RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Akademik Rafael Hüseynov “Heydər Əliyev və mədəniyyət siyasəti” mövzusunda beynəlxalq konfransda çıxış edib Apr 14, 2023 | 19:47 / Konfranslar

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və mədəniyyət siyasəti” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

Tədbiri ADMİU-nun rektoru professor Ceyran Mahmudova açaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə və xaricdə geniş və əhatəli şəkildə qeyd olunduğunu söyləyib, universitetdə də Ümummilli Liderə həsr olunmuş tədbirlərin keçirildiyini deyib. Rektor qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün sahələrində öz izini qoymuş dahi şəxsiyyətdir. Mədəniyyət və incəsənət xadimləri ilə şəxsən tanış olan Heydər Əliyev onların yaradıcılığına yaxından bələd idi və bu insanlara xüsusi diqqət və qayğı ilə yanaşırdı.

Daha sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövləti və xalqı qarşısında tarixi xidmətlərindən, ölkəsinin, xalqının tərəqqisi, rifahi naminə gördüyü misilsiz işlərdən söz açıb. O, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın yalnız XX əsr tarixində deyil, milli tariximizin ən əvəzsiz, nadir şəxsiyyətlərindən biri olduğunu deyib. Vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin istiqlalımızın, müstəqilliyimizin qorunub saxlanılmasında, həmçinin mədəniyyətimizin inkişafında tarixi xidmətləri olub. Ulu Öndərin bütün xidmətlərinin fövqündə həmişə bu istiqlalımızı qorumaq, yaşatmaq, onu dönməz, əbədi etmək olub. Dahi Lider bu istiqlalı yaşatmaq üçün möhkəm təməllər də qurdu.

Rafael Hüseynov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın görkəmli şəxsiyyətlərinin, elm və mədəniyyət xadimlərinin klassiklərinin yubileylərinin yüksək səviyyədə qeyd edilməsinə xüsusi diqqət və qayğı ilə yanaşdığını söyləyib. Vurğulayıb ki, hər zaman milli-mənəvi dəyərlərə yüksək qiymət verən Ulu Öndər hələ keçmiş sovet dövründə bütün imkanlarını sərf edərək mədəniyyətimizin, ədəbiyyatımızın inkişafına böyük dəstək verirdi.

Konfransa onlayn qatılan Türkiyə Qazi Universiteti, Türk Dünyası Uyğulama və Araşdırma Mərkəzinin rəhbəri professor Alev Çakmakoğlu Ulu Öndərin hakimiyyəti illərində ölkələrimiz arasında mədəni əlaqələrdən danışıb, Heydər Əliyevin daim sənətə, incəsənət xadimlərinə böyük önəm verdiyini deyib. O, Ümummilli Liderin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyəti dövründə Bakıda Atatürk Mərkəzinin açılmasını Dahi Liderin ortaq dəyərlərə verdiyi qiymətin bariz nümunəsi kimi dəyərləndirib.

Tədbirdə digər çıxış edənlər Heydər Əliyev və müstəqil Azərbaycanın mədəniyyət siyasətindən söz açıb, Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər.

Sonra konfrans işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında Heydər Əliyevin mədəniyyət siyasətinin müxtəlif istiqamətlərindən bəhs edən məruzələr dinlənilib.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook