RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ona "dayağım" deyirdi İyul 03, 2023 | 17:33 / Mətbuatda çıxışlar

“Dəniz sahili” dilə və qəlbə yatan deyimdir, səslənincə insanda xoş duyğular oyadır. Zahirən “dəniz qırağı” da eyni ifadədir, ancaq 1930-1940-cı illərdə Azərbaycan insanlarında vahimə, nigaranlıq, nicatsızlıq yaradırdı və bir bədbəxtlik ünvanı sayılırdı. Sözün çəkisini, mənasını, rəngini dəyişən bina idi – dəniz kənarına yaxınlıqda yerləşən Dövlət Təhlükəsizlik Komitəsi. Sovet siyasi repressiyalarının tüğyan etdiyi əyyamlarda təhlükəsizlik orqanlarına daraşmış ermənilər iblis xislətli dövlətin apardığı siyasətdən də yararlanaraq insanlarımızın qorxulu yuxusuna çevrilən o idarədə xalqımızın seçmə övladlarına çox divanlar tutmuşdular, çox evlər yıxmışdılar. Ona görə camaat bədbəxtlik qaynağı olan həmin idarənin adını belə dilinə gətirmək istəməyərək ora bu adı vermişdi: “Dəniz qırağı!”

Hüseyn Cavid yadigarı Turan xanımın bu sözlərini heç unutmuram. 1937-ci ilin müdhiş iyun gecəsində NKVD-nin (bu idarənin dilimizdə o vaxtlar Xalq Daxili İşlər Komissarlığı adından daha təbii və dəqiq səslənən elə həmin dördcə hərfdir. Çünki o vaxtlar danışıqda hamı idarənin adını elə o təhər deyirdi. Bəlkə də belə bir şər yuvasının adını öz dilimizdə deməyə dil dönmürdü?) bədbəxtlik gətirən qara maşını dayanmışdı onların evinin qarşısında. Böyük Cavidi də, onun yazıb tamamladığı və yarıhazır olan neçə başqa əsərini də qayıdışsızlığa aparmışdılar. O fəraq gecəsindən axtarış protokolları yadigar qalıb. Altında iki imza: Pavlov və Parşin. Cavid həmin gecə mənzilinə girən çağırılmamış qonaqlardan rica etmişdi ki, bunlar son əsərlərimdir, hamısının makinadan çıxmış neçə nüsxəsi var, bəlkə izin verəsiniz hərəsindən biri qalsın. Bu sözlərə məhəl qoymamışdılar. Turan xanım anası Mişkinazın da, özünün də o itkin Cavid əsərlərindən söz düşəndə daim bir ehtimalını dilə gətirirdi ki, bəlkə də o gələnlərdən heç olmazsa biri azərbaycanlı olsaydı, başqa cür davranardı, Cavid əfəndinin ricasını yerə salmazdı...

Hər halda arxivlərdə lal-dinməz qalan çox işləri araşdırıb o dövrün alt qatındakı mənzərələri daha aydın görəndən sonra bu qənaətə gəldim ki, həmin xəfif gümanda həqiqət izi olmamış deyil. Bəlkə də zamanında o idarədə çalışanların əksəri özümüzünkülər olsaydı, istənilən halda dövlətin qırıb-çatma siyasətini nə qədər mütiliklə yerinə yetirsəydilər də, hər halda tarixdən bizə bəlli olan qansızlıqlıq və qəddarlıqlıqların çoxuna bais olmazdılar.

1996-cı ilin 28 iyununda həmin idarənin bir vaxtlar SSRİ-nin baş çekisti Feliks Dzerjinskinin adına olmuş, müstəqillik illərində artıq ölməz Azərbaycan şairi Şəhriyarın adını daşıyan klubda təntənəli mərasim keçirilirdi və Heydər Əliyev kürsüdə idi. Yada salırdı ki, 1950-ci ildə Leninqradda (indi Sankt-Peterburq) təhlükəsizlik orqanları xətti ilə yüksək təhsil aldıqdan sonra Bakıya qayıdaraq yolun o tayındakı, həmin “Dəniz qırağı” adlanan binada işə başlamışıdı. Məhz bu idarənin milliləşdirilməsi yolundakı səylər, elə sovet dövründəcə tədricən oradakı kadrların əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına gətirib çıxaran çətin niyyəti gerçəkləşdirmək Heydər Əliyevin gərək ən misilsiz xidmətlərindən sayıla. Bunun xeyirli nəticələrini biz onda gördük ki, daha əvvəlki onilliklərdə olan sayaq qanla müşayiət edilməsə də, hər halda başqacürdüşünənlərə qarşı gizli sovet siyasətinin davam etdiyi 1950-1960-cı illərdə məhz bu idarədə artmağa başlayan dərin bilikli, yüksək peşəkarlıqlı milli kadrlar xalqımızın seçkin övladlarına qarşı törədilə biləcək çox fəsadların və müsibətlərin qarşısını alaraq gedişatın səmtini daha xatasız məcraya yönəltdilər.

Heydər Əliyev əsrin dörddəbirini bu sistemdə çalışdı, sonra isə respublikanın və Sovet İttifaqının ali rəhbərliyində oldu. Bu elə həyat tərzidir ki, sənin nəinki yaxın dostlarının olmasına, hətta qohum-əqrəba ilə belə sıx təmaslar yaratmağına imkan vermir, istər-istəməz ailəndən (çox sirrini isə heç orada da bölüşmək ixtiyarın olmur) yaxın kimsə gözə dəymir. Olsa-olsa, uzaqbaşı barmaqla sayılacaq qədər az adamlar – onlar da ən yaxın qohumlar, bir də həmkarların arasında. Heydər Əliyevin də ömrü belə keçdi.

Həmin toplantıda, illərcə işləmiş olduğu idarənin keçmiş klubundakı yığıncaqda Heydər Əliyev bənzər taleli hər bir dövlət və hökumət adamının taleyi üçün səciyyəvi, özünün də ömründə izi qalmış həmin özünəməxsusluğu dilə gətirir və etiraf edirdi ki, məhz işinin tərzinə görə də onun yaxın dostları təqribən yox imiş. Lakin ürək qızdıra biləcəyin simsarlarsız ömür də boş, etibarlı dostların yerli-dibli olmadığı həyat da mümkünsüzdür və Heydər Əliyev həmin gün onu etiraf edə-edə bunu da söyləyirdi, təntənəni də elə hec vəchlə unuda bilmədiyi, həmişə əziz saydığı bir könül dostuna görə təşkil etmişdi: “Mənim həyatım Azərbaycanın gözü qabağındadır. Həyatımda o qədər şəxsi dostlarım olmayıbdır. Mənim dostlarım əhatəmdə olan, mənimlə bərabər işləyən adamlar olubdur. Gənc yaşlarımda insanlar vardı ki, rəsmi münasibətlər saxlayırdım, amma insanlar da vardı ki, rəsmi münasibətdən savayı, onlarla şəxsi münasibət də saxlayırdım. Arif Heydərovla münasibətim məhz belə, şəxsi münasibət xarakteri daşıyıbdır. Bu şəxsi münasibətlərimiz də o vaxtdan sona qədər davam edibdir. Bunun da əsası var. Əsası da ondan ibarətdir ki, mən yalnız öz xasiyyətimə uyğun olan adamla şəxsi münasibət saxlaya bilərəm”.

Kim idi Heydər Əliyevin gənclik illərindən sonacan dost deyə bildiyi və məhz elə ondakı keyfiyyətlərə sahib olan, vur-tut 52 illik qısa ömür yaşamış Arif Heydərov?

O, şərəfli bir atanın, köklü-köməcli bir nəslin övladı idi. Atası Nəzər Heydərov Zəngəzur mahalının Gürcülü kəndindən idi, XX əsrin əvvəllərində, hələ çar hökuməti dönəmində Moskvada Neft İnstitutunu bitirmişdi, 1930-cu illərdə Bakıya gəlib yolunu və taleyini neft sənayesi ilə bağlayana qədər ata-baba yurdu Zəngəzurda dövlət işində də çalışmışdı, inqilab komitəsində vəzifə tutmuşdu, oralarda Azərbaycan əhalisinə qarşı həmlələr edən quldur daşnak dəstələrinə qarşı mübarizəyə rəhbərlik etmişdi. Nəzər Heydərov Azneftin rəisi də işləmişdi, 1945-46-cı illərdə Güney Azərbaycana Bakıdan gedən xüsusi dəstənin tərkibində orada səmərəli fəaliyyətlər də göstərmişdi, 1949-54-cü illərdə isə Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin sədri vəzifəsinə də yüksəlmiş, elə həmin vəzifəni daşıdığından həm də SSRİ Ali Soveti Rəyasət heyəti sədrinin müavini olmuşdu.

Bunlar mayaları ayrı cür yoğrulmuş insanlar idilər, o nəslin əxlaqı, mənəviyyatı büsbütün başqa olub. Onların kommunistliyi də sonrakı əyyamların çürük kommunistliyindən deyildi, saf əqidəyə söykənirdi. Yeniyetmə Arif atasının rəis olduğu Əzizbəyovneft trestində yay tətilində çilingər işləyirmiş. Atasını işə xidməti maşın aparıb-gətirirmiş. Bir gün Arif xahiş edir ki, atası onun da səhərlər işə həmin maşınla getməsinə icazə versin ki, 1-2 saat artıq yata bilsin. Nəzər kişi etiraz edir: “Hamı kimi elektrik qatarına min, get. Hələ bu cür maşınla gedib-gəlmək haqqını sən gərək qazanasan”.

Öyrədirdi ki, oğul olmaq hələ imtiyazlara sahib olmağa bəs etməz, gərək arzularına çatmaqçün əlləşəsən, çalışıb-vuruşasan, özün zəhmət çəkəsən.

Ailə tərbiyəsinin ona aşıladığı vətənpərvərlik, dövlətçi düşüncə duyğusunun təsirindəndir ki, o, 1941-1945-ci illər davasına da könüllü olaraq, cəbhəyə getməsini valideynlərindən gizlədərək qatılmışdı və həmin gənc Arif Heydərovla mən Almaniyada “rastlaşmışam” da!

2000-ci illərin əvvəlləri idi, Avropa Şurası Parlament Assambleyası Hüquqi işlər və insan haqları komitəsinin növbəti iclası Berlində, Almaniya Bundestaqının yerləşdiyi möhtəşəm tarixi binada keçiriləcəkdi. Həmin adıbəlli Reyxstaqda. O bina ilə ilk görüş mənimçün çox həyəcanlı idi. Ona görə də səhər iclasının başlanmasından 1 saat öncə gəlmişdim ki, Reyxstaqı içəridən doyunca, rahatca seyr edə bilim. Divarlar boyu 1945-ci ilin may günlərində qalib sovet ordusu əsgərlərinin atdığı imzalar sıralanmışdı. Həm də hiss olunurdu ki, bunları onillərcə mühüm tarix yadigarları kimi qayğı ilə hifz ediblər, yazıların üstündən qoruyucu məhlullarla yüngülcə də keçiblər ki, zaman ötdükcə solub-saralmasınlar, ilkinliklərini saxlasınlar. Gözüm o imzalar içərisində azərbaycanlıların adlarını arayırdı, görüncə divarın həmin hissələrinin fotolarını çəkirdim. Bunlar mənimçün sadəcə adlar-soyadlar deyil, ilk növbədə canlı insanlar idilər. Söz yox, onların elələri vardı ki, 1941-ci ildən döyüşə-döyüşə Berlinədək gəlib çatmışdılar, bu divarda adlarını yazmışdılar, amma Reyxstaqın növbəti mərtəbələrinin faşistlərdən təmizlənməsi əsnasında həlak olmuşdular – 1945-ci il mayın 8-də, 9-da. Fotosunu çəkdiyim daha bir imza qələbə çalaraq Vətənə qayıda bilmiş Arif Heydərovunku imiş: “Arif. Bakı”, altında da həmin xətlə cızılmış tarix: “May. 1945”. Əlbəttə, bunun da, Reyxstaq divarlarında şəklini çəkdiyim başqa bir neçə imzanın da sahiblərinin əslində tanıdığım ayrı-ayrı adamların ata-babalarınınkı olmasını çox sonralar təsadüflər nəticəsində bildim.

Arif Heydərov 1926-cı il təvəllüdlü idi, müharibə başlananda 15 yaşı varmış. 1943-cü ilin fevralında təhlükəsizlik orqanlarında işə düzələn Arifi daha 11 gənclə birlikdə Moskvaya xüsusi peşə təhsili almaqçün SSRİ Xalq Daxili İşlər Komissarlığının kəşfiyyat məktəbinə göndərirlər. Təhsilini bitirəndə artıq zabit rütbəsi də alır. Oğlu Murad mənimlə ailə xatirələrini bölüşür. Soruşuram ki, müharibə illərindən nə danışırdı, deyir ki, mən uşaq idim, amma böyüklərə söylədiyi xatirələr yadımda qalıb. Atasıgil cəbhəyə yollandığını bilib narahat olmasınlar deyə bir dəstə məktub yazıb dostlarına veribmiş ki, hər ay birinin altına təzə tarix qoyaraq poçta atsınlar ki, Bakıda onun Moskvada olduğunu zənn etsinlər. Ona görə də həmin dövrdə işlə bağlı Moskvaya gələsi olan Nəzər kişi oğlunun oxuduğu DTK məktəbinə gedib Arifi soruşanda və “balanız çoxdan cəbhədədir” cavabını alanda heyrətlənmişdi ki, ola bilməz, axı mən hər ay ondan müntəzəm olaraq məktublar alıram.

Murad söhbəti davam eləyir ki, atam zabit olduğundan onu özündən xeyli yaşlı “dədələr”ə, artıq 3-4 illik döyüş təcrübəsi olan əsgərlərə komandir təyin ediblərmiş.

Və onlar da 18 yaşlı bu “sütül”ə bir az təkəbbürlü, yuxarıdan aşağı baxırlarmış. Arif doğmalarına o “dədələr”in hörmətini necə qazandığının tarixçəsini belə nəql edir ki, bir axşam bərk gurultu qopdu. Səngərdən çıxdım, gördüm ayağımın altında yer titrəyir. Ağlımdan keçdi ki, Almaniyada zəlzələmi baş verir?

Bizimkilər qışqırışdılar ki, tez qaç, gir səngərə, o yandan almanlar pulemyotla bizim tərəfə atırlar, güllələr qabaqdakı təpəyə dəyir, ona görə yer titrəyir, cəld yat aşağı. Mən onlar nə qədər həyəcanla qışqırsalar da, qorxmadığımı göstərməkçün tələsik yox, aramla addımlayıb səngərə endim. Əsgərlər hamısı mat qalmışdı ki, bu, qurd ürəyi yeyib, dəlidir. O gündən başladılar mənə çox hörmətlə yanaşmağa.

Davadan sonra Arif qayıtmışdı Vətənə, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində xidmətə başlamışdı və Heydər Əliyevlə yolları da o vaxtdan qovuşmuşdu, o buna, bu ona daxilən çox yaxın olduqlarını ilk təmaslardanca hiss etmişdilər və bu həmahənglik də onları sadiq dostlara çevirmişdi (Bu sədaqətə elə bircə tutarlı sübut. 1968-ci ildə atası ölüm yatağında olanda Arif Türkiyədəki sovet səfirliyində rəsmən konsulluq idarəsinin rəisi vəzifəsində idi, əsas işi isə kəşfiyyat idi – onun bu səmtdəki fəaliyyətinin əsasən ABŞ və Avropa ölkələri ilə bağlı olduğunu Türkiyə kəşfiyyatı da bilirmiş. Şərti olaraq “Qaraqaş” kod adı verdikləri Arif Heydərova da ehtiramla yanaşırmışlar. Atası ilə vidalaşa bilməkçün Arif Moskvadan icazə alaraq 3 günlüyə Bakıya gəlir, Nəzər kişi canını tapşırmadan onunla görüşür də və dəfndən sonra yenə Türkiyəyə qayıdır. Yenə oğlu Murad söyləyir: “Babamın cümə axşamlarını atama qardaş əvəzi olan Heydər Əliyev verir”).

Və həmin sədaqətli birgəliyin tarixçəsini Arifin vəfatından 18 il sonra, onun onsuz gələn 70-ci ildönümündə Heydər Əliyev belə yada salırdı: “O vaxt mən bu kollektivlə işləməyə başlayanda oradakı mürəkkəb vəziyyəti və gənc azərbaycanlılardan ötrü işləmək, xalqına, ölkəsinə xidmət etmək üçün şəraitin nə qədər məhdud olduğunu gördüm. Yalnız çox istedadlı və çox yüksək keyfiyyətlərə malik olan gənclər bu çətin yollardan keçib xidmət etmək üçün layiqli vəzifələr tuta bilirdilər. Onlardan biri də məhz Arif Heydərov idi. Mən onunla 1950-ci ildə Azərbaycana, Bakıya gəldikdən sonra tanış oldum. Bizim tanışlığımız qısa bir müddətdə yaxınlığa çevrildi. O zamandan Arif Heydərovun həyatının son dəqiqələrinə qədər onunla həm iş sahəsində sıx əlaqəm olub, eyni zamanda şəxsi dostluğum olubdur. 1969-cu ildə mən Azərbaycan Respublikasına rəhbər seçiləndən sonra üzərimə düşən vəzifələri həyata keçirmək üçün bir çox kadr dəyişiklikləri etdim. O zaman mənə sədaqətli kadrlar, mənəviyyatca saf, təmiz insanlar lazım idi. Bunlardan birincisi kimi mən Arif Heydərovu seçdim”.

Arif Heydərov sevdiyi kəşfiyyat işindən ayrılmaq, Türkiyəni qoyub bura, Bakıya daxili işlər naziri vəzifəsinə gəlmək istəmirmiş. O sahə üzrə onu başqa perspektivlər də gözləyirmiş.

Təbii ki, belə yüksək təyinatlar zamanı mütləq Moskvada da qəbullardan, söhbətləşmələrdən keçməliydin. Əvvəlcə onu Moskvada öz nazirliklərində Heydər Əliyevin xahişi əsasında o çağlar SSRİ DTK-sının nazir müavini işləyən Semyon Sviqun qəbul etmişdi və Arif Heydərov “hə” verməmişdi.

Heydər Əliyev dəqiqləşdirirdi: “Mən onu Türkiyədən dəvət etdim və daxili işlər naziri vəzifəsini təklif etdim. Doğrudur, o bu işə o qədər də həvəslə gəlmədi. Çünki bilirdi ki, bir tərəfdən bu, çətin, ağır işdir, digər tərəfdən də o, xaricdəki işindən ayrılmaq istəmirdi. Ancaq o, hiss edəndə ki, mənə burada kömək lazımdır və bu sahə çox mühüm sahədir, söhbət ayrı-ayrı adamların vəzifəsindən yox, ümumxalq prinsiplərindən gedir, bu vəzifəni öz üzərinə götürməyə razı oldu. Ondan sonra da həyatının son dəqiqəsinə qədər bu vəzifədə sədaqətlə xidmət etdi. Arif Heydərov mənim iş yoldaşım, dostum, silahdaşım olubdur. Mən ona çox inanır, etibar edirdim, onun fəaliyyətini çox yüksək qiymətləndirirdim. Ona görə də mən Azərbaycana rəhbər gələndə o, əsas dayaqlarımdan biri idi. Əvvəl dövlət təhlükəsizlik orqanlarında olduğu kimi, Azərbaycanın Daxili İşlər Nazirliyinə rəhbərlik etdiyi dövrdə – 8 il müddətində də çox fədakarcasına çalışdı, şox işlər gördü”.

Ömür-gün yoldaşı Ədilə xanım xatırlayırdı ki, Arif cüssəli idi, 56 ölçülü kostyum geyinirdi, bir dəfə dayanmışdı güzgünün qabağında, mən, iki oğlumuz – Muradla Maqsud arxadan onun kürəyinə qısıldıq, kürəyi bizi örtdü, güzgüdə görünmədik. Zarafat elədi ki, görürsünüz necə dağ kimi dayanmışam sizin ardınızda. Vaxtilə işlədiyi DTK-da ona “Belvederli Apollon” deyərdilər. Gözəl idi, qamətli idi, bilikli idi, nəcib idi. Deyirəm, bəlkə kaş heç belə olmayaydı, bəlkə onda itkisi bizi belə çox yandırmazdı?!.

Qiymətlər üst-üstə düşür. Heydər Əliyev də ona “dayağım” deyir, ailəsi, doğmaları da “dağımız, arxamız” söyləyir və keçdiyi yol da açıqca göstərir ki, bu mətin insan elə dövlətinin, millətinin də sütunu, sipəri olmağa hər an hazır dayanmış cəsur əsgərmiş.

Belə qiymətli Vətən oğullarının erkən gedişi həmişə yalnız bir ailənin, doğmalarının itkisi olmur, bütün millətin acısına çevrilir. Xalqsa, hansı böyüklükdə və dəyərdə oğullar itirdiyinin fərqində olaraq, onları müdam sayğıyla ansın deyə gərək onları gəryincə də tanıya.

Arif Heydərov geniş bilikli, yüksək peşəkar keyfiyyətlərə malik, həm də insan kimi içəridən zəngin şəxsiyyətmiş. O, ana dili və ruscadan savayı Türkiyə türkcəsini, alman, ingilis, polyak və fars dillərini də səlis bilirmiş. Həm də o qədər mükəmməl ki, bu dildə fikirlərini həmin dilin daşıyıcılarını duyğulandıracaq qədər rəvan, təsirli  ifadə edə bilirmiş. SSRİ daxili işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Almaniyada səfərdəymişlər. Sovet qonaqlarının şərəfinə verilən ziyafətdə Arif Heydərov almanca sağlıq deyir. Qısa, cəmi bir neçə dəqiqə çəkən həmin sağlığı dinləyən almanlardan neçəsinin kövrəldiyini görən nazir Nikolay Şelokov soruşur ki, Heydərov nə dedi bunlar bu hala düşdülər? Arifin söylədiklərini ona tərcümə edirlər. O da təsirlənir, “Nazir belə olar” söyləyir. Arif məclisə üz tutaraq deyibmiş ki, mən İkinci Dünya müharibəsi vaxtı sizin ölkədə olmuşam. Biz özümüzü heç zaman işğalçı kimi aparmamışıq. Şəxsən mən alman uşaqlarını soyuqdan qorumaq, yedizdirmək üçün rahatlığımdan da keçmişəm, yaşlıların dadına çatmışam. Biz alman xalqını da faşizm bəlasından qurtarmaq üçün çarpışmışıq.

...İlk gəncliyindən ona xüsusi bir ədalətlilik, insaflılıq, mərhəmət hissi xasmış, bəlkə hətta qədərindən də artıq. Onu yaxından tanımış dostlarının inanımlı xatirələrindən buna bələdəm. Sonralar Azərbaycanın daxili işlər naziri vəzifəsini də tutmuş, Arif Heydərovun nazir olduğu dövrdə Mərkəzi Komitədə İnzibati orqanlarla iş üzrə şöbənin müdiri vəzifəsini tumuş Cəfər Vəliyevin xatirəsidir ki, bir dəfə kabinetində ona gileyləndim ki, yol müfəttişləri özlərini yaxşı aparmır, sürücülərlə kobud davranırlar, onlardan 3-5 manat qoparmaq üçün yüz hoqqadan çıxırlar.

Qalxdı keçdi pəncərənin qarşısına, küçəni göstərdi. Qızmar yay günüydü. Dedi, günün altında indi hərarət nə qədər olar? Cavab verdim ki, bu gün dəhşətli istidir, göydən od yağır. Elə bildim bayaq dediklərim yadından çıxdı, ya qəsdən söhbətin yönünü dəyişir. Ancaq qayıtdı ki, bilirsən həmin od kimin başına yağır? Suala özü də cavab verdi: Sənin qarasına danışdığın həmin QAİ işçilərinin başına. Xəbərin var onların maaşı nə qədərdir?! – 98 manat. Qalmışam odla su arasında. Sənə yaxşı məlumdur ki, mən qanunun tərəfindəyəm. Dövlət bu adamları yaşada bilsəydi, qüsurlu hərəkətlərinə görə onlara qanunun bütün sərtliyi ilə cəza verərdim. Anlayıram ki, hansını dəyişsəm, yerinə gələn işinin müvəqqəti olduğunu bilib bəlkə ondan da artıq alacaq, ondan da kobud olacaq. Ona görə cəzalandırmağa tələsməkdənsə başa düşməyə, islah etməyə çalışaq.

Arif Heydərovun başadüşən, həssas, adil davranışlarıyla bağlı oxşar söhbətləri mənə onunla yaxın olmuş Xalq rəssamı Salxab Məmmədov da söyləyib.

...Heydər Əliyevlə Arif Heydərovu ortaq əqidəli edən bir başqa cəhət də onların hər ikisinin erməniçiliyin bütün rəzil görsənişlərinə qarşı həmişə barışmaz mübariz olmaları idi. Hər ikisində də bu damar həm də nəsil ənənələrindən gəlirmiş.

Arif Heydərov fizik ixtisasına yiyələnməyi arzulasa da, tarix üzrə təhsil almışdı, fəqət fiziklik də həmişə onunla qaldı, bu sahəyə dair kitabların mütaliəsindən həmişə zövq aldı. Və fiziklik damarı ona hadisələrə miqyaslı, fəlsəfi yanaşmaq qabiliyyəti bəxş etmişdi. Tarixçiliyi isə ona həm öz keçmişimizi, həm də digər xalqların dünənini yaxşı bilmək gücünü vermişdi. Bu da həm DTK, həm də  DİN-dəki işində çox karına gəlirmiş.

Məşhur “Qara polkovnik”, Birinci Qarabağ savaşında, 1994-cü ildə keçirilmiş uğurlu Horadiz əməliyyatının rəhbərlərindən olmuş, zamanında Arif Heydərovla birgə işləmiş Fətulla Hüseynovun xatirəsidir ki, Ermənistanda, İcevan şəhərində Qafqaz respublikaları daxili işlər nazirlikləri rəhbərliklərinin ənənəvi müşavirəsi keçirilirmiş. Müşavirənin axırıncı günü verilən ziyafəti idarə edən, həm də deputat olan İcevan Rayon Partiya Komitəsinin birinci katibi şəstlə başlayır danışmağa ki, Yerevan Zaqafqaziyada ən qədim şəhərdir, bu yaxınlarda onun 1750 illiyini qeyd edəcəyik, bu minvalla erməni xalqı da buralarda yaşayan ən qədim xalqdır, badələri dostluğun şərəfinə qaldıraq.

Arif Heydərov badəni masanın üstünə qoyaraq ayağa qalxır: “Mən bu sağlığa içməyəcəyəm. Siz guya tarixçi olduğunuzu desəniz də, tarixi bilmirsiniz, yaxud bilərəkdən təhrif edirsiniz. Onda biz də bu yaxınlarda Bakının 10 min illiyini qeyd edəcəyik. Sizin kimi daşların üstünə istədiyimiz saxta tarixi qazıb dənizə atsaq, sonra həmin daşı çıxarıb onun əsasında tarix yazsaq, belə tarixi nə qədər desən qədimə çəkmək olar”.

Və hamının qarşısında tələb edir ki, 3 Qafqaz respublikası daxili işlər nazirlərinin qatıldığı belə mötəbər məclisdə o cür sayıqlamalara yol vermiş raykom katibi üzr istəsin...  

...Ölüm ona doğru yaxınlaşırmış, qarabaqara güdürmüş, fəlakət pusqudaymış. Bu, bir qəzavü qədər idi, ya nə, bir Allah bilir.

1978-ci ilin aprelində 2 ay sonra onunla birlikdə qətlə yetiriləcək müavini Səlahəddin Kazımovla bərabər 6 saylı islah-əmək koloniyasına tikinti-təsərrüfat işləri ilə tanış olmağa gəlibmiş. Elə müəssisədən çıxıb 20 metr aralıdakı dəmir yolunu keçərkən qəfilcə yük daşıyan parovoz gəlib nazirin maşınına çırpılır və avtomobili sürükləməyə başlayır. Parovozu təcili dayandırmaq mümkün olur və labüd ölümdən qurtulurlar.

Ancaq mənhus kabus bununla onun yaxasından əl götürmür.

Arif Heydərov iyun ayının 28-də doğulmuşdu. Oğlu Murad mənə danışır ki, axşam hamımız birlikdəydik. Atamın ad gününü adətən olduğu kimi qonaq-qarasız, özümüz, ailə məclisində qeyd elədik. Haradan ağlımıza gələrdi ki, bu, hamımızın birgə olduğumuz son axşamdır. Ailəmizin xoşbəxt olduğu son axşam. Atamın 52 yaşı tamam olurdu.

Ertəsi gün – iyunun 29-da general Arif Heydərov səhərdən yenə iş başındaydı. Ömrün yeni ili, təzə gün başlanırdı. Müavini Səlahəddin Kazımov, köməkçisi Əziz Səfixanov onun otağında idilər. Cari işləri müzakirə edirdilər. Və nazirin qapısı açılır, bir milis işçisi hövlnak girir içəri. Hansısa əməkdaşın irəlicədən görüş təyin edilmədən, dəvətsiz-icazəsiz, xəbərdarlıqsız-filansız sırtıqcasına nazirin kabinetinə soxulmasından daha artıq təəccüb doğuran və anlaşılmaz olansa bu idi ki, gələnin  əlində tapança vardı.

Kim idi bu çağırılmamış qonaq?

Bu gözlənilməz gəliş anlarında baş vermiş və sorağı ildırım sürəti ilə yalnız Azərbaycanın dörd bucağına deyil, bütün Sovet İttifaqına yayılmış hadisədən sonra ciddi təhqiqat başlanmış, bir çox arayışlar hazırlanmışdı. O gələnin və hadisəni törədənin kimliyi haqqında Mərkəzi Komitəyə təqdim edilmiş müfəssəl arayışda göstərilirdi ki, Şuşa türməsinin təsərrüfat hissəsi müdiri işləmiş Z.Muradov 1949-cu ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunda doğulub. 1970-ci ildə Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra təyinatla Rostov Vilayəti Daxili İşlər İdarəsinə göndərilsə də, ora getməmiş, Mərkəzi Komitəyə təqdim edilən arayışda araşdırmaların üzə çıxardığı dəlillərə əsasən təsdiqləndiyi kimi, Azərbaycan Daxili İşlər Nazirliyi “kadrlar şöbəsi əməkdaşlarının köməyi ilə”  respublikanın islah-əmək müəssisələri şəbəkəsində işə düzəlmiş, 1971-ci ilin yanvarından iyununadək Ağdam şəhəri 8 saylı islah-əmək koloniyasında iqtisadçı vəzifəsində işləmişdi. Sovet Ordusu sıralarında 1 illik hərbi xidmət keçdikdən sonra o, köçürmə yolu ilə əvvəlki iş yerindən İvanovsk vilayətinin Zavoljsk Rayon Daxili İşlər Şöbəsinə keçirilmiş, orada milisioner, Tibbi ayıltma məntəqəsində, ardınca isə Uşaq otağında inspektor vəzifələrində çalışmışdı. Bir müddət sonra Z.Muradov respublikada istənilən bir yerdə işlə təmin edilməsi haqda xahiş ərizələri ilə Azərbaycan Daxili İşlər Nazirliyinə ərizələrlə müraciət etməyə başlayır. İnadlı istəyini nəzərə alırlar, 1975-ci ilin iyulunda onu Şuşa həbsxanasında təsərrüfat hissəsi müdiri vəzifəsinə qəbul edirlər. Şuşada kirayədə yaşayırmış. Toplanmış məlumatlar göstərirdi ki, o,  öhdəsinə düşən vəzifəyə səhlənkarlıqla yanaşır, işə vaxtaşırı gecikirmiş. Onun hansı yolun yolçusu olduğu üçün fəaliyyətlərinin bütün təfərrüatları bitdə-bitdə araşdırılarkən bu da bəlli olmuşdu ki, Z.Muradov xidməti səlahiyyətlərindən sui-istifadə edərək Şuşa həbsxanasında saxlanılan 2 dustağın qonşu Ağdam şəhərində qohum-əqrəbası ilə görüşməsini təşkil etmiş, bu məsələnin üstü açılanda o vaxtlar türmə rəisi olan Baluqyanla aralarındakı isti münasibətlərə və alış-verişə görə əsl mahiyyət ört-basdır edilmiş, hadisə belə qələmə verilmişdi ki, guya Ağdam-filan söhbəti olmayıb, o dustaqlar türmə ərazisini təmizlədikləri vaxt buraya gələn qohumları ilə hal-əhval tutublar. İşi belə bəzəyib məsələni töhmətlə yekunlaşdırırlar. Ancaq üstündən üçcə ay keçməmiş həmin Baluqyan dostunun üstündən töhməti də götürür və onu növbəti baş leytenant rütbəsinə təqdim edir.

Keçmiş iş yoldaşlarından onun necə adam olmasını soruşmuşdular. Demişdilər ki, yekəxana, özündənrazı birisi olub, ailəsi ilə də az maraqlanarmış, köhnə iş yerində – İvanovsk vilayətində məşuqələri varmış, iki dəfə məzuniyyətini onların yanında keçiribmiş, onun davranışları, xasiyyəti elə o çağlar Şuşa həbsxanasında mövcud olan hərki-hərki durumla tam uyğunmuş. Qanunsuzluqların, özbaşınalıqların tüğyan etdiyi Şuşa türməsində 1977-ci ilin aprelində məhbusların iğtişaşı baş vermişdi, həmin ilin avqustundasa orada bir əməkdaş əvvəlcə iş yoldaşını qətlə yetirmiş, sonra özünə qəsd etmişdi.

Qaydalara görə, türmə ərazisindən hər dustaq qırağa yalnız xüsusi icazə ilə, konvoyun müşayiəti ilə çıxarılmalı, bununçün geri qayıdanda təhvil alınan ayrıca buraxılış vərəqəsi verilməli, hər giriş-çıxış haqda mütləq müvafiq jurnalda qeydiyyat aparılmalı idi. Nə qeydiyyat, nə konvoy?! Sözün elə birbaşa mənasında açıq bazarmış, haqqını ver, işini gör – Şuşa türməsini su yoluna döndəriblərmiş. Qanuna görə, heç Z.Muradovun silah gəzdirmək hüququ yoxmuş. Lakin aşnası, türmə rəisi Baluqyan ona mütəmadi olaraq silah verilməsinə razılıq veribmiş.

Bakıda, Daxili İşlər Nazirliyinin binasında məşum qətli yerinə yetirməsi ərəfəsində Z.Muradovun gəzdirməyə ixtiyarı olmadığı tapançanı da götürərək rəsmi yazılı icazə olmadan iş yerini tərk etməsi sanki heç kəsin diqqətini çəkməmişdi. Onsuz da belə hallar – bəzi əməkdaşların, o sıradan elə Z.Muradovun da iş yerini kefi istəyəndə tərk etməsi adiləşibmiş. Şuşa türməsinin rəisi Baluqyanın oradakı “Burda mənəm, Bağdadda kor xəlifə” özbaşınalıqları da belinin yuxarılara bağlı olmasıyla əlaqədar idi. O dövrdə respublikanın İslah-Əmək Müəssisələri İdarəsinin iki rəhbərindən biri M.Yaqubov, digəri P.Minosyan imiş.

Fil qulağında yatmağın ardında həmişə büdrəmələr, acılar, faciələr var. İnsanlarımızdan da bunu öz ömründə yaşamışlar az olmadığı kimi, millətimiz də belə etinasızlığın müsibətlərini yetərincə duyub. Ancaq çifayda ki, tarixin, keçmişin naxışsızlığının bir üzü də budur ki, adətən adamlar və hətta bötöv xalqlar onun ibrətlərindən dərs almağa meyilli olmurlar.

Arayışda bu da əksini tapıb ki, sən demə, Z.Muradov bir neçə dəfə nazirliyə təxribatçı, hədələyici məzmunda məktub da yollayıbmış ki, iş yerimi dəyişməsəniz, əcnəbi vətəndaşlığı qəbul etməkçün xarici ölkə səfirliyinə müraciət edəcəyəm, ya da əlimdən pis bir iş çıxacaq. Həm də o məktubların hər biri qaba, təhqiramiz ifadələrlə dolu olurmuş. Basaratları bağlanıbmış elə bil. Bu təhər məktublara heç tükləri tərpənmirmiş. Heydər Əliyevin göstərişi ilə yaradılmış və apardıqları araşdırmaların nəticələri ilə bağlı müntəzəm hesabat tələb etdiyi komissiya belə bir faktı da üzə çıxarmışdı ki, sən demə, bu Z.Muradov Xalq Təsərrüfatı İnstitutunda təhsil alarkən 1968-ci ildə qaldığı yataqxanada tələbə yoldaşı Fazil Nəzərovu ayağından bıçaqlayıbmış. 1 il əvvəl, nəhayət ki, nazirə olan çoxsaylı müraciətlərindən sonra onun Mirbəşir rayonundakı milis idarəsinin Uşaq Otağı müfəttişi vəzifəsinə keçirilməsi haqqında əmr hazırlanıbmışsa da, nədənsə imzalanmayıb. 1978-ci il iyunun 9-da  isə onun başqa yerə köçürülməsi ilə bağlı növbəti müraciətinə də rədd cavabı verilir.

Z.Muradovun qərarı ani gəlinən fikir deyilmiş. İçində gəzdirirmiş, hazırlaşırmış bu işə. Arayış o ayrıntını da çatdırır ki, sərrast atıcıymış və 70 patron da tədarük edibmiş. Yəni Daxili İşlər Nazirliyi binasında hər hansı müqavimətlə qarşılaşarsa, atışaraq irəliləməyə, daha çox adamı qətlə yetirməyə qəsdli imiş.

İyunun 28-də Z.Muradov Şuşa türməsi rəisinin qeyri-qanuni – şifahi icazəsi ilə, konvoysuz 1 dustağı da götürərək xüsusi milis maşınında ərzaq almaqçün Yevlax rayonuna gedir, axşam qayıdaraq dustağı təhvil versə də, silahı özündə saxlayır. Ayın 29-da qatarla Bakıya gəlir, günorta saatlarında yollanır nazirliyə, əlində heç bir ezamiyyət vərəqəsi olmasa da, komendaturada onu saxlayıb söz soruşmurlar, keçir içəri, dəhlizlərlə irəliləyir, qalxır üçüncü mərtəbəyə, nazir müavini general-mayor Səlahəddin Kazımovun kabinetinə. Hədəfi də oymuş. Otağında olsaydı, hadisələr başqa cür cərəyan edəcəkmiş. “Nazirin yanındadır” deyirlər. Dikəlir nazirin kabinetinə sarı...

...Hadisə ilə bağlı ilk zəngi Heydər Əliyevə edirlər...

İnanılmaz idi. Gündüzün günorta vaxtı hamını qorumalı olan yerdə ən yaxın sirdaşına, dayağına qəsd etmişdilər...

Rafael HÜSEYNOV, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik

525-ci qəzet

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook