RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
İkilikdə söhbətdən əvvəl və sonra Apr 22, 2023 | 19:51 / Mətbuatda çıxışlar

O gün - 1975-ci il oktyabrın 23-də onlar 2 saatdan artıq söhbət etdilər. İkiləri idilər. İki ağıllı, təcrübəli şəxsiyyət və söhbətlərinin mövzusu da Azərbaycan üçün çox vacib olan ilk Milli Ensiklopediyanın ətrafında cərəyan edən hadisələr.

Azərbaycana rəhbərliyinin artıq beşinci ili tamam olmuş Heydər Əliyev və Xalq şairi, Azərbaycan Ensiklopediyasının baş redaktoru Rəsul Rza üzbəüz idilər.

Əslində bu görüş və söhbət indi yox, 5 il əvvəl də, elə Heydər Əliyev respublikanı idarə etməyə yenicə başladığı aylarda da ola bilərdi.

Bu söhbətin ertəsi günü Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro iclası olacaq və Rəsul Rza vəzifədən kənarlaşdırılacaq.

Ensiklopediyaya hansı hücumların olduğundan Heydər Əliyev bu yeni vəzifəyə başlamasından xeyli əvvəl, Dövlət Təhlükəsizlik Komitəsinin sədri olduğu vaxtlardan xəbərdar idi. Çünki ensiklopediya ilə əlaqədar açıq və gizli imzalı məktubların çoxu elə ora ünvanlanırdı.

Səbəbsiz deyil ki, 1969-cu ilin 14 iyulunda Mərkəzi Komitənin Birinci katibi seçilən Heydər Əliyev respublika həyatının ən müxtəlif sahələrinə aid baxışlarını əks etdirən ilk geniş nitqində, bir ay sonra baş tutan avqust plenumunda Azərbaycan Ensiklopediyasından da söz açmışdı, amma dərinə getmədən, 1-2 cümlə deyərək keçmişdi başqa mətləbə.

Respublikaya başçılıq etdiyi son 5 ildə isə Ensiklopediya və Rəsul Rza ilə bağlı qara-qura yazıların ardı kəsilməmişdi.

Yəni respublikanın özünün niyyəti olsaydı, bu məsələni Büroya çoxdan çıxarar, 1975-dəki nöqtəni bir neçə il əvvəl də qoya bilərdi.

Mərkəzi Komitədən umduqlarını ala bilməyəndə Ermənistandan və Azərbaycandan həmin həlləm-qəlləm yazı müəllifləri məktubları daha çox Moskvaya yönəltməyə başlamışdılar.

Kreml də müraciətlərdə əksini tapanları araşdımaq üçün Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Nəzarəti Komitəsinin məsul nəzarətçisi A.Sokolovu Bakıya ezam etmişdi.

Partiya Nəzarəti Komitəsi sovet dövründə çox ciddi, həm də təhlükəli bir təftiş səviyyəsi sayılırdı və boşuna deyil ki, ən yüksək partiya xadimlərini də xoflandıran bu qurumu xalq arasında "Kremlin prokurorluğu" adlandırırdılar.

Və A.Sokolovun da tərtib etdiyi arayışdan aşkar göründüyü kimi, o, Moskvadan məsələni vicdanla araşdırıb əsl həqiqətləri üzə çıxarmaq üçün deyil, onlara edilən müraciətdə göstərilən nöqsanlara təsdiqedici sübutları üzə çıxarmaq tapşırığı ilə göndərilibmiş.

Şərin əsas baisi pərdə arxasında idi. Zərbənin yekəsi Sovet İttifaqının baş Ensiklopediyasından gəlirdi. Böyük Sovet Ensiklopediyası redaktorunun müavini Levon Şaumyan idi - Stepan Şaumyanın oğlu və qatı bir millətçi. Və təbii ki, xəbis xislətinin mahiyyəti olan erməniçiliyini bütün qart görsənişləri ilə Azərbaycana qarşı Böyük Sovet Ensiklopediyasının içərisində yürüdürdü. Azərbaycanla bağlı hər bir yazı, illah da yurdumuzun müstəsna şəxsiyyətləri ilə əlaqədar mətnlər qısaca verilir, əvəzində ermənilərə aid materiallara səxavətlə meydan açılırdı. Azərbaycanın bir çox böyük şəxsiyyətləri ki Böyük Sovet Ensiklopediyasında əks olunmağa miqyasları ilə tam layiq idi, Levon Şaumyan bunların qarşısına sədd çəkirdi. Təsəvvür edin ki, Yusif Məmmədəliyev kimi görkəmli alimə, Böyük Sovet Ensiklopediyasında haqqında ayrıca məqalə verilməsinə bütün ölçüləri ilə qanuni haqqı olan şəxsiyyətə etinasızca yer ayrılmırdı. Azərbaycan Ensiklopediyasından bununla bağlı BSE-yə şifahi və yazılı şəkildə dəfələrlə müraciət etmişdilər, nəticə verməmişdi. Amma əksinə, Ermənistanda nəşr ediləcək yerli ensiklopediyada qatı və ziyankar millətçiliyin meydan sulaması üçün bütün şərait yaradılmışdı.

Və 1970-ci ildə iyimi min tirajla nəşr edilmiş Azərbaycan Milli Ensiklopediyasının I cildinin xalqa çatmamasının əsas səbəbi də elə erməniçilik idi. Yıxıcı əllər Moskvadan uzanırdı, qapını onlar kilidləyirdilər.

Levon Şaumyanın Böyük Sovet Ensiklopediyasında tutduğu birinci müavin məqamı sadə bir kürsü deyildi, dövlət əhəmiyyətli vəzifə idi. Levon Şaumyan o vaxt həmin vəzifəyə təyin ediləndə, təbii ki, onun o səmtə yönəldilməsi və təyin edilməsi erməni siyasətinin nəticəsi idi. Erməni lobbisinin dirijor çubuğu ilə SSRİ-də vəziyyətə bilavasitə təsir etmək imkanı olan qüvvələr səfərbər edilmişdi və Levon Şaumyan həmin vəzifəyə gətirilmişdi. Məqsəd də müttəfiq respublikalarda nəşr ediləcək ensiklopediyalara, xüsusən Azərbaycanda buraxılacaq ensiklopediyaya bu vəzifənin verdiyi səlahiyyətlər sayəsində erməniçiliyin maraqları baxımından təsir göstərmək imkanlarından mümkün qədər yararlanmaq idi.

Bütün bunlar yalnız tarix olduğu üçün yada salınmır. Ona görə xatırlanır ki, bunların içərisində dərs var, ibrət var. Levon Şaumyan o vəzifəyə təyin ediləndə Kremldə qımıldananlar da olubmuş ki, ermənidir, burada işləyərkən hansısa milli hissiyyatları işə öz mənfi təsirini göstərə bilər. Ancaq dərhal o qımıldananların ağzından vurublarmış ki, bu yazığın heç Ermənistana dəxli yoxdur. Ermənistanın üzünü görməyib, orada doğulmayıb, orada təhsil almayıb, heç erməni dilini də bilmir. Sonrakı gedişatsa göstərdi ki, erməni elə ermənidir. Hansı şəraitdə böyüyür-böyüsün, harada tərbiyə alır-alsın, hətta erməni dilini bilib-bilməməsinin də bu məsələyə dəxli yoxdur. Onların hər birinin içərisində ifrat və xəstə millətçilik mərəzi daim farağatdır. Düymənin basılmasını gözləyir ki, hərəkətə gəlsin, fəaliyyətə başlasın. Əlbəttə ki, bütün bunlar irinli hisslərdir və mən istəməzdim ki, millətimizin övladlarında bu duyğular olsun. Ancaq dərs götürülməli, öyrənilməli önəmli bir cəhət var: millətinin maraqlarına daim sədaqətli ol, həmişə və hər yerdə Azərbaycanın mənafeyini qoru, Azərbaycanın haqlarını müdafiə et, Azərbaycanın sözünü deməyi bacar. Erməni kimi bunu kiminsə haqlarını tapdalamaq yolu ilə etmə. Amma hər yerdə, hər məqamda, hər işində, gücün çatan hər mərtəbədə sonacan azərbaycanlı ol, Azərbaycan maraqlarını həmişə hər şeydən üstün tut.

...1975-ci il sentyabrın 10-da Azərbaycan KP MK-ya Mərkəzdən Partiya Nəzarəti Komitəsi sədrinin birinci müavini Qustovun imzası ilə tələb səciyyəli qərar göndərilir: "Məsələyə baxaraq nəticələri haqda Sov.İKP MK Partiya Nəzarəti Komitəsinə məlumat verin".

Heydər Əliyev Ensiklopediya ətrafında qalmaqalları belə bir hökmedici ədalı məktub gələnə qədər toxtada bilmişdi. İndi isə "divar qurtarmışdı". Kremldən yollanmış bu hökmedici məktubdan sonra məsələni Mərkəzi Komitənin Bürosuna çıxarmaqdan savayı yol qalmırdı.

A.Sokolovun arayışı isə elə ağır ittihamlarla dolu idi və yazının tərzindən də anlaşılan bu idi ki, həmin iradlara qarşı tərəfin nə cavab verəcəyi onları az maraqlandırır, irəli sürülən ittihamların hamısını elə sırf həqiqət sayırlar.

O ittihamlara görə isə Rəsul Rza sadəcə işdən çıxarılmaqla canını qurtarmamalıydı.

Quyunu bacardıqca dərin qazmaq istəyənlərin qəsdi elə bu idi.

Rəsul Rzanı bacardıqca ağır cəzalandırmağa nail olmaqla başqalarına da dərs verməyi, Azərbaycandakı sərbəst düşüncəyə, milli təəssübkeşliyə də ağır zərbə endirməyi hədəf götürmüşdülər.

O arayış ki A.Sokolovun imzası ilə Moskvadan göndərilmişdi, surətini Rəsul Rzaya verməmişdilər, sadəcə bir neçə dəqiqə ərzində oxuyub tanış olmasına imkan yaradılmışdı. Görünür, elə bu da Mərkəzin tapşırığı imiş və onlar bu arayışa geniş, hər müddəanı inkar edəcək əsaslı cavab yazılmasında, ya da heç ümumən nə şəkildəsə cavablandırılmasında maraqlı deyilmişlər.

Tozanaq yatandan sonra Moskvaya, Siyasi Büro üzvü, Partiya Nəzarəti Komitəsinin sədri Arvid Pelşeyə məktub göndərən Rəsul Rza bu məqamı ayrıca vurğulayırdı: "Sokolov yoldaşın arayışında Azərbaycan Sovet Ensiklopediyasının işindəki bəzi faktlarla yanaşı, son dərəcə subyektiv, bu faktları birtərəfli izah edən əsassız müddəalar var.

Sokolovun arayışı ilə tanış olmaq üçün mənə çox məhdud vaxt verildiyinə görə yalnız yadımda qalan maddələri təkzib edə bilərəm".

İndiyədək işıq üzü görməmiş arayışın əsas müddəalarından isə, çox istəyirəm, üstündən xeyli vaxt keçsə də, insanlarımız agah olsun.

Bu, yalnız tarix olduğu üçün maraqlı deyil.

Bu, Azərbaycanın iki böyük övladı - Heydər Əliyevi və Rəsul Rzanı da əsl əzəməti ilə görmək üçün daha bir pəncərədir.

Rəsul Rza həyatının ən çətin sınaqlarından olan bu hücum qarşısında şax dayanır.

Və Heydər Əliyevin qətiyyəti, iradəsi, Kreml səviyyəsində sözükeçərliyi şairi daha ağır fəsadlardan xilas edir. Çünki o arayış ki o cür tərtib edilmişdi, arxasınca qətiyyən xoş olmayan tərpənişlər vəd edirdi.

Bu arayışla və həmin arayış əsasında çıxarılacaq qərarla həmin məkrin quduz təşkilatçıları yalnız Rəsul Rzaya deyil, bütövlükdə Azərbaycan ziyalılığına ağır zərbə endirməyi düşünürmüşlər. Azərbaycan rəhbərliyində Heydər Əliyev deyil, daha zəif iradəli bir adam olsaydı, bədxah niyyətlərinə yetişə də bilərdilər.

"Məxfi" qrifli o sənəd elə ilk cümləsindən baltanı kökündən vuran və Ensiklopediyadakı nöqsanların elm, araşdırmaçılıq çərçivəsindən çıxaraq maliyyə cinayətləri həddinə yetişdiyindən dəm vuran qeyzli ittihamlarla başlayırdı: "Sov.İKP MK PNK-ya daxil olan məktubda xəbər verilir ki, 1965-ci ildən, Azərbaycan Sovet Ensiklopediyası yarandığı vaxtdan bəri 5 milyon manata qədər dövlət vəsaiti sərf edilsə də, baş redaktor, respublikanın Xalq şairi Rəsul İbrahim oğlu Rzayevin günahı ucbatından bircə cild də buraxılmamışdır".

Arayış boyu istiqaməti məhz maliyyə pozuntuları səmtə istiqamətləndirərək məsələni kriminallaşdırmaq cəhdi açıqca duyulur: "ASE Baş Redaksiyasının yaranmasından təqribən 10 il ötsə də, indiyədək ensiklopediyanın bir cildi də buraxılmamışdır. Halbuki yalnız redaksiyanı saxlamaq, nəşriyyat və poliqrafiya məsrəfləri 3 milyon 230 min manat təşkil etmişdir ki, bu da bütün 10 cildin buraxılması üçün irəlicədən müəyyənləşdirilmiş məbləğdən 530 min manat çoxdur. Bundan əlavə, redaksiyanın yeni binasının inşası üçün 673 min manat sərf edilmişdir.

Hazırlanaraq 1970-ci ildə 20 min tirajla çap edilmiş birinci cild zay hesab edilmişdir".

Bir tərəfdən yazır ki, heç bir iş görülməyib, o biri yandan da etiraf edir ki, hələ 1970-ci ildə 20 min sayda birinci cild buraxılıb.

Həmin cildin zay hesab edilməsinə gəlincə isə, bu da rişəsini Moskvadan, erməniçilikdən alan fitnə idi.

Ensiklopediya kimi mühüm siyasi və elmi əhəmiyyətli bir nəşr belə iri həcmdə və miqdarda çapa məsləhət görülmüşdüsə, demək, bu, yalnız daxili bir qərar əsasında gerçəkləşməmişdi. Tərkibinə respublikanın ən sanballı alimlərinin daxil olduğu redaksiya heyətinin və nəşrə icazə verən xüsusi komissiyanın qərarı bu yerdə həlledici olmuşdu. Onların rəyi qalır: "Cildin əsasları siyasi və elmi cəhətdən düzgündür.

...Komissiya üzvlərinin və başqa mütəxəssislərin rəyi əsasında komissiya belə heab edir ki, cildin çıxmasına heç bir maneə yoxdur".

Həmin komissiyanın üzvlərini isə bütün Azərbaycan tanıyır: Elmlər Akademiyasının ovaxtkı prezidenti Həsən Abdullayev, akademiyanın vitse-prezidenti Məmməd Arif Dadaşzadə, akademiklər Əlisöhbət Sumbatzadə, Əbdülkərim Əlizadə, Məmmədağa Şirəliyev, müxbir üzvlər Əliheydər Orucov,  Zelik Yampolski, filologiya elmləri doktoru Cahangir Qəhrəmanov, Ensiklopediyanın "Azərbaycan tarixi" redaksiyasının müdiri Yaqub Mahmudov.

Ensiklopediyanın bütün tirajının kitablaşdırılaraq satışa buraxılması, xalqa çatması üçün zahirən 1971-ci il fevralın 8-də imzalanmış bu rəydən mötəbər və daşdan keçən xeyir-dua olmazdı.

Anardan həmin yekun rəyin hamı tərəfindən imzalandığı nüsxəsini əlində tutduğu gündəki Rəsul Rzanı soruşuram, "Xoşbəxt idi", - deyir.

O arayışa da, o nigaran günlərə və təşvişli saatlara da qayıdacağam.

Hələliksə dönürəm daha səksəkəsiz, daha qayğısız, daha ümidli günlərə...

...Hər millətin tarixində və taleyində xoşbəxt ulduz saatları olur. Hansısa xalqa bu, min ildə bir dəfə nəsib olur, hansısa xalqın bəxtində belə ulduz saatlarının bir neçə əsrdən bir təkrarlanması var. Azərbaycana bütün tarixi boyu təqribən hər əsrdə belə məsud ulduz saatlarını yaşamaq nəsib olub. XX əsr bu baxımdan xüsusən seçilir. Azərbaycanın tarixi alın yazısında XX yüzildə ulduz saatlarını bir neçə on ildən bir təkrar-təkrar yaşamaq bəxtiyarlığı da varmış. Həm də bu ulduz saatları ulduz yağışları ilə müşayiət edilib. 1950-1960-cı illər Azərbaycanının elm, mədəniyyət, incəsənət, ədəbiyyat mənzərəsini göz önünə gətirəndə bu ulduz yağışının əyani şahidi oluruq. Bu yüzil içərisində Azərbaycanın o qədər parlaq, o qədər zirvə şəxsiyyətləri yaşayıb-yaradıb ki, onlardan hətta biri millətin bütöv bir əsrini doldurmaq ucalığındadır. Əslində 1950-60-cı illər yalnız Azərbaycanda deyil, oçağkı Sovet İttifaqının digər respublikalarında, elə əslində bütün dünyada da diqqətəlayiq yüksəlişlərlə müşayiət olunan bir tarix parçasıdır. İkinci Dünya müharibəsinin bitməsindən artıq xeyli vaxt keçmişdi, ölkələr, xalqlar dirçəlirdilər, yeni fərəhlər, təzə ruh yüksəkliyi ilə sabaha doğru irəliləyirdilər. Və səbəbsiz deyil ki, o çağlar yalnız Azərbaycanda deyil, Sovetlər Birliyinə daxil digər respublikalarda da özünütəsdiqin, özünüifadənin ən bariz görüntüsü olan milli ensiklopediyalar yaranmağa başlamışdı. Böyük Rəsul Rzanın rəhbərlik elədiyi Azərbaycan Ensiklopediyası bu baxımdan bir örnək idi. Köhnə ensiklopediyaçılar mənə 1980-90-cı illərdə Rəsul Rzalı çağların xatirələrini söyləyiblər. Danışırdılar ki, həmən dövrdə Belorusiyada (indi Belorus), Moldaviyada (indi Moldova), Qazaxıstanda, Qırğızıstanda, Türkmənistanda da ensiklopediyalar hazırlanırdı və oradan tez-tez bizə zəng vururdular, məktub göndərirdilər, ara-sıra təcrübə mübadiləsinə də gəlirdilər.

Rəsul Rza Azərbaycan Ensiklopediyasına rəhbərlik elədiyi 1960-cı illərdə bir şair olaraq artıq Azərbaycan ədəbiyyatında məktəb idi, onun işığına toplaşan, onun poeziyada açdığı yolu tutub gedən xeyli cavanlar vardı. Amma Ensiklopediya çərçivəsində də Rəsul Rza bir məktəb yaratmağa müvəffəq olmuşdu. Bunu da mənə müxtəlif vaxtlardakı söhbətlərimizdə işin içində olanlar - Rəsul Rza dövründə Ensiklopediyada çalışmış Validə İmaməliyeva, Nəriman Həsənəliyev, Gülbəniz Qocayeva, Elmira Məmmədova və digərləri həmişə fəxrlə danışıblar.

Elə bir məktəb ki, onun bəhrəsini Azərbaycan sonrakı çox onillərdə gördü.

Və 1965-ci ildə, əslində heç 1965-ci ildə də yox (çünki Ensiklopediyanın yaradılması haqqında qərar altmış beşinci ilin dekabr ayında verilmişdi), 1966-cı ildən əməli fəaliyyətə başlamışdılar.

Əvvəlcə Elmlər Akademiyası Rəyasət Heyətinin binasında yerləşmişdilər. Sonra onlara keçmiş Çkalov - indiki Niyazi küçəsində (Filarmoniyanın bir qanadı bu küçədə olduğundan əksəriyyət elə düşünür ki, küçə görkəmli dirijorumuzun şərəfinə bu cür adlanıb.  Amma təəssüf ki, belə deyil. Küçə özbək şairi, dramaturqu  və ictimai xadimi Həmzə Həkimzadə Niyazi adınadır. Lakin Həmzə Niyazinin (1889-1929) adını şəhərin başqa yerindəki ayrı bir küçəyə də vermək mümkündür. Bu küçə isə sən deyən uzun olmasa da, Maestroya yaraşan məkandadır. Uyğunsuzluq gərək rəsmən aradan qalxa və küçənin adı sonacan dəqiqləşdirilə: "Dirijor Niyazi", ya "Maestro Niyazi" küçəsi!) ayrıca bina verilmişdi və ancaq 1965-ci ilin dekabrından, artıq Ensiklopediyanın yaranması haqqında qərar çıxandan iş artıq Rəsul Rzanın beynində, içərisində başlamışdı. O, ensiklopediyanın gələcəyini, necə olacağını, onun milli çöhrəsini artıq görürdü. Və 4-5 ilin içərisində birinci cild də hazır oldu, 1970-ci ildə iyirmi min tirajla nəşr edildi. Amma yayılmasına imkan vermədilər (O çağlar qayda belə idi ki, nəşrə "Hə" veriləndən sonra bütün tiraj çap olunurdu, tam tirajdan əvvəlcə 100 nüsxə cildlənib hazırlanır, rəsmi ünvanlara göndərilirdi, nəşrin yayılmasına mane olacaq bir səbəb yoxsa, tam tirajın qalan hissəsinin vərəqləri də səhifələnir, tikilir, cildlənir, kitab həyata vəsiqə alırdı.

Moskvadan, Böyük Sovet Ensiklopediyasından, birbaşa Levon Şaumyandan gələn qərəzli etirazlara baxmayaraq, ensiklopediyaçılarımız birinci cildə milli çöhrəmizin dürüst göstərilməsinə xidmət edən xeyli vacib məqamları daxil etmişdilər.

Amma sonrakı gedişat göstərdi ki, hələ hazırlanmış məqalələri o biçimdə cildə daxil edərək nəşri də başa çatdırmaq kitabın ayaq açması üçün yetərli deyilmiş. Düşmən güclü, əlləri çox uzaqlara və dərinlərə işləyən idi.

...Rəsul Rza bəlkə də o gün həyatının ən məsud gününü yaşayırmış. Anardan bunu da soruşmuşam ki, Rəsul Rza ilk nüsxəni evə gətirəndə ovqatı necəydi?

"Çox sevinirdi", - dedi.

Məgər çox, ya həddən artıq sevinmək deyimləri illərcə yolunu həsrətlə gözlədiyi balasının, nəhayət ki, bütün maneələri adlayaraq dünyaya gəldiyini görən valideynin yaşadığı köksəsığmaz hissləri dolğunluğu ilə ifadə edə bilərmi və ümumən həmin andakı yaşantıları bütövlüyü ilə çatdıra biləcək bir söz varmı ki!

Ancaq günləri həftələr, həftələri aylar, ayları illər əvəz edir və nəşrin yayılmasına imkan verilmir. Səbəb də o idi ki, Moskvadan ciddi basqılar vardı.

Rəsul Rza ömrü boyu Azərbaycan maraqlarını hər şeydən uca tutdu. Ömrü boyu! Və ona görə də bu cür bir Ensiklopediyanı yadigar qoyub getdi. 1970-ci ildə yaranmış həmin Ensiklopediyanın indi tək-tək nüsxələri qalır. Kitabxanalarda yox, ayrı-ayrı insanların evlərində. Kitabxanalarda Rəsul Rzadan sonra Cəmil Quliyevin rəhbərliyi ilə buraxılmış ensiklopediyanın cildləri qalır. O cildlər çoxdan köhnəlib. Çünki onların hamısının üstündə sovet dövrünün qıpqırmızı möhürü var. Ona görə də müstəqillik dövründə Azərbaycan Milli Ensiklopediyasını təzədən, artıq yeni milli baxışla nəşrə hazırladılar. Ancaq Rəsul Rzanın yaşıl cildli Ensiklopediyası da sovet dövründə çıxmışdı. Demək, insan içəridən azaddırsa, öz millətinə, yurduna sonacan bütün varlığı ilə bağlıdırsa, hətta dövrün məngənələri də onu sıxıb taqətdən salmaqda aciz olur. Sözünü deyir, tarixdə qalacaq işini görür.

Rəsul Rzagilə tənə vururdular ki, bu qədər müddət işlədilər, on il ərzində ortaya bir məhsul qoya bilmədilər. Ancaq Rəsul Rza kənarlaşdırılandan sonra bir-birinin ardınca qısa müddətdə dalbadal cildlər çıxır. Köhnə ensiklopediyaçılar bunu mənə söyləyirdilər, yalnız mənə də söyləməyiblər, mətbuat səhifələrində, kitablarda ayrı-ayrı xatirələrini dərc etdiriblər. Təsdiqləyiblər ki, Rəsul Rza dövründə artıq Ensiklopediyanın 6 cildi bütün mərhələləri keçərək çap üçün hazır imiş.

1975-ci ildə Rəsul Rza Ensiklopediyadan kənarlaşdırılandan, komanda dağılandan sonra yeni hazıra nazir komanda həmin işlənib bitirilmiş materialı özünün döşünə yatan şəkildə redaktə edərək, dəyişərək, ixtisarlara salaraq, təhrif edərək ortaya qoydu, öz halal məhsulu kimi təqdim etdi (Vur-tut 2 ay qabaq Ensiklopediyaya baş redaktor təyin edilmiş Cəmil Quliyev 1975-ci il dekabrın 24-də Mərkəzi Komitəyə ünvanladığı məktubda indiyədək görülmüş işlərin üstündən xətt çəksə də, bu cür mənfi qiymətləndirdiyi materiallardan gen-bol istifadə etməklə bir neçə ay sonra birinci cildi çapa imzalayacaq: "Bu və ya digər məqalənin elmi-nəzəri baxımdan aşağı səviyyəli olması, ASE-də buraxılmış ciddi siyasi səhvlər hələ dərdin yarısıdır. Əsas bəla odur ki, ASE-də 10 il boyunca ensiklopediya qanunları və prinsipləri pozulmuşdur. Digər tərəfdən, bizim fikrimizcə, ümumrespublika səviyyəli ideya-siyasi hadisə olaraq ensiklopediyanın rolu və əhəmiyyəti düzgün dərk edilməmişdir. Ensiklopediyanın respublikanın ictimai-siyasi və iqtisadi həyatındakı yeri o qədər də dəqiq müəyyənləşdirilməmişdir. Faktiki olaraq ensiklopediya bir adamın ixtiyarında olmuşdur".

Yazılara isə qiyməti belədir: "Ensiklopediya qanunları və prinsiplərinə uyğun olaraq onları əsaslı, dərin və hərtərəfli şəkildə yenidən işləmədən çapa məsləhət görmək olmaz. Əldə olan materialları lazımi səviyyəyə çatdırmaq üçün böyük və ağır zəhmət tələb edən iş görülməlidir".

Az qala yararsız hesab etdiyi mətnləri qayçılayıb, budayıb öz istədikləri şəklə salan, ayaq tutmasına Rəsul Rzagilin minbir müsibətlə nail olduqları bir çox mühüm məqalələrdən imtina edən və tezliklə artıq öz məhsulları kimi ensiklopediyanı nəşr edən yeni baş redaktor və komandasının əksər üzvləri yaşadılar, dəyişən zəmanənin də sakini oldular və hər halda çox da böyük vaxt keçməyəndən sonra həqiqətin necə öz yerini tapmasına şahid kəsildilər. Fürsətcillərin "bəsit", "dayaz", "ensiklopediya qayda-qanunlarına uyğun olmayan" ləkəsi vurduqları mətnlər yenidən həyata qayıtdı, onların budayıb öz dar təsəvvürləri ölçülərinə uyğunlaşdırdıqlarını isə müstəqillik dövrünün ilk saf küləkləri gərəksizləşdirdi, sovurub dünənə çökdürdü.

Rəsul Rza komandasının nəşr edilmiş, ancaq ayaq tutmasına macal verilməmiş tək cildi ortadadır. Bir damla bir dəryanın necəliyini nişan verdiyi kimi, böyük Rəsul Rzanın rəhbərliyi ilə hazırlanmış və işıq üzü görmüş Ensiklopediyanın birinci cildi də onu göstərir ki, digər cildlər də bu siqlətdə nəşr edilmiş olsaydı, millətimiz necə böyük bir sərvəti qazanacaqdı.

...Rəsul Rzanın baş redaktoru olduğu Ensiklopediyanın sərgüzəştli taleyinə həsr etdiyim televiziya verilişində qonağım olan yazıçı Anar ideologiya üzrə Cəfər Cəfərovdan sonra Mərkəzi Komitə katibi olan yeni şəxsin yolunun lap əvvəlindən "Qobustan"a və Ensiklopediyaya qənim kəsildiyini, ancaq onun və digərlərinin bütün həmlələrinə rəğmən, Heydər Əliyevin "Qobustan"ı qoruya bildiyini, əslində, xilas etdiyini deyir, əlavə edirdi ki, Ensiklopediyada isə təzyiqin birbaşa Moskvadan gəlməsi səbəbindən, həm də bu hücumların çox güclü və əhatəli olmasına görə eyni dəstəyi göstərmək, sonacan müdafiə etmək çətinləşdi.

Anar həmin Mərkəzi Komitə katibinin adını çəkmir, amma onun Danil Quliyev olduğu hər kəsə onsuz da aydındır.

(Ona Danil adını atası Usta Piri həlak olmuş bir erməni dostunun xatirəsini öz evinin içərisində yaşatmaqçün vermişdi. Elə Danil Piriyeviçin özündə də erməni sevgisi sonra həmişə ilk müşahidədən sezildi - ailəsindən tutmuş yazılarınacan).

Heydər Əliyev onu ideologiya üzrə katib vəzifəsinə o vaxt təsadüfən gətirməmişdi. Əvvəlcə İmam Mustafayev və Mirzə İbrahimovun Azərbaycan dilini dövlət dili elan etmək səyləri, ardınca Şıxəli Qurbanovun Novruz təşəbbüsləri Kremldə belə bir rəy şəkilləndirmişdi ki, oralarda millətçilik artmaqdadır və Mərkəzdə yaranan bu qənaətin respublikaya ciddi zərbələri dəyə bilərdi. Məqsəd ondan ibarət idi ki, müəyyən bir müddət üçün - ermənilərin də əl altından qızışdırıcılığı ilə yaradılmış düşüncəni söndürənədək nisbətən neytral, hec vəchlə milli təəssübkeş təəssüratı oyatmayacaq birisi bu vəzifəni tutsun. Bir neçə il sonra Danil Quliyev də daha bir oxşar, hər halda nisbətən mühafizəkarlığı az olan digəri ilə əvəzləndi.

Hər addımında tədbirli, lazım olan anadək səbir etməyi bacaran Heydər Əliyev o müvəqqəti fasilənin hesabına Mərkəzlə münasibətləri tənzimləyəndən sonra, nəhayət ki, ideologiya üzrə Mərkəzi Komitənin katibi vəzifəsinə əslində irəlicədən sənaye, ya tikinti üzrə həmin vəzifəni tutması planlaşdırılan Həsən Həsənovu gətirdi. Bu qəfil gediş ilk baxışdan çoxlarına gözlənilməz gəlsə də, lap az keçmiş Heydər Əliyev-Həsən Həsənov tandeminin milli oyanış və yüksəlişə ölçüyəsığmaz töhfələr sayılası bir-birindən cəlbedici işlərinin şahidi olaraq heyran qaldılar.

Həsən Həsənov ideologiya üzrə katib işləyəndə Danil Quliyev Partiya Tarixi İnstitutunun direktoru idi. Həsən müəllim danışır ki, bir gün Danil mənə müraciət etdi ki, Azərbaycan Kommunist Partiyasının tarixini yazmışam, istəyirəm kitab Heydər Əliyevin müqəddiməsi ilə nəşr edilsin, sən də redaktor olasan. Rica etdi ki, bu arzusunu Heydər Əliyevə çatdırım. Heydər Əliyevə bunu söyləyəndə dərhal qayıtdı ki, mən nəyə görə o kitaba müqəddimə yazmalıyam, öz institutlarında məsələni həll etsinlər. Həsən Həsənov bunu da nağıl edir ki, bir dəfə Partiya Tarixi İnstitutuna getmişdim, masanın üstündə qovluq vardı, Danil hansısa iş üçün otaqdan çıxmışdı, mən də qovluğun üstündə "Azərbaycan Kommunist Partiyasının tarixi" yazıldığını görüncə götürüb vərəqləməyə başladım. Kitabın axırındakı adlar göstəricisinə baxandasa onu gördüm ki, adların-soyadların əksəri ermənilərdir, tək-tük azərbaycanlı var.

Danil Quliyev kabinetə qayıdanda soruşdum ki, mənə dediyin kitab budur? Təsdiq etdi. Qayıtdım ki, axı sənin burada yazmağından belə çıxır ki, Azərbaycanda Kommunist Partiyasını yaradan, irəlilədən əsas liderlər ermənilər olub. Dedi ki, bəli, elədir. Ona görə mənim bu əlyazmamı Moskvada çox bəyəndilər ki, əsl beynəlmiləlçi əsərdir. Amma ermənilərlə gürcülərin yazdığı kitabları bəyənmədilər ki, onlarda çox millətçilik var.

Şərhə nə ehtiyac!

Həmin bu Danil Quliyev 1975-ci il oktyabrın 27-də Ensiklopediyada təzə baş redaktorun kollektivə təqdim edildiyi, Rəsul Rzanın da qatıldığı, amma şairin bir kəlmə də danışmadığı son iclası da idarə etmişdi və o iclasın da acı xatirələri qalır.

Ensiklopediyada həmin günədək edilənləri heçə endirərək insafsızca tənqidə məruz qoyur və rusca Büronun qərarını oxuyandan sonra keçilmiş yola, görülmüş bütün işlərə bu qansız sözlərlə yekun vurur: "Beləliklə, gəlib belə bir şərəfsiz sonluğa yetişdik".

1975-ci ildən, bu sözlərin söyləndiyi vaxtdan yarım əsrə yaxın vaxt keçir.

Tarixin yanılmayan tərəzisi hər kəsin şərəf çəkisini dürüst müəyyənləşdirib.

Tarix Rəsul Rzanın Rəsul Rza yerini, Danil Quliyevin də ona layiq yerini (bəlkə daha düzü, yersizliyini) dəqiq işarələyib.

...O narahat günlərin zərrə-zərrə xatirələrin qovuşuğundan yaranaraq gözlərim önündə bütün əyaniliyi ilə sıralanan anlarını düşünəndə müdrik Heydər Əliyevə qəlbimdən növbəti dəfə minnətdarlıq duyğuları keçir.

Rəsul Rza kimi sözü nakəsi qılınc kimi kəsməyə qadir olan bir uca şəxsiyyət Ensiklopediyadan ayrılarkən həmin vida iclasında deyilənlər müqabilində kəlmə kəsmədisə, baş verənləri soyuqqanlılıqla qarşıladısa, səbəb Heydər Əliyevlə 4 gün öncəki 2 saatdan artıq çəkən söhbət idi.

O gün, 1975-ci ilin 23 oktyabrında, sabahkı Mərkəzi Komitə Bürosundan əvvəl iki saatdan artıq müddətdə onlar nələrdən danışmışdılar?

Ya nələrdən danışmamışdılar!

Ogünkü söhbət sözbəsöz kağıza köçürülü halda adamın qarşısında ola. İki misilsizin tarixlə daşan həmin mükaliməsi qədər təsirli bir hekayət, bir roman olarmı heç?!

...Rəsul Rza evə gəlib və o görüş, o söhbət barədə heç bir təfərrüatı bölüşməyib. Nə o gün, nə sonralar. Anara bircə bunu deyib ki, xahiş etdim Büro iclasına gəlməməyimə icazə versin. Heydər Əliyev də deyib ki, bizdə adətən belə olmur, ancaq eybi yoxdur, siz gəlməyin.

O gün, həmin söhbətdən sonra, zənnimcə, hər ikisi ağır yükdən qurtulmuşdu. Heydər Əliyev anlada bilmişdi ki, bu gün üçün bu vəziyyətdən ən az itki ilə belə çıxa bilirik.

Rəsul Rzaya da uzandıqca əsəbləri daha çox tarıma çəkən şiddətli gərginliyin, nəhayət ki, sona çatması bir təskinlik gətirmiş, namüəyyənliyin bitməsi rahatsızlığını alıb aparmışdı.

Amma bir gün ötüncə 2 saatdan artıq çəkən həmin söhbətin davamı sayılası və riqqət oyadan bir zəng də olacaq ki, Heydər Əliyevin hansı ürəyin sahibi olduğunu Rəsul Rzaya bir daha pıçıldayacaq...

Akademik Rafael Hüseynov

“525-ci qəzet”

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook