RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Sabaha üzən gəmilər İyul 04, 2023 | 17:25 / Mətbuatda çıxışlar

Onlar qovuşan gün də ən birinci yanlarında olan o idi. Əbədi ayrıldıqları gündə də ən ilk və əsas arxa duran, hayan olan yenə o!

O toyda çox adam yox idi. Ən seçmə qohumlar, ən simsar dostlar və rəfiqələr, bir də Arifin mehriban münasibətlərdə olduğu bir dəstə iş yoldaşı. Məclisin tamadası isə dostlarından ən yaxını Heydər Əliyev.

Arifin ömür yolu qəfilcə yarımçıq qırılanda da yenə ilk gündən onun vida mərasiminə ağsaqqallıq edən Heydər Əliyev olacaq. Axı onlar sadəcə sadiq dostlar deyildilər. Onlar əsgər idilər. Ləyaqətli əsgərsə heç vaxt döyüş yoldaşını tək qoymur!..

1996-cı il iyun ayının 28-i idi. Arif Heydərovun doğum günü. 70 yaş nədir ki! Bu yubileyində özü də iştirak edə bilərdi. Özü yoxdu, dostu kürsüdəydi. Heydər Əliyev danışırdı və həmin dəqiqələrdə Arifli günlərin axarında idi: "Nə qədər vaxt keçib! Arif Heydərovun toyunu bir yerdə etmişdik. Onun Ədilə xanımla evlənmə mərasimində, toyunda mən iştirak edirdim. Bir yerdə işləyərkən də nə qədər asudə vaxtlar keçirmişdik. Mən bunların hamısını daim keçmişin ən xoş günləri kimi xatırlayıram. Mənim həyatım həmişə çox gərgin olubdur. Həyatımda, demək olar ki, gərginliklə yanaşı, asudə bir vaxt kimi xatirimdə qalan günlər lap az olub, həm də belə günlər əsasən mənim gənclik dövrümdə olubdur. Bunlar hamısı mənimçün əzizdir. Biz həmişə bu binada, bu salonda tədbirlər də, konsertlər də keçirmişik. Bəzən böyük bir kollektivlə burada Yeni ili bir yerdə qarşılayardıq. Bir yerdə çox yaxşı, şən axşamlar da keçirmişik. O vaxt çox mehriban kollektivimiz vardı. Nə qədər çətinliklərimiz olsaydı, içimizdə nə qədər nadürüst adamlar olsaydı da, çox mehriban, çox gözəl kollektivimiz vardı".

Etiraf edirdi: "Aramızda nadürüstlər də vardı". Həyatdır, başqa cür də olmur axı! Yaşayış heç vaxt birrəngli deyil, hər çalarının olması qaçılmazdır. Etirafının ardınca bunu dərhal özü də əlavə edirdi: "Bunlarsız mümkün deyil".

Ancaq aralarında oturub-durmağa bab gəlməyən, dürüst olmayanlarla yanaşı, hər halda yaxşıların da az olmadığı, ömrünün ən gözəl illərini həsr etdiyi kollektivdə sonacan qəlb bağladığı sirdaş olaraq Heydər Əliyev tək Arifi seçmişdi. İndi Arif Heydərovun olmadığı günlərdə əziz dostunu anarkən səsindəki, sözündəki xiffət də yalnız o əziz insansız qalmağın həsrəti deyildi, həm də ömrün qayıtmaz illərinin nostaljisi idi. Arif onunçün həm də özünün sabahlara ümidlər və arzularla ləbələb cavanlığı deməkdi.

Heydər Əliyev ilk növbədə yüksək peşəkarlıqlı çekist idi və çekist məziyyətləri onu bütün həyatı uzunu müşayiət etdi. İstənilən məsələdə, söz yox ki, artıq cana işləmiş vərdiş və qabiliyyətlər sövq-təbii onu yönəldirdi. O sıradan elə dost seçimində də. Və hissləri onu aldatmamışdı. Arif Heydərov bütün mənalarda arxa çevriləsi sədaqətli dost kimi heç vaxt onu peşman etmədi. Hətta bir neçə il boyunca aralı düşdükləri, Arifin xaricdə çalışdığı vaxtlarda da əslində ayrı deyildilər, mütəmadi əlaqələri vardı, girəvə yarananda o tərəflərə gedən münasib adamlar vasitəsilə ona diqqətinin ifadəsi olan xırda hədiyyələr də çatdırardı, məktub göndərərdi.

Arifin onu yeganə dəfə peşman etməsi, ona tək etibarsızlığı qəfil, erkən gedişi oldu.

Mərkəzi Komitə Bürosunun iclas protokolları, toplantılara hazırlıq məqsədilə tərtib edilərək ayrıca qovluqlarda toplanmış materiallar, məşum qətllə əlaqədar açılmış cinayət işindəki sənədlər və ayrı-ayrı xatirələr göz önünə kəskin süjetli filmlərdə gördüyümüz qorxunc mənzərəni gətirir.

Faciə ildırım sürəti ilə, saniyələr ərzində baş verir. Qatil çatır nazirin kabinetinə, irəliləyə-irəliləyə bir-birinin ardınca atəşlər açır.

Güllələri sanki mahir killer atıb. Hədəfdən yan keçməyən, dərhal öldürəsi atəşlər. Elə bu qədər sərrastlıq, 10-15 saniyə ərzində belə soyuqqanlı dəqiqliklə icra edilmiş cinayət istər-istəməz çox suallar, şübhələr, gümanlar doğurmuşdu ki, görən, doğrudanmı bu, elə yalnız guya iş yerinin dəyişdirilməsi ilə bağlı çoxlu ərizələr yazsa da, ardıcıl biganəlik və etinasızlıqla qarşılaşaraq, nəhayət ki, boğaza yığılmış, canından bezmiş 29 yaşlı bir cavan milis işçisinin çılğın hərəkəti idi, ya səbəb daha dərində gizlənirdi? İndiki ağıl və təcrübə o vaxtın adamlarında olsaydı, hətta qatilin zombiləşdirilmiş, proqramlaşdırılmış killer olması versiyasını da irəli sürərdilər.

Hadisənin fövqəladəliyini nəzərə alaraq Heydər Əliyevin sərəncamı ilə yaradılmış Mərkəzi Komitənin xüsusi təhqiqat qrupu dövlət rəhbərliyinin ən üst qatındakı şəxslərdən ibarət idi: Mərkəzi Komitənin katibləri Y.Puqaçov və H.İbrahimov, DTK sədri V.Krasilnikov, MK-nın İnzibati orqanlarla iş şöbəsinin müdiri C.Vəliyev, respublikanın Baş prokuroru A.Zamanov.

Nə o dövrdə DİN-in apardığı elə bir böyük əməliyyat və iş yox idi ki, deyəsən buna görə hansısa mafioz qruplaşmanın təşkil etdiyi əməldir, nə Arif Heydərov kiməsə pisliyi keçən, ya kiminsə yolunda maneə olan adam idi, nə də ən yüyənsiz təxəyyülün belə ağlabatan, məntiqli bir ipucu verib izah edəcəyi hal.

Sadəcə, alın yazısı, sadəcə, hadisələrin iblisanə gedişinin nəticəsi olan acıdan-acı təsadüf (əsatir söyləyir ki, orada, dibsiz ucalıqlarda, Allah dərgahında bir Lövh-i məhfuz var. Bütün savablarımız və günahlarımız, taleyimiz orada yazılıdır. Bilirsiniz həmin Lövh-i məhfuz ərəbcədən dilimizə necə tərcümə edilir? Yaddaş lövhəsi, məlumatları qoruyub saxlayan səth, bugünkü bilgisayar anlayışlarıyla - memory disk. Pərvərdigarın möhtəşəm kompüterinə qoşulu milyardlarla terabaytlıq o hard diskdə, həmin Lövh-i məhfuzda hərəmizə bir fayl açılıb, bəlli proqramdan kənar müəyyən sərbəstliklərimiz yalnız həmin faylın daxilində mümkündür, oradan çölə sıçramağımız imkansız.

Arif Heydərovu aralarında xoş münasibətlər olan Almaniya Demokratik Respublikasının daxili işlər naziri elə həmin 1978-ci ilin iyun ayında Ədilə xanımla birgə Berlinə dəvət edibmiş. İşlə bağlı deyil, gəzib-görmək, dincəlmək üçün. Buradakı işlərin gedişisə elə gətirir ki, Arif nə illah eləyir, səfər alınmır. İşlərin o təhər gedişini də nizamlayan qəzavü qədərmiş. Murad xatırlayır ki, uzun illər keçəndən sonra da anam heyifslənirdi ki, kaş o vaxt o səfər alınaydı, getsəydik, bu bədbəxtlik də bizi tapmazdı...).

Beyni çönmüş Ziya Muradov ilk atəşi qəbul otağında nazirin referenti Əziz Səfixanova açır. Lap yaxınlıqdan, iki-üç addımlıqdan. O gedişat ki cərəyan etmişdi, həmin hesabla gərək qətlə yetənlərin sayı qatilqarışıq 5 nəfər olaydı, ancaq ölən 4 nəfər oldu.

Daxili İşlər Nazirliyi Kollegiyasının 1978-ci il 28 iyul tarixli və baş vermiş hadisədə bu və ya digər dərəcədə günahlı sayılaraq cəzalandırılması tələb edilən şəxslərlə əlaqədar əmrinin bəndlərindən biri nazirliyin nəqliyyat milisi şöbəsinin rəisi, polkovnik D.İbrahimov haqqındadır.

Xatirimdədir, o vaxt camaat arasında söz gəzirdi ki, guya həmin hadisə zamanı orada bir polkovnik də olub ki, qaçıb girib stolun altına, bununla da canını qurtarıb.

Təbii ki, şahidlərinin hamısının həlak olduğu və heç kəsin görmədiyi bir hadisə haqqında bu sayaq yozmalar şayiədən artıq deyildi. Stolun altına dürtülmək məsələsi, yəqin, olmamışdı. Çünki qatil qarşısındakıların hər birinin ehtimalən silahlı olduğunu düşündüyündən onlardan birini də boş buraxa bilməzdi. Bəs o bir nəfər necə salamat qalmışdı? DİN Kollegiyasının əmrində göstərilirdi ki, polkovnik D.İbrahimov milis işçisinin ləyaqətini aşağı salan və hərbi andın tələblərinə cavab verməyən qorxaqlıq, cəsarətsizlik və hərəkətsizlik nümayiş etdirdiyinə görə daxili işlər orqanlarından xaric edilsin. Belə bir əmr vardısa, demək, stolun altına soxulmamışdısa da, hər halda oxşar nəsə olmuşdu. Özü dindirmələr əsnasında belə cavab vermişdi ki, nazirin kabineti ikiqapılı idi. Mən qəbul otağından atəş səsi eşidib bir qapıdan ora sıçrayanda, cani də bu biri qapıdan içəri girib, o üzdən nə mən onu, nə o məni görüb. Bu, ola bilər, mümkündür ki, həmin səhnə məhz o ürkək polkovnikin söylədiyi kimi baş verib, həqiqətən bir-birini görməyiblər də. Bəs içəridə partapart atəşlər davam edirdi axı. Buna da belə yozum verib ki, Səfixanov yıxılmışdı yerə, qan içində idi, ona kömək etmək istəyirdim, adamları köməyə çağırırdım.

Deyir, qatil Ziya Muradovun əsas nişangahı nazir müavini Səlahəddin Kazımov idi. Onun işlədiyi Şuşa türməsi də, digər islah-əmək müəssisələri kimi, bu müavinin kurasiyasında idi. General-mayor S.Kazımov Sovet İttifaqı Qəhrəmanı idi, həm də bu ada sonralar yox, 1941-1945-ci illər müharibəsində iştirakına görə layiq görülmüşdü. Nazir müavini təyin edilənə qədərsə elə İslah-Əmək Koloniyaları üzrə İdarənin rəisi olmuşdu. Ora isə elə özünəməxsus sahədir ki, istər-istəməz adamı dəyişə bilir.

Bu fərzetmə daldan atılan daş kimidir, amma o vaxt - 1970-ci illərin sonlarında da hadisə barədə eşidənlərin əksərinin ağlından keçmişdi, elə indi də fikrə gəlir ki, bəlkə həmin S.Kazımov iş yerinin dəyişdirilməsi ilə bağlı ona dəfələrlə müraciət etmiş Z.Muradova daha həssaslıqla yanaşsaydı, əslində həlli müşkül olmayan bu istəyə nə şəkildəsə əncam çəksəydi, axırdakı bu qan-qada da olmazdı.

Mərkəzi Komitə Bürosunun bu iclası artıq müdhiş hadisənin üstündən 1 aydan çox ötəndən sonra keçirilirdi və istintaq hələ yüzfaizli başa çatmasa da, müəyyən araşdırmalar və dəqiqləşdirmələr davam etsə də, hər halda mənzərə aydın idi, başlıca açıq sualların cavabları ortadaydı, qətllərin arxasında hər hansı bir qüvvənin, təhrikçinin, istiqamətləndiricinin dayandığı istisna edilirdi.

Hətta indiyədək də həmin dövrdən keçib gəlmiş bəzi insanlarçün o hadisə müəmma pərdəsinə örtülüb qaldığından, digər tərəfdən, həm də yaxın tariximizin dumanlı bir kəsiyinə tam aydınlıq gətirilməsinin zəruriliyi səbəbindən Mərkəzi Komitənin 1978-ci il 4 sentyabr tarixli büro iclasının protokolundan parçaları, nəhayət ki, aşkarlamağı, ilk dəfə hamının diqqətinə çatdırmağı gərəkli bilirəm. Stenoqraflar - tezyazarlar hər çıxışı, hər replikanı sözbəsöz dəqiqliklə qələmə alıblar. Oxuduqca həmin mühüm iclasın maqnitofon lentindəki səs yazısını eşidən, video görüntülərini seyr edən kimi olursan. Belə mötəbər, inanımlı sənədlər gərək qapalı qalmaya, gün işığına çıxa.

Onsuz da bütün büro iclaslarının materialları "məxfi" qrifi altında idi. Bu iclasın məxfiliyi isə ikiqat artıqdı. Çünki həmin müzakirədə iştirak edənlər, başda Heydər Əliyev olmaqla, respublika rəhbərliyi və DTK, DİN, Baş Prokurorluğun üst qatının təmsilçiləri idilər, fikir mübadilələrinin ayrıntılarının o divarlar arasından kənara çıxması mümkünsüzdü, tam açıq söhbət gedirdi.

Mərkəzi Komitənin ikinci katibi Y.Puqaçov cinayət hadisəsi haqda ümumi arayışı təqdim etdikdən sonra Baş prokuror Abbas Zamanov danışır və bildirir ki, hadisənin baş verməsindən düz 5 dəqiqə sonra Dövlət Təhlükəsizlik Komitəsinin də, Baş Prokurorluğun da rəhbərliyi nazir Arif Heydərovun kabinetində olduğundan dərhal səriştəli komissiya da yarada, bütün şahidləri də dindirə biliblər: "Ona görə də hadisənin necə cərəyan etdiyi bizə dərhal məlum oldu. Biz araşdırmalar zamanı ilk növbədə bu hadisənin arxasında hər hansı əlin olub-olmadığını müəyyənləşdirməyə çalışdıq, ancaq belə bir hal müəyyən edilmədi".

A.Zamanovun məlumatındakı bəzi təfərrüatlar göstərir ki, həqiqətən cinayətkarın Bakıya gəlib yetişib, qətlləri törətdiyi ana qədərki hərəkətinin xronolojisini saatbasaat izləyərək dəqiqliyi ilə müəyyənləşdiriblərmiş. Yevlaxdan Şuşaya dönərkən də, Şuşadan Ağdama gələrkən də, Ağdam dəmiryol vağzalında qara eynəkdə var-gəl edərkən də Z.Muradovu görənləri tapıb danışdırmışdılar. Təsadüfdən Bakıya Ağdam milis idarəsinin bir zabitiylə eyni kupedə gəlibmiş. Prokurorluq şahid qismində onu da dindirir. Deyir ki, davranışında qəribəlik vardı, arada nərd oynadı, nəsə həyəcanlı idi, mahnı oxuyurdu. İfrat həyəcanlılığının, özündə olmamasının bir əlaməti kimi bunu da qeydə alıblar ki, nazirliyin binasına girəndə bir nəfərlə toqquşur, üzr istəyib keçib gedir.

Son dövrlərdə Ziya Muradovu görmüşlərin, onunla oturub-durmuşların hamısının verdiyi məlumatları təhlil edəndən sonra istintaqın gəldiyi qənaət bu idi ki, onun psixikasında aşkar pozuntular, şizofreniya əlamətləri sezilirmiş.

Nazirlik binasına daxil olanda üstündə pistoletindəkilərdən əlavə 50 patronun olması təsdiqləyir ki, niyyəti bacardıqca çox adamı həlak etməkmiş.

Nazirin kabinetinə girişdə onu qarşılayan referent Əziz Səfixanov görüş üçün təqrir - raport yazmasını istəyir. Və Z.Muradov oturub tələsmədən yazır. "Tələsmədən" ona görə ki, A.Zamanov xüsusi vurğulayır: "Raportu necə lazımdırsa, o cür - formaya tam uyğun şəkildə yazıb". Ancaq tələblərə yalnız formaca uyğun şəkildə. Məzmunu isə, artıq hadisədən sonra görürlər ki, elə onun dəli davranışlarına tən gəlirmiş. Nazir müavini Hüseynov, kadrlar şöbəsi rəisi Məmmədquliyev və nazirlikdəki daha bir neçə vəzifəlinin adını çəkərək yazır ki, sizi də ölüm gözləyir (elə bu son yazısı da anladır ki, adam özünənəzarəti itiribmiş, ağlı yerində deyilmiş).

Yazdığı raportu təqdim edib nazirin kabinetinə soxulmaq istəyəndə onun qarşısını kəsən köməkçini yaxın məsafədən açdığı ilk atəşlə yerə sərəndən sonra atılır içəri. Arif Heydərov "Axmaqlıq eləmə, silahı aşağı sal" deyincə (bu sözləri artıq qaçıb çatdığı qəbul otağında eşitdiyini istintaqa D.İbrahimov xəbər verib) ikinci atəşi açır. Güllə nazirin alnından tutur. Nazir müavini Səlahəddin Kazımov elə oturduğu yerdəcə əl atıb Z.Muradovun qolundan tutmağa çalışır. Dartışırlar. S.Kazımovun müqavimət göstərməyə macal tapmasını bu da nişan verir ki, ona 4 güllə atılıb.

Sonuncu ən dəqiq atəşi isə qatil özünə açır. Tapançanın lüləsini ağzına salıb tətiyi çəkir (bütün bunları "belə ola bilərdi" təxəyyülü ilə yazmıram. Hər söz istintaqın və ekspertizanın dönə-dönə yoxlanılmış nəticələrinə söykənir).

Baş prokuror dəqiqləşdirir: "Aldığı 4 yaraya baxmayaraq, Kazımovun huşu başındaymış, atəş səslərini eşidib gələn şahidlərin - nazirlik əməkdaşlarının  söyləməsincə, o deyib ki, müharibədə döyüşüb gəldim, burda bir avaranın əliylə ölürəm, məni tez Cavadzadənin xəstəxanasına çatdırın".

Heydər Əliyev cinayətin ən həssas tərəfi ilə bağlı bir daha Baş prokurordan soruşur: "Mən ilk gündən sizə tapşırmışdım, araşdırın, görün bu qətllərə birbaşa, ya dolayısı ilə hər hansı təsir olubmu? Düzdür, onun özünə də qəsd etməsi haradasa bu suala cavab verir. Amma yenə də, nəzərə alaraq ki, o, psixi pozuntuları olan adamdır, bəlkə kimsə onu qızışdırırmış, təhrik edirmiş?"

(Hadisə baş verən gündən bu qəziyyənin dibində ayrı məkrin gizləndiyini, başqa görünməz qara əlin olduğunu müəyyənləşdirməkdə Heydər Əliyevin məxsusi israrı başadüşüləndir. Axı nazir və nazir müavininə qarşı törədilən qəsd nəzəri cəhətdən həm də respublika rəhbəri olaraq bilavasitə onun nüfuzuna zərbə vurmaq məqsədilə təşkil edilmiş cinayət ola bilərdi. Elə pırtlaşıq kələf idi ki, burada heç bir mümkün versiyanı diqqətdən yayındırmaq rəva deyildi. Hər şübhə doğuran xətt sonacan izlənilməliydi).

A.Zamanov bildirir ki, fövqəladə hadisədən dərhal sonra sovet prokurorluq orqanlarının ən hazırlıqlı mütəxəssislərindən olan Karakozov gəldi (German Karakozov (1926-1992) ən açılmaz işlərin düyününü çözən müstəsna istintaqçı kimi İttifaqda şöhrətlənmişdi və o dövrdə SSRİ Prokurorluğunun Daxili İşlər Orqanlarında İstintaq və Təhqiqata Nəzarət İdarəsinin rəisi idi), bütün materiallarla tanış oldu, Şuşaya və Qasım İsmayılov (indiki Goranboy) rayonlarına da getdi, biz də DTK ilə bərabər, bütün mümkün siqnalları araşdırdıq, Z.Muradovun tanışları dairəsini tam öyrəndik, hər hansı kənar təsirlə bağlı məqamlar aşkarlanmadı.

Baş prokuror bunu da deyir ki, Z.Muradovu daha əvvəllər Arif Heydərov qəbul edibmiş, ona insanpərvərliklə də yanaşıbmış, kabinetdə çılğınlıq göstərsə, isterikayla öz poqonlarını qoparsa da, onu sakitləşdirmiş, heç bir cəza verməmiş, əksinə, köçürülməsi haqda əmr vermiş, əmrin icrasıyla əlaqədar kadrlar idarəsi rəisinin də ona hesabat verməsini tələb etmişdi. Sadəcə, əmr ona görə yerinə yetirilməyib ki, Z.Muradov 3 il Şuşa türməsində işləməliymiş.

A.Zamanov bir daha təsdiqləyir ki, ona hər hansı təsir haqda heç bir sübut-dəlil əldə edilməyib. Daxili işlər nazirinin birinci müavini V.Vısoçenko da dəqiqləşdirmələr edir: "Səlahəddin Kazımovun kabineti olan üçüncü mərtəbədə qərargah yerləşir. Hadisə baş verəndə oradakı kabinetlərdən birində 5 nəfər varmış. Onlar qəbul otağındakı ilk atəşi eşidiblər. İkinci atəş 6-7 saniyə sonra səslənib. Ardınca bir neçə ardıcıl atəş. Sonra daha 3 saniyə keçincə axırıncı atəş.

Mən ora çatanda Kazımovu xərəkdə aparırdılar".

Nazir müavini V.Vısoçenko buna da aydınlıq gətirir ki, qəbula gələnlərin qeydiyyatı haqda kitabda Arif Heydərovun öz əliylə kadrlar idarəsinin rəisi Məmmədquliyevə yazdığı qeyd var ki, Muradovun başqa vəzifəyə köçürülməsi haqda əmrin icrası ilə bağlı məruzə edin. Z.Muradovun Mirbəşir Qasımov (indiki Tərtər) rayonuna yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor vəzifəsinə keçirilməsi haqda əmrin layihəsi də hazırmış (Sabiq həmkarları və yaxınları ilə aparılan dindirmələrdən sonra bu da bəlli olmuşdu ki, Z.Muradov üzdə guya Qasım İsmayılov rayonuna valideynlərinə görə köçürülməsini istəsə də, curlarına söyləyibmiş ki, pullu iş istəyir, məqsədi "OBXSS" - Sosialist Əmlakını Talayanlar və Möhtəkirliyə Qarşı Mübarizə Şöbəsinə düzəlib kasıbçılığın daşını atmaqdır).

Və Heydər Əliyev buradaca guya həmin adam başqa bir yerə keçirilərsə, bu hadisə baş verməyəcəkmiş ehtimallarına toxunaraq bu qəbil qarayaxa adamlara əvvəllər də rast gəlindiyini, durmadan ora-bura ərizələrlə müraciət edən belə şəxslərin heç də həmişə tam haqlı olmadıqlarını söyləyir: "Belə bir sual ortaya çıxır: o, Mirbəşir rayonuna keçirilməsinə razılıq verəcəkdimi? Onun şəxsiyyəti haqqında deyilən bütün mənfi tərəfləri nəzərə alsaq, bəlkə də onun yerini dəyişmək haqda müraciətlərinə nazirlikdə müsbət cavab verməməklə düz hərəkət edirmişlər. Biz bir tərəfdən deyirik ki, intizam zəifdir, tələbkarlıq azdır, digər yandan da hər müraciət edənin də tələbinə dərhal əməl edilsə, bazar yaranar".

Və Heydər Əliyev həmin iclasda iştirak edən, hamısı yüksək vəzifə tutan, talelərə təsir etmək imkanına malik məmurların hər birinə ibrət olası bir öyüd də verir ki, vaxtında "Yox!" deməyi də bacarmaq lazımdır.

Yəni bu Z.Muradovu da qırsaqqızlığına, demaqoqluğuna, birucdan ora-bura yazmasına görə dinləyirlərmiş, yola verirlərmiş, zahirən müraciətlərinə əməl etmək, yerini dəyişmək istəyirmişlərsə də, hər dəfə şəxsiyyəti, davranışları, köhnə iş yerindəki qüsurları haqda əldə etdikləri yeni bilgilər tərəddüd yaradırmış, məsələnin həllini atırlarmış daha sonraya.

Heydər Əliyev də məhz təcrübədə heç də ilk dəfə tuş düşülməyən belə hallarla əlaqədar deyirdi: "Əgər  imtina etmək istənilirdisə, onu bir dəfə dəvət edib qəti cavabı da vermək lazım idi".  

Heydər Əliyev mühafizənin zəifliyi ilə bağlı da incə bir cəhətə diqqət yönəldirdi: "Daxili İşlər Nazirliyindəki belə bir mühafizə rejimi və bu təhər daxili qaydalarla tənzimləmə ilə necə razılaşmaq olar?! Orada hər şey ciddi əsaslar, dəmir nizam-intizam üstündə qurulmalıdır. Elə bizim Mərkəzi Komitədə də komendant xidmətində çoxlu nöqsanlar var, uyğun olmayan adamlar az deyil, heyətimizin mənəvi-siyasi vəziyyətini öyrənmək üzərində az işləyirik. Bizim milis işçisi 6-cı girişdə dayanır. Bütün büro üzvlərinin qorunması onun əlindədir. Bəs o necə yaşayır, ailə vəziyyəti necədir, hansı meylləri var, - heç biriniz bilmir. O, Muradov kimi birisi olsa, hansısa əyyaşın, Mərkəzi Komitənin yürütdüyü xəttin əleyhinə olan kiminsə təsirinə düşərək sabah istənilən Mərkəzi Komitə katibini öldürər" .

(Zahiri əmin-amanlığın keyləşdirici təsiri qaçılmazdır. İfrat arxayınlıq yaranır, sayıqlıq azalır, qəfil və gözlənilməz zərbələrə hazır olmursan. O vaxt təcrübəli Heydər Əliyevin faciədən çıxardığı ilk nəticə bu olur ki, məhz həmin qüsur aradan götürülsün. 1978-ci il sentyabrın 4-də Mərkəzi Komitə Bürosunun ayrıca qərarını imzalayır və DİN, DTK, Mərkəzi Komitənin Ümumi, İnzibai orqanlar şöbələri, eləcə də həm MK, həm Nazirlər Şurası, həm Ali Sovetin işlər idarələri qarşısında tələb qoyur ki, partiya və hökumət orqanlarının mühafizə rejiminin yetərincə qüvvətləndirilməsi üçün tədbirlər görsünlər, mühafizə xidmətinə yoxlanılmış, bacarıqlı peşəkar kadrlar cəlb edilsin, bu sahəyə daimi nəzarəti təmin etməklə yanaşı, vaxtaşırı yoxlamalar keçirilsin, zabit və sıravi heyət vəzifə borcunun nümunəvi və yüksək sayıqlıq ruhunda icrası istiqamətində tərbiyələndirilsin. Həmin qərarda respublika üzrə rəhbər işçilərin bütün yazılı və şifahi müraciətlərə də vaxtında və diqqətcil yanaşmaları, vətəndaşların qəbulu ilə bağlı işlərin təkmilləşdirilməsi məsələsi də qoyulur, qəti şəkildə bu şərt də irəli sürülürdü ki, bundan sonra qəbullar yalnız müəyyən edilmiş konkret saatlarda aparılsın.

Və həmin qərara əlavə edilən 4 səhifəlik siyahıda 86 qurumun adı çəkilirdi ki, sərəncamın surəti icranın təmin edilməsi məqsədilə onlara da ünvanlanırdı. Bu siyahı respublikanın şəhərli-rayonlu bütün ərazisi üzrə qorunmalı, mühafizə tədbirlərinin gücləndirilməsi gərək olan tamam mühüm nöqtələri əhatə edirdi. Düzgün qərar idi. Amma dövlət işinin ayrılmaz tərkib hissəsi olan bu addımın atılması üçün əvvəlcə o sayaq qurbanlar verməli idikmi? Tarix düşündürür. Dərs alaq, ibrət götürək. Yalnız bundan yox. Əsas qənaət budur ki, dövlət çox incə, çox həssas quruluşdur, mahiyyəti ilə güc olan dövlətin imkanlarına uyaraq bir ləhzə belə sərvaxtlığı qeyb etmək olmaz, dövlət "kefim belə istəyir" məzələnmələrini, özfəaliyyətçiliyi sevmir, müəyyən həddəcən dözür, an da yetişir ki, səhlənkarlığın ağır cəzası özünü gözlətmir. Bu elə qaçılmaz həqiqətdir ki, dünənə də aiddir, bugünə də, sabaha da!).

...Arif Heydərov xəstəxanaya çatdırılanda hələ sağmış. Heydər Əliyev özünü yetirir xəstəxanaya.

Muraddan xəbər alıram ki, ananız, siz necə xəbər tutdunuz? Deyir, yay idi, biz futbol oynayırdıq, xalam oğlu da ikinci xidməti maşınla bizə gəlirmiş. Elə yolda maşındakı ratsiyadan xəbəri eşidir, gəlib qalxır bizim mənzilə, qalır tərəddüd içində, bilmir sözü necə çatdırsın. Anam onu görən kimi soruşur ki, nə olub, elə bil həmişəki adam deyilsən? Xalam oğlu qayıdır ki, narahat olmayın, amma eşitdik, nəsə nazirlikdəki atışmadan danışırdılar. Anam da adətən atamın köməkçisi Səfixanova zəng çalıb xəbərləşərdi. Zəng vurur, telefon cavab vermir. Nazirlikdəki başqa tanış nömrələri yığır. Hövlnak yollanır xəstəxanaya.

Heydər Əliyev təcili olaraq Moskvadan neyrocərrah Aleksandr Konovalovu gətizdirir Bakıya. A.Konovalovun o vaxt 35 yaşı olsa da, ən qəliz beyin əməliyyatları aparan misilsiz cərrah kimi artıq SSRİ-də bir nömrə idi və şöhrəti İttifaqdan kənara da yayılmışdı. Ancaq Aleksandr Konovalov nə qədər mahir olsa da, sadəcə cərrah idi, Arif Heydərovun vəziyyəti isə nicatsız - Allahlıq!

 

Heydər Əliyevin səsidir bu: "Gözlənilməz faciəli hadisə bizi, bütün respublikanı, məni çox sarsıtdı. İndi ictimaiyyət belə cinayətlərə artıq alışıbdır. O vaxt respublikamızda, yaşadığımız ümumi dövlətdə - Sovetlər İttifaqında əsasən əmin-amanlıq dövrü idi. Belə hallar çox nadir idi. Onun həyatını xilas etməkçün mən bütün imkanlardan istifadə etdim. Dərhal bir neçə saatdan sonra Moskvadan ən yüksək səviyyəli cərrahları, professorları, akademikləri dəvət etdim, onları buraya gətirdim. Əlimizdə olan bütün imkanları, təkcə Azərbaycanda yox, o vaxt tibbin Moskvada olan bütün imkanlarını səfərbər etdik. Təəssüf olsun ki!.."

Murad dərdli hüzr günlərini yada salır: "İlk gündən ta atamın qırxı çıxanacan Heydər Əliyev bizimlə idi. Axşamlar Zərifə xanımla gəlirdilər. Hər dəfə xeyli otururdular. Ovudurdular anamı, təskinlik verirdilər bizə. Hiss etdirirdilər ki, tək deyilik, bizimlədirlər. O ağır günlərimizdə bu qayğı başsız qalmış ailəmizə qiymətə sığmayan böyük təsəlli idi".

Murad bunu da deyir ki, Heydər Əliyev sonralar da ailəmizdən diqqətini kəsmədi. Ədilə xanım elə 1978-ci ildəcə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri təyin edilir və 30 ilədək bu vəzifədə çalışır, Əməkdar müəllim adına da layiq görülür, respublika Prezidentinin fərdi təqaüdünü də alır.

Hər ikisi - Heydər Əliyev də, Arif Heydərov da 25 ildən bir qədər artıq dövlət təhlükəsizliyi şəbəkəsində işləyiblər. Arifsə üstəlik, 8 il də Daxili İşlər Nazirliyində çalışdı. Duyğulu, ətrafdakı hər irili-xırdalı olmuşu içərisindən keçirən ürək yiyələrinin o cür yerlərdə işləməsi qətiyyən asan deyil. Arif Heydərov öz qəlbinə və həyat amallarına dönük çıxmayaraq Dövlət Təhlükəsizlik Komitəsində də, Daxili İşlər Nazirliyində də həmin yumşaq, o canıyanan, o alicənablıq dolu ürəyi sinəsində döyünə-döyünə işlədi. Bu ürəklə elə yerlərdə işləmək olmur əvəzinə bəlkə o cür yerlərdə məhz bu cür ürək sahiblərinin işləməsi daha doğrudur demək düz olardı? Ancaq o qədər belə ürək yiyəsini haradan tapasan?! Həmin idarələrinsə özəlliyi budur ki, həyatın hər sifəti, cəmiyyətin alt qatının hər löyün könülbulandıran tərəfləri ilə də daim üz-üzə dayanmağa vadarsan. Oğul istəyirəm ki, bütün gördüklərini görəndən sonra içərisindəki nazikliyi itməyə, könülcə qabalaşmaya, xasiyyətcə sərtləşməyə. Arifinsə ziyalı təmkini, ruhən kübarlığı, rəhmdilliyi heç vaxt onu tərk etmədi, o, ən ağır sınaq anlarında da müvazinətini itirmədi, səndirləmədi.

Bundan artıq imtahan olmaz ki! Yaşlı anası Rəxşəndə xanımı maşın vurmuşdu. Hadisə sabiq "Ana və uşaq" kafesinin tinində, Neftçilər prospektinə dönəcəkdə baş vermişdi. Qadın aldığı xəsarətdən yerindəcə keçinmişdi. Daxili işlər naziri Arif Heydərov araşdırmalardan sonra qəzanın sırf təsadüf nəticəsində törəndiyini, sürücünün də 4 uşağı olduğunu bilincə qərarını verir: "Biz şikayətçi deyilik!"

Təcrübəli adam idi, yaxşı anlayırdı ki, özü işə qarışmasa, məsələni təhqiq edənlər qəzada ölənin məhz nazirin anası olması səbəbindən müqəssirə cəzanın ən ağırını verməyə cəhd edəcəklər. Arif daha anasına heç nə ilə kömək edə bilməzdi. Ancaq 4 xırda uşağı olan ailəni böyük bəladan xilas etmək fürsəti vardı.

Və bu mərhəmətini əsirgəmir.

...Hər iki dost - Heydər Əliyev də istənilən şəraitdə, ən dar macalda da doğma Vətəninə (bu sözün sovet dövründəki deyil, indiki anlamında. Çünki o çağlar "vətən" deyərkən ancaq SSRİ nəzərdə tutula bilərdi), millətinə gücləri, imkanları çatan səviyyədə nə iləsə, hətta zahirən xırda görünə biləcək bir hərəkətlə, əməllə xidmət göstərməyə can atıblar.

Bunları mənə Xalq rəssamı Salxab Məmmədov söyləyib. 1969-cu ildə ona həmin dövr üçün əfsanəvi sayılası yarım aylıq xarici səfərə çıxmaq qismət olur. SSRİ nə qədər qapalı dövlət idisə də, hər halda ayrı-ayrı sosialist, aradabirsə hətta bəzi kapitalist ölkələrinə turist səfərlərinə çıxmaq mümkün idi. Lakin Türkiyəyə nəinki turist, heç rəsmi nümayəndə heyətlərinin tərkibində də səfər etmək hələm-hələm rast gəlinən xoşbəxtlik deyildi. Ancaq Ümumittifaq Komsomolunun keçirdiyi rəsm müsabiqəsinin qalibləri sırasında yer aldığından 1969-cu ildə Salxab daha dörd həmkarı və o çağlarda xaricə gedən hər dəstəyə hökmən qatılan bir DTK əməkdaşı ilə Moskvadan Ankaraya uçur. Deyir, bizə Moskvada bir həftə ərzində Türkiyədə özümüzü necə aparmaq barədə hər gün təlimatlandıranda bunu da söyləmişdilər ki, azərbaycanlı olduğunçün orada sənə türklərin xüsusi münasibəti olacaq, bəlkə heç gömrükdən keçəndə baqajını da yoxlamadılar, ikincisi də, Ankarada baş konsul sizin Arif Heydərovdur, elə sizi də o özü qarşılayacaq. Salxab yada salır ki, doğrudan da türklər pasportuma baxıb mənim əslən Azərbaycandan olduğumu görüncə yoxlamasız birinci buraxdılar və o gün Arif Heydərovla ilk dəfə görüşdüm. Bizim dəstədə bir orqan işçisindən əlavə, rus, qazax, tatar və özbək gənclər vardı. Türkiyəyə günorta vaxtı çatmışdıq, yerləşəndən sonra bir qədər gəzib dolaşdıq. Arada Arif müəllim mənə dedi ki, bunlar işlərini görərlər, amma axşam səni öz evimizə aparacağam. Ayrıca həyəti olan bir villada yaşayırdı. Yeməkdən sonra dedi ki, bir düşək həyətdə gəzişək. Hiss elədim ki, evin içərisində səsimizin yazıla biləcəyindən ehtiyatlanaraq belə edir.

Arif Heydərov Salxaba başa salır ki, Sovet İttifaqından bura belə uzun müddətə, həm də nisbətən bu cür sərbəst səfərlə gələnlər nəinki az, heç ümumiyyətlə olmur. Bu səbəbdən də sizin dəstə, yəqin, kəşfiyyatın daimi nəzarətində saxlanılacaq. Hətta kimlərəsə burada qalmaq təklif oluna, vədlər verilə bilər. Sənə münasibət fərqlənəcək, daha isti olacaq. Sən özümüzünküsən, qardaşımsan, ancaq istənilən addımı mənimlə məsləhətləş, bildiyini-eşitdiyini mənə bildir ki, işimizi ehtiyatlı tutaq. Telefon nömrələrini də verir Salxaba.

  Ankaradan İstanbula, sonra isə Alanyaya və Antalyaya gedirlər, daha sonra İzmirə. Salxab sərhədlərin qapalı, Türkiyəyə (elə onların da bizim tərəfə) yollarımızın quşkeçməz olduğu dövrdə nağıla bənzəyən səfəri haqda nağıl edir ki, hara yolumuz düşürdüsə, azərbaycanlı olduğumu bilincə çox məhəbbət göstərirdilər, burada olduğumun sorağını alınca hər gün qaldığım mehmanxanaya ardımca orada yaşayan azərbaycanlılar gəlməyə başladılar. Hər gələn də məktub gətirir, ünvan verir, yol göstərir, Azərbaycandakı doğmalarına, yaxınlarına çatdırmağı rica edirdi. Axıra yaxın baxdım ki, yüzə qədər məktub yığılıb. Bu barədə də Arif Heydərova danışdım. Dedi ki, bu haqda heç kimə heç nə demə. Gizlət. Hamısını apar, imkanın olduqca da çatdırmağa çalış. İllərlə həsrətlə yaşayan insanlardır, qoy bir-birlərindən xəbər tutsunlar, əlaqələr yaransın. Həmişə belə qalmayacaq ki...

Bunlar adi sözlər, bu jest heç vəchlə sıradan olan kimi qavranılası hərəkət deyildi. Arif Heydərov SSRİ-nin özünə, ən yumşaq halda söylənirsə, dost saymadığı Türkiyədəki baş konsulu idi. Lakin diplomatik fəaliyyət öz yerində, bu konsul vəzifəsi onunçün həm də bir pərdə idi. O, ilk növbədə çekist idi. Ora ən əvvəl bu məqsədlə göndərilmişdi. Yəni Arif Heydərov bir yandan Ankarada SSRİ Xarici İşlər Nazirliyini baş konsul kimi təmsil edən və bu vəzifəni də yüksək səviyyədə yerinə yetirən diplomat, digər tərəfdən (həm də daha əvvəl) SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Birinci Baş İdarəsi xüsusi xarici əks-kəşfiyyat qrupuna həvalə edilən vəzifəni icra edən, Türkiyədəki sovet rezidentinin müavini olan zabit idi. Fəqət Moskvanın "adamı" kimi əslində açıb baxmalı, məzmununu öyrənməli, sovetin maraqlarına nəzərən hansı əhəmiyyət kəsb etdiyini müəyyənləşdirməli və haqqında Mərkəzə məlumat çatdırmalı olduğu azərbaycanlı məktublarını qoruyurdu. "Mən göz yumuram, sən də səsə salmadan mütləq çatdırmağa cəhd elə" deyirdi.

Salxaba etdiyi tövsiyədir, dilindən qopan sözlərdir, olduğu kimi yazıram. Əsl sovet çekisti əslində təməl tələblərə görə manqurt olmalı idi. Sistem nə qədər güclü idisə də, onlar sistemə nə qədər sədaqət və peşəkarlıqla qulluq edirdilərsə də, hər halda xidmətçisi olduqları sistemdən güclü çıxdılar - siyasi məfkurə, hakim ideologiya və onun amansız tələblər dairəsi bu insanların milli hissiyyatını zədələyə bilmədi, onları manqurtlaşdırmağa tabı çatmadı. O şəbəkənin içində Heydər Əliyev, Arif Heydərov və oxşar ruhlu, bənzər əqidə və mənəviyyatlı təklər həmişə var olduğundan bu milləti də düyünlü əyyamların girdab və bataqlıqları təkinə sovurmaqda aciz qaldı.

Ya məgər bu, yanından sakit keçiləsi olaydımı? Bu hadisə də xalqımızın şərəf, milli bayrağımızın şan tarixində gərək həmişə qürurla söylənərək yaşaya və insanlarımız da lazımdır ki, belə gerçəkləri ayrıntıları ilə bilə.

1957-ci ilin 28 mayında, Azərbaycan Xalq Cümhuriyyətinin 39-cu ildönümündə cəsur vətənsevər Cahid Hilaloğlunun Qız qalasına qalxaraq onun ən uca nöqtəsinə milli bayrağımızı sancması hansı təsəvvüredilməz hünər idisə, fəaliyyətdə olan DTK polkovniki, sovet diplomatı Arif Heydərovun 1969-cu il aprelin 28-də Ankaradakı SSRİ səfirliyi üzərində Azərbaycan Respublikasının bayrağını dikəltməsi də eyni fəlsəfəni daşıyan qəhrəmanlıqdır. Cahid Hilaloğludan fərqli olaraq, Arif Heydərovun sovet səfirliyinin binası üzərində yüksəltdiyi Üçrənglimiz deyildi, Sovet Azərbaycanının bayrağı idi. Ancaq mahiyyət eyni idi, bu, dikbaşcasına edilən "Mən varam, mən dövlətəm!" bəyanatı idi. Bu, elə hərəkət idi ki, ciddi beynəlxalq qalmaqala da səbəb ola bilərdi. Bir səfirliyin üstündə iki bayrağın dalğalandırılması həm Kremli qeyzləndirərdi, həm də Türkiyənin etirazına səbəb olardı. SSRİ-nin Türkiyədəki ozamankı səfiri Andrey Smirnov (1905-1982) Arifin xətrini çox istəyirmiş (O, təcrübəli diplomat idi, Türkiyəyədək Sovet İttifaqının İranda, Avstriyada, Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri olmuşdu, həmin 1969-cu ildə də SSRİ xarici işlər nazirinin kadrlar üzrə müavini təyin edildi, daha yüksək vəzifəyə gəlincə də Arif Heydərova Banqladeşə səfir getməyi təklif etdi. Hətta bu barədə nazir Andrey Qromıkoya (1909-1989) məruzə edərək müsbət cavab da alıbmış. Bu, təxminən, Heydər Əliyevin Arifi Bakıya qayıtmağa çağırdığı vaxtlar idi və o, səfir getməyi deyil, dostuyla birgə olmağı seçdi). Bayraqqaldırma əhvalatından xəbər tutunca Andrey Andreyeviç təəccüblə xəbər alıbmış ki, niyə belə edibsən? Arif Heydərov da izah edir ki, bu gün Azərbaycanın bayramıdır, SSRİ Konstitusiyası da bizə öz müstəqil bayrağımızın olması hüququnu verir. Səfir konsula məsləhət görür ki, hər halda Türkiyə Xarici İşlər Nazirliyinə getsin, ora da siqnal çatıb, izahat vermək lazımdır. Mətləbi türklərə anlatmaq, sovet səfirliyi binasının üzərində Azərbaycan bayrağını ucaltmaqla bunu məhz respublikanın Sovet İttifaqı içərisində müstəqilliyini vurğulamaq məqsədilə etdiyini bildirərək qarşı tərəfdən hüsn-rəğbətli münasibət qazanmaq Arifçün daha rahat idi. Elə belə də alınır.

Əlbəttə ki, risk idi, söz yox ki, istər çekist, istər diplomat işi baxımından bu, cızığından qırağa çıxmaq, bir az da həmin fəaliyyət istiqamətlərinə az uyğun gələn romantik hərəkət idi. Ancaq bu nadinc qəlibəsığmazlıq onun könlünün hökmü idi, ürəyinin səsi idi, doğma Azərbaycanına məhəbbətinin görüntüsü və daha bir əyani təsdiqi idi!

Arif Heydərov kimi adamların bir üstünlüyü də onların körpü, barışdırıcı, yaxınlaşdırıcı ola bilmələridir. Oğlu Murad Heydərovun bir xatirəsi bu qənaətimi daha da qüvvətləndirir. Deyir ki, Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ düyünü ətrafında Moskvada narahat müzakirələrin getdiyi bir yığıncaqda çıxışçılar sırasında onun da adını çəkərək söz verirlər və fasilədə erməni tərəfindən bir nəfər ona yanaşır ki, siz Arif Heydərovun oğlusunuz? Müsbət cavab alınca "Biz ona çox dərin hörmət bəsləyirdik, biz bu gün əks cəbhələrdə dayansaq, düşmən olsaq da, bunu sizə çatdırmağı lazım bildim".

Özü həyatda yox idi, lakin adı, xatirəsi yenə sağlığındakı kimi yaxınlaşdırmağa, münasibət yaratmağa, aradakı buzu əritməyə vasitəçi idi. Ya elə yaşadığı dövrdə, daxili işlər naziri vəzifəsində olanda da varlığıyla iki barışmaz tərəf arasında mümkün körpülərdən idi. SSRİ-nin iki fövqəlgüc nazirliyi - Yuri Andropovun DTK-sı ilə Nikolay Şelokovun DİN-i "əlbəyaxa" idi, bu onu, o bunu vurmağa macal gəzirdi. Arif Heydərovsa həm o, həm bu tərəfinki idi. SSRİ DTK-sı sədrinin birinci müavini Semyon Sviqunla ailəvi dostluq edirdi, SSRİ daxili işlər nazirinin də ona böyük rəğbəti vardı (Və Arif Heydərova yazılmış rəsmi vida sözünün - nekroloqun altında Heydər Əliyevdən sonra N.Şelokovla S.Sviqunun adları gəlirdi).

Yəni Arif Heydərov kimi adamlar qəza anında enməkçün həmişə hazır olan ehtiyat aerodromlar kimidir. Belə körpülərə ən sadə insanların da, ən çalpaşıq siyasətlərin də, elə dövlətlərin də həmişə ehtiyacı var...

...1978-ci il iyulun 1-i idi, Dzerjinski adına klub matəm içindəydi, Heydər Əliyev ona xas olmayan aramla, hər cümləsindən sonra qəhərini udaraq danışırdı. O dövrdə bu miqyaslı dövlət xadimləri ilə vidalaşma mərasimlərində söylənən, yazılan oturuşmuş ifadələr vardı: "mübarizə yoldaşı", "mətin kommunist", "alovlu beynəlmiləlçi" və belə-belə. Heydər Əliyevsə nitqini ürəyinin dibindən gələn və qulaqların adət etmədiyi bir ifadə ilə başlayırdı: "Bu gün biz respublikamızın ən yaxşı adamlarından birini, Azərbaycan xalqının ləyaqətli oğlunu torpağa tapşırırıq".

Gərək hər insan həmişə xoşbəxt ölümə hazır ola, ölümünün xoşbəxtlik sayıla biləcək mərtəbəyə yetməsi üçün var olduğu müddətcə çalışa. Ölüm hər kəsin labüd qismətidir. Hər insanın bu dünyadakı ömründə bəlkə də ən böyük qazancı gözlərini əbədilik yumurkən insanların onun ardınca "pis" yox, "yaxşı adam idi" qiymətinə layiq ola bilməsidir. Elə qiymət ki, sən daha ona heç vəchlə təsir edə bilməzsən, Ömür İnşasının altındakı qiymət qeyri-kafimi olacaq, ortamı, əlamı, sən bunu gethagetdə deyil, nəfəsin gedib-gələn illər ərzində artıq almısan. Sadəcə, ən sonda elan edilir.

Arif Heydərovun - bu yaxşı adamın, bu ləyaqətli oğulun həyatı 1978-in yayında deyil, neçə illər öncə də - 1943-dəmi, 1944-dəmi, ya 1945-ci ildəmi, müharibənin odlu-alovlu günlərindən birində Polşadamı, Almaniyadamı bir faşist gülləsiylə, bir mərmi qırığı ilə bitə bilərdi. Onda hələ heç 20 yaşı da yoxdu. Onun son saatının 1950-ci illərdə, Dövlət Təhlükəsizlik Komitəsində çalışarkən iştirak etdiyi gizli əməliyyatlardan birinin gedişində yetişməsi də mümkün idi. Hələ heç 30-u yox idi. O, həyatını 40 yaşındaykən, sanki dünyanın düz vaxtında, Vətəndən qıraqda yenə hansısa məxfi tapşırığın ardınca olarkən itirə də bilərdi. Bunun mümkünlüyünü oğlu Muradın anasının dilindən mənə söylədiyi əhvalat pıçıldayır. Deyir, o vaxt kiçik olmuşam, Türkiyədə işlədiyi vaxtlarda bir gün atam anama tapşırır ki, bu saatacan gözlə, gördün ki, gəlmədim, uşağı da götür, get səfirliyə. Demək, təhlükə pusqudaymış.

İyirmisini də keçdi, otuzunu da aşdı, qırxını da adladı, əllisini də arxada qoydu. Altmışın, yetmişin, səksənin qapısı isə bağlı idi. Möhlət bu qədərmiş. Ancaq elə yaşadı ki, xoşbəxt ölümə həmişə hazır idi. Yol iyirmisində qırılsa da, otuzunda bitsə də, qırxında tamamlansa da, ardınca "Yaxşı idi", "Gərəkli idi", "Mərd idi" deyəcəkdilər. 52-sində getdi və Azərbaycanın Birinci Adamı, respublikanın rəhbəri onu hamıdan gözəl tanıyıb-bilən şəxs kimi ayrılıq günündə əslində tək özünün yox, hamının verə biləcəyi qiyməti verir, mərhumu azacıq da olsa tanımışların hər birinin dilindən qopa biləcək sözləri deyirdi, dünyadan sadəcə ləyaqətli bir insanın deyil, respublikanın ƏN YAXŞI adamlarından birinin getdiyini bəyan edirdi...

...Onların - iki dostun, sirdaşın, silahdaşın taleyində bir-biriylə tən gələn çox cəhətlər var. Tarixi pozub təzədən yazmaq, Vaxtın çarxını geri döndərmək mümkünsüzdür, Zaman Maşını yazıçıların təxəyyülündə işləyə bilir. Ancaq yaşanmış tarixin başqa bir ssenarisini, ayrı şəkildəki gedişini də təsəvvür etmək ürəkdən keçir. Heydər Əliyev Kremldə vəzifəyə gedərkən bəlkə də respublikanın idarəçiliyinə özündən 3 yaş kiçik məsləkdaşı, Moskvanın da yaxşı tanıdığı və ən çox inandığı Arif Heydərovu tövsiyə edərdi. Tarix də büsbütün başqa sahmanda cərəyan edərdi. Bu, ona görə ağla gəlir ki, ailəsinin təsdiqləməsincə, Heydər Əliyevin bir ara Arif Heydərovu Ali Sovetin sədri etmək niyyəti də varmış. Ancaq hər şey daha yaxşı ola biləcək kimi deyil, məhz olduğu kimi oldu və arxada qalan tarixin içərisindən bu gün hər ikisinin boyu elə sağlıqlarındakı kimi uca görünür.

...Ömürlərinin, talelərinin çox bənzərlikləri, kəsişmələri sırasında bu da varmış ki, ikisi də günlərin birində gəmiyə çevrilələr, sular boyu üzələr. Bu gün Xəzərdə üzən, yaxın-uzaq sahillərə yan alan "Heydər Əliyev" gəmisi də var, "Arif Heydərov" tankeri də. Hətta həmin gəmi, həmin tanker olmasa belə, onlar elə həyat yaşadılar, elə yol keçdilər ki, Zaman dənizində həmişə sabahlara sarı üzəcəklər. Vaxtın qoynunda əbədi gəmilərə çevrilmək onların ikisinin də nəsibiymiş.

Rafael HÜSEYNOV, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik

525-ci qəzet

 
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook