RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Yol ayrıcında iki Kişi Apr 15, 2023 | 19:43 / Mətbuatda çıxışlar

O gün müasir Azərbaycanın tarixindəki bir dövr bitir, başqa bir dövr gəlirdi.

Bu hadisə yayda baş verdi - 1969-cu il iyulun 14-də.

Əslində isə həmin günə hazırlıqlar ilin əvvəlindən başlanmışdı. Artıq yanvarda Kremldə qət edilmişdi ki, Bakıda respublikanı idarə edən birinci şəxs dəyişdirilməlidir. 

İndi - iyulun 14-də son nöqtə qoyulurdu. Üzdən baxanda təyinat edilən vəzifə nə qədər sanballı olsa da, hadisə özü mahiyyətcə qeyri-adi deyildi. Həmişə hansısa vəzifəyə kimsə gəlib, kimsə gedib. Ancaq bu hadisənin, vəzifədən bu gedişin, vəzifəyə bu gəlişin bütün başqa məziyyətləri və  xırdalıqlarından savayı, dərin qatda gizlənən, çoxlarının xəbərsiz qaldığı ibrətli bir tərəfi də var ki, özündə öyüd, dərs daşıdığına görə gərək mütləq hekayət edilə və gərək hökmən bilinə.

Vəzifələr, kürsülər gəldi-gedərdir, əməllər və dəyərlər yaşayandır.

Vəzifədən gedən Vəli Axundov, onun yerinə gələn Heydər Əliyev idi.

Aralarındakı il təfavütü çox olmasa da, onlar fərqli yaş nəsillərinin təmsilçiləri sayıla bilər. Vəli Axundov 1916-cı ildən idi, Heydər Əliyev ondan 7 yaş kiçik. Vəli Axundov 1941-1945 müharibəsinin əzab və sarsıntılarından da keçmişdi ki, bu da bəlli yaşın üstünə əlavə yaş artırır.

Onlar ailəvi yaxın olmuşdular. Özlərindən daha əvvəl gələcək zövcələri Sara və Zərifə rəfiqəlik etmişdilər, hər iki xanımın ixtisasca oftalmoloq olması, hər ikisinin kökdən-əsildən gələn kübarlığı aralarındakı ülfəti və mehribanlığı daha da dərinləşdirmişdi. Ev-eşik olandan sonra tədricən bu istilik gətirib çıxardı ailəvi yaxınlığa.

Əvvəl Vəli Axundov respublikanın birinci şəxsi oldu, ardınca Heydər Əliyev.

Nə o vaxt, nə bu vaxt səmimiyyət, qarşılıqlı ehtiram dəyişmədi, soyumadı.

...1996-cı il iyunun 21-də Azərbaycan Elmlər Akademiyasında Vəli Axundovun 80 illiyinə həsr edilmiş yubiley mərasimi keçirilirdi. Vəli Axundov artıq 10 il idi ki, həyatda yox idi. Azərbaycan Prezidenti Heydər Əliyev kürsüdə idi və bu, sadəcə nitq deyildi. O, çıxış  etmirdi, dərs verirdi. Tarix və insanlıq dərsi!

Bu yuvarlaq ildönümünün ölkə başçısının iştirakı ilə deməli, bir dövlət tədbiri kimi keçirilməsi sırf onun özünün təşəbbüsü idi və bunu da açıqca bəyan edirdi: "Təəssüflər olsun ki, belə bir yubileyin keçirilməsi haqqında mən heç bir təşkilatdan, şəxsdən təşəbbüs almamışam. Bu gün bu salona ziyalılarımız, Vəli Axundovu tanıyanlar, ona hörmət edənlər, onun qohum-əqrəbası toplaşıblar. Amma heç kim təşəbbüs göstərmədi ki, Vəli Axundovun yubileyi yaxınlaşır, onu qeyd etmək lazımdır. Yada salmadılar. Mən çox düşündüm. Uzun illər siyasi fəaliyyətim zamanı mən belə hallarla rastlaşmışam. Hər dəfə də insanların bir-birinə, xalqımızın dəyərli insanlarının xatirəsinə belə biganəliyi məni narahat edibdir və bu gün də narahat edir. Ona görə də mən bu addımımla istəyirəm xalqımızı, millətimizi, cəmiyyətimizi tariximizə, insanlara lazımi münasibət göstərmək istiqamətinə yönəldim.

...Mən Vəli Axundovu təxminən 1953-cü ildən tanıyırdım və hətta sonralar lap yaxından tanış olmuşdum, bir yerdə işləmişdik. Onun elmi fəaliyyəti, səhiyyə sahəsində gördüyü işlər qiymətlidir. Ancaq Azərbaycan Respublikasına on il rəhbərlik etmək onun gördüyü bütün işlərin hamısından ağır, çətin olubdur, bir daha qeyd edirəm, bütün xidmətlərindən şərəfli və üstün olubdur.

Mən o illərdə, yəni Vəli Axundov respublikaya rəhbərlik etdiyi illərdə onunla birlikdə, onun rəhbərliyi altında işləmişəm. Bəzən onun dərdlərini də hiss edirdim, çətinliklərini də. Ona görə də bəzən dərdini açıb söyləyərkən mən onun dərdinə şərik olurdum və imkan dairəsində çalışırdım ki, ona kömək edim. O vaxt Vəli Axundov Birinci katib, yəni Azərbaycanın birinci rəhbəri olarkən mən respublikanın dövlət təhlükəsizliyi orqanının başçısı kimi həmişə prinsipial mövqedə dururdum və işlərin prinsipial surətdə həyata keçirilməsinə çalışırdım. Onun bütün məsələlərdə, hamıdan fərqli olaraq, həmişə sağlam mövqe tutduğunun şahidi olmuşam.

O dövr ağır, çətin bir dövr olub və Vəli Axundov bütün imkanlardan istifadə edərək Azərbaycana layiqli rəhbərlik edibdir. Vəli Axundovu tanıyan adamlar bilirlər, - mən də onu yaxından tanıyan adamam, - o, çox hazırlıqlı insan idi, geniş dünyagörüşünə malik idi.

...Vəli Axundov o vaxt onun ətrafında olan rəhbər şəxslərin hamısından həm biliyinə görə, həm insani mədəniyyətinə görə, həm alicənablığına görə, həm də özünün və ailəsinin təvazökarlığına görə seçilirdi və onların hamısından üstün idi.

Mən bu gün deyə bilərəm ki, ona olan şəxsi insani münasibətimi heç vaxt dəyişmədim".

Dərs və ibrət olan da elə budur, öyrəniləsi, örnək götürüləsi cəhət, insan-insan ötürülməyə yaraşan həmin nəciblikdir.

Bir vəzifədən gedənə o biri gələnin qənim kəsildiyinə, bir uzaqlaşanın ardınca ortalıqda yeni görünənin hansı föhşlər söylədiyini azmı eşitdik?! Nə qədər deyilsə də ki, həyat bumeranqdır, taleyin çarxı girdədir, etdiklərinin özünə qayıtmaq qaçılmazlığı da var, kimdir buna qulaq asan!

Amma onların hər ikisinin - o iki müstəsna şəxsiyyətin çox baxımdan ülgü olan ömürlərinin və yollarının bu dürüstlüyü də gərək unudulmaya, yaşadıla, davam etdirilə, hər kəsə görk ola!

Bu, ən inanımlı şahidin - Vəli Axundovun qızı Nigarın mənə söylədiyidir: "Atam Heydər Əliyevə çox inanır, ona qardaş qədər etibar edirdi!".

...Vəli Axundov həmin vəzifəyə 10 il əvvəl, 1959-cu ildə, elə indi kürsüdən ayrıldığı iyul ayında gəlmişdi. O vaxt da, üstündən böyük zaman sovuşandan sonra, artıq Vəli Axundovun həyatda olmadığı çağlarda da yaxından-uzaqdan tanıyanlar bu nurlu insan haqqında söz açanda sayğılarını gizlətməmişlər. Elə onun respublikanın rəhbəri vəzifəsindən getməsi xahişi ilə yazdığı ərizəni müəyyən tərəddüddən sonra müsbət cavablandırmağı qət etmiş Moskvanın da Vəli Axundov haqda fikri bütövlükdə müsbət idi. Tamamilə kənarlaşmasını istəmirdilər, hələ 1969-un yanvarında ona karyerasını SSRİ-nin Belçikadakı fövqəladə və səlahiyyətli səfiri kimi davam etdirməyi tövsiyə etmişdilər. Əslində bu təkilf Azərbaycanın sovet tarixində özünəməxsus bir ilk idi. Birinci dəfə idi ki, bir azərbaycanlıya səfir vəzifəsini tapşırmaq istəyirdilər. Özü də belə məsul məqamı ona Avropada, bir kapitalist ölkəsində etibar etmək niyyəti vardı və bunun özü Sovet İttifaqı rəhbərliyi səviyyəsində Vəli Axundovun şəxsiyyətinə müsbət münasibətin bariz ifadəsi idi. Ancaq Vəli Axundov həmin vəzifədən imtina etmişdi və görünür, bu, daha çox sağlamlığı ilə bağlı idı. Artıq səhhət böhranları - ürək çatışmazlığı, yüksək şəkər onu narahat edirmiş və fevralın ortalarından mayın əvvəllərinədək Moskvada 3 ay müalicə də almışdı. Nigar xanım xatırlayır ki, Moskvanın Vəli Yusif oğlunu səfir məqamında görmək istəyi dilucu təklif də deyilmiş, hətta təkid imiş. SSRİ xarici işlər nazirinin birinci müavini Vasili Vasilyeviç Kuznetsov bununla bağlı iki dəfə Kunsevoda müalicə alan Vəli Axundovun yanına gəlibmiş. O, imtinasını fransız dilini bilməməsi ilə əsaslandıranda Vasili Kuznetsov qayıtmışdı ki, nə olsun, Valerian Zorin də səfirdir, Parisdə oturub, fransızca da bilmir; səbəb gətirəndə ki, uşaqlarım hələ kiçikdir, təhsilləri yarımçıq qalacaq, dərhal bunun da müqabilində söyləmişdilər ki, əksinə, orada ən yaxşı kolleclərdə, ən prestijli ali məktəblərdə oxuya biləcəklər; deyəndə ki, axı həm də xəstəyəm, yenə gülümsəmişdilər: "Siz gedib Brüsseldə sovet səfirliyinin yerləşdiyi malikanənin gözəlliyini görsəniz, həyat eşqiniz də artacaq, xəstəlikləriniz də yadınızdan çıxacaq, üstəlik, orada - Belçikada ən yaxşı müalicə almaqçün də bütün imkanlarınız olacaq" (Vəli Axundovdan müsbət cavab alınmadığından 1969-cu ilin 28 mayında Belçikaya SSRİ XİN Protokol İdarəsinin rəisi Fyodor Moloçkov səfir göndərilmişdi və tərifli səfarətxana binasında işləmək onun qismətindəymiş. Təyinatın tarixinə və ora XİN-də hansı vəzifəni daşıyanın göndərilməsinə ona görə diqqət yönəldirəm ki, Kreml məsələni elə mayda həll etmək istədiyindən Vəli Axundovla o aralarda intensiv danışıqlar aparılırmış, nəticə hasil olmayanda da həmin xüsusi önəm verilən vəzifəyə yetərincə təcrübəli və yüksək ranqlı diplomatı yollamışdılar). Nigar xanımın sözlərinə görə, Vasili Kuznetsov, yəqin ki, aldığı tapşırığa əsasən Vəli Axundovu səfir getməsindən ötrü razı salmaqçün inad edərkən bunu da deyirmiş ki, orada bizə sizin kimi təcrübəli, inanılmış bir şəxsiyyət lazımdır. ABŞ-ın Belçikadakı səfiri Prezident Riçard Niksonun ailə üzvüdür, cavan bir adamdır, siyasətdə sizin yanınızda o, bir uşaq kimidir, biliyinizlə, nüfuzunuzla o, sizin  kölgənizdə qalacaq.

Moskvanın NATO mənzil-qərargahının yerləşdiyi Brüsseldəki sovet səfirinin ağır siyasi çəkili, həm də milli bir kadr olması ilə əlavə üstünlük qazanan Vəli Axundov kimi bir şəxs olmasında israrı anlaşılandır. Ancaq nə illah eləsələr də, Vəli Axundov yola gəlmir   (yenə qızının ailə söhbətlərindən xatırlamasına görə həmin dövrdə Vəli Axundova SSRİ Səhiyyə nazirinin müavini vəzifəsini də təklif ediblərmiş).

Və xəstəxanadan çıxandan sonra onu Baş katibin qəbuluna çağırmışdılar və görünür, Leonid Brejnevlə söhbətində özü Azərbaycan Elmlər Akademiyasında işləmək istədiyini dilə gətirmişdi. Buna da razılıq verilibmiş ki, artıq yeni vəzifə üçün tədarüklərə başlanmışdı. Bakıya qayıdınca qısa müddətdə akademik də seçilmişdi. Qızı Nigar xanım bunu da yada salır ki, əslində atam Elmlər Akademiyasının prezidenti vəzifəsini istəmişdi, "hə" də verilmişdi. Çünki bilavasitə elmlə məşğul olmağa çox həvəsliydi və Birinci katib olduğu vaxtlarda da elmdən ayrılmamışdı, sabiq həmkarları ilə mütəmadi təmasdaydı.

Öz təşəbbüsüyləmi, ya belə məsləhət olduğu üçünmü həmin günlərdə bir axşam  Elmlər Akademiyasının ovaxtkı prezidenti Rüstəm İsmayılov MK-ya yox, Vəli Axundovun Hökumət bağındakı mənzilinə təşrif gətirir və hələ Birinci katib vəzifəsində olan Vəli Axundovdan rica edir ki, köməyinizə ehtiyacım var. Bu yaxınlarda 60 illiyimdir, mümkünsə yubileyim Akademiya prezidenti olduğum vaxtda keçirilsin, sonra gedim. Vəli Axundov da "onsuz da mənim məsələm danışılıb, razılıq verilib" düşüncəsiylə Rüstəm İsmayılovun sözünü yerə salmır... 

Yüksək vəzifədən ayrılmağın, nə qədər etiraf edilməsə belə, həmişə mənəvi sıxıntı, bəzənsə lap sarsıntı doğuran tərəfi də var. Ancaq Birinci katib vəzifəsindən ayrılması qəfil qəbul edilən bir qərar olmadığından, özü bunu könüllü olaraq istədiyindən, ikincisi də, həmin gedişat 7 aya qədər çəkdiyindən Vəli Axundov üçün hər halda ağrısız keçmişdi.

Ancaq Azərbaycanda yeni Birinci katibin kim olacağı məsələsi haqqında rəy bu cür xeyli irəlicədən müəyyənləşməmişdi, son seçimə qədər hansı namizədin daha münasib olacağı ətrafında çək-çevir xeyli davam etmişdi.

Vəli Axundovun rəhbərliyi dövründə Ali Sovetin sədri vəzifəsini daşıyan Məmməd İskəndərovun da, Nazirlər Sovetinin sədri Ənvər Əlixanovun da ürəyindən həmin kürsüyə sahib olmaq keçirmiş və həm də elə sadəcə evdə, ya kabinetdə əyləşərək bunu səssizcə arzulamırlarmış, əl altından iş də görürlərmiş, həm də yetərincə canfəşanlıqla.

Hələ bir neçə başqa iddialı da varmış.

1969-cu il iyulun 14-ü idi. Yay günündə əksəriyyəti məzuniyyətdə olan Mərkəzi Komitə üzvləri və üzvlüyə namizədləri çətinliklə də olsa cəmləyərək plenumu keçirməkçün yetərsayı düzəldə bilmişdilər.

İclası Birinci katib Vəli Axundov aparırdı və plenumu açan kimi 2 moskvalı qonağı - Sov.İKP MK katibi İvan Kapitonovu və Sov.İKP MK bölmə müdiri Yuri Starçenkonu təqdim edir, gündəliyə də vur-tut bircə - təşkilati məsələ salındığını bildirir və sözü verir MK katibinə. İvan Kapitonov birbaşa mətləbə keçir, son 10 ildə Birinci katib vəzifəsini daşıyan Vəli Yusifoviçin fəaliyyətini müsbət qiymətləndirir, respublikanın bütün istiqamətlərdə inkişafı üçün onun az güc sərf etmədiyini diqqətə çatdırır, ancaq son vaxtlar səhhətinin pisləşdiyini, belə yüksək vəzifə tutaraq böyük və mürəkkəb işi yerinə yetirməyin onunçün çətinlik törətdiyini deyir və bununçün də Birinci katib vəzifəsindən getməsi ilə bağlı istefa ərizəsi yazdığını bildirir. Deyir ki, tibb elmləri doktoru, professor olan Vəli Axundov özü Sov.İKP MK-ya müraciət edərək elmi işlə məşğul olmaq istədiyini xahiş edib. Partiyanın Mərkəzi Komitəsi onun bu müraciətini nəzərə almaq qərarını verib. Bilirsiniz ki, o, təzəlikcə akademiyanın həqiqi üzvləri sırasına qəbul edilib, bu gün isə Azərbaycan Elmlər Akademiyasının ümumi yığıncağında ümumi məsələlər üzrə vitse-prezident seçilib.

Və 1969-cu il iyul plenumunun, həmin günün tarixiliyi bir də onda idi ki, sovet dövründə ilk dəfə olaraq vəzifədən gedən respublika rəhbərinə təşəkkür elan edilirdi.

Və İvan Kapitonov gəlir əsas mətləb üstünə.

...Heydər Əliyev 2 ildi ki, DTK sədri olsa da, hələ nə Mərkəzi Komitə Bürosunun, nə də ümumən Mərkəzi Komitənin üzvü idi. O, sadəcə Mərkəzi Komitə üzvlüyünə namizəd idi. Əgər Heydər Əliyevin Birinci katib vəzifəsinə seçiləcəyi haqda xeyli irəlicədən planlar olmuş olsaydı, yəqin, onun bu istiqamətdə bir-iki pillə irəliləyişini də əvvəldən təmin edərdilər. Onu yalnız bu plenum ərəfəsində Kremlə çağırmış, məsələsini Siyasi Büroda müzakirə etmişdilər. 

Odur ki, Dövlət Təhükəsizlik Komitəsinin sədri Heydər Əliyevin bu vəzifəyə gətirilməsi bir çoxları üçün gözlənilməz olacaq. Amma 1950-ci illərdən Heydər Əliyevlə DTK-da işləmiş 92 yaşlı polkovnik Oqtay Mansurov deyir ki, o vaxt Heydər Əliyevin Birinci katib seçilməsi kimlərisə heyrətləndirsə də, bizimçün gözlənilməz olmadı. Çünki Heydər Əliyev Azərbaycan DTK-sının  sədri vəzifəsində Bakıdan Moskvaya aparılmış, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini təyin edilmiş Semyon Kuzmiç Sviqunu əvəz etmişdi. Semyon Sviqunun Heydər Əliyevə münasibəti çox yaxşı idi, digər tərəfdən, o, Leonid Brejnevlə də yaxın idi və Heydər Əliyevin istər bizdə DTK sədri, sonra da Birinci katib vəzifəsinə irəli çəkilməsində onun zəmanəti olmamış deyildi. O biri tərəfdən də, SSRİ DTK-sının sədri Yuri Andropov da Heydər Əliyevi yaxşı tanıyırdı, ona xüsusi rəğbəti vardı, deyilənlərə görə, bu təyinatda onun da təsiri olmuşdu (Heydər Əliyevin DTK sədri təyin edilməsində Semyon Sviqunun da rəyinin və zəmanətinin olmasını, amma bu məsələdə Vəli Axundovun da rolunu Heydər Əliyev özü də etiraf edirdi. Amma Nigar Axundova digər ilginc təfərrüatı, atasının bu barədə SSRİ DTK-sı sədri Yuri Andropova müraciətini də çatdırır. Vəli Axundov Yuri Andropova zəng vuraraq Heydər Əliyevdən söz açır, deyir ki, bizim DTK sədri vəzifəsinə belə bir çox münasib namizədimiz var. Andropov da qayıdır ki, axı siz ənənəni bilirsiniz,  o vəzifə, həmçinin, Mərkəzi Komitənin katibi, Komsomolun Mərkəzi Komitəsinin ikinci katibi yerləri Mərkəzinkidir. Vəli Axundov davam edir ki, Yuri Vladimiroviç, icazə verin, o, sizin qəbulunuza gəlsin, söhbət edin, əminəm ki, bəyənəcəksiniz. Çox savadlı, təşəbbüskar, fəal kadrdır. Xoşunuza gəlsə, biz ənənəni pozaq, yox, fikriniz başqa olsa, sizin qərarla razılaşarıq.

Heydər Əliyev uçur Moskvaya, Andropovla görüşür və həmsöhbətini öz parlaqlığı ilə valeh etməyi bacarır). 

...DTK generalı respublikanın partiya rəhbərliyinə gətirilirdi.

1969-cu il 1930-40-cı illər deyildi. Artıq Dövlət Təhlükəsizlik Komitəsinin adında  köhnə zəhm yox idi. Ancaq necə olsa da, əski yaddaşla cəmiyyətdə bir KQB xofu hələ də yaşayırdı. Ona görə də Heydər Əliyevin təyinatından 4 gün sonra yayımlanan buraxılışlarında "Amerikanın səsi" və "Azadlıq" radioları Azərbaycanda Mərkəzi Komitə rəhbərliyinə kadrın partiya orqanlarından deyil, çekistlər sırasından gətirilməsinə xüsusi diqqət ayırır, bunu Kremlin respublikaları Mərkəzə daha artıq bağlamaq və tabeçiliyi bir qədər də artırmaq siyasətinin nəticəsi kimi qiymətləndirirdilər.

Kremlin Çexoslovakiya hadisələrindən sonra, eləcə də 1950-ci illərin sonları, 1960-cı illərdə bütövlükdə Sovet İttifaqında, o cümlədən, ayrı-ayrı milli respublikalarda açıqfikirliliyin, sərbəstliyin artmasından narahatlığı vardı. Elə Azərbaycanla əlaqədar İmam Mustafayev və Vəli Axundov dönəmlərində respublikanın Mərkəzlə münasibətlərdə müstəqilliyinin artırılması cəhdlərinə də Kreml, təbii ki, laqeyd deyildi.

Azərbaycanda Mərkəzi Komitəyə başçılığın niyə partiya işçisinə deyil, bir gün də bu sahədə çalışmamış xüsusi xidmət orqanları əməkdaşına etibar edilməsinin doğura biləcəyi suallarla əlaqədar İvan Kapitonov plenumda deyirdi: "Sizə açıq söyləməliyəm ki, respublika Kommunist Partiyası Mərkəzi Komitəsinə Birinci katib vəzifəsinə namizəd məsələsi Sov.İKP MK-da, eləcə də Azərbaycan KP MK Bürosunda xeyli müddət və diqqətlə nəzərdən keçirilib. Birinci katib vəzifəsinə namizədlərin miqdarı kifayət qədər çox idi və bu da tamamilə anlaşılandır. Çünki respublikada yaxşı kadrlar çoxdur və deyilişi mümkünsə, seçim imkanı geniş idi. Bu məsələni hərtərəfli və dərindən öyrənəndən sonra biz hazırda DTK sədri işləyən Heydər Əliyevin namizədliyi üzərində dayandıq. Siz hamınız onu yaxşı tanıyırsınız, düşünürəm ki, mənim onun haqqında müfəssəl danışmağıma lüzum yoxdur, ancaq hər halda bir neçə kəlmə demək istəyirəm. Obyektiv olaraq Heydər Əliyevin bu böyük üstünlüyü var ki, o, hələ  cavandır, 1923-cü ildə anadan olub, beləliklə, 46 yaşı var. Birinci katib vəzifəsinə isə 3-5 illiyə deyil, daha uzun müddət işləyə biləcək yoldaşı seçməliyik. Ali təhsilli Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib, sizin respublika partiya təşkilatında tərbiyə alaraq böyüyüb, son 25 ildə siyasi işdə - dövlət təhlükəsizliyi orqanlarında çalışıb. Zənnimcə, sübut etməyə ehtiyac yoxdur ki, orqanlarda iş elə bizim partiya, siyasi işimizdir".

Bu məqamı - çekist işinin elə partiya işi, siyasi fəaliyyət olmasını İvan Kapitonovun bir daha məxsusi vurğulaması səbəbsiz deyildi. Plenumda yalnız bircə nəfər -  Mərkəzi Komitə üzvlüyünə namizəd, Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi Sabir Şəfiyev (o, 1965-ci ilin yanvarından 1970-ci ilin 18 iyununadək Şamaxıda birinci katib işlədikdən sonra uzun illər Pedaqoji İnstitutda müəllimlik etdi) hər halda sual vermişdi ki, doğrudanmı, bizim partiya kadrları arasında uyğun namizəd yoxdur? Yerlərə qayıdandan sonra bizdən xəbər alınanda ki, məgər Mərkəzi Komitə üzvləri arasında Birinci katib vəzifəsinə bir münasib namizəd tapılmadımı, nə cavab verək?

İvan Kapitonovun həmin sözləri elə raykom katibinin "Nə cavab verək?" sualına birbaşa cavab idi.

Mahmud Kaşğari "Divan-i lüğət-it türk"də yazırdı ki, türk dilini öyrənin, çünki onlar üçün uzun sürəcək hakimiyyət vardır.

Moskvadan gələn MK katibi respublikaya rəhbərin 3-5 ilə deyil, daha uzun müddətə seçildiyini söyləyirdi.

O yay günündə kimin ağlına gələrdi ki, həmin gün başlanan Heydər Əliyev epoxası Azərbaycanda onillərlə davam edəcək, növbəti əsrə də keçərək gələcəyə doğru uzanacaq.

Sonralar Heydər Əliyev bir neçə dəfə, müxtəlif vaxtlarda Fransa nümayəndə heyətləri ilə görüşlərində zarafatqarışıq bir əda ilə söyləyəcək ki, mən Azərbaycan rəhbərliyinə Bastiliyanın alındığı gün başlamışam.

Həqiqətən də belə idi. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti plenumu o məşhur tarixi hadisədən düz 180 il sonra keçirilirdi.

Və indi başlanan yolun nə qədər zəfərli olacağını yaxın tarix göstərəcək.

Hələliksə Mərkəzi Komitənin plenumu davam edirdi və həmin tarixi gündə daha 2 çıxış səslənəcəkdi.

Əvvəlcə artıq kürsüsünü təhvil vermiş Vəli Axundov danışır. Deyir ki, son dövrdə mən vicdan əzabı çəkirdim. Bir tərəfdən böyük təcrübəm var, bilirəm nə etmək lazımdır, digər tərəfdən səhhət imkan vermir.  Elə bunu rəhbər tutaraq mən Leonid İliç Brejnevə Birinci katib vəzifəsindən azad edilərək elmi işə keçməyimə icazə verilməsi xahişi ilə müraciət etdim. Deməliyəm ki, Leonid İliç mənim xahişimə böyük diqqət və insanpərvərliklə yanaşdı və əvvələn, 10 il ərzindəki işimi yüksək qiymətləndirərək dedi ki, tələsmək lazım deyil, hələ bir qədər də işləmək olar. Yalnız mən müalicənin nəticəsi ilə bağlı arayışı göstərəndən sonra o, elmi işə keçməyimə razılıq verdi. Bu 10 il mənim həyatımın ən gözəl illəridir. Mən bununla fəxr edirəm və mənə bəslənmiş inama, etibara görə minnətdaram. Bu yaxınlarda bizim Mərkəzi Komitənin Büro iclasında 4 ayın yekunlarını müzakirə edərkən mən kadrlara partiyanın Mərkəzi Komitəsinin və şəxsən Leonid İliç Brejnevin qayğıkeş münasibətindən bəhs etdim. Bu gün bir daha həmin fikri təkrar edirəm: kadrlara, insanlara biz qayğı ilə yanaşmalıyıq.

Respublika rəhbərliyindən ayrılan, dünyanın çox üzlərini görmüş müdrik şəxsiyyətin bu son cümləsi yolu yeni başlayacaq Birinci katibə də, hər birinin tabeçiliyində neçə-neçə insan çalışan və həmin plenumda iştirak edən hər bir nəfərə də onun nəsihəti, vəsiyyəti idi.

Və o gün Vəli Axundov böyük yola çıxan cavan Heydər Əliyev haqqında düşüncələrini də bölüşür. İllər təcrübəli dövlət xadiminin bu müşahidələrinin doğruluğunu da dolğunluğu ilə sübuta yetirəcək: "Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin yaxşı Birinci katibi olmaqçün bütün - həm siyasi, həm işgüzar keyfiyyətlərə malikdir. O, irihəcmli işi qısa müddətdə mənimsəməkçün yetərincə savadlı, erudisiyalı, hərtərəfli hazırlıqlıdır. O, bizim bütün kadrlara bərabər münasibət bəsləməkçün kifayət qədər partiya düşüncəli və obyektivdir. Azərbaycanda isə, keçmişi və indini nəzərə alsaq, kadr məsələləri həlledici məna daşıyır. Biz onu vicdanlı, ləyaqətli kommunist kimi tanıyırıq. Dzerjinski deyirdi ki, çekistin alovlu ürəyi, aydın zəkası və təmiz əlləri olmalıdır. Bütün bu keyfiyyətlər Heydər Əliyevdə var və mən tamamilə əminəm ki, o, Azərbaycan partiya təşkilatının şanlı ənənələrinə sadiq qalaraq Birinci katib vəzifəsində bu keyfiyyətlərin hamısını gerçəkləşdirə biləcəkdir".

Bundan sonra belə yığıncaqlarda sözü o verəcək. Hələliksə o da söz verilənlərdəndir.

Və artıq seçilmiş Birinci katib kimi Heydər Əliyev ilk çıxışını edir, ilk andını içir və həmişə sadiq qalacağı vədini verir: "Mən bu vəzifəyə başlayarkən öz məsuliyyətimi anlayıram. Qarşımda dayanan məsələlərin mürəkkəbliyi və çətinliyini  dərk edirəm və sizi əmin etmək istəyirəm ki, nəyim varsa, sərf edəcəyəm ki, sizin böyük və yüksək etimadınızı doğruldum".

Demir ki, bütün qüvvəmi, bacarığımı, biliklərimi və daha nələrimi, nələrimi. Söyləyir ki, "nəyim var", sərf edəcəyəm. Yəni bütün canım, varlığım işinki olacaq.

1969-cu ilin 14 iyulu idi, böyük yolun ilk addımını atarkən belə deyirdi və ömrünün sonunacan da o cür qaldı.

Və 1969-cu il iyulun 21-də artıq Birinci katib kimi Heydər Əliyev ilk sənədi imzalayır. Bu, sələfi Vəli Axundovun əvvəlki tibbi və məişət xidmətindən istifadə haqqının qüvvədə saxlanması haqda sərəncamdır...

...İndi illərin də uzağında, əsrin, hətta minilliyin o tayında qalmış həminki gündə - 1996-cı ilin 21 iyununda mən də oradaydım. Elmlər Akademiyamızın binasında Vəli Axundovun 80 illiyi qeyd edilirdi, onların ikisinin də yol ayrıcında dayandığı 1969-cu ilin 14 iyulundan 27 il keçirdi. Bu 27 ildə çox şeylər dəyişmişdi.  Artıq dünya da başqa idi, Azərbaycan da, elə insanlar da.

Heydər Əliyev danışırdı, dəyişmiş dünyada dəyişməyən dəyərlərdən bəhs edirdi və söylədikləri məni çox duyğulandırırdı. Artıq Azərbaycandan gedib Kremldə işlədiyi çağları yada salırdı, deyirdi ki,  Moskvada olduğum vaxtlarda Vəli Axundov mənə hərdən məktub da göndərirdi, bayramlar, ayrı-ayrı hadisələr münasibətilə təbrik edirdi.

Məktub nədir? Bir neçə cümləlik əl boyda quruca kağız. Ancaq Bakıdan, köhnə həmkarı və simsarı Vəli Axundovdan gələn o məktubların hər biri Sovet İttifaqı kimi nəhəng dövlətin başında duranlardan olan Heydər Əliyev kimi qüdrətli şəxsiyyəti qəlbən sevindirirmiş, riqqətə gətirirmiş. Çünki bu məktubların hər biri etibarın, sədaqətin nişanəsi idi. Etibarın, sədaqətin də, etibarsızlığın və dönüklüyün də nə olduğunu isə Heydər Əliyev ömrü boyu adladığı enişli-yoxuşlu yollardan çox yaxşı bilirdi. Və elə həmin etibar, sədaqət idi ki, onu 1996-cı ilin 21 iyununda, müstəqilliyin ilk illərinin yüz cür qayğıları və sınaqları ilə əhatə olunduğu bir dönəmdə təşəbbüskarının da özü olduğu bu mötəbər məclisə gətirmişdi.

Görkəmli dövlət və millət adamı Vəli Axundovun  80 illiyi keçirilirdi. Heydər Əliyev kürsüdə idi. Yox, o gün o, unudulmaz Vəli Axundovdan danışmırdı. Etibardan danışırdı, sədaqətdən danışırdı, ləyaqətdən danışırdı.

O gün o iki böyük kişi yenə birlikdəydilər.

Yenə dərs  verirdilər...

Akademik Rafael Hüseynov

525-ci qəzet

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook