RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Kimsənin cavab verə bilməyəcəyi suallar Avg 27, 2023 | 14:01 / Mətbuatda çıxışlar

Tale ona tarixinki olmaq qismətini yazıbmış. Vətən tarixinin hadisələrlə, tarixüstü və tarixaltı cərəyanlarla dolu mürəkkəb bir dövründə yaşadı. İlk gəncliyindən ömrünün sonunadək alnına tarixdə qalmaq yazılmış neçə qiymətli insanla təmasda oldu. Daha vacibi - tarix həm də onu seçmişdi. O, sadəcə içərisindən böyük insanların keçdiyi və əslində tarix üçün qısa bir zaman kəsiyindən ötrü dramatik hadisələrlə həddən çox zəngin onillərin milyonlarla iştirakçısından biri olmadı. Özü də həmin tarixin qurucularından, yönəldicilərindən birinə çevrildi.

Bu ömrə və bu yola adamından, qiymətvericisindən asılı olaraq zaman ötdükcə münasibət dəyişə, tam fərqli ola bilər. Heç gələcəyi gözləmədən, bugünün özündə də bu, müşahidə edilməkdədir. Ancaq bir danılmaz həqiqət var. O, daha heç vaxt unudulmayacaq, həmişə anılacaq, həm də sadəcə hərdən-hərdən uzaq xatirə kimi yada düşməyəcək. Tarixin bir ayrılmaz parçasına çevrildiyindən, dünənə qayıdıldıqca həmişə hafizənin üst qatında görünəcək. Heydər Əliyev bu qismətini özü də öncədən görürdü, ona görə də "Mən Azərbaycanda həmişə olacağam" deyirdi.

Tarix dəyişmişləri tarixdən silmək sadə insanların gücündə deyil. Heydər Əliyev öz ömrü içərisində bunun sübutlarına dəfələrlə şahid kəsilmişdi. Ömrün üçdəbirinə qədərini dövlətin məxfi xidmət şəbəkəsində çalışdı. Həyatının növbəti üçdəbirinə yaxın hissəsini də dövlətin birincisi, ya birinciləri cərgəsində oldu. Bunu da lap yaxın məsafədən gördü ki, hətta dövlət kimi, qüdrət də nəsibində tarixdə qalmaq olanı tarixdən silmək gücündə deyil. Cəhd edə bilər, amma geci-tezi var, tarixinki olan, qalmalı olan hökmən qayıdır. Sovet siyasi repressiyalarının qanlı səhifələrinə başqa sadəömürlülərdən qat-qat artıq agah idi. Onminlərlə, yüzminlərlə insan yalnız məhv edilmədi, onları birdəfəlik yaddaşlardan yox etmək qəsdinə də düşüldü. Alınmadı, məhv edənlər özləri getdi, onlar qayıtdılar. Şahidi oldu ki, xidmət etdiyi dövlətin bütə çevrilmiş öndərlərini də, elə onların özlərinin bir vaxtlar etdiyi kimi, yox etmək istəyirlər. Heykəllərini uçururlar, hətta onları məzardan çıxarırlar. Onlara qarşı adamların edə biləcəyi qədər edirlər. Lakin tarix bunlara məhəl qoymur. Onunku olanları özüylə birgə yaşadır.

XXI yüzilin başlanğıcında, böyük Heydər Əliyevlə əbədi ayrılıqdan 3 il keçərkən hərəsi elə sağkən tarixləşmiş dörd tanınmış Azərbaycan alimi ilə milyonlarla insanın qarşısında - Azərbaycan televiziyasında bu mətləblər barədə düşüncə bölüşürdük. Heydər Əliyevi anırdıq, ancaq istər-istəməz sözümüzün əvvəlində tarixin özü dayanmışdı və Heydər Əliyev də bizə "qoşulmuşdu", o da elə həmin yüksək mətləblərdən bəhs edirdi, görünüşü ilə, səsi ilə, elə hər birimiz kimi, yanımızdaydı, tarixin olanların tarixlə daimilik qaldıqlarını ən azı bununla növbəti dəfə isbat edirdi. Həmin sözləri vaxtilə Azərbaycanın əksər tanınmış alimlərinin qatıldığı bir müşavirədə söyləmişdi, sanki indi qayıdıb bizə təkrarən deyirdi. Gileylənirdi ki, tariximiz hələ gərəyincə yazılmayıb. Əlbəttə ki, düz deyirdi. Nə bütöv Vətən tariximiz, nə də onun seçkin insanlarının tarixi indiyədək dolğunluğu, bütövlüyü ilə yazılıb. Bunlar yazılmadıqca isə dünən həmişə əslində olduğundan daha uzaq, daha dumanlı görünür. Tarixin olan, tarix qurucusu bir insan tarixin dəyərini söz yox ki, sadə insanlardan daha çox bilər: "Bizim tariximiz istənilən səviyyədə yazılmayıb. Həm qədim tariximiz, həm orta əsrlər tarixi, həm son dövr, yəni XVIII, XIX, XX əsrlər tarixi. Tarixçilərin yadındadır, mən dəfələrlə onlarla görüşlərimdə bununla bağlı narahatlığımı bildirirdim. O vaxt Sovetlər İttifaqı çərçivəsində olan başqa respublikalarla öz işimizi müqayisə edirdik ki, filan respublika hansı işi nə cür gördülər, biz onlardan yaxşımı etdik, yaxud da geridə qalırıq. Və başqa respublikaların tarixçilərinin işləri ilə tanış olarkən mən daha da narahat olurdum ki, nə üçün onlar öz tarixlərini yaxşı yaza biliblər, biz yaza bilmirik. Ola bilər bir tərəfdən Sovetlər İttifaqında olan rejim buna imkan vermirdi. Ancaq eyni zamanda bizim özümüzün sərəncamımızda olan mənbələrdən də biz lazımi qədər istifadə edə bilmirdik. Əgər biz istəyiriksə Azərbaycanı bir müstəqil dövlət kimi dünyaya yaxşı tanıdaq, Azərbaycanın qədim tarixini, Azərbaycanın əsrlər boyu keçdiyi yolu gərək biz həm öz vətəndaşlarımıza, həm də bütün başqa ölkələrdə olan elm adamlarına, bizim respublikaya maraq göstərən insanlara tanıdaq. Bunun üçün də bizim tarixçilərimiz üzərinə çox böyük vəzifə, böyük məsuliyyət düşür. Tarixçilərimiz üçün bütün şəraitləri yaratmağa mən hazıram, ancaq bir şərtlə ki, bu şəraitlərin əvəzində biz tarixçilərimizdən, Azərbaycan tarixini bu gün gələcək nəsillərdən ötrü və bütün gələcək üçün yaxşı əks etdirən əsərlər alaq. Bu, bizə çox lazımdır".

Tarix yaddaşdır - torpağın, torpağın üstündəki abidələrin, bu torpağın üzərində yaşayan millətin, o millətin sahibi olduğu ölkənin yaddaşı. Tarixin hafizəsində həmişə yaşayacaq böyük tarix adamı Heydər Əliyevin bir əli həmişə uzaq tariximizdə oldu, nəzərləri həmişə sabahlara, gələcəyimizə dikildi. XIII yüzilin dahi Azərbaycan alimi Xacə Nəsirəddin Tusi söyləyirdi ki, yer üstündə rahat yaşamaq üçün göy üzünü yaxşı bilmək lazımdır. Böyük alimin o sözlərini ayrı bir səslənişdə də işlətmək mümkündür: Gələcək içərisində rahat yaşamaq üçün keçmişi yaxşı bilmək lazımdır.

Tarixi sevən, özü də bir tarix qurucusu olan Heydər Əliyev ən əvvəl millətinin sabahlar içində, gələcək qoynunda xoşbəxt, rahat, rifah içərisində yaşamasına çalışdı. Ona görə tarixi sevdi, ona görə tarixi qorudu, ona görə yeni bir tarix qurmağa müvəffəq oldu.

Millət özünü tanıyanda güclü olur. Xalq özünü dərk edəndə qüdrət qazanır. Böyük dövlət adamı Heydər Əliyev bu həqiqəti hər zaman duyurdu və ömrü boyu da çalışdı ki, millətimiz özünü daha yaxşı tanısın, ömrü boyu çalışdı ki, xalqımız özünü daha artıq dərk etsin. Millətin özünü yaxşı tanıması və bununla güc qazanması, xalqın özünü daha artıq dərk etməsi və bununla daha artıq inam qazanması isə bilgidən - öz keçmişinə, əslinə, kökünə gərəyincə aşina olmaqdan, tarixi yolunun təfərrüatlarına bələd olmaqdan keçir. Tarixçilik Heydər Əliyevin cövhərində idi. Bütün yaxşı-yamanı, ağı-qarası ilə sadə insanlardan daha yaxşı tanıdığı tarixi o sevirdi və millətin tarixi yolunu dərindən bildiyindən ölkəni də rahat idarə eləyə, millətin və yurdun gələcəyini də öncədən görə bilirdi. Millətin və ölkənin gələcəyini görə bilməksə, mütləq tarix içərisində keçilən yolun təfərrüatlarına aydınlığıyla bələd olmaqdan başlanır. Heydər Əliyev çox oxumağı, bol məlumat almağı sevən, öyrəndiyi hadisələrin dərininə nüfuz etməyi bacaran bir şəxsiyyət idi. Və onun düşüncələrindəki Azərbaycan, yəqin ki, tarix kitablarımızda əks olunandan daha möhtəşəm idi. Heydər Əliyevin ömür boyu da istəyi bundan ibarət idi ki, tariximiz dərsliklərimizdə, elmi araşdırmalarımızda olduğu möhtəşəmlikdə əksini tapsın. 2006-cı ilin dekabrında üz-üzə əyləşərək bir-birinin sözünə qüvvət verə-verə Heydər Əliyev haqda düşünən dörd alimimizin heç biri bu gün həyatda deyil. Tarix elmləri doktoru, Milli Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemət ömrünü epiqrafikaya həsr etmiş nadir bir alim idi. İlk gənclik illərindən əski daşlarımız üzərindəki tarixçələrimizi aşkarlayaraq gələcəyə ötürmək səmtində hansı şövqlə çalışmışdısa, eyni səriştə və həvəslə həmin sevimli işini sonacan davam etdirdi. Məşədixanım Nemət sadəcə yaxşı yox, fədakar bir alim idi. Həmingünkü digər həmsöhbətimiz elmlər doktoru, müxbir üzv Vəli Əliyev Azərbaycan tarixinin daha qədim çağlarını araşdıran arxeoloq idi. Onlar kimi Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor olan Oqtay Əfəndiyevsə hələ sovet dönəmində, lap yumşaq ifadə edilərsə, bu məsələlərin söylənməsinin kifayət qədər məsləhət olmadığı əyyamlarda Azərbaycan milli tarixinin çox vacib bir parçasını - Səfəvilər dövrünü araşdırmış, Azərbaycan Səfəvi dövlətinin tarixi ilə bağlı çox qiymətli araşdırmalar aparmış, dəyərli monoqrafiyalar ortaya qoymuşdu. Yazıçı Anar bibisi oğlu Oqtay Əfəndiyev haqqında yarızarafat-yarıciddi, amma bir doğrunun ifadəsi olan söz deyirdi ki, mən tariximizin 100 ilindən arxayınam. Çünki Oqtayın Səfəvilər dövrünü əvvəldən-sonacan ömrü boyu vicdanla, peşəkarlıqla və sevgiylə araşdırdığını bilirəm.

Ogünkü Heydər Əliyev axşamımızın digər bir qonağı həyatını öndərin də yaxşı bildiyi və sevdiyi arxiv işinə həsr etmiş, tarix elmləri doktoru, professor, o çağlar artıq 15 ildən çox Azərbaycan Milli Arxiv İdarəsinə rəhbərlik edən Ataxan Paşayev idi.

Aramızda Heydər Əliyevi hamıdan daha əvvəldən tanıyan, tarixin də daha qədim dövrləri ilə məşğul olan Vəli müəllim sözü ilk başlayaraq diqqəti Heydər Əliyevin mühüm bir tarixçilik məziyyətinə, tarixin siyasəti və fəlsəfəsini başqalarından, hətta bu sahənin alimlərindən daha həssaslıqla duymasına yönəltmişdi. Söyləmişdi ki, Heydər Əliyev milli keçmişimizin elə həssas nöqtələrindən yapışırdı, mütəxəssisləri elə önəmli məqamlara yönəldirdi ki, bəzən alimlərimiz bu mövzulara müraciət etməyə ya tərəddüd keçirər, ya da sadəcə belə ümdə məsələlərin olduğunu bilsələr də, işə girişməyi unudardılar. Heydər Əliyev tarixçilərin bir çox tarixi gerçəklərə gözünü açmağı bacarırdı.

Vəli müəllim Heydər Əliyevi tələbəlik illərindən tanıyırdı, deyirdi ki, Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində paralel təhsil alıblar: "Bizimlə oxuyan, müharibə illərində həyat yolu keçmiş bir nəfər vardı. O, Heydər Əliyevi yaxşı tanıyırdı. Bizə də o söyləmişdi ki, bu cavan oğlan Heydər Əliyevdir, təhlükəsizlik sistemində işləyir, iti zəkası var.

Belə uzaqdan-uzağa tanıyırdıq, salamlaşırdıq, ancaq şəxsi tanışlığımız yox idi. Universiteti 1959-cu ildə bitirdikdən sonra elm yolu ilə getməyə qərar verdim. 1969-cu ildə Heydər Əliyev Azərbaycan Mərkəzi Komitəsinin katibi seçiləndən az sonra "Azərbaycan maddi-mədəniyyət abidələrinin yenidən siyahıya alınması, tədqiqi, bərpası və təbliği" adlı xüsusi bir sərəncam imzaladı. Mən gənc idim, xalqımın tarixini sevən bir övlad kimi belə bir qərarın verilməsinə çox sevindim. Axı Sovetlər dövründə biz SSRİ tarixi oxuyurduq, əsasən rus tarixi idi. Azərbaycan tarixinə bir o qədər də yer verilməzdi. Ali məktəbdə də, orta məktəbdə də cüzi saatlar ayırılardı. Dünya, Avropa xalqlarının tarixini öyrənirdik, amma öz xalqımızın tarixinin nə dərinliklərini, nə ortasını, nə də müasirini bilirdik. Bu baxımdan Heydər Əliyevin həmin addımı oyadıcı, təkanverici kimi həmin dövrdə elə bil hamını silkələdi".

Görkəmli alimin bu müşahidəsinin izi ilə dünənlərə qayıdaraq artıq elə 1970-1980-ci illərdə milli tariximizə aid yazılıb nəşr edilmiş əsərləri arasanız, daha köhnə illərlə müqayisə aparsanız, görəcəksiniz ki, sıra birdən-birə necə sürətlə sıxlaşmağa başlayıb. Heydər Əliyev tarixi sevirdi, ixtisasca tarixçi idi, bu, öz yerində. Ancaq o, ən əvvəl dövlət başçısı, siyasət adamı idi. Dövlətə rəhbərlik edən şəxs, güclü siyasət adamı isə hər hansı məsələyə müdaxilə edəndə lap başdan burada siyasət aramaq, sual qoymaq lazımdır: niyə, nə məqsədlə belə edir?

Heydər Əliyev respublikaya rəhbərliyə başlayarkən Azərbaycan bir çox iqtisadi göstəricilər üzrə Sovet İttifaqında aşağı yerlərdəydi, təxirsiz həllini gözləyən yüz cür sıxıntı vardı və həmin darmacalda bəlkə də maddi-mədəniyyət abidələrinə xüsusi diqqət ayırmaq ən sonda yada düşə bilən işlərdən olmalı idi. Ancaq Azərbaycan rəhbərliyinə DTK-dan gəlmiş Heydər Əliyev o idarənin sirburaxmaz divarları arxasında hələ 1950-ci illərdən xəbərdar olmuşdu ki, erməniçilik onun Vətəninə və millətinə qarşı hansı uzağınişanalan məkrlərə əl atır, həmin sırada isə maddi-mədəniyyət abidələrimiz heç də qarı düşmənin son hədəflərindən deyil.

Mərhum Vəli müəllim o axşam bir daha bu suala cavab gəzirdi ki, belə bir sərəncam hazırlamaq fikri haradan doğdu, bunca cəsarət haradan gəldi? Axı o vaxt bunu başqa respublikalar edə bilmirdi". Və sualına da cavabı elə özü verirdi: "Heydər Əliyev hakimiyyətə gələndə bütün sahələrə diqqət yetirdiyi kimi, Azərbaycanda maddi mədəniyyət abidələrinə baxışın ona qədər necə olması ilə maraqlanır. Baxır ki, Nazirlər Sovetinin təsdiqi ilə tərtib olunmuş balaca bir kitabça var, çox olsa, 20-30 səhifəlik broşür. Orada Azərbaycanın bir neçə yüz abidəsinin adı vardı. Hamısı da yerüstü abidələr. Təsəvvürə gətirin ki, Naxçıvan kimi bir yerdə cəmi otuz neçə abidənin adı qeyd olunmuşdu. Təbii ki, millətini sevən, tarixini sevən, maddi-mənəvi mədəniyyətinə dəyər verən şəxsiyyət bu hala dözə bilməzdi. Digər tərəfdən, Heydər Əliyevə də, elə elmi dairələrdə bizə də bəlli idi ki, Azərbaycanın müxtəlif yerlərindən ermənilər ayrı-ayrı abidələrimizi, daş heykəlləri, yazılı daşları oğurlayıb aparırlar. Şübhəsiz ki, bütün abidələrin qeydiyyatda olmadığı bir şəraitdə belə çırpışdırmalar erməni kimi peşəkar tarix oğrularının əlində su içmək qədər asan iş idi. O vaxt həmin sərəncamdan sonra Heydər Əliyevin tapşırığı ilə bölgələr üzrə komissiyalar yaradıldı. Qarabağ zonası bir, Böyük Qafqaz iki, Naxçıvan üç və digər regionlar. Xalq Nəzarət Komitəsinə də ayrıca göstəriş verilmişdi ki, işlərin necə aparılmasını diqqətdə saxlasın. Heydər Əliyev dedi, qurtardı, məsələ dəqiq olmalıdır, çünki yoxlayacaqdı, doğrudan da belə oldu. Mənim də daxil olduğum üç nəfərlik qrupa maddi-mədəniyyət abidələrini araşdırmağa Şəkidən başlamaq həvalə edilmişdi. Mən idim, Qurban müəllim vardı - geoloq, o idi, bir də Xalq Nəzarət Komitəsində işləyən bir dilçi. Üçümüz getdik. Şəkidə ilk baş çəkdiyimiz yer karvansara oldu. Azərbaycanda belə karvansaralar tarixən çox olub, amma əksəri dağılıb gedib. Şəkidəki isə hələ salamat idi. Mən onu ilk gənclik illərimdə də görmüşdüm, o vaxt vəziyyəti babat idi. Amma bu dəfə görəndə dəhşətə gəldim. Karvansaranı neçə yerə bölmüşdülər, hərə özünə bir köşk düzəldib taxtalamışdı, arakəsmələrdəki, divarlardakı daşları söküb çıxarmışdılar, döndərmişdilər bu gözəl yeri ayrı-ayrı adamların alverxanasına. Təsəvvür edin ki, o vaxt o sərəncam olmaya, belə möcüzəli bir abidə qısa müddətdə yox olub itəcəkdi. Yoldaşlara dedim ki, gəlin işimizi davam etdirməzdən əvvəl gedək raykoma, bu məsələdən danışaq. Biləndə ki, Heydər Əliyevin qərarına əsasən gəlmişik, tez özlərini yığışdırdılar, ciddiliklə qulaq asdılar. Dedim ki, mən hələ yoxlamazdan əvvəl sizə bir şey deyəcəyəm. Şəkidəki bu karvansara Azərbaycandakı nadir tarixi tikilidir, Füzulidə də beləsi vardı, ancaq uçulub. Bəzi başqa yerlərdə də olmuşdu, onlar da artıq yoxdur. İndi bu da ömrünü başa vurmaq üzrədir, yarımcandır. Katib cavan oğlan idi, mən abidənin miskin vəziyyətindən danışdıqca o da düşdü bizi müşayiət edən rayon mədəniyyət şöbəsinin müdiri rəhmətlik Kərim müəllimin üstünə. Qayıtdım ki, xahiş edirəm, o kişi ilə işin yoxdur. Bunun günahı buradakı rəhbər yoldaşlardadır. Xəbərdarlıq da elədim ki, işinizə baxın, bu abidələrin hər biri artıq Heydər Əliyevin nəzarətindədir, indi buradan Zaqatala, Balakən, Qax rayonlarına gedirik, sentyabrda qayıdacağıq ki, karvansara ilə bağlı neylədiniz. Bu vəziyyət davam etsə, məcburuq ki, rəhbərə məlumat verək. Heydər Əliyev iş başına təzəcə gəlsə də, qətiyyətli hərəkətlərinin sədası respublikaya yayılmışdı. Artıq adının çəkilməsi çox adamı dərhal özünü yığışdırmağa səfərbər edirdi. Söz verdilər ki, sabahdan başlayacağıq oranı boşaldıb təmizləməyə. Həqiqətən də biz sentyabrda Şəkiyə qayıdanda artıq karvansara abıra salınmışdı. Bu hadisədən görün nə qədər vaxt keçir. İndi həmin karvansara Şəkinin ən gözəl məkanlarından birinə çevrilib. Həm tarixi yaşadır, həm də hər gün dünyanın neçə ölkəsindən turistlər gəlib görür, yurdumuzun gözəlliyinə, tariximizin cazibəsinə məftun olurlar. Ancaq çox adam bilirmi ki, həmin abidə Heydər Əliyevin vaxtında imzaladığı sərəncam, verdiyi qəti tapşırıqlar olmasaydı, indi yerli-dibli yox idi?! Necə ki o çağacan digər bölgələrimizdə olanlar xarabazara çevrilmişdi".

Bu isə artıq Heydər Əliyevin dünənimizdən gələn, tariximizdən bəhs edən və hər birimizə öyüd verən doğma səsidir: "Tariximizi indi biz yenidən vərəqləyərək, tariximizə doğru, düzgün, obyektiv, ədalətli qiymət verərək keçmişimizi bərpa etməyə çalışırıq. Millətimizin taleyi elə gətirib ki, tariximizi keçmiş zamanlarda təhrif edənlər olub. O cümlədən, XX əsrdə də tariximiz təhrif olunubdur. Biz türk köklərimizi, türk millətinə, qədim türk tarixinə bağlı olduğumuzu da XX əsrdə ya deməmişik, ya da buna cəsarət tapmamışıq. Burada da yenə heç kəsin günahı yoxdur. Sadəcə tarixi təhrif edənlər insanları bu tarixi köklərdən də məhrum ediblər. İkinci tərəfdən də, uzun illər, hətta onillərlə bizim xalqımızı pantürkist ideologiyası ilə qorxudanlar bizi bu türk kökü, türk temasından həmişə uzaqlaşdırıblar. Və mənim yaxşı xatirimdədir ki, 1930-cu illərdə repressiyaya uğrayanların əksəriyyətini günahlandırmaq üçün üstünə "pantürkist" damğası qoymaq kifayət idi. Ona görə də türk millətinin köklərini araşdırmaq, böyük Türk xaqanlığının tarixini araşdırmaq və onu doğru-düzgün nəinki bizim ölkəmizin ictimaiyyətinə, bütün dünyaya çatdırmaq çox böyük bir işdir. Və bu, şübhəsiz ki, bir-iki adamın işi deyil. Bunu çoxları görməlidir".

O dövrdə - 1970-lərdə Heydər Əliyevin yüz cür təcili təsərrüfat, sənaye problemlərinin tıxacında unudulmamış, sonraya saxlanmadan önə çıxarılmış sərəncamı və həmin qərarın icrasıyla bağlı mütəşəkkil tədbirlərin həyata keçirilməsi Şəki karvansarası kimi neçə abidəmizə təzə həyat verdi, bizi keçmişimizə, əslimizə, kökümüzə bənd edən neçə tarix incisini qorudu, diriltdi, yaşatdı.

Göyçək dilimizdə güzəranı çətin olanlar haqqında söylənmiş "Çörəyi daşdan çıxır" deyimi var. Ancaq tarix elminin bir sahəsi var ki, elə sözün birbaşa anlamında orada gerçəklər daşdan çıxır. Məşədixanım Nemət həqiqəti daşdan çıxaran misilsiz alimlərimizdən idi. Epiqrafika sahəsində onun yadigar əsərləri həmişə sahibinə minnətdarlıq oyadacaq, rəhmətlər oxudacaq. Çünki onun Ermənistanın tarixən azərbaycanlıların yaşadığı ərazilərdə XX əsrin ortalarından apardığı epiqrafika tədqiqləri daim canlı qalacaq, sözü daşdan keçən şahidlərdir. Şəkillərini çəkib kitablarına saldığı, üzərindəki yazıları oxuduğu daşları haylar ya çoxdan məhv, ya da qəsb ediblər. Ancaq bu şərəfli Azərbaycan qadınının, bu yorulmaz alimin vaxtında görmüş olduğu millətəxeyir işlər tarixi pozaraq öz arzuladığı kimi yazmağa cəhd edən ermənilərin qarşısında bir dağ kimi dikələcək, həmişə onları ifşa edəcək, imkan verməyəcək ki, tariximizə tamah dişlərini qıcayanlar saxtakarlıq edərək rəzil niyyətlərinə yetişsinlər.

Zəngi tayfalarının yurdunda, sovet hakimiyyəti qurulurkən elə zorla Azərbaycandan alınaraq ermənilərə verilmiş Zəngəzur mahalındakı torpaqlarımızda Azərbaycanın maddi mədəniyyətinə aid saysız-hesabsız nümunələr vardı. İndi Ermənistana aid olan ərazilərdə bircə nəfər soydaşımız qalmadığı kimi, tarix yadigarı həmin izlərimiz da oralardan qeybə çəkilib. Həmin şanlı və bilinməli tarixə əllərinizlə toxunmaq istəyəndə həmişə unudulmaz Məşədixanım Nemətin kitablarını açın. İndiki Ermənistan ərazisində olmuş, Məşədixanım müəllimənim  araşdırmaqçün ömür sərf etdiyi maddi-mədəniyyət nümunələrinə ilkin nəzər yetirib onların elmi şəkildə öyrənilməsi istiqamətində ilk təşəbbüsçülərdən biri də Heydər Əliyev olmuşdu.

2006-cı ilin dekabrında, Azərbaycan televiziyasının "Qarabağ" studiyasında Heydər Əliyevi andığımız saatlarda Məşədixanım Nemət elə bu haqda danışırdı: "Heydər Əliyev çox uzaqgörən siyasətçi olmaqla bərabər, həm də çox müdrik bir tarixçi idi. 1999-cu ildə Naxçıvanın 75 illik yubileyi ilə əlaqədar yığıncaqda tarixçilərə böyük bir tövsiyə elədi. Dedi ki, elə fundamental əsərlər yaratmalısınız, bütün dünya ictimaiyyətinə və gələcək nəsillərə çatdırmalısınız ki, indi Ermənistan Respublikasının qərar tutduğu ərazi Azərbaycanın tarixi torpağıdır. Mən Ermənistan ərazisində, oradakı bizə məxsus Urud qəbiristanlığında 1961-ci ildə  işləmişdim. O vaxt Ermənistan və Azərbaycan respublikaları arasında qarşılıqlı olaraq belə ekspedisiyalar təşkil edilirdi. Ermənilərin dərdi bu idi ki, Qarabağda olan alban tarixi abidələrinin üstündə onlar tədqiqat aparsınlar. O vaxt fürsət düşdü ki, mən də Zəngəzurun Urud kəndində araşdırmalar apardım və bir çox mühüm məsələləri açdım. Heydər Əliyev cavanlığını elə Urud kəndində keçirərdi. Onun bu tədqiqlərimdən çox xoşu gəldi, kəşflərimə də böyük qiymət verdi. Nə idi mənim əsas tapıntım ki, Heydər Əliyev də çox bəyənmişdi? Xilafət işğalından sonra 26 alban tayfası bir dildə danışırdı. Onlar hamısı xaçpərəst idi. İslamı qəbul etməsinlər deyə bir qismi erməni, digər hissəsi isə gürcü xaçını qəbul etdilər və tədricən onlar erməniləşdilər, bunlar gürcüləşdilər. Amma bəs bunların türkləşəni, islamı qəbul eləyəni olmadımı? Bax, bu gizlinci Urud qəbiristanlığı açdı. Urud qəbiristanlığında qoç heykəlləri, cürbəcür abidələr, sənduqə şəkilli məzar daşları vardı. İkisinin üstündə yazılmışdı: "Aulade ağvan". Deməli, bunlar alban övladlarıdır, amma türkləşiblər. Həmin Urud qəbiristanlığındakı daşların üstündə "Quran" ayələrini, neçə-neçə Azərbaycan adlarını, türkcə yazılmış şeirləri oxudum. Daşlar əsl həqiqətləri sübut edirdi".

Məşədixanım müəllimə verilişin yazılışı bitəndən sonra, ikilikdə qalanda mənə bir sirr açımışdı. Yada salmışdı ki, 1997-ci ilin əvvəllərində akademiyada söz gəzirdi ki, bu yaxınlarda ölkə Prezidentinin sərəncamı çıxacaq (həqiqətən də 1998-ci ilin martında belə sərəncam imzalandı), həqiqi və müxbir üzv yerlərini tutmaq üçün seçki elan ediləcək. Mən də seçkilərə qatılmaq istəyirdim, amma nigaran idim ki, bədxahlar tapılar, mane olarlar, heç sənədlərimi namizədlər sırasına qatmazlar. Götürüb cavanlığından tanıdığım Heydər Əliyevə təzə kitabımı, arasında da bir məktub göndərdim ki, diqqətini əsirgəməsin. Nəsə cavab olmadı. İş elə gətirdi ki, həmin il yanvarın sonunda Heydər Əliyevin akademiya alimləri ilə görüşü idi, həmişəki kimi gözəl çıxış etdi, sonda, iclas bitəndə o qədər adamın arasında heç gözləmədiyim halda məni gördü, dedi ki, niyə narahat olursunuz, siz Urudda tariximiz üçün elə daş pasportlar yaradıbsınız ki, vicdanı olan hər alim sizi müdafiə etməlidir.

Tərifli sözü, qədir-qiymət ifadəsini kimin dilindən eşitməyin dadı büsbütün  ayrıdır. Bir müddət keçirilən seçkilərdə Məşədixanım Nemət akademiyanın müxbir üzvü də seçildi, yeni kitablarının sevincini də yaşadı. Amma etiraf edirdi ki, ömrü boyu aldığı bütün mükafatlardan, qazandığı bütün elmi rütbələrdən, eşitdiyi bütün yazılı və şifahi rəylərdən onun üçün ən əzizi vaxtilə Zəngəzurda apardığı tədqiqlərə görə ona həmin tapıntıların mənasını bütün böyüklüyü ilə duyan aqil şəxsiyyətin - Heydər Əliyevin dilindən səslənən bircə cümlə, tapıntılarına verilən "Daş pasport" dəyərləndirməsi olub.

Bu da tariximiz haqda fikrə dalan, milli tarixşünaslığımızın  gələcəyi ilə bağlı qayğılanan unudulmaz Heydər Əliyevin səsidir: "Vaxt gəlib çatıbdır ki, gərək biz Azərbaycanın tarixini indiyə qədər bildiyimizdən də çox bilək. Bəlkə də hələ bir neçə onillər bu işlə məşğul olmaq lazımdır. Ancaq biz bunun əsasını qoymalıyıq. Mən heç də hesab etmirəm ki, bir ilə, iki ilə, üç ilə biz çox şey yarada bilərik. Ancaq bunun bir əsasını qoymalıyıq. Burada bir sistem yaratmalıyıq. Elə bir sistem ki, bugünkü nəsil, gələcək nəsil bu sistemlə getsin və Azərbaycanın tarixi yaxşı yazılsın, həm Azərbaycana, həm dünyaya təqdim olunsun".

Heydər Əliyev nədən tariximizin yeni konsepsiyalarla təzədən, daha mükəmməl şəkildə yazılmasında təkid edir, alimlərimiz qarşısında bu məsələni dönə-dönə qaldırırdı?

Çünki varlığında peşəkar siyasətçi, dövlətçi ilə tarixçi qovuşmuş Heydər Əliyevin fəaliyyətlərində də, istənilən nitqində də daim siyasətlə tarix vəhdətdə idi.

O bilirdi ki, tarix elmimizdə həm bir tərəfdən sovet dövrünün siyasətindən irəli gələn, digər yandan da alimlər arasındakı fikir, mövqe ikitirəliyindən törənmiş fəsadlar nəticəsində heç də həmişə milli maraqlarımıza cavab verən əsərlər yaranmayıb, "ağ ləkələr" bollucadır. Ona görə də milləti bu gün və sabah tam təmin edə biləcək tarixi əsərlərin yaranması üçün o, ilkin şərti vacib sayır, öncə sağlam mövqe, dürüst yol müəyyənləşdirməyə səsləyirdi.

Heydər Əliyevin məxsusi diqqət ayırdığı, incəliklərinə qədər dərindən araşdırılmasını hər zaman istədiyi vacib mərhələlərdən biri orta əsrlər tariximiz idi. Orta çağ dövlətçilik tariximizlə bağlı yaranan hər yeni araşdırma onu çəkirdi. Ziya Bünyadovun "Azərbaycan Atabəylər dövləti" kitabı onu xeyli məmnun etmişdi, bu əsəri diqqətlə oxumuşdu, dəmir hafizəsinə köçürmüşdü, müxtəlif toplantılarda, görüşlərdə fikrini əsaslandırmaqçün oradan iqtibaslar da gətirərdi və kitabın elmimizlə yanaşı, elə dövlət işimizə də xidmət etməsini nəzərə alaraq müəllifi mükafatlandırdı da. Ancaq həmin araşdırmaya verilən respublika Dövlət mükafatı böyük ölçüdə yalnız elə sırf bir əsərə verilən ödül deyildi. Həm də ilhamlandırmaq, digər tarixçiləri də bu qəbil əsərlər yaratmağa, orta əsrlər tariximizi araşdırmağa səmtləndirmək təşəbbüsü idi. Bu hələ sovet dövrü idi. Artıq müstəqillik çağlarında tarixçiliyimizlə bağlı eyni siyasəti daha geniş miqyaslarda aparan Heydər Əliyev bu xəttə daha bir ümdə qanadı da əlavə etmişdi: tariximiz həm kamil şəkildə öyrənilsin, yazılsın, amma həm yaxşı öyrədilsin. Çox istəyirdi ki, bizim orta məktəblərdə, universitetlərdə Azərbaycan gəncliyi tariximizi yaxşı mənimsəsin, tarix haqqında təsəvvürləri, düşüncələri geniş olsun.

Atatürkün türk gəncliyinə öyüdü var. Mən də bir vaxtlar Heydər Əliyevin müxtəlif vaxtlarda söylədiklərindən seçərək yarım səhifədən bir az çox mətn tərtib etdim: "Heydər Əliyevin Azərbaycan gəncliyinə vəsiyyəti". Ancaq bu böyük azərbaycanlının yadda daim saxlanmalı və hər gəncimiz üçün edilməli vəsiyyət və nəsihətləri bircə səhifəyə sığandırmı? Elə bu sözləri də hər gəncimiz bir ata öyüdü kimi qavrayaraq ona riayət etsəydi, nə xoşbəxt, sabahımızdan nə qədər əmin olardıq: "Müstəqil Azərbaycanın hər bir gənci məktəbdə təhsil alaraq gərək öz xalqının, öz millətinin qədim zamanlardan indiyə qədər tarixini yaxşı bilsin. Əgər o bunu bilməsə, o, həqiqi vətənpərvər ola bilməz. Əgər o bunu bilməsə, o, millətini qiymətləndirə bilməz. Əgər o bunu bilməsə, öz millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz".

İndi uzaqda qalmış, içtirakçılarının hamısı xatirəyə çevrilmiş Heydər Əliyevli axşamımızda görkəmli alimimiz, mənə çox doğma olan Oqtay Əfəndiyev də söhbətə qoşulmuşdu və sanki sözün yönünü "Kitab-i Dədə Qorqud" dastanlarına sarı çevirməklə bizi tarixdən ədəbiyyat tərəfə çəkmişdi. Amma Oqtay müəllim nə etdiyini yaxşı anlayırdı və Ana Kitabımızın bizimçün bir ədəbi abidədən daha əvvəl elə Kimlik Kitabımız olmasına qəlbən inanırdı, bu oğuznamələr toplusunu başdan-sonacan tarix abidəsi sayırdı. Oqtay müəllimin yaşı elə idi ki, o, 1950-ci illərin əvvəllərində Dastanımızın uğradığı təqibləri də görmüşdü, Dədə Qorqudçulara dövlət səviyyəsində tutulan divandan da agah idi. Ona görə indi tutuşdura bilirdi və istəyirdi ki, onun bu sözlərini bütün millət eşitsin: "Heydər Əliyevin tarix elminə ən qiymətli, ən unudulmaz, bənzəri olmayan xidməti odur ki, Dədə Qorqudu Azərbaycan abidəsi kimi dünya miqyasında təsdiq elədi. Bununçünsə tək böyük vətənpərvər olmaq kifayət deyil. Hamımız vətənpərvərik, milləti sevdiyini deyənlər çoxdur. Lakin o bacarıq, o millətlər və dövlətlərarası hörmət gərək hansı səviyyədə ola, hansı ən yüksək siyasətçi mərtəbəsinə ucalasan ki, əslində sənin olan, ancaq başqa türk xalqlarının da özününkü hesab etdiyi, səndən qoparılması üçün də zamanında xeyli zərərli işlər görmüş abidəni bu qədər yüksəldəsən, bütün dünyanın gözü qarşısında "Bu mənimdir" möhürünü vurasan! Həm "Kitab-i Dədə Qorqud" bütün dünyaya rəsmən 1300 yaşlı Azərbaycan abidəsi, Azərbaycan xalqının doğma irsi kimi təqdim edildi, bu vəsilə ilə də həm ədəbi dilimizin, həm xalqımızın, həm də  dövlətçiliyimizin azı 1300 yaşı olduğu aləmə car çəkildi. Məncə, bu, Heydər Əliyevin ictimai vicdanımız, milli tariximiz, dilimiz, xalqımız qarşısında ən ali xidmətidir!"

Dədəmiz Qorqud demiş, gəlimli-gedimli dünyanın bir ucu ölümlüdür, hər doğulan bir gün gedəsidir. Ancaq Heydər Əliyev kimi şəxsiyyətləri düşünürkən, indi yaddaşda onun Azərbaycan insanı qarşısındakı ən son çıxışlarını xatırlayarkən bunun da fikrini edirsən ki, hər nitqində sözünün bir başı gedib dünənlərə, tarixə çıxan, varlığıyla Azərbaycanın ən nadir arxivi olan bu müstəsna insan gör gedişiylə nə qədər xatirələri, bilgiləri, sirləri apardı. Aylardır ki, onun haqqında yazdıqca, arxivləri vərəqlədikcə o qədər suallarım yaranır ki! Nə acı ki, suallara daha heç kim cavab verə bilməz!  

Heydər Əliyevi "Əbədiyyət" işığında xatırladığımız həmin yaddançıxmaz axşamda bütün ömrünü arxiv işinə həsr etmiş Ataxan Paşayev öndərin bir keyfiyyətindən də söz açdı. Dedi ki, dövlət, siyasət adamlarımız arasında Heydər Əliyev qədər arxivlə maraqlanan, arxivlə işləyən ikinci adama rast gəlmədim. Sovet dönəmində belə idi, müstəqillik dönəmində də o cür qaldı. Əlbəttə, gərək elə belə də olaydı.

Özü tarix olanın, tarixi yaşaya-yaşaya həm də yaradanın bir əli həmişə gərək elə tarixin nəbzində ola. Sənədlər, dünənlərdən qalan yadigar kağızlarsa elə tarixin nəbzidir ki, var!

20 avqust 2023

Rafael HÜSEYNOV, akademik

“525-ci qəzet”

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook