RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Onun yandırdığı ocaq İyun 21, 2023 | 17:39 / Mətbuatda çıxışlar

Dəyişən zaman asta-asta üzdən baxanda heç bir qeyri-adiliyi olmayan yerlərə tarix donu geydirir. Aylar, illər, fəsillər sanki külək kimi, su kimi öz yeknəsəq axarıyla izsiz ötüb keçir. Amma baxırsan ki, insanın ağaran saçında, çöhrələrə qonan qırışlarda qoyub keçdiyi naxışlarla pıçıldayır ki, mən varam, sənin çölündən yox, içərindən keçib gedirəm, məni görmək üçün ən azı özünə bax!" Torpağın üstündə qalan nişanələriylə zaman dünənəcən bomboş olan bir məskəni də ahəstə-ahəstə rəngsizlikdən qurtarır, tarixləşdirir, yalnız ona məxsus tərcümeyi-halla yükləyir.

İndi hamının yaxşı tanıdığı o məkan vaxtı ilə düzənlik olub. Həm də çox keçmişlərdə deyil, elə on doqquzuncu yüzilin sonlarında, lap iyirminci əsrin əvvəllərində də. Köhnə fotolar qalır. Ora futbol meydanıdır, sonraların məşhur "Neftçi"si oyunlarını orada keçirir. Ayrı bir zaman gəldi, həmin geniş boşluqda 1940-cı illərdə Hökumət evi tikildi, o sarayın qarşısında dövrün rəmzlərindən olan Lenin heykəli ucaldı. Zəmanə o abidəni də yıxdı, onminlərlə insanın hər il bir neçə dəfə hökmən səliqəli sıralarla axın-axın keçdiyi o meydana o heykəllə yapışmış adı da apardı. El özü həmin birzamankı boş əraziyə təzə ad qoydu: Azadlıq meydanı.

İllər boyu yüz minlərlə, milyonlarla azərbaycanlı bu meydandan adlamışdı. Onillər boyu neçə rəhbər o kürsülərdən yüz minlərlə, milyonlarla azərbaycanlıya üz tutaraq "Vətən" demişdi, "Xalq" demişdi, "Azərbaycan" demişdi. O hündür kürsüdən bu millətə - yüz minlərlə, milyonlarla azərbaycanlıya böyük azərbaycanlı Heydər Əliyev də üz tutaraq "Vətən" dedi, "Xalq" dedi, "Azərbaycan" dedi. Amma heç kəsin dilində "Vətən" sözü, "Xalq" sözü, "Azərbaycan" sözü Heydər Əliyevin dilində olduğu qədər inamla səslənmədi. Azərbaycan xalqı ürəkli xalqdır. Ürəkli, yəni duyğulu, həssas. Ürəkli, yəni cəsur, mərd. Heydər Əliyev ürəkli adam idi. Ürəkli, yəni cəsur və duyğulu. Ürəkli, yəni həssas və mərd. Heydər Əliyev "Azərbaycan" deyəndə, Heydər Əliyev "Xalq" deyəndə, Heydər Əliyev "Vətən" deyəndə o kəlmənin içərisinə ürəyini qoyurdu. Ona görə onun dilindən qopan "Vətən" sözü də, onun dilindən qopan "Xalq"sözü də, onun dilindən qopan "Azərbaycan" sözü də hər bir azərbaycanlının ürəyində əks-səda verirdi. Heydər Əliyev ömrü boyu bu xalqın dilini sevdi. Heydər Əliyev ömrü boyu bu xalqın mədəniyyətini, adətlərini, ənənələrini sevdi. Heydər Əliyev ömrü boyu bu xalqın üzərində yaşadığı torpağı sevdi. Bu torpağın üstündə ömür sürən hər bir vətəndaşı sevdi. Heydər Əliyev çox vəzifələr daşıdı, ömrü boyu çox peşələr öyrəndi. Amma öyrəndiyi bütün peşələr də, daşıdığı bütün vəzifələr də əslində onun həyatının mənası olan ali bir vəzifənin fərqli təzahürləri, başqa çalarları, ayrı görüntüləri idi. Həmin ali vəzifənin adı: Azərbaycançı!

Heydər Əliyev Yol Adamı idi. Ömrü boyu çox yollardan keçdi. Çox yolların da ilk keçəni özü oldu, o yolları özü açdı. Amma ilk dəfə açdığı yollarda, addımladığı onacan keçilmiş yollarda hamısı bütövlükdə onun həyatının mənası olan böyük bir yola qovuşurdu, həmin yolun hissələri idi. Bu böyük yolun adı: Azərbaycançılıq. Millət hafizəsində həmişəlik saxlamaq istədiyi övladlarını əbədiləşdirmək üçün onların adına küçələr verir, yollar verir. Heydər Əliyevin də adına Azərbaycanda da, Azərbaycandan uzaqlarda da küçələr, prospektlər, meydanlar, bağlar, xiyabanlar var. Bu gün var, gələcəkdə yeniləri də olacaq. Amma Heydər Əliyevə bağlı bir yol da var ki, onun adını daşıyan hava limanından başlanır. Hava limanından başlanan yol səmaya uzanır. Səmaya - demək, Sonsuzluğa. Heydər Əliyevin açdığı azərbaycançılıq yolu da o yola bənzəyir. Sonsuza qədər uzanan bir yol, əbədiyyət üfüqlərinə baş alan yol. Millətimiz zaman-zaman bu şərəf yolundan keçəcək - böyük Heydər Əliyevdən yadigar qalan azərbaycançılıq yolundan.

XX əsr yenicə bitmiş, XXI əsrin birinci onili təzə-təzə yaşa dolurdu. Heydər Əliyevlə əbədi ayrılıqdan hələ cəmi dördcə il keçirdi. Hər biri Azərbaycanın böyük zəka sahibi, müəllim, ustad kimi tanıdığı üç görkəmli şəxsiyyətlə üz-üzə idim, bir axşam Heydər Əliyevi anırdıq, bu söhbətimizi bütün Azərbaycan görürdü və gələcəyin azərbaycanlılarına da həmin görüşdə söylənənlər yadigar qalsın deyə bütün bunlar yazılırdı - Azərbaycan Televiziyasının ekranındaydıq. İndi artıq özləri də xatirəyə dönmüş həmin üç hörmətli qonağımla birgə olduğumuz o anlar da xatirəyə iki saat uzunluqlu bir lentin yaddaşında Azərbaycan Televiziyasının xəzinəsində qalmaqdadır. Doktor Cavad Heyət, akademiklər Fuad Qasımzadə, Ağamusa Axundov. Hər üçü Azərbaycanın fəxri, hər üçü ömrü boyu Azərbaycana xidmət etmiş yurdçu, xalqçı insanlar. Özləri böyük müəllimlər olan bu şəxsiyyətlər ən misilsiz müəllim kimi baxdıqları Heydər Əliyevin azərbaycançılığından bəhs edirdilər.

Böyük azərbaycanlı Heydər Əliyevdən millətimizə qalan miras zəngindir. Bu irsin içərisində hər zaman ehtiyac duyacağımız, daim bu millətə güc verəcək bir böyük amal da var: azərbaycançılıq məfkurəsi. Bəlkə də həmin azərbaycançılıq düşüncəsi və məfkurəsi Heydər Əliyevin bütün fəaliyyətinin, yolunun və ömrünün yekunudur. Bu məfkurənin millətimizə nə verdiyi, nə verəcəyi, dünya boyu səpilmiş xalqımızı qovuşdurmağa qadir hansı nadir güc olması haqda söhbətlərin heç vaxt sonu olmayacaq.

Dördümüzün birgə olduğumuz axşamda filosof Fuad Qasımzadə Heydər Əliyevin memarı olduğu azərbaycançılıq məfkurəsinin mahiyyətini açmaqçün onun şəxsiyyətinin təhlilindən başlamışdı. Deyirdi ki, siyasi aləm, siyasi ideologiya Ulu öndərin stixiyası idi. Elə bil ki, Allah ancaq onun üçün yaratmışdı Heydər Əliyevi. Ona görə də bütün siyasi xadimlərdən bir çox üstünlükləri ilə fərqlənirdi. Əli bəy Hüseynzadənin "Siyasət-ifürusət" adlı bir əsəri var. Siyasəti cıdır meydanına, siyasətçinin fəaliyyətini o meydanda at çapan süvariyə bənzədir. Adam var ki, o meydanda heç at minə bilmir, adam var ki, minir, amma birtəhər sürür. Heydər Əliyev sözün əsl mənasında siyasət cıdırında atını dördnala çapan misilsiz bir çapar, mahir siyasət süvarisi idi.

Konstitusiya Komissiyasının üzvü olan Fuad müəllim xatirəsini bölüşürdü: "İyulun 2-si idi, 1995-ci il. Adətən iyulun 1-indən biz universitetdə məzuniyyətə çıxırıq. Mən adətən yayı Kislovodska dincəlməyə gedirəm, ya da bağa köçürəm. Hələ ki nə onu, nə bunu etmişdim - şəhərdəki mənzilimdəydim. Televiziyada axşam saat 5 xəbərini izləyirdim. Gördüm elan etdilər ki, yeni Azərbaycan Konstitusiyasını hazırlamaq üçün komissiya yaradılıb, sədr Heydər Əliyev özüdür. Bir-iki dövlət xadiminin adını çəkəndən sonra keçdilər bir neçə alimin, hüquqşünasın, filosofun adı sadalandı və o sırada da mənim adım. Üç gün sonra bizi Konstitusiya Komissiyasının ilk iclasına topladılar və sonra başladıq tez-tez yığışmağa. Birinci görüşümüzdə əvvəl Heydər Əliyev özü geniş danışdı. Azərbaycanın yeni yaradılacaq Əsas Qanununu 20 dövlətin konstitusiyası ilə müqayisə elədi, ardınca da təhlil apardı. İşin içərisində olan adam kimi təsdiqləyirəm: Yeni müstəqillik dövrü ilk Konstitusiyamızın banisi, əsas müəllifi odur. Başlıca qayəsi də bu idi ki, Əsas Qanunumuzda azərbaycançılıq ideologiyasına, Azərbaycan məfkurəsinə, Azərbaycan müstəqil respublikasının inkişafına, Azərbaycan xalqının yüksəlişlərinə kömək edən nə varsa təməl olaraq əksini tapsın.

1990-cı illərin sonlarında mən Azərbaycanın ilk müstəqil universiteti olan "Xəzər"də departament müdiri işləyirdim. O arada Bakıda yeni fəaliyyətə başlamış, dünyanın 50 ölkəsində tədris aparan Amerika Universiteti məni dəvət etdi. Artıq bütün dünyaya şaxələnmiş həmin şəbəkə üçün də, elə respublikamızın elm-təhsil, ictimai düşüncə həyatından ötrü də tam yenilik olan bir işi mən Bakıdakı Amerika Universitetində ilk dəfə gerçəkləşdirdim. Orada 1999-cu ildə respublikada birinci dəfə Azərbaycanşünaslıq kafedrası yaratdım və ölkə ziyalılığının ən seçkin simalarının iştirakı ilə hər ay müzakirəli mülahizələri davam edəcək Azərbaycançılıq lektoriyasını təşkil etdim. Ona görə də həmin axşam Fuad Qasımzadənin söhbəti mənə doğma olan bu səmtə yönəltməsi görüşümüzü əvvəldən sonacan elə bu son dərəcə vacib xətt üzrə aparmağa sövq etdi.

Azərbaycançılıq Heydər Əliyevin görümündə nə idi? Bu məfkurəni müxtəlif yanaşmalardan qavrayanlar olub, yeniləri də olacaq. Azərbaycançılığı milli-mənəvi dəyərlər toplusu kimi şərh edənlər də var, buna millətimizin konsolidasiyasına xidmət edəcək bir qəlib kimi baxanlar da. Heydər Əliyevin miqyaslı baxışında azərbaycançılıq deyilərkən ilk növbədə ağılda tutulan Azərbaycan dövlətinin özü idi. O, müasir Azərbaycan dövlətini bir mükəmməl müstəqil dövlət olaraq qurdu. Qadir peşəkar olaraq həmin dövlətin möhkəm bünövrəsini, sarsılmaz sütunlarını, dayaqlarını yaratdı, dövlət maşınının xırdadan tutmuş iriyədək bütün ümdə hissəciklərini, quruluşlarını şəkilləndirdi. Amma bununla bərabər, daha mühüm bir işi gördü - millət quruculuğu ilə məşğul oldu.

Millətin təfəkkürünə biçim vermək, milləti dünya millətləri içərisində, çağdaş xalqlar arasında uca məqama yetirmək, onu zəka, zövq, əməlçilik baxımından daha da yüksəltmək, kamilləşdirməkçün çalışdı. Bu səyləri də onun azərbaycançılıq fəlsəfəsinin özəyinə çevrildi.

O axşam azərbaycançılıq, Heydər Əliyev ətrafında fikir mübadilələrimiz əsnasında akademik Fuad Qasımzadə sərrast bir müşahidəsini də bölüşərək demişdi ki, Azərbaycan XXI əsrə qədəm qoyanda, Üçüncü minillik başlananda Heydər Əliyev xalqa müraciətində 16 tarixi şəxsiyyətin adını çəkirdi. Onların da çoxu filosoflar, mütəfəkkirlər: Nizami, Tusi, Nəsimi, Füzuli, Mirzə Əli, Sabir, Mirzə Cəlil, Cavid və digərləri. Heydər Əliyev onların hər birini sadəcə alim, şair, yazıçı deyil, mütəfəkkir adlandırırdı. Ən əvvəl diqqəti onların millət tarixindəki yerinə və izinə görə dəyərləndirirdi. Onları islahatçı, qurucu, yeni yol açan, məktəb yaradan adlandırırdı. Çünki o özü də o cür idi.

Bayrağımızın üç rəngi bizim qovuşan üç yolumuz, bir dövlət olaraq hər kəsə bəyan etdiyimiz məramımızdır. Heydər Əliyevin azərbaycançılıq təlimi o üç ana yolun bünövrəsi üstündə yarandı. Söz yox, bu milləti millət edən ilk təməl kərpic ana dilimizdir. Və Heydər Əliyev dilimizi çox sevirdi. Əlbəttə, öz doğma dilinə məhəbbət hər insana əslində qanı ilə qismət olan bir keyfiyyətdir. Ancaq baxın o dildə kim necə danışır, onda həmin şəxsin dilə sayğı və istəyinin həddini də təsəvvür edəcəksiniz.

Azərbaycan dilini Heydər Əliyev qədər iştahla, şövqlə, dildən, hər sözündən bir ilham alaraq və sözün gücünü artıraraq danışan ikinci adam təsəvvür eləyə bilmirəm. Dilimizin necəliyi haqqında onun bu dəyərləndirməsi də bənzərsizdir. Başqaları kimi sadəcə şirin, gözəl, musiqili və başqa yıpranmış bənzətmələri işlətmirdi, Azərbaycan dili ləzzətli dildir söyləyirdi.

 Azərbaycan Televiziyasının "Əbədiyyət" verilişindəki dəyirmi masamızda mən ana dilindən bəhs edincə görkəmli dilçi alimimiz akademik Ağamusa Axundov dərhal söhbətə qoşulmuşdu və Fuad Qasımzadə kimi Konstitusiya Komissiyasının üzvü olduğunu xatırlatmış, həmin komissiyanın ən gərgin iclaslarından bir neçəsinin məhz dil məsələsinə həsr edildiyini söyləmiş və cibindən bir vərəq çıxarmışdı: "Mən bura gələndə həmin o adını çəkdiyim komissiyada Heydər Əliyevin çıxışından bir hissəni - onun dilə öz münasibətini aydın şəkildə ifadə etdiyi, yəni Heydər Əliyevin dil doktrinası adlandırıla biləcək bir parçanı sizə də necə var, o cür, dəqiqliyi ilə çatdırmaq üçün yazıb götürdüm. Bu çıxış 1995-ci il noyabrın 11-də olmuşdu. Deyirdi ki, "İndi biz dövlət dilimizdə sərbəst danışırıq və hər bir mürəkkəb fikri ifadə etməyə qadirik. Bu, böyük nailiyyətdir. Bu, iqtisadi və başqa nailiyyətlərin hamısından üstün bir nailiyyətdir ki, bizim bir millət kimi özümüzə məxsus dilimiz var və o da o qədər zəngindir ki, dünyanın hər bir hadisəsini biz öz dilimizdə ifadə eləyə bilərik".

Mənim yadıma gəlir, Fuad müəllim də yaxşı xatırlayar. Universitetin 50 illiyi keçirilirdi, 1969-cu ildə oktyabr ayında. O vaxt Heydər Əliyev üçüncü ay idi ki, Azərbaycanda rəhbərliyə gəlmişdi. Azərbaycan Dövlət Universitetinin 50 illiyi münasibətilə yaradılmış yubiley komissiyasının sədri də o özü idi. Həmin iclası Azərbaycan dilində açdı və Azərbaycan dilində də çox yüksək, çox parlaq bir nitq söylədi. Və bu, zalda çox böyük həyəcanla, görünməmiş alqışlarla, həm də bir az təəccüblə qarşılandı. Çünki həmin yığıncaq beynəlxalq səviyyəli bir konfrans idi. Müttəfiq respublikalardan da, xarici ölkələrdən də qonaqlar vardı. O dövrdə isə nəinki belə tədbirlərin, ümumən bütün böyük iclasların rus dilində aparılması yazılmamış qayda idi. İndi isə belə geniş əhatəli, xarici qonaqların, dövlət və hökumət xadimlərinin qatıldığı iclası Azərbaycan dilində açmaq, Azərbaycan dilində nitq söyləmək, həm də bunu Mərkəzi Komitənin Birinci katibinin etməsi heyrətləndirici hadisə idi. Sonra neçə gün universitetdə gənclərin tənəffüslərdəki müzakirələri ancaq bu haqda idi. İndinin cavanlarına bütün bunlar qəribə gələr. O çağlarsa hətta iştirakçıların əksəriyyətinin ruscanı yaxşı bilmədiyi kənd təsərrüfatına həsr edilmiş yığıncaqlar belə rus dilində aparılırdı. Heydər Əliyevə xoş münasibəti olan, onu ürəkdən istəyənlər hətta bir az narahatlıq da keçirirdilər ki, görəsən, bunun xatası çıxmayacaq?"

Fuad müəllim də bilir, o vaxt Kremlin göstərişi vardı ki, birinci katiblər mütləq rusca danışmalıydılar. Sovet ideologiyasının tüğyan elədiyi bir vaxtda, Mixail Suslovun qılıncının kəshakəs dövründə belə cəsarət eləmək böyük risk idi. Amma Heydər Əliyev qorxu üçün yaranmamışdı, o, qorxunu yox eləmək üçün vardı".

Həyatlarının böyük hissəsi sovet dönəmində ötmüş, həmin çağların bütün sıxıntılarını bilavasitə yaşamış akademiklər Fuad Qasımzadənin, Ağamusa Axundovun xatirələri əslində dövrün dil mənzərəsini aydın göstərən tarixi sənədlərdir. Bəli, 1969-cu ildə ayrı bir dil mühitinin, ayrı bir dil siyasətinin aparıldığı və azərbaycancanın, milli özünüifadənin təxminən yasağabənzər səviyyədə olduğu məqamda respublikada ali partiya vəzifəsinə yenicə başlayan Heydər Əliyev müəyyənləşdirilmiş siyasi ülgülərə rəğmən ana dilində danışırdı. Bununla da yalnız dilə deyil, həm də daha geniş ölçüdə milli təfəkkürün oyanışına xidmət edirdi. Amma dünya dəyişdi, Azərbaycan müstəqilliyini bərpa etdi, daha başımızın üstündəki kimlərdənsə dil asılılığımız qalmadı. Heydər Əliyevin böyüklüyü onda idi ki, bu dönəmdə də dilimizə xidmətdə, dilimizə qayğıda yenə qətiyyətli addımları ilə seçilməyi bacardı, dilimizi daha əngin və yüksək üfüqlərə ucaltdı.

2001-ci il yanvar ayının 25-i idi və Azərbaycan Avropanın ən mötəbər, dünyanın ən üstün siyasi təşkilatlarından birinə - Avropa Şurasına qəbul olunurdu. Əvvəlcə Avropa Evinin qarşısında Azərbaycan Prezidenti Avropa dövlətlərinin bayraqları sırasına üçrənglimizi qaldırdı. Ardınca isə Parlament Assambleyası kürsüsündən çıxış etməyə başladı. O vaxt rusca Avropa Şurasının işçi dilləri sırasında idi və həmin dildə çıxışları digər dünya dillərinə sinxron çevirən güclü tərcüməçilər vardı. Məhz bu səbəbdən artıq müstəqillik dönəmi idisə də, hələ də bir çox beynəlxalq təşkilatlarda əksər danışıqlar, çıxışlar rusca olurdu. Ancaq o gün Heydər Əliyev Azərbaycan dilində çıxış edirdi və bu gedişatı orada yalnız Bakıdan gedən nümayəndə heyətinin üzvləri - dövlət adamları, siyasətçilər, sənətkarlar, mədəniyyət, elm xadimləri deyil, Fransanın müxtəlif şəhərlərindən, qonşu Almaniyadan, Avstriyadan bu şad hadisənin sorağını alaraq Strasburqa təşrif gətirmişAzərbaycan diasporasının təmsilçiləri də izləyirdilər.

Heydər Əliyev ana dilimizdə Azərbaycanın qüdrəti haqqında, Azərbaycanın gələcəyi, millətimizin sabah içərisindəki yolu barədə danışırdı. O mühacir soydaşlarımızdan neçəsi qəhərlənmişdi. Onlardan biri - Almaniyada yaşayan, əslən Güneydən olan Əsgər Tacəhmədi mənimlə təəssüratını bölüşürdü. Deyirdi ki, mənim yeniyetməlik çağlarım Cənubi Azərbaycanda milli hökumətin qurulduğu dövrə təsadüf edib. Bir illik istiqlalımız dövründə ana dilində öz dərsliklərimiz vardı, öz dilimizdə təhsil alırdıq, bütün yazışmalar keçmişdəki kimi farsca yox, azərbaycanca idi. Şah rejimi Milli Hökuməti devirdi, həmin xoşbəxtliyi yenə itirdik. İndi mən Heydər Əliyevin Azərbaycan dilində, ana dilində Avropanın tən mərkəzində bu cür danışdığını eşidəndə elə bil ki, təzədən doğuluram, təzədən dünyaya gəlirəm, qürurlanıram və Güneyin sabahına da daha artıq ümidlə baxmağa başlayıram.

Ağamusa müəllim o axşam bunu da yada salmışdı ki, 1978-ci ildə müttəfiq respublikaların konstitusiyası qəbul olunurdu. O vaxt SSRİ-nin konstitusiyası artıq qəbul olunmuşdu. Orada da dövlət dili haqqında heç nə yazılmamışdı. Müttəfiq respublikaların, hətta Ukraynanın, Belarusiyanın konstitusiyalarında bu haqda hansısa maddə, ya bir qeyd yox idi. Heydər Əliyev 1978-ci ildə ziyalıları Mərkəzi Komitəyə dəvət edir, məsləhət bilir ki, Kremlə kollektiv məktub yazsınlar, dövlət dilimizin konstitusiyamızda ayrıca maddədə əks olunmasını xahiş etsinlər. Hətta müttəfiq respublikaların rəhbərlərindən bəziləri, o cümlədən, Şerbitski Heydər Əliyevin əleyhinə çıxmışdı ki, neynirsiniz dil məsələsini konstitusiyaya salırsınız, bunun nə əhəmiyyəti var? Heydər Əliyev də cavab vermişdi ki, siz salmırsınız salmayın, özünüz bilərsiniz, amma biz edəcəyik. Bu, bizim ana dilimizdir, azərbaycanlılığımızın əsası, ən birinci əlamətidir, necə ola bilər ki, Konstitusiyada əksini tapmasın?!

O axşam ana dilimizdən danışırdıq, zaman-zaman dəyişdirilmiş əlifbamızdan söz açırdıq, Heydər Əliyevin ən çətin əyyamlarda millətin özünüifadəsi üçün daim yollar aramasından bəhs edirdik və bu söhbətlər o məclisin ən sinli qonağı Cavad Heyəti riqqətə gətirirdi. Çünki o da eyni yolun yolçusu, həyatı boyu bu amal uğrunda ən dönməz mübarizlərdən olmuş bir insan idi. Onun yaratdığı, İranda azərbaycanca nəşr etdirdiyi "Varlıq" dərgisi Heydər Əliyevin sovet dönəmində dilimizi, milli kimliyimizi maneələrlə dolu və güzəştsiz siyasi müstəvidə qoruyub parlatması qədər qəliz və qəhrəmanlıq sayılası siqlətə malik fədakar xidmət nümunəsi idi.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi sovet dönəmində Azərbaycan Respublikasından SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrində oxumağa 17.000 gəncimiz göndərildi. Bu da Heydər Əliyevin azərbaycançılıq siyasətinin, millətin gələcək inkişafı barədə düşüncələrinin başqa bir ifadəsi idi. Gəncləri göndərirdi ki, getsinlər, mükəmməl bilik, bizdə tədris edilməyən, amma bizə çox gərək olan bəzi ixtisaslara da yiyələnsinlər, Azərbaycana qayıtsınlar, Azərbaycanı bir az da qüvvətli eləsinlər, yaxud hətta getdikləri ölkələrdə qalsalar belə, orada Azərbaycanı yaşatsınlar, Azərbaycan adının ehtiramla səslənməsinə vasitəçi olsunlar. Ancaq eyni niyyətlərlə bir ölkədən xaricdə təhsil almağa öyrəncilər yollamaq yalnız o dövrün hadisəsi deyildi. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində də 100 cavanı göndərmişdilər ki, getsinlər, Avropada təhsil alaraq geri dönsünlər, gənc müstəqil dövləti irəliyə aparmaqda yardımçılara çevrilsinlər. Amma dəyişən siyasi iqlim onların hamısının taleyini müşküllərə ürcah etdi. Hansıları qayıtdısa, həbslərə, sürgünlərə mübtəla oldu, kimlərsə ömrü boyu siyasi mühacir ömrü yaşadı. Amma vaxtında İrandan da 1943-cü ildə 100 nəfəri Türkiyəyə göndərmişdilər ki, təhsil alsınlar. Onların sırasında gənc Cavad Heyət də vardı. Bunu mənə vaxtı ilə London Universitetinin professoru olmuş, dünyaca məşhur şərqşünas alim Turxan Gənceyi söyləmişdi. O özü də həmin 100-dən 1-i idi. Deyirdi ki, bizimlə eyni vaxtda oxumağa gedənlərin arasında Cavad Heyətlə yanaşı, Həmid Nitqi də vardı. O, hüquq təhsili aldı, Türkiyədə hüquq üzrə doktorluq dissertasiyasını da uğurla müdafiə etdi, Cavad Heyət təbabəti seçdi. Amma tale elə gətirdi ki, milli maraqlar öz bilavasitə işləri ilə məşğul olmaqla yanaşı, onların üçünü də milli mübarizələr, dil, ədəbiyyat, mənəvi dəyərlər uğrunda çalışmalara yönəltdi, onların hər biri ardıcıl və mətin azərbaycançıya,milli kimliyimizin mötəbər keşikçisinə çevrildi. Onların arasındasa bunu özünə də elə o vaxt efirdə də, xalqın qarşısında da söyləmişdim ki, ruhca Heydər Əliyevə ən qohum sayıla biləni Cavad Heyət oldu.

Doktorla söhbətimizi oradan başlamışdım ki, dil, milli kimlik məsələləri duyğularımızla nə qədər bağlı olsa da, bu ümdə məsələlərə ömür həsr edib millətə xeyir işlər görmək istəyində olanlar heç vaxt hissə qapılmamalıdır. Hansısa məqamda ifrata vararsan, çılğınlıq edərsən, bundan böyük məfkurə zərər çəkər. Heydər Əliyev də bu böyük Azərbaycançılıq, Vətənçilik yoluna çıxarkən yalnız Azərbaycanın üç il, beş il sonrasına baxmırdı, çox uzaq gələcəyə də baxırdı. Millət taleyi ilə, dilimizlə bağlı hansısa vacib qərar qəbul etmək anı yetişəndə bunu özü tək etmirdi, son sözü xalqın ixtiyarına buraxırdı.

Bu yanaşma doktor Cavad Heyətin döşünə yatmışdı, qayıtmışdı ki: "Yüzdə-yüz razıyam. Çünki milli məsləhət vacibdir, xüsusən də ümummilli məsələlərdə. Azərbaycan termini hamını içərisinə alır. Azərbaycançılıq hamını ehtiva edir. Amma bunun yanında bu böyük insan - rəhmətlik Heydər Əliyev Azərbaycan türk dilinə eşq dərəcəsində bağlı idi. Sübutu onun nitqi, danışdığı o gözəl dil idi. O, böyük bir natiq idi. Amma əgər Azərbaycan dilini incəliklərinə qədər yaxşı bilməsəydi, ürəyində dilə bu qədər məhəbbət olmasaydı, o cür parlaqlıqda danışa da bilməzdi. Mən dəfələrlə həm onun rəsmi nitqlərinə qulaq asmışam, həm də çox görüşlərimiz olub. Hər dəfə də bu qənaətim bir qədər də sabitləşib. Həm də o, ana dilimizi yalnız Azərbaycanda deyil, bütün dünyada yaymağa çalışdı və buna müvəffəq oldu. Yadımdadır, Parisdə Şərq Dilləri İnstitutu vardı, indi də var, 50 il əvvəl mən oraya getmişdim və etiraz etdim ki, siz niyə Türkiyə türkcəsini burada oxudursunuz, bizim Azərbaycan türkcəsini oxutmursunuz? Mən bununla bağlı ora ayrıca məktub da yazdım. Və bu, yadımdadır, oranın Lui Bazen adında müdiri vardı. Məşhur alim idi. Vaxtı ilə onunla da bu barədə mübahisəm olmuşdu. Bir nəticə hasil edə bilmədik. Amma rəhmətlik Heydər Əliyev iş başına gələndən və Azərbaycanı dünyada müstəqil bir dövlət kimi tanıtmağa başlayandan sonra orada - Sarbonnaya bağlı Şərq Dilləri İnstitutunda da Azərbaycan dilini oxutmağa başlamışlar. Bunun kimi İngiltərədə də, Amerikada da Azərbaycan dilini universitetlərdə tədrisə qoymağa, proqrama saldırmağa müvəffəq oldu. Bu da onun Azərbaycan dilinə olan bağlılığını gözəl bir şəkildə ifadə edirdi".

...Heydər Əliyev ilk gəncliyindən hərbçi olmuşdu və hərbçi olmasından yana ixtiyarı vardı ki, üstündə silah gəzdirsin. Amma hərbçilər üçün vaxtaşırı keçirilən atıcılıq məşqlərindən savayı odlu silahdan istifadəyə heç vaxt ehtiyac duymadı. Heydər Əliyevin bütün siyasi ömrü boyu istifadə etdiyi tək güclü silah DİL idi. Heydər Əliyev Azərbaycan dilində düşüncələrini insanlara o qədər ifadəli, o qədər təlqinedici bir tərzdə çatdıra bilməsəydi, dünyanı ölkə-ölkə gəzib məmləkət-məmləkət səpilmiş azərbaycanlılarla görüşərkən vətəndən ayrı düşmüş soydaşlarımızı bir yerə necə yığa, onların birliyinə nə təhər nail ola bilərdi? Heydər Əliyev öz təsirli nitqinin içərisindəki gücün, Azərbaycan dilinin onun təqdimindəki cazibəsi vasitəsilə dünya boyu dağılmış azərbaycanlılarımızı ortaq və qutsal bayraq altında bir yerə cəmlədi, onları azərbaycançılıq idealı ilə qovuşdurmağı bacardı.

Birgəliyimizin o qayıtmaz axşamında akademik Ağamusa Axundov bir xatirəsini də söyləmişdi ki, 1994-cü ildə İstanbulda keçirilən Zirvə toplantısından qayıdarkən səmada, təyyarədə Heydər Əliyev onu və daha dörd nəfər alimi çağırır yanına (Ümumən bu da Heydər Əliyevin şakərlərindən idi - uzun uçuşlar zamanı həmişə ya təyyarə boyu addım-addım irəliləyib yol yoldaşlarının hamısı ilə hal-əhval tutar, çox taxta arxasında əyləşən şahmatçılarla eyni vaxtda oynayan qrossmeyster kimi qısa dəqiqələr ərzində hamı ilə ən ümdə mətləblər barədə fikir bölüşməyə macal tapar, ya da məsləhət bildiyi bir neçə nəfəri hava gəmisindəki kabinetinə dəvət edərək hansısa önəmli mövzularla bağlı müzakirələr aparardı).

Çağırır Ağamusa müəllimgili, akademiyanın Dilçilik İnstitutunda aparılan işlərlə maraqlanır və deyir ki, tədqiqatlar aparırsınız, əsərlər yazırsınız, lüğətlər çap edirsiniz, bunlar çox yaxşı, ancaq unutmayın ki, əsas vəzifəniz həm də xalqa nitq mədəniyyətini öyrətməkdir.

Elə bu xatirə də bir daha nişan verir ki, Heydər Əliyevin millət, dil düşüncələri sadəcə bir vətənpərvərin pərakəndə təəssüratları və təşəbbüsləri deyil, içərisindəki oturuşmuş bir sistemin ifadəsi idi. O, dövlətçilik zərgəri, idarəçilik sərrafı, sahib olduğu bütün imkan və bilikləri gərək olan hədəfə istiqamətləndirməyin ustası idi.

Müdrik dövlət adamı Süleyman Dəmirəl bir dəfə söylədi ki, yaxşı siyasətçilər, güclü dövlət xadimləri dar gün üçün saxlanılan altuna bənzərlər. Ancaq bir şərtlə ki, altuna bərabər o insanlar özlərini qoruya da bilələr. Heydər Əliyev Azərbaycan xalqının millətin, yurdun dar gününə ümidlə saxlanmış xəzinəsi kimidir. Bir üstünlüyü və hünəri də bu oldu ki, bütün başqa məziyyətlərindən başqa özünü qorumağı da bacardı. Sanki artıq bütün ümidlərin qırıldığı yerdə O ALTUN qayıtdı, millətinin önünə çıxdı və XX əsrin son onilinin uçurumlu-yarğanlı yollarından yurdunu və xalqını şərəflə keçirərək məsud sabahlara aparan rəvan yola çıxartdı.

Azərbaycançılıq azərbaycanlının özünü dərk etdiyi gündən yaranmış bir düşüncədir. Nizami Gəncəvi də əslində azərbaycançı idi, azərbaycançılıqla məşğul olurdu. Xaqani də, Fələki də, Nəsrəddin Tusi də, Nəsimi də, Füzuli də, Xətai də, bizim yaxın yüzillərin Mirzə Fətəlisi də, Mirzə Cəlil də, Mirzə Ələkbər Sabiri də, 1920-ci illərin böyük azərbaycanlı siyasətçiləri, dövlətçiləri də. Onlar hamısı azərbaycançı idilər, azərbaycançılıqla məşğul olurdular. Heydər Əliyevin bu düşüncəni illər boyu, əsrlərcə içərisində daşımış bütün böyük azərbaycanlılardan fərqi ondan ibarət oldu ki, o, azərbaycançılığı bir məfkurəyə, millət xəttinə, məktəbə döndərdi, ideya sisteminə çevirdi. Bunu bir irs, bir sərvət olaraq millətinə yadigar qoyub getdi. Arxayın getdi. Çünki yaratdığı, həyatının mənası olan azərbaycançılıq məfkurəsini davam etdirməyi, yaşadaraq ona daha da rövnəq verməyi layiqli bir övlada, etibarlı davamçıya, sınanmış məsləkdaşa etibar etdi.

Bunlar unudulmaz Heydər Əliyevin sözləridir: "Mən arzu edərdim ki, hər bir ölkədə azərbaycanlılar daha da həmrəy olsunlar, bir-birinə dayaq olsunlar, bir-birinə yardım etsinlər, bir-birinin dərdinə yansınlar".

Babalarımız uca dağlar başında ocaqlar qaladılar. Bu ocaqlar bu dağdan o dağa "mən burdayam" xəbərini çatdırdı. Bu tonqallar bu qayadan o qayaya "mən sizinləyəm" sorağını yetirdi. Min illərdir ki, Azərbaycanın neçə bucağında, elə Abşerondakı müqəddəs adlı Məhəmmədi kəndində Tanrının yandırdığı ocaq yerin təkindən püskürüb çıxır. Min illərdir ki, haqdan yanan bu ocaq sönmür. Min illərdir ki, bu alov dalğalanır, yerin, yurdun, torpağın Azərbaycan insanına sevgisi kimi alışmaqda davam edir.

Böyük azərbaycanlı Heydər Əliyev yurdumuzu, ölkəmizi bir ulduz kimi parlatdı. Azərbaycanı Azərbaycan boyda möhtəşəm bir ocağa döndərdi. Bu möhtəşəm Azərbaycan ocağının şölələri dünyanın dörd bucağına çatdı. Dünyanın dörd bucağındakı əlli milyondan artıq azərbaycanlıya yetişdi. Hər bir azərbaycanlıya istisini, işığını bağışladı və hər bir azərbaycanlıya babaların minillərdən gələn hikmətini, sözünü, pıçıltısını çatdırdı. Söylədi ki, bu ocaq sənin ocağındır. Söylədi ki, bu yurd sənin yurdundur. Söylədi ki, bu can Azərbaycan sənin Azərbaycanındır. Söylədi ki, sən bu ocağınkısan. Söylədi ki, sən bu yurdunkusan. Söylədi ki, sən bu can Azərbaycanınsan. Möhtəşəm Azərbaycan ocağı zaman ötdükcə daha qüvvətlə yanacaq. Yandıqca da hələ dünyanın neçə ölkəsində, neçə şəhərində, neçə evində yeni-yeni Azərbaycan ocaqlarını yandıracaq. Azərbaycan ocaqlarının sayı çoxaldıqca bu möhtəşəm, bütöv Azərbaycan ocağı da daha gur yanacaq.

Zaman içində möhtəşəm Azərbaycan ocağı şölələndikcə hər bir azərbaycanlının ürəyində də böyük Heydər Əliyevə, o böyük soydaşa, o böyük azərbaycanlıya minnətdarlıq oyadacaq. Azərbaycanlılar dünya boyunca Vətən Ocağının istisindən güc aldıqca bu gün və bütün sabahlarda ona minnətdar sevgilərini, salamlarını göndərəcəklər və daha inamla səslənəcəklər ki, biz Azərbaycanlayıq, deyəcəklər ki, biz birgəyik, söyləyəcəklər ki, biz səninləyik, biz Vətənləyik!

Rafael HÜSEYNOV, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik

“525-ci qəzet”

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook