Avqustun 28-də “Mədəniyyət” kanalında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.
"Stalin və Azərbaycan ziyalılığı" mövzusuna həsr olunmuş verlişdə akademik Rafael Hüseynov 29 il Sovet İttifaqına rəhbərlik etmiş İosif Stalin repressiyalarının dəhşətlərindən, repressiyalar zamanı əks-inqilabi fəaliyyətdə, casusluqda, anti-sovet təbliğatı aparmaqda şübhəli bilinən insanların təqibi, güllələnməsi, həbs olunması, əmək düşərgələrinə göndərilməsindən bəhs edib.
Stalinin Azərbaycan dövrü, onun Bakı ilə bağlı əhvalatlarından danışan alim bildirib ki, Stalin keçmişdə qalsa da bu gün bu şəxsiyyətin adı yaşamaqdadır. Stalin kimi şəxsiyyətlərin tarixdəki rolu olduğu kimi cəmiyyətə təqdim edilməlidir.
Rafael Hüseynov repressiya qurbanları olan ziyalılarımızın yaxınlarının repressiya dövrü ilə bağlı ona danışdığı əhvalatlardan da bəhs edib.
O, Stalinin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəni güllələnməkdən xilas etməsindən söz açıb. Akademik Rafael Hüseynov Stalin və M.Ə.Rəsulzadə arasında olan dostluq münasibətlərindən danışaraq Stalinin M.Ə.Rəsulzadəyə özü ilə birgə fəaliyyətini davam etdirməyi təklif etdiyini, lakin M.Ə.Rəsulzadənin mühacirətə getməyi seçdiyini diqqətə çatdırıb. Bildirib ki, 1923-cü ilin yanvarında M.Ə.Rəsulzadə mühacirətdən Stalinə məktub göndərərək onunla dostluğuna sadiq qaldığını və Stalinin yaxşılığını unutmadığını qeyd edib.