RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Dərinlərin birgəliyi Apr 25, 2023 | 15:42 / Mətbuatda çıxışlar

O, bəsit olanı, dayazı, bayağını sevmirdi. Onda istedadlı, ağıllı, işıq daşıyan adamlara xüsusi rəğbət vardı. Bu keyfiyyət həmişə onunla idi - Dövlət Təhlükəsizlik Komitəsində çalışanda da, Sovet Azərbaycanına rəhbərlik edəndə də, müstəqil dövlətimizi idarə edəndə də. Səbəbsiz deyil! Çünki özü də belə idi - hər cür bəsitlikdən uzaq, daxilən zəngin,  istedadla dolu, parlaq!

Və sanki bu qəbil insanları da qəlbən və ruhən özünə yaxın tuturdu, onlara yol açmağa, dəstək olmağa, vurulduqları halda qorumağa, irəliləyişlərinə təkan verməyə daim içəridən səfərbər olurdu.

Heydər Əliyev bu ailəni - Rəsul Rzanı da, Nigar Rəfibəylini də, Anarı da yaxşı tanıyırdı. Həm də sıradan olan insanların hamısından qat-qat yaxşı!

Bunu o mənada yazıram ki, məsafəcə Rəsul Rzaya, Nigar Rəfibəyliyə, Anara zahirən daha yaxın dayanan, onlarla tez-tez görüşən, təmas quranlardan fərqli olaraq, Heydər Əliyev bu şəxsiyyətlər barədə həmişə daha çox məlumata malik olmuşdu, onlarla əlaqədar başqalarına heç vəchlə bəlli ola bilməyəcək həqiqətləri də bilmişdi, hətta bu insanların özlərinin ağıllarına gələcək və gələ bilməyəcək bədxahlarını, quyuqazanlarını da tanımışdı, onların bunlar barədə nə düşündüklərindən xəbərdar olmuşdu.

Və onlara həmişə sayğılı və qayğıkeş münasibət göstərmişdi, onları çox zaman heç özlərinin xəbəri olmadan qorumuşdu.

1971-ci ildə Anar cavan bir yazıçı idi və artıq o vaxt onun haqqında yazılmış açıq və gizli "donos"ların həcmi öz bədii yazılarının səhifələrindən bir neçə dəfə çox idi. Və ömrü boyu Anara xüsusi diqqətini heç vədə əsirgəməmiş Heydər Əliyev onun  Azərbaycan üçün kimliyini, hansı dəyər daşıdığını artıq o zamanlar gözəl dərk etdiyindən və həm DTK-çı, həm də Azərbaycan Kommunist Partiyasına yenicə rəhbərlik etməyə başlayan şəxs kimi bu istedadlı qələm və fikir adamına hansı birbaşa və örtülü həmlələrin varlığından agah olduğundan nəcib qoruyuculuğunu açıq şəkildə o çağlardan başlamışdı. Anarın özü də Heydər Əliyevin 1971-ci ilin 29 oktyabrında keçirilən Mərkəzi Komitə plenumuna yekun vurarkən onun haqqında dediyi, mətbuat səhifələrinə çıxmamış, "məxfi" qrifli qovluqlarda qalan, ona qarşı köklənmişlərə də bir ismarış olan bu sözləri ilk dəfə buradan oxuyacaq.

O vaxtlar idi ki, Rəsul Rzaya qarşı da, Anar əleyhinə də kampaniyalar gedirdi, bura və ora - Bakıya və Moskvaya - yazıla biləcək ünvanların hamısına rəzil məktublar göndərilirdi. Və Heydər Əliyev MK plenumunda Anara qiymət verirdi, qiymətini verə-verə həm də ona sipər çəkirdi: "Burada "Qobustan" almanaxından söhbət getdi. Almanaxın redaktoru Anar Rzayev yoldaş istedadlı yazıçıdır, istedadlı insandır. Bəlkə siz onun sentyabrın 1-də "Pravda"da çıxan, məktəblərdə yeni dərs ilinin başlanmasına həsr edilmiş hekayəsini oxumusunuz. Təkcə həmin əsər göstərir ki, bu insan nə qədər böyük istedad sahibidir. Çox da iri olmayan bir hekayədə o, yüksək ideyalı, siyasi məsələlər qaldırır, hekayədə o qədər yaxşı, sağlam fikirlər əks olunub ki, bu əsər məni heyran etdi. Deməli, bu yoldaş qabiliyyətlidir, daha artıq - istedadlıdır, bizim partiyanın siyasətini düzgün başa düşür, ancaq o, haradasa yanılır, haradasa səhvlər buraxır. Həm də bəlkə heç o, özü səhv etdiyini, yanıldığını bilmir. Bax bu yerdə cavan istedadlara qayğıkeş münasibət lazımdır, həm də belə münasibət ilk növbədə özünü iti, prinsipial, amma dostcasına edilən tənqiddə göstərməlidir" (Azərbaycan Dövlət Siyasi Sənədlər Arxivində yalnız plenumların, büro iclaslarının deyil, bu toplantılar öncəsi yığılan hazırlıq materialları da ayrıca qovluqlarda qorunur. Təbii, həmin yığıncaqlar öncəsi şifahi təqdimatlar da olurdu. Heç bir sözü məqsədsiz deməyən Heydər Əliyev bilirdi ki, indi söylədikləri mətbuata sızan deyil və qəbul edilmiş qaydalara görə, iştirakçılar burada danışılanları qırağa çıxarmamalıdırlar. Həmin toplantıda Heydər Əliyev Rəsul Rzadan da, Ensiklopediyadan da danışır, qiymətini verir, nöqsan saydığı məqamları söyləyir. Deməli, Anar barədə, Rəsul Rza haqqında dediklərini elə bu iclasdakı kimlərəsə eşitdirməkçün söyləyirmiş).

1971-ci ilin oktyabrı idi, hələ 1975-ci ilin oktyabrı çox uzaqda idi...

...Rəsul Rza da, Heydər Əliyev də onillərdir ki, daim fikrimdə, qəlbimdə olan, məhəbbət bəslədiyim insanlardır, haçandır ki, onlar haqqında yalnız tez-tez düşünmürəm, həm də dəmi gəldikcə yazıram və hər ikisi mənim yetərincə duyduğum və tanıdığım qəhrəmanlarımdır. Onları indi bir də xəyalımdan keçirirkən bunu da düşünürəm ki, ayrı bir zaman kəsiyi, ayrı bir şərait olsaydı, tutalım, Heydər Əliyevin artıq imkanlarının, sovet rejimi içərisində ötkəmliyinin heç olmazsa 1980-ci illərin əvvəllərindəki çağları olsaydı, əsl milli ensiklopediya yaratmaqçün onların ikisinin birgəliyi ideal bəhrələr verərdi. Çünki cövhərlərində olan qəlibəsığmazlıq, yenilikçilik, qətiyyət, hər işdə quruculuğa maillik və bir də iliyədək işləyən vətənsevərlik onları bir-birinə çox yaxın edən, hətta xeyli dərəcədə eyniləşdirən keyfiyyətlər idi.

Ensiklopediyanın yeni binası üçün məkan seçimində belə Rəsul Rza məhz ÖZÜ idi.

İçərişəhər həmişə azərbaycanlıların nəzərində, xüsusən də sovet dönəmində bir rəmz, milli özünüifadənin göz önündəki göstərgəsi olub. Elə çar hökuməti də, sovetlər də bizim o yerə o cür baxdığımıza şübhə etməyiblər. Ona görə də Qoşa Qala qapısından keçincə, İçərişəhərin lap girəcəyində hərbi hissənin yerləşdirilməsi qətiyyən təsadüfi deyildi. Və Rəsul Rza da, əlbəttə ki, qətiyyən təsadüfi olmayaraq Milli Ensiklopediyanın binasının da elə o həndəvərdə olması uğrunda mübarizə aparmışdı. O illərin şahidi, Rəsul Rza çağlarının ensiklopediyaçılarından olan akademik Yaqub Mahmudov xatırlayır ki, seçdiyi bu yerin rəsmiləşdirilməsi üçün Bakı Şəhər Sovetinə müraciət edib sədr müavini Bunyatyanın (!) "İçərişəhərdə Ensiklopediya binası tikmək olmaz" etirazı ilə qarşılaşanda hamının yanında onun üstünə çımxırmışdı: "İçərişəhər sənin xalqına yox, mənim xalqıma məxsusdur. Ensiklopediya da mənim xalqımındır. Ensiklopediya binası İçərişəhərdə tikiləcək!"

Qapını çırpıb çıxmışdı və daha yuxarılardan razılıq alaraq yeni Ensiklopediya binasının, qarşısındakı Həsən bəy Zərdabi abidəsi ilə birlikdə öz istəyinə uyğun tikilməsinin təsdiqinə nail olmuşdu. Nə acı ki, bizim günlərdə artıq restoranlaşmağa başlamış, Rəsul Rzalarınsa milli dəyər və müqəddəs məskən kimi baxdığı həmin Ensiklopediya binasında bircə gün də işləmək şairə nəsib olmadı...

...1975-ci ilin oktyabr günlərində iki böyük tədbir nəzərdə tutulubmuş. Biri Moskvada, digəri Yerevanda keçiriləcəkdi. 1941-45-ci illər müharibəsinin sona çatmasının 30 illiyinə həsr edilmiş və Moskvada baş tutacaq tədbirdə müharibə mövzusunda yazmış veteran şair və yazıçılar iştirak edəcəkdi. Azərbaycandan ora Xalq şairi Rəsul Rza gedəsiydi. Amma paralel olaraq həmin oktyabr günlərində Yerevanda təşkil ediləcək, heç də Moskvadakından az əhəmiyyətli olmayan, yəqin ki, bizimçün daha həssas bir tədbir də vardı. Yerevanda bir neçə gün ərzində davam edəcək tədbirin mövzusu Zaqafqaziya respublikalarında nəşr ediləcək ensiklopediyalarda müştərək ziddiyyətli tarixi məsələlərin müzakirəsi idi. Hər ehtimala qarşı Rəsul Rzaya iki bilet almaq tövsiyə edilibmiş - biri Moskvaya, biri Yerevana. Ancaq son anda respublika rəhbərliyindən xəbər gəlir ki, Moskvaya yox, Yerevana getsin.

Rəsul Rza rəhbərlik elədiyi nümayəndə heyəti ilə 1975-ci il oktyabrın 20-də yetişir Yerevana. Ensiklopediya işçilərindən başqa, bu dəstədə alimlər də vardı: Qafqaz Albaniyası tarixi üzrə mütəxəssis Fəridə Məmmədova, orta əsrlər tariximizin mükəmməl biliciləri Rauf Hüseynov, Oqtay Əfəndiyev.

Bir halda ki yığıncağın mövzusu Azərbaycan, Gürcüstan, Ermənistan ensiklopediyalarında əksini tapan tarixi məsələlər, ortaya çıxan ziddiyyətli məqamlar idi, təbii ki, orada püxtə mütəxəssislərin olmasına ehtiyac vardı. Və sonrakı günlərin gedişində qızğın mübahisələr də, höcətləşmələr də olacaq, həmin fikir mübadilələrində bizim alimlər də çox məntiqli, dəlil-sübutlu çıxışlar edəcəklər, tarixi sənədlər əsasında danılmaz həqiqətləri ortaya qoyacaqlar. Ancaq həmin müzakirələr gedəndə artıq Rəsul Rza Yerevanda olmayacaq. Onu təcili Bakıya çağırmışdılar.

1975-ci il oktyabr ayının 22-də Yerevan toplantılarının üçüncü günü idi və həmin gün iclası idarə etmək növbəsi Azərbaycan Ensiklopediyasının Baş redaktorununku idi. Rəsul Rza qalxıbmış kürsüyə, məruzə edirmiş. Və bu arada Ermənistanın mətbuat və informasiya naziri ehmalca yaxınlaşır Ermənistan Ensiklopediyasının rəhbərinə, qulağına nəsə deyib gedir. Ermənistan Ensiklopediyasının rəhbəri isə Ermənistan Elmlər Akademiyasının prezidenti akademik Viktor Ambarsumyan idi. Bir neçə dəqiqədən sonra həmin adam təzədən gəlir, yenə akademikin qulağına nəsə pıçıldayır və bu dəfə Viktor Ambarsumyan Rəsul Rzanı çağırır. Rəsul Rza məruzəsini yarımçıq qoyub keçir onun hökumət telefonu olan otağına. Sən demə, Bakıdan, Mərkəzi Komitədən zəng ediblərmiş. Rəsul Rzanı təcili Bakıya çağırırmışlar.

Və elə həmin dəqiqə Rəsul Rza oradakı məruzəsini də, yığıncağı da yarımçıq qoyaraq yollanır mehmanxanaya, bir neçə saat sonra da təyyarə ilə Bakıya qayıdır.

1975-ci il oktyabr ayının 23-də Mərkəzi Komitədə onu Heydər Əliyev qəbul edir. Sabah Büro iclası olacaqdı, orada Ensiklopediyanın da məsələsi vardı.

Həmin 2 saatdan artıq sürəcək söhbəti edirlər.

Təbii ki, Heydər Əliyev Partiya Nəzarəti Komitəsinin hazırladığı Moskvadan göndərilmiş rəyi də göstərir və söz yox ki, Rəsul Rza da Ensiklopediyanın ətrafında cərəyan edən və bir ucu Moskvadan gələn dalğalar haqqında Heydər Əliyevə müfəssəl məlumat verir.

Həmin söhbətin bəzi məqamlarına ertəsi gün keçirilən Büro iclasında Heydər Əliyev özü toxunur. "Dünənki söhbətimizdə Rəsul Rza buraxılan səhvlərin nədən irəli gəldiyini izah edərkən söylədi ki, o, hər şeyi bilə bilməz və alimlərin nüfuzuna arxalanırmış. Alimlərinsə xeylisi bir müddət əvvəl birinci cildin tələblərə cavab verdiyi və buraxıla bilməsi haqda akta imza atıblar. Bütün bunlarsa ona gətirib çıxarıb ki, Rəsul Rza özünə rəva görüb ki, xalqımıza təzə ad versin. İndiyədək biz azərbaycanlı adlanırdıq, o isə azərbaycanlıları "azəri" adlandırmağı qət edib. Yoldaş Rüstəm Hüseynov deyir ki, o, hətta bu barədə Böyük Sovet Ensiklopediyasına, mərhum Şaumyana rəsmən yazıb" (Moskvaya göndərilmiş və ya ideyası, quruluşu orada müəyyənləşdirilərək sonra buradan ora göndərilmiş məktubda başlıca ittiham nöqtələri Azərbaycan Ensiklopediyasında pantürkizm, panislamizm, millətçilik və antirus təmayüllərinin olması idi. İncə yerlərdən vururdular.

Mən bu fikirdəyəm və illər boyu dönə-dönə söhbət etdiyim Rəsul Rza dövrü sabiq ensiklopediyaçılarla da belə bir qənaətdə şərik olmuşuq ki, 1971-ci ilin 8 fevralında başda Elmlər Akademiyasının prezidenti olmaqla böyük bir dəstə sanballı alimin birinci cildin nəşrinə razılıq verilməsi ilə bağlı imzaladıqları akt dünyasında irəlicədən Birinci katiblə - Heydər Əliyevlə razılaşdırılmadan ortaya çıxa bilməzdi. Güman ki, Heydər Əliyev artıq o vaxt Ensiklopediyanın hazır cildinin nəşrinə "müəyyən qüsurların təkrar nəşrdə düzəldilməsi" şərti ilə icazəsini vermişdi. Görünür, məhz həmin dövrdə Kremlə yeni teleqram və məktublar axışmışdı ki, artıq sanki həll edilmiş məsələ təzədən çözülməz düyünə düşmüşdü.

Və Büroda elə həmin səbəbdən Heydər Əliyev məhz bu cür danışmalı idi, başqa cür yox. Siyasət və ağıllı siyasətcillik belə tələb edirdi. Həmin "azəri" söhbətini də Büroda təsadüfən açmır. Levon Şaumyana bu barədə elə özümüzünkülər yazıbmışsa və erməniçilik də artıq özünə xas üsullarla bu istiqamətdə işini görübmüşsə, indi başqa cür danışmağa yer qalmırdı. Axı Heydər Əliyevə məlum idi ki, hətta BSE-də xalqımızın adını məhz Rəsul Rza təklif edən şəkildə verməyə razılıq alınıbmış. Anar yada salır ki, Ensiklopediya dövründə atasını ən çox sevindirən hadisələrdən biri elə "azəri" sözü ilə bağlı oldu: "Doğrudan, ürəkdən sevindi bu işə. Özü də xəstə idi, Mərdəkanda yatırdı. Xəbər gəldi ki, Böyük Sovet Ensiklopediyasında millətimizin adını, onun çoxdan bəri təkid etdiyi kimi, "azərbaycanlı-azəri" kimi vermək qərara alınıb. Həddən ziyadə sevindi ki, istədiyinə nail oldu").

...O toplantıda ki Partiya Nəzarəti Komitəsinin rəyi də səsləndirilmişdi, ora Ensiklopediyanın bəzi əməkdaşları da dəvətli idi. Elə Rəsul Rzanın müavinlərindən biri Rüstəm Hüseynov ki, şair ona daim qayğı göstərmişdi, irəlilətmişdi, yüksəldərək özünə müavin səviyyəsinə qaldırmışdı. Amma sən demə, o da qəlp adammış. Və onun çürük adam olduğunu Heydər Əliyev elə Bürodakı çıxışında da üstüörtülü şəkildə hər kəsə əyan edir. Üz tutur iclasa dəvət olunmuş baş redaktor müavininə, deyir, bilirəm, siz vaxtında sayıqlıq göstərmisiniz, redaksiyada cərəyan edən hadisələrlə bağlı, mübahisəli məsələlərlə əlaqədar Böyük Sovet Ensiklopediyasına - Levon Şaumyana məlumat vermisiniz, məktub göndərmisiniz".

 Əlbəttə, belə saymazyana hərəkət, başınd

an böyük qələt etmək nə Heydər Əliyevin, nə də hansısa ayrı rəhbərin xoşuna gələrdi ki, onun başının üstündən götürüb Moskvaya şikayətlər yazasan. Amma bu müavin etmişdi və Heydər Əliyev də müdrik siyasətçi, nazik diplomat idi.

Rüstəm Hüseynovu camaatın qarşısında guya təqdir edir. Deyir, bəli, düz eləmisiniz ki, sayıqlıq göstərmisiniz, nöqsanlara göz yummamısınız.

İclasın axırına doğru, Bürodakı çıxışını bitirərkən isə Heydər Əliyev Rəsul Rzanın Ensiklopediyanın Baş redaktoru vəzifəsindən kənarlaşdırılması haqqında qərarı elan edəndən sonra redaktor müavininin üzərinə də gəlir. Deyir ki, hərçənd ayıq-sayıqlıq göstərib, yuxarılara da vaxtında nöqsanlar barədə məlumat bildirib, amma indi yeni kollektiv yaranacaq, məsləhətdir ki, onun da işdən kənarlaşdırılması haqqında qərar qəbul edək.

Və Rəsul Rzanın baş redaktor vəzifəsindən götürülməsini elan edəndə Heydər Əliyev son dərəcə nazik bir məqama da toxunur. Deyir ki, biz məsləhətləşdik, belə qərara gəldik ki, Rəsul Rza hər halda bizim böyük xidmətləri olan Xalq şairimizdir, görkəmli ictimai xadimdir. Elə onu işdən kənarlaşdırmaqla kifayətlənək, partiya cəzası verməyək.

Məsləhətləşdik deyəndə, təbii ki, Kremllə danışmışdı. Oradansa istək bu idi ki, daha sərt şəkildə cəzalandırılsın.

Heydər Əliyev faktiki olaraq bu məqamda Rəsul Rzanı xilas edir.

Üstündən çox keçməyəcək. 1980-ci il gələcək. 1980-ci ilin mayı. Rəsul Rzanın 70 yaşı tamam olur.

Və Heydər Əliyev özünün gənclik illərindən tanıdığı, yaradıcılığına da, şəxsiyyətinə də böyük hörmət bəslədiyi Rəsul Rzanın əsl qiymətinin, həm də Kreml səviyyəsində əsl dəyərinin verilməsinə nail olacaq. Rəsul Rza "Sosialist Əməyi Qəhrəmanı" adına layiq görüləcək.

...1965-ci ildə yaradılması nəzərdə tutulan Azərbaycan Ensiklopediyasına Rəsul Rza baş redaktor təyin ediləndə 55 yaşında cavan bir insan idi.

On il sonra - 1975-ci ildə Ensiklopediyadan ayrılanda o, yaşlı, yorğun bir insan idi. Həssas Heydər Əliyev Rəsul Rzanın Ensiklopediyadan kənarlaşdırılması ilə bağlı Mərkəzi Komitə Bürosunda keçirilən müzakirələrdən sonra İmran Qasımova tapşırmışdı ki, bu axşam Rəsul Rza ilə əlaqə saxla.

İmran Qasımov da zəng vurmuşdu, gedib görüşmüşdü və bu zəngin, bu gəlişin Birincinin tapşırığı olduğunu da gizlətməmişdi.

Yəni bu zəng və bu gəliş Heydər Əliyevin Rəsul Rzanı İmran Qasımov vasitəsilə ovutması, təsəlli verməsi, ruhdan düşməmək çağırışı, "Birgəyik" mesajı  idi.

Və bütün nəşriyyatlara, qəzet-jurnallara da göstəriş verilmişdi ki, Rəsul Rza üçün qapılar açıq olsun.

Çünki Heydər Əliyev təcrübəli insan idi, hal əhli idi. Mühitin də, insanların da cikinə-bikinə bələd idi. Bilirdi ki, Rəsul Rza vəzifədən kənarlaşdırılıbsa, ətrafdakıların münasibəti bir gecəyə 180 dərəcə necə dəyişə bilər.

Belə şeyləri həyatı boyu çox müşahidə eləmişdi, ona görə də tədbirini bəri başdan tökürdü. İstəmirdi ki, Rəsul Rza kimi böyük bir şairin qəlbi sınsın.

Həqiqətən də Ensiklopediyadan ayrıldığı dövrdən sonra qəzet-jurnalların da, radio-televiziyanın, nəşriyyatların da qapısı Rəsul Rzanın üzünə qapanmadı. Neçə-neçə yeni şeirlərini, məqalələrini yazdı, çıxışlarını etdi. Ancaq səhhət də öz işlərini görürdü. Taqət də artıq xeyli azalmışdı.

Və "Sosialist Əməyi Qəhrəmanı"nın Qızıl Ulduzu da Rəsul Rzaya ruh vermək üçün Heydər Əliyevin atdığı daha bir ləyaqətli addım idi. Anara özü söyləyibmiş. ki, mən Suslovla da, Çernenko ilə də danışmışdım. Rəsul Rzanın "Sosialist Əməyi Qəhrəmanı" adına layiqliyinə heç bir şübhə yox idi. Onlar da razı idilər. Amma tərəddüdün səbəbi bu idi ki, Azərbaycanda artıq iki nəfər yazıçıya "Sosialist Əməyi Qəhrəmanı" adı verilib. Ancaq Ukrayna kimi əhalisi 40 milyon olan respublikada da vur-tut iki nəfər Sosialist Əməyi Qəhrəmanı yazıçı var.

Deyir, ancaq mən Suslovu da, Çernenkonu da inandırdım ki, Rəsul Rzaya indi bu adı vermək mütləq lazımdır. Kim bilir, bəlkə də bu təltifin gətirdiyi fərəh, bu diqqətdən düşən işıq ömrün son nigaran parçasında səbəb oldu ki, Rəsul Rza daha bir neçə unudulmayacaq və həmişə yaşayacaq şeirini yazsın.

O şeirlərdən biri ürəksıyırandır, qüssəlidir, vida sözü kimi səslənir. Amma Rəsul Rza Rəsul Rzadır. Ən qüssəli şeirinin içərisində də bir parça işıq, bir əlçim ümid var, sabaha sarsılmaz bir inam çırpınır. Yazırdı ki:

Payız içindəyəm.

Otağım da,

gözlərimin görüm dünyası da

payıza bükülüdür.

Özüm də payıza bükülüyəm.

İlin son fəsli

təbiətin vidalı günləri

ağır gedir,

lal sular kimi,

nisgilli arzular kimi.

...Rəsul Rza Azərbaycanın ilk Ensiklopediyasını qururdu, ilk milli ensiklopediyanı yaratmaq üçün, əlbəttə ki, konsepsiya lazım idi və o konsepsiyanın müəllifi Rəsul Rza idi. Bu konsepsiyada şairanəliklə (şairlik yox, məhz şairanəlik - şaircəsinə görmə və yanaşma) alimanəlik birləşmişdi. Şairanəlik o nöqtədə görünürdü ki, Azərbaycanın tarixi ilə bağlı hər vacib yazıda mövzuya məhəbbət duyulurdu, Azərbaycanın hansı görkəmli şəxsiyyəti haqqında bəhs edilirdisə, ensiklopediyanın xəsis və quru cümlələri ilə olsa belə, həmin tarixi simaya yaraşan yüksək qiymət əsirgənmirdi.

Rəsul Rza elm adamı deyildi, ardıcıl tədqiqatlarla məşğul olmurdu. Ancaq mütəfəkkir bir şəxsiyyət idi və onun miqyaslı düşüncəsi də belə bir qənaətbəxş yüksək elmi səviyyəli konsepsiyanı yaratmasına gətirib çıxarmışdı (Bunun əyani təsdiqi də odur ki, başqa sovet respublikalarında ensiklopediya üzərində işləyənlər də həmin qəlibdən yararlanmağa çalışırdılar).

Rəsul Rza işə başlamazdan əvvəl dünya ensiklopediyalarının təcrübəsini yaxşı öyrənmişdi və Azərbaycan Ensiklopediyasının sırf bizə xas milli modelini qurmağa müvəffəq olmuşdu. Onun bütün məsələlərə yanaşmasında akademik baxış hiss olunurdu. Əslində Rəsul Rza Ensiklopediya çərçivəsindəki səmərəli akademik fəaliyyətlərinə görə ovaxtkı Sovet İttifaqının digər respublikalarının əksər ensiklopediya rəhbərləri kimi Elmlər Akademiyasına üzv də seçilməli idi. Bizdə də universal zəkalı görkəmli ədiblərin akademiyaya üzv seçilməsi, akademik olması təcrübəsi vardı - Səməd Vurğun, ya Mirzə İbrahimov kimi.

Rəsul Rzanın Ensiklopediya çərçivəsində problemlərə akademik yanaşmasının bu millətə yadigar qalan ən mühüm bəhrələrindən biri də ölkəmizdə ilk xəritə fabrikinin yaranması oldu. Gələcək ensiklopediyanın məqalələri bir-bir yazılıb tamamlandıqca və artıq ilk cildin konturları göz önündə canlandıqca Rəsul Rza təkid edirdi ki, ensiklopediyada çoxlu xəritələr olmalıdır və əsasən də tarixi xəritələr.

Yaranan Azərbaycan Ensiklopediyasında ermənilərə od qoyan bir də elə bu amil idi. Çünki tarixi xəritələr çox həqiqətləri açıqca göstərirdi və onlarda ermənilərin başqalarından torpaqlar qopararaq özlərinə qondarma vətən düzəltmək kimi tükənməz ehtirasının əksinə olaraq, ərazilər arxada qalan tarixdə necə olmuşdusa, o cür də göstərilirdi. Azərbaycanda isə 1960-cı illərdə belə xəritələri çap eləmək imkanı yox idi. Gedirdilər Minskə, ya Kiyevə, xəritələri orada sifariş edirdilər.

Minskdə də Ensiklopediyanın baş redaktoru şair idi - Petrus Brovka (1905-1980). Anar danışır ki, Rəsul Rza ilə Petrus Brovkanın münasibətləri vardı və ilk dəfə məhz Ensiklopediyada işıq üzü görəcək xəritələri də müəyyən güzəştlə onlar çap ediblərmiş. Yeri gəlmişkən, 1970-ci ildən ömrünün sonunadək baş redaktoru olduğu Belorus Ensiklopediyası indi Petrus Brovkanın adını daşıyır).

Ensiklopediyanın köhnə işçiləri xatırlayır ki, Azərbaycanda ilk xəritə fabrikinin yaradılması haqqında razılıq əldə ediləndə Rəsul Rza uşaq kimi sevinirdi. O qədər fərəhlənirdi ki, elə bil yeniyetmədir və qəzetdə ilk şeiri çıxıb, elə şaddı ki, sanki ilk kitabı nəşr edilib.

Rəsul Rza bu şeiri yazanda hələ ensiklopediyada işə başlamamışdı. 1964-cü ilin yanvar ayı idi:

Soruş!

Od nə çəkdi,

küldən soruş!

Baş nə çəkdi,

dildən soruş!

Hansı şerim,

Hansı sözüm

yaşayacaq məndən sonra?

Mən bilmirəm,

Eldən soruş!

Bu isə Rəsul Rzanın yazılmamış bir şeiridir. Yəni bu məktubu qələmə alarkən yaşadığı əsəb gərginliyi, itirdiyi güc olmasaydı, bəlkə də daha asudə halı ilə  həmişə yaşayacaq növbəti bir şeirini doğurmağa girəvəsi olardı!

A.Pelşeyə yazırdı, atılmış çirkabları ənazı tarix üçün cavabsız qoymurdu: "Təəccüb doğuran odur ki, Sokolov yoldaş nəyin bahasına olur-olsun məni ləkələməyə çalışır. Rəsul Rzanın işə gec gəlməsi və işdən tez getməsi haqqında iddiaya gəlincə, Sokolov yoldaş bilməlidir ki, baş redaktorun iş günü normalaşmış deyil. İkincisi də, mən ASE Baş redaktoru işimdən başqa xeyli ictimai vəzifə də daşıyıram. Asiya və Afrika ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədriyəm, APN-in Respublika ictimai idarə heyətinin sədriyəm, respublika Sülhü Müdafiə Komitəsinin sədr müavini, Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü, Sumqayıt və Göyçay poeziya klublarının sədri, Terminologiya Komitəsinin üzvü, Sabir Poeziya Günləri Komitəsinin sədri, Böyük Sovet Ensiklopediyasının Redaksiya Heyətinin üzvü, Azərbaycan KP MK-nın Təftiş komissiyasının üzvü (Anar söyləyir ki, Rəsul Rzaya qarşı növbəti qısma-boğmaların coşduğu dönəmdə Azərbaycan Kommunist Partiyasının qurultayına hazırlıq gedirmiş, sənədləri axırıncı dəfə nəzərdən keçirən Heydər Əliyev Təftiş komissiyasının üzvləri sırasından Rəsul Rzanın adının pozulduğunu görüncə Danil Quliyevi danlayır: "Deməmişdim Rəsul Rzanın adı siyahıda olsun?!" Və ad bərpa edilir. Elə bunun özü də Heydər Əliyevin Rəsul Rzanı ayağa verməmək üçün bütün mümkün vasitələrdən yararlanmağa çalışmasının daha bir təsdiqidir - R.H.)və sairə. Aydındır ki, bütün bu ictimai işlər üçün mən sutkanın 24 saatından vaxt ayırmalıyam. Hətta istirahət və yuxumun hesabına olsa da. Ancaq bütün bunlara baxmayaraq, mən Ensiklopediyanın baş redaktoru vəzifəsində işimi tam həcmdə icra edirəm.

Sokolov yoldaş yazır ki, mən 1970-1975-ci illərdə 18 kitabımı nəşr etdirmişəm. Bu irada birinci təbii cavab budur ki, nə olsun! Amma işin həqiqi tərəfi odur ki, mənim 18 yox, 9 kitabım çıxıb. Deyəsən, Sokolov yoldaşın gözündə rəqəmlər ikiləşir. Yəni doğrudanmı Sokolov yoldaş belə hesab edir ki, mənim həmkarlarım - şairlər M.Bajan, P.Brovka, İ.Abaşidze Ukrayna, Belorusiya və Gürcüstan ensiklopediyalarının baş redaktorları olandan bəri şeir yazmır və kitab nəşr etdirmirlər?

Mənim Göyçaydakı bağım haqqında Sokolov yoldaşın iddiaları da həqiqətdən uzaqdır. Burada da Sokolov yoldaş rəqəmi ikiləşdirməkdən də ötərək, üçləşdirib. Göyçaydakı 95 kvadratmetrlik evimi 265 kvadratmetrə çatdırıb.

Bütün bu aydın faktları nə səbəbdənsə yanlış izah etdiyi üçün Sokolov yoldaş öz partiya vicdanı qarşısında cavab versin".

...Rəsul Rzanın başı çox bəlalar çəkib. Ömrü boyu və illah da Ensiklopediyada külüng çaldığı dövrdə. Onun Ensiklopediyada fəaliyyətə başlamazdan daha əvvəl yazdığı, amma Ensiklopediyadan ayrıldığı günlərdən sonra bəlkə əvvəlki zamanlara nisbətən bir az da duyğulu, bir az da nigaran səslənən "Soruş" şeirindəki misraların, o misralar içərisindəki "Hansı sözüm yaşayacaq?" sualının bu gün də cavabı var, o cavab bütün gələcəklər içərisində də olacaq.

Böyük şair, böyük düşüncə adamı, böyük azərbaycanlı Rəsul Rza! Sizdən sonra çox şeirləriniz, çox sözləriniz, çox əməlləriniz yaşayır və həmişə sizə minnətdarlıq duyğuları oyadır. Amma həmişə yaşayan və həmişə də yaşayacaq xidmətlərinizin, sözlərinizin, əməllərinizin ən ucalarında dayananlardan biri də sizin doğurduğunuz həmin o Azərbaycan Milli Ensiklopediyasıdır.

Sadəcə bir ensiklopediya, sadəcə kitab yox, düşüncə ülgüsü olan həmin əsər o zaman çox ürəklərə, çox beyinlərə qığılcımlar saçmışdı. O qığılcımlar bu gün də sönməyib, sabah da sönməyəcək və nə qədər ki qığılcımlar var, qara qüvvələr ha əlləşir-əlləşsin, yeni-yeni ocaqların hökmən yaranacağı ümidi də sönən deyil!

Rəsul Rza şair idi, mütəfəkkir bir insan idi. Ömrü boyu içərisində çox arzular yaşatdı. O arzuların ən böyüklərindən biri yaratdığı ilk sayını masa üzərinə qoymağa müvəffəq olduğu, amma insanlara çatmasına nail ola bilmədiyi bu Ensiklopediya idi. Ömrün son parçasında həyatı boyu yığdığı, biliklər, təcrübələr üstündə dikələrək onun ən böyük arzusu o idi ki, bu cild tək qalmasın, yanında digər cildlər də sıralansınlar. Bu Yaşıl Qatarı görmək ona nəsib olmadı. Çox istəyirəm ki, Rəsul Rzanın da, Rəsul Rzaların da ruhlarını sevindirəcək, tariximizdə qalacaq,  yüksəlişlərimizə təkan olacaq belə millət abidələri bundan belə də yaransın və çox yaransın!

...2001-ci il dekabrın 25-i idi. Respublika sarayında Rəsul Rzanın 90 illiyi bayram edilirdi. Artıq 20 il idi Rəsul Rza həyatda yox idi.

Unudulmaz Heydər Əliyev ailəsi ilə birgə oradaydı. Gəlişiylə yenə "Birgəyik!" deyirdi.

Həmin axşamda bədii hissədən öncə Fikrət Qoca, Elçin, Vaqif Səmədoğlu, Gülrux Əlibəyova, bir də mən danışdıq. Gecə bitəndə Heydər Əliyev mənə "Rəsul Rzaya layiq danışdın. Yaxşı danışdın", - dedi. Və əlavə etdi: "Sən elə həmişə yaxşı danışırsan".

Bu sözlər mənimçün çox əziz idi.

O böyük azərbaycanlının Rəsul Rza haqqında hələ ustadın sağlığında söylədiyi və zərbülməsələ bənzər başqa sözlər də var: "Rəsul Rza çox dərin şairdir".

Bunlar sadə sözlər deyil. Bunlar özü dərindən-dərin olan bir şəxsiyyətin başqa bir dərinə verdiyi ali qiymətdir.

Millətə qüdrət verən Dərinlərdir! Dərinlərsə ruh qardaşlarıdır!

Və demək, həmişə birgədirlər.

Sağlıqlarında da, həyatdan gedəndən sonra da!

Akademik Rafael Hüseynov

525-ci qəzet

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook