, heç bir təməlindən puç olan bəyanat-filan onu aydın məqsədindən, ölçülü-biçili hədəflərindən, doğru seçimlərindən yayındıra bilməz.
Azərbaycan bu gün və bütün gələcəkdə hansı ölkədə hansı təsisatını yaratmasını, hansı ölkələrlə münasibətlərini qurmasını, kimi dost, kimi tərəfdaş, kimi müttəfiq saymasını qıraqdan kiminsə him-cimi, iddiası, təşviqi ilə deyil, öz ali dövlət və millət maraqlarını nəzərə alaraq gerçəkləşdirəcəkdir.
İran İslam Cümhuriyyəti dünyada İslamın – müqəddəs dinimizin bayraqdarı, müsəlmanların hamisi olmaq niyyətini ortaya qoyur. Ancaq sözdə çox şey demək mümükündür, əməldəsə bunun əksini görməkdəyik axı!
2016-cı ildə Təbrizə səfərdəykən, rəsmi görüşdə hər kəsin qarşısında ayətullah Şəbüstəriyə söylədim ki, işğal altındakı Azərbaycan ərazilərində ermənilər pak məscidlərimizdə donuz saxlayırlar. Bizə göstərilməyən dəstəyi, düşmənimizlə iş birliyini qoyuram bir kənara, bəs Allah qarşısında cavabdehlik? Özünü İslamın bayraqdarı elan edənlərdən, İslam dünyası adından danışmaq cəsarətini üstünə götürənlərdən həmin təhqir olunmuş məscid Pərvərdigarın dərgahında haqqını tələb edəndə nə cavab verəcəksiniz? İmanla riya heç vaxt bir yerdə ola bilməz.
Azərbaycanın onlarca ölkədə onillərdir ki, diplomatik missiyaları fəaliyyətdədir. Elçi qapısı sülh qapısıdır. Ən yaxın qonşumuz olan İran tək ölkə oldu ki, orada sülh qapımız silahla, qanla döyüldü.
Məntiqi pozuq bəyanatlar imzalayan iranlı məclis vəkilləri vicdan məsələsi olan bu qəziyyə barədə, Tehrandakı Azərbaycan səfirliyində törədilmiş terroru düşünsünlər!
Azərbaycan Respublikasındakı diplomatik missiyasının təmsilçilərinin üzünə biz həmişə qapımızı qonaqpərvərliklə açmış, onları arzuolunan saymışıq. Lakin indi bəd əməlləri onların bir dəstəsini ölkədə arzuolunmaz şəxslərə çevirirsə, yaxın qonşumuz yaxınlığı addım-addım uzaqlığa çevirən belə dövlət səviyyəli qəbahətlərin fikrini çəksin!
Həzrət Əlinin müdrik kəlamı Azərbaycana, onun getdiyi yola çox yaraşır.
Buyurmuş ki, biz düz yolumuzu gedirik. Bizdən geridə qalanlar özünü bizə çatdıracaq. Bizdən irəlidə olanlar, bizi gözləyəcək. Çünki bizim yolumuz haqq yoludur.
Və hər kəs bilsin, eşitsin, yadda saxlasın!
Nəyi necə etmək, hansı addımı nə cür atmaq barədə Azərbaycana ağıl vermək həvəsinə düşənlər birdəfəlik anlamalıdır ki, Azərbaycan dövlətdir, onun sarsılmaz iradəsi var və Azərbaycan dövlətinin bizə ağıl vermək istəyənlərin hamısına ağıl verməyə qətiyyəti və yüksək zəkası çatan qüdrətli rəhbəri var.
Rafael HÜSEYNOV, Milli Məclisin deputatı, akademik