İyunun 16-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda respublika elmi konfransı keçirilib.
Əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin həyatının, siyasi fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən sərgi nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövləti və xalqı qarşısında tarixi xidmətlərindən, ölkəsinin, xalqının tərəqqisi, rifahi naminə gördüyü misilsiz işlərdən söz açıb. O, Azərbaycan bədii ədəbi irsinin mahir bilicisi olmuş Heydər Əliyevin milli ədəbiyyata, onun ölməz yaradıcılarına qarşı olan xüsusi maraq və sevgisindən bəhs edib. Bildirib ki, ədəbiyyat və mədəniyyət xadimləri ilə şəxsən tanış olan Heydər Əliyev onların yaradıcılığına yaxından bələd idi və bu insanlara xüsusi diqqət və qayğı ilə yanaşırdı.
Akademik Rafael Hüseynov Azərbaycanın görkəmli şəxsiyyətlərinin, elm və mədəniyyət xadimlərinin, klassiklərinin yubileylərinin yüksək səviyyədə qeyd edilməsinin, ədəbiyyat xadimlərinin xatirəsinin əbədiləşdirilməsinin Ümummilli Lider Heydər Əliyevin hər zaman diqqət mərkəzində olduğunu söyləyib. Vurğulayıb ki, milli-mənəvi dəyərlərə yüksək qiymət verən Ulu Öndər hələ keçmiş sovet dönəmində bütün imkanlarını sərf edərək mədəniyyətimizin, ədəbiyyatımızın inkişafına böyük dəstək verirdi.
O, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın yalnız XX əsr tarixində deyil, milli tariximizin ən əvəzsiz, nadir şəxsiyyətlərindən biri olduğunu deyib. Bildirib ki, böyük şəxsiyyət Heydər Əliyev siyasətin incəliklərinə, elmin, ədəbiyyatın, incəsənətin ən müxtəlif sahələrinə elə həmin sahələrin təmsilçisi kimi dərindən bələd idi və bu, ona yeni güc verirdi.
“Ulu Öndər ölkəmizə rəhbərlik etməyə başladığı ilk dövlərdə Azərbaycan dilinin, ədəbiyyatının, mənəviyyatının keşiyində dayanıb”, - deyən akademik Rafael Hüseynov doğma dilimizin hərtərəfli inkişaf etdirilməsində, dövlət dili statusu qazanmasında Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin danılmaz olduğunu vurğulayıb. O, Ulu Öndərin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunduğunu diqqətə çatdırıb.
Baş direktor qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin taleyində və siyasi fəaliyyətində ədəbiyyat faktorunun yeri, rolu və imkanları çox geniş anlayış olub. Alimin sözlərinə görə, Ulu Öndər ədəbiyyatın klassik nümunələrinə yaxından bələd idi, ədəbiyyatı qəlbən sevirdi və onun ədəbiyyatın müasir yaradıcılarına səmimi münasibəti vardı. Digər tərəfdən ədəbiyyatın özü də ona güclü Azərbaycan dövlətini qurmaqda, dövlət quruculuğu siyasətinin böyük uğurla həyata keçirilməsində həlledici vasitələrdən istifadə etmək imkanları verirdi.
“Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır”, - deyə bildirən Rafael Hüseynov məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyinin UNESCO-nun tədbirləri siyahısına daxil edildiyini və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir.
Akademik Rafael Hüseynov qeyd edib ki, Ulu Öndərin yaradıcılığını xüsusi qiymətləndirdiyi və xatirəsinin əbədiləşdirilməsi üçün qətiyyətli tədbirlər gördüyü Azərbaycanın görkəmli sənətkarlarından biri də böyük şair və dramaturq Hüseyn Caviddir.
Hüseyn Cavidin nəşinin Ulu Öndərin təşəbbüsü nəticəsində uzaq Sibirdən Azərbaycana – öz doğma Vətəninə gətirildiyini vurğulayan məruzəçi onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində də atılan ilk və qəti addımların məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf etdiyini söyləyib. O, Ümummilli Liderin göstərişləri sayəsində Hüseyn Cavidin Bakıda və Naxçıvanda ev-muzeylərinin yaradıldığını, Naxçıvandakı məzarı üzərində məqbərə ucaldıldığını diqqətə çatdırıb.
Qeyd olunub ki, dahi lider müstəqil Azərbaycana rəhbərliyi dövründə “Kitabi-Dədə Qorqud”a da böyük dəyər verib, onun təbliğini diqqət mərkəzində saxlayıb. Ümummilli Liderin 1997-ci il aprelin 20-də imzaladığı Sərəncam əsasında “Kitabi-Dədə Qorqud”un 1300 illiyinin geniş şəkildə qeyd edilməsi üçün hərtərəfli tədbirlər həyata keçirilib. Onun təşəbbüsü ilə “Kitabi-Dədə Qorqud”un 1300 illiyinə həsr olunmuş beynəlxalq tədbir və türkdilli dövlətlərin başçılarının ənənəvi zirvə görüşü eyni vaxtda təşkil olunub. 1998-ci ildə UNESCO-da beynəlxalq simpoziumun təşkili eposun dünya miqyasında təbliği işinə böyük töhfə verib.
Çıxışının sonunda akademik Rafael Hüseynov vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin istiqlalımızın, müstəqilliyimizin qorunub saxlanılmasında tarixi xidmətləri olub. Ulu Öndərin bütün xidmətlərinin fövqündə həmişə bu istiqlalımızı qorumaq, yaşatmaq, onu dönməz, əbədi etmək olub. Azərbaycan var olduqca görkəmli şəxsiyyət Heydər Əliyevin xatirəsi daim anılacaq, onun dövlətçilik fəaliyyəti, Azərbaycan xalqına qoyub getdiyi mənəvi iris araşdırılacaq və öyrəniləcəkdir.
Daha sonra konfrans öz işini bölmələr üzrə davam etdirib.
“Heydər Əliyev və klassik Azərbaycan ədəbiyyatı”, “Heydər Əliyev və müasir Azərbaycan ədəbiyyatı”, “Azərbaycan ədib və mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyevin xidmətləri”, “Heydər Əliyev və “Kitabi-Dədə Qorqud” abidəsinin öyrənilməsində yeni mərhələ”, “Heydər Əliyevin dövlət siyasətində mədəni irs və klassiklərimizin Azərbaycan böyüklüyünün rəmzi kimi istifadəsi” bölmələrini əhatə edən tədbirdə müxtəlif mövzularda məruzələr dinlənilib.