O, görə bilirdi. Yaxşı görə bilirdi. Aydın görə bilirdi.
Zahirən sanki gözü olan hər kəs görür. Ancaq görməyin görməkdən təfavütü də var axı. Adam var, yanından keçirsən, səni sezmir, elə yığnaq var, yolun düşür, içəriyə girincə məclis səni tutur, sanki nəzərlərin dumanlanır, yan-yörədəki neçə nəfəri onlar sarıya baxsan da, dərhal yox, handan-hana seçirsən. Adam da var, itibaxışlıdır, elə aralıdan seyr edincə ətrafdakı hər kəsi tutur.
Təbiətən müşahidəcil, diqqətli olması öz yerində, amma onun peşəkar vərdişləri də vardı, dövlət təhlükəsizliyi şəbəkəsində əsrin dörddəbirini keçirməyin ona bağışladığı səriştələrdən biri də bu idi ki, göz yetirincə ətrafı başqalarına nisbətən həm aydın və təfərrüatlı görməyi, həm də gördüklərini yadda saxlamağı bacarırdı. Ancaq bu da hamısı deyil. Üzdən müşahidə edilə biləni lap ən xırdalıqlarıyla görməkdə başqalarından fərqlənmək çox adama nəsib olan keyfiyyətdir. Hətta İlahidən bəzi adamların görmə qabiliyyəti başqalarına nisbətən elə doğuluşundan daha qüvvətli olur. Lakin nadir rast gəlinən, hər adamda təsadüf edilməyən görmə istedadı odur ki, baxasan və başqalarının görmədiklərini görə biləsən, səninlə üzbəüz dayananın içərisinə nüfuz etməyə qadir olasan. Heydər Əliyevdə bu fitri qabiliyyətin varlığını çoxlu şahidlərin dilindən də eşitmişəm, özüm də illərcə müşahidə etmişəm. Birinci dəfə bu haqda mənə heyran etirafını unudulmaz dostumuz Nazim İbrahimov etmişdi. O, Heydər Əliyevin hələ 1970-ci illərdə görüb-seçdiyi, Bakının mərkəzi və ən məsul rayonlarından biri olan Oktyabra (indi Yasamal) birinci katib vəzifəsinə (1971-1980) gətirdiyi, ardınca Poliqrafiya və Kitab Ticarəti Komitəsinə sədr apardığı (1980-1988), uğurlu fəaliyyəti də bu seçimin nə qədər sərrast olmasını təsdiqləyən cavan kadrlardan idi.
1987-ci ilin yayının söhbətidir. Mənim "Vaxtdan uca" kitabım yenicə nəşr olunub geniş oxucu rəğbəti qazanmışdı, əsərin 100 min tirajla yenidən buraxılması təşəbbüsü ortaya çıxmışdı. O vaxt Dövlətnəşrkomun sədri işləyən Nazim İbrahimovun kabinetində müavini Əjdər Xanbabayev və mən oturub bu barədə müzakirə aparırdıq. Az öncə Moskvada keçirilən ənənəvi Beynəlxalq Kitab sərgisində iştirak etmiş Əjdər Xanbabayev qayıtdı ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi mədəniyyət sahəsinə də nəzarət etdiyindən hökumət adından müşayiətçiləri ilə bərabər ora gəlmişdi, məxsusi olaraq Azərbaycan guşəsinə də baş çəkdi, kitablarımızdan birini götürüb vərəqlədi, əsl kitab adamlarına xas maraqla ən son səhifəyə də baxdı, gülə-gülə yanındakılara dedi ki, görürsünüz, burada neçə ölkənin kitabları nümayiş etdirilir, bizim kitabların tirajlarına baxın, onlarınkına baxın. Bu cür 30 min, 50 min bizimçün adiləşmiş saydır, amma əksər Avropa ölkələri üçün bu, nəhəng rəqəmdir.
Əjdər müəllim Heydər Əliyevlə ilk dəfə elə həmin kitab sərgisində tanış olmuşdu və bunu da söylədi ki, bizim guşəyə yaxınlaşanda onu mən qarşıladım: "Onunla gələnlər, fotoqraf, kinooperator qarşısını kəsmişdi, nümayəndə heyətimizin digər üzvləri bir kənarda dayanmışdılar, ilk baxışdan heç nəzərə çarpmırdılar. Ancaq məəttələm ki, Heydər Əliyev bu tünlükdə onları necə gördü. Mənimlə salamlaşandan sonra yaxınlaşdı, bir-bir hamısı ilə görüşdü".
Və Nazim müəllimin Əjdər müəllimin bu sözlərindən sonra bölüşdüyü xatirəni heç unutmuram. Qayıtdı ki, Heydər Əliyevin o balaca guşədə azərbaycanlıları dərhal görməsi nədir ki! Əsl möcüzə onun adamı necə görüb oxuya bilməsi idi.
Adətən Heydər Əliyevlə təkbətək görüşmüş bir çoxlarının işlətdiyi qəlibləşmiş ifadə var ki, o, adamı elə bil rentgendəki kimi görür. Amma Nazim müəllim başqa cür demişdi, ona görə də hafizəmdə o bənzətmə həmişəlik qaldı. Deyirdi ki, şəhərin 26 Bakı komissarı rayonuna birinci katib təyin etməzdən əvvəl Heydər Əliyev məni qəbul etdi. Cavan idim, elmi dərəcəm vardı, doktorluğumu da bitirmək üzrəydim, özümə inamlıydım, ancaq baxışlarım Heydər Əliyevin baxışlarıyla rastlaşınca, söhbətə başlayınca elə bil ki, qəfilcə dəyişdim. Sanki dönüb oldum şəffaf. Müxtəlif suallar verirdi, ancaq mənə elə gəlirdi ki, heç bu suallara ehtiyac yoxdur, çünki məni tam görür və ona nəyisə düz deməmək, ya ondan nəyisə gizlətmək mümkün deyil. Özüm üçün o gün bir həqiqəti dərk elədim və sonralar da buna tam əmin oldum ki, qarşısında dayanan hər adamı şəffaf görə bildiyinə görə onunla gərək həmişə sonacan səmimi olasan. Bu üzündən baxıb o üzünü görə bildiyi üçün onun gözünün düşməni doğru danışmayan adam idi. Belələrinə necə sərt münasibət bəslədiyini, yalana qarşı necə amansız olmasını sonralar bir çox iclaslarda şəxsən görmüşəm.
Heydər Əliyevin ilk baxışdanca ürəkdən keçəni oxuya bilməsinin, rəhmətlik Nazim İbrahimov demiş, şəffaf görə bilməsinin başqa heyrətli əhvalatını isə mənə gənclik dostum, rejissor, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bədii rəhbəri işləmiş Vaqif Ağayev danışmışdı. Adətən Heydər Əliyevin prezidentliyi dönəmindəki xarici ölkələrə səfərlərində çəkiliş qrupuna o, rəhbərlik edərdi. Deyir, səfərlərimizdən birinin sonunda mehmanxanada Heydər Əliyev yekunlarla bağlı bizimlə Bakıdan getmiş kütləvi informasiya vasitələri işçiləri üçün geniş müsahibə vermişdi, biz də çəkmişdik. Ancaq həmin materialı yoxlayanda gördük ki, mikrofonda xəta varmış, səs qüsurlu yazılıb, hətta bəzi yerlərdə qırılır. Əlbəttə, Prezidentin çəkiliş qrupunun kamerası da yazmışdı, bəd ayaqda səsi oradan götürə bilərdik, ancaq istənilən keyfiyyət olmayacaqdı. Qalmışdım naçar, bilmirdim bunu Heydər Əliyevə necə xəbər verim. Təyyarədə, Vətənə qayıdarkən adətən məni yanına çağırar, hazırlanacaq reportajlarla əlaqədar lazımi göstərişlərini verərdi. Yenə, həmişəki kimi, təyyarə havaya qalxandan bir qədər sonra dəvət etdi. Birinci sualı bu oldu ki, deyirsən nə alınmayıb sizdə orada? Vaqif söyləyirdi ki, donub qaldım, ağzımı açmamış ürəyimdəkini necə oxumuşdu?
Çarəni Heydər Əliyev özü tapır, səfərin nəticələri ilə bağlı təyyarədə onunla yol yoldaşı olan jurnalistlər üçün yenə ətraflı danışır, televiziya da öz işini bu dəfə nöqsansız yerinə yetirir.
...1970-ci illərdə - respublikaya rəhbərlik etməyə başladığı illərdə Heydər Əliyevin qısa müddətdə sıçrayışlı inkişafının gizlincini arayanda bunun başlıca səbəblərindən birini qurmağa müvəffəq olduğu güclü komandada aramaq gərəkdir. Dəqiq görə bildiyi üçün də dürüst seçməyi bacarırdı. Dəqiq görməyə qadir olduğundan təyin etdiyi hansısa kadrın yarıtmadığını da tez tutur, qətiyyətliliyi səbəbindən belələrindən vaxtındaca imtinada da ləngimirdi.
Məhz adamları içəridən görə bilməsi neçə dəfə buna gətirib çıxarmışdı ki, təqdim edilmiş zahirən tam qaydasında olan arayışlara, sənədlərə etibar etməmişdi, öz müşahidəsinə güvənərək təzədən araşdırma aparılmasını istəmişdi və nəticədə haqlı da çıxmışdı. Beləcə, hansısa tale şikəst olmaqdan nicat bulmuşdu, hansısa haqsızlıqların qarşısı alınmışdı və həm də bu, digərlərinə də dərs olmuşdu ki, Heydər Əliyev rentgenindən nə şəkildəsə yayınıb keçmək mümkünsüzdür.
...1970-ci ilin aprelində Mərkəzi Komitəyə, Heydər Əliyevin adına Əli Bayramlı (indi Şirvan) rayonundan şikayət məktubu gəlir. Ümumən Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə dünənəcən qapalı olan bir çox məsələlərdən açıq danışılmağa başlanması, aşkarlığın getdikcə cəmiyyət həyatına daha artıq sirayət etməsi sadə insanları da ruhlandırmış, onlardakı rəsmi Bakının ədaləti bərqərar etmək inamını gücləndirmişdi. Bu da, təbii ki, Mərkəzi Komitəyə ünvanlanan və kömək uman məktubların sayını əvvəlki dövrlərlə müqayisədə xeyli artırırdı. Əli Bayramlıdan göndərilmiş məktubu orada avtokolonda sürücü işləyən A.Cəbiyev yazırdı və şikayətlənirdi ki, onu həqiqəti dediyinə görə haqsız yerə cəzalandırıblar. Heydər Əliyev də ilk növbədə Əli Bayramlı Şəhər Partiya Komitəsinin katibindən soruşmuşdu bu nə məsələdir? O da cavab vermişdi ki, demaqoq bir adamdır, gecə-gündüz ora-bura yazır, böhtan atır, vəzifəli şəxsləri şərləyir, iddia edirdi ki, guya ona illərdir təzə maşın verilmir, ancaq yoxlatdırdıq, məlum oldu ki, 1951-ci ildən 1970-ci ilədək onunçün 5 dəfə təzə maşın ayrılıbmış, birini də lap bu yaxınlarda veriblər. İdarələri onu qarayaxa, böhtançı olduğuna görə partiyadan çıxarmaq haqda qərar qəbul etmişdi. Biz hələ bir az yumşaltdıq cəzanı, partiyadan xaricetməni töhmətlə əvəz elədik.
Bu sözləri deyən artıq 8 ildir həmin rayonda birinci katib işləyən şəxs idi və o, həmin vəzifəyə də Mərkəzi Komitədən getmişdi, təcrübəli adam idi. Amma indi o, Heydər Əliyevlə üzbəüz idi: "Yaxşı, ona təzə maşın verilməməsi məsələsi ərizəsindəki şikayətlərdən yalnız biridir. Bunu yoxlamısınız, məlum olub ki, ona maşınlar verilibmiş. Bəs o ərizədəki başqa faktlar, onları da yoxlatdırmısınızmı?"
Birinci katib "Bəli" cavabını verirdi və bu, məhz həmin an idi ki, rentgen işə düşürdü, Heydər Əliyev hiss edirdi ki, "bəli" deyən bu səsin rəngi başqadır və deyəsən, vəziyyət heç də təqdim olunan kimi rəvan deyil. Nəyi necə, aşkar və hiss etdirilmədən yoxlatdırmağınsa üsullarını o, gözəl bilirdi. Tapşırıq verir, araşdırmalar başlanır və heç 10 gün ötməmiş raykom katibinin bildirdiyindən büsbütün seçilən və gerçək mənzərəni əks etdirən arayışlar qarşısında idi. Bircə müraciətin izi ilə yoxlamanı bir neçə istiqamətdə təşkil etmişdi. Bir yandan hüquq mühafizə orqanları təhqiqat aparırdı, o biri tərəfdən Nəqliyyat Nazirliyi araşdırırdı, bu biri tərəfdən də əsl həqiqətləri üzə çıxarmaqçün Mərkəzi Komitədən Partiya nəzarəti komissiyasının məsulları yola düşmüşdü.
Və artıq həmin daşdan keçən yoxlamaların yekunu olaraq "Əli Bayramlıdakı 2710 saylı avtokolonun ilk partiya təşkilatında tənqidin boğulması haqda" məsələ isti-isti 1970-ci ilin mayında Mərkəzi Komitənin Büro iclasına çıxarılmışdı. Həmin avtokolonun rəisi A.Bəşirov da, şəhər partiya komitəsinin birinci katibi B.Kərimov da cavab verməyə çağırılmışdılar. Səhvlərini etiraf edirdilər, peşmanıq deyirdilər. Heydər Əliyev danışırdı: "Söhbət tənqidə görə açıq-aşkar sıxışdırılmadan gedir. Biz bu baş verəni fövqəladə hadisə kimi qəbul edirik. Ona görə yoldaşlar bundan çox ciddi nəticə çıxarmalıdırlar. Qərar layihəsində uçot vərəqinə yazılmaqla A.Bəşirova şiddətli töhmət verilməsi nəzərdə tutulur. Hesab edirik ki, bu, doğrudur. Belə işlərlə zarafat etmək olmaz, insanlarla belə rəftar yaramaz. Eyni zamanda birinci katibə şiddətli töhmət verilməsi təklif edilir. Zənnimizcə, o da buna layiqdir".
Beləliklə, qulluq mövqeyindən sui-istifadə edərək tabeçiliklərində olanı cəzalandırmışlar özləri daha ağır cəzalanırlar.
O vaxtlar F.Dzerjinski adına klubda keçirilən belə büro iclaslarında iştirak edənlər çox olurdu. Müzakirəyə çıxarılmış hər məsələ üzrə dəvət edilən xeyli adam zalı doldururdu və cərəyan edənləri hamı görür, söylənənləri hər kəs eşidirdi. Ağlı başında olan hər kəs də özü üçün dərs götürürdü. Ancaq insan insandır, heç də həmişə başqalarının çəkdiklərindən dərs almağa mayil olmur, öz başına gəlməyincə başmaqçıya çevrilmir. Ancaq Heydər Əliyev üçün daimi sevimlilər anlayışı yox idi. Yaxınına çəkdiyi, irəlilətdiyi kadrlar da qoyulmuş əsas xətdən kənarlaşmağa başlayanda görürdü və yubatmadan tədbirini də tökürdü. Ramiz Məmmədzadə öz kadrı idi. DTK sədri olanda onu ora 5-ci əks-kəşfiyyat şöbəsinə rəis gətirmək öz təşəbbüsü olmuşdu, Birinci katib seçiləndən sonra da onu aparatın ən mühüm strukturlarından olan inzibati orqanlarla iş üzrə, daha sonra isə partiya təşkilati iş şöbəsinə müdir təyin etmişdi, ardınca da R.Məmmədzadə 1976-cı ildə Mərkəzi Komitə katibliyinə yüksəldilmişdi. Ancaq 1978-ci il iyulun 20-də onunla bağlı MK Bürosunun qəbul etdiyi qərar Mərkəzi Komitə Plenumunun təsdiqinə çıxarılmışdı. Səbəb kadr siyasəti ilə bağlı idi. Ən yaxşıları görmək, Birinciyə təqdim etmək istiqamətində onun geniş səlahiyyətləri var idi. Ancaq namizədliyini irəli sürdüyü, sonra da ardıcıl olaraq müdafiə etdiyi, pillə-pillə qalxmalarına təkan verdiyi kadrların neçəsi ümidləri doğrultmamışdı: "Xatırlayırsınız, 1977-ci ilin iyununda Mərkəzi Komitə Plenumunda biz partiya təşkilati iş şöbəsinin sabiq müavini Bağırovun məsələsinə baxdıq, qulluq mövqeyindən sui-istifadə və digər ciddi qüsurlara görə onu partiyadan çıxarmaq haqda qərar qəbul ediləndə çıxış edənlərin neçəsi təəccübünü dilə gətirdi ki, belə bir adam necə olub ki, MK aparatında işə götürülüb və qısa müddətdə belə sürətlə irəliləyib. Bağırov əvvəllər Nərimanov rayonunda müstəntiq işləyirmiş və o vaxtlar MK-nın İnzibati orqanlar şöbəsinə rəhbərlik edən Məmmədzadə bunun həmin şöbəyə instruktor götürülməsini təklif etmişdi. Mən sənədləri ilə tanış olandan sonra razılıq vermədim. Ancaq Məmmədzadə sonra yenə bir neçə dəfə bu məsələni qaldırdı ki, Bağırov qiymətli, partiya işi üçün gərəkli kadrdır və nəhayət ki, razılıq verdik. Daha sonra Məmmədzadə partiya təşkilati iş şöbəsinə müdir gəldi, çox keçmədi məsələ qaldırdı ki, Bağırov inzibati orqanlar şöbəsində özünü yaxşı cəhətdən yetərincə göstərə bilib, indi bu şöbədə belə qabil işçiyə ehtiyac var. Bu, 1971-ci ildə olub, o vaxt bizim yeni kadrlara ehtiyacımız çox idi. Şöbə müdiri israr edirdi, biz də razılıq verdik. Biz Məmmədzadənin namizədliyini Sov.İKP MK-da işləmək üçün irəli sürəndə o da himayədarlıq etdiyi Bağırovu şöbə müdiri vəzifəsinə təklif etdisə də, bu zəmanət qəbul edilmədi. Ancaq sonralar Məmmədzadə MK katibi kimi işə başlayanda həmin məsələyə yenə qayıtdı. İndi Məmmədzadə deyir ki, guya ona Bağırovun vəzifədən sui-istifadə halları bəlli deyilmiş. Ancaq şöbənin işçiləri təsdiqləyirlər ki, Bağırovun qəbuledilməz davranışları barədə mütəmadi məlumat versələr, şikayətlənsələr də, onların sözünə məhəl qoyulmurmuş, əksinə, Bağırov müdafiə edilirmiş".
Ancaq Heydər Əliyev bircə nümunəyə görə tələm-tələsik qərar çıxaran deyildi. Onda da ki, illərdən bəri tanıdığı, inandığı şəxs ola. Qərara gəlməyə əsas verən başqa nümunələr də vardı. 1970-ci illərin əks-sədalı işdənçıxarmalarından biri də Şamaxı ilə əlaqədardı. Bütövlükdə həmin illərdə yüksək vəzifəlilərlə bağlı o qəbildən olan hay-küylü kadr silkələmələri bolluca idi. Brejnev epoxasının sakit havasında əksəri həbslər və ağır partiya cəzaları ilə nəticələnən bu cür hadisələr günün günorta çağı şimşək çaxması təsiri bağışlayırdı. Bütün Sovet İttifaqı üçün bu gedişat gözlənilməz idi. Hər raykom katibi özünə görə bir partiya lideri idi və onların nümayişkaranə ifşaları sovetin hər şeyi bər-bəzəkli, cilalanmış göstərmək məramlı ideoloji maşınının tələbləri ilə heç tən gəlmirdi. O başverənlər həmin illərdəki Heydər Əliyev idarəçiliyinin bariz xüsusiyyətlərindən idi və bunların üstündən sükutla ötmək rəva deyil, çünki mənzərənin dolğunluğuna və obyektiv təsvirinə xələl gələr.
Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi Sahib Sayılov da R.Məmmədzadənin zamin durduğu, irəliləyişinə yol açdıqlarından idi. Bunu Heydər Əliyev plenumdakı çıxışında detallara vararaq açıqlayırdı. Çünki həmin birinci katibin bütün irəliləyişləri, təltifləri, təbii ki, müvafiq təqdimatlar əsasında baş vermişdi və Heydər Əliyevə yer edən o idi ki, niyə hazırladıqları təqdimatlara etibar edilərək, inam bəslənərək yol açılan təqdimatlarda belə səhlənkarlıqlara, tərəfkeşliyə yol verilib.
1970-ci illərdə vəzifədən götürülən, həbs edilən xeyli məmur olmuşdu, aralarında elə birinci katiblər də vardı. Ancaq səsi ən bərk çıxan bu iş idi.
O dövrdə DTK-nın Şamaxı rayon şöbəsinə rəhbərlik etmiş, indi yaşı 90-ı adlayan polkovnik Oqtay Mansurov bu sinninə rəğmən, olmuşları bütün ayrıntılarınadək dəqiqliyi ilə xatırlayır. Deyir ki, 1974-cü ilin 29 yanvarında Şamaxıda partiya konfransı oldu, Sahib Sayılov rayona birinci katib seçildi. Bura Qasım İsmayılov (indi Goranboy) rayonundan gəlmişdi, ondan əvvəlsə Astarada işləmişdi. Bu gəldi, gəlmədi, haqqında müxtəlif ünvanlara şikayət məktubları axmağa başladı. İmza qoyulmasa da, məktubların məzmunlarından bəlli olurdu ki, Qasım İsmayılovdan yollanıblar. Bir gün katib məni çağırdı, hökmlə dedi ki, o məktublar buradan təşkil edilir, tapın o məktubu yazan adamları. Dedim, axı aşkar görünür ki, sizin əvvəl işlədiyiniz rayondan göndərilirlər, eyni makinada yazılıblar, axı bizim vəzifəmiz anonimlərlə məşğul olmaq deyil. Xoşuna gəlmədi, düşünüşdü mənimlə. Dedi ki, sən şamaxılısan, ona görə bunlara qahmar çıxırsan. Bakıya yazmışdı ki, mənim yerimi dəyişsinlər. Hiss olunurdu ki, bunun yuxarıda arxalandığı kimsə var, ona görə özünü çox arxayın aparır. Artıq əməlli-başlı çəkinirdim ki, mənə qarşı nəsə təxribat törədər. Kabinetimdə oturmağa qorxurdum. Camaat mənə müraciət edirdi ki, bu, Şamaxıdakı pedaqoji texnikumun müdirini çıxararaq ora öz adamını təyin edib. Şərt qoyub ki, 120 qəbuldan 20-si sizin, qalan 100 nəfərin 4 min manatdan pulunu gətirib qoymalısınız masamın üstünə. Şikayətlənirdilər ki, hamı danışır, məgər siz bunu bilmirsiniz? Deyə bilməzdim ki, bilmirəm, onda soruşardılar ki, bilmirsən, bu vəzifədə niyə oturmusan? "Xəbərdaram" da desəydim, soruşacaqdılar ki, bəs niyə tədbir tökmürsünüz? Mənim yeganə ümidim vaxtilə şöbəsində işlədiyim, məni yaxşı tanıyan Heydər Əliyev idi. Düşünürdüm ki, gedim qəbuluna, dərdimi ona deyim. Amma dərhal bunu da fikirləşdim ki, sədrimiz Krasilnikovun kefinə dəyər ki, niyə onun başının üstündən birbaşa Birinci katibə müraciət etmişəm. Elə bunların fikrini eləyirdim ki, idarədən zəng oldu ki, Bakıya gəl, kollegiya iclasıdır, amma iclasdan qabaq mütləq Vitali Sergeyeviçlə görüşməlisən. Gəldim V.Krasilnikovun qəbuluna. Təbrik etdi ki, səni Xaçmaza göndəririk. Soruşdum ki, bu, idarəmizin qərarıdır, yoxsa təklif Mərkəzi Komitədən gəlir? Gülümsündü ki, hər şeyi bilirsən. Mən də dərdimi açdım ki, Şamaxıda görüləsi çox işlərim var, Xaçmaza getməyə tələsmirəm. İkincisi də, rayonda kifayət qədər işləmişəm, yeri dəyişməkdirsə, elə Bakıya qayıdaram. Aydın məsələdir ki, bu təşəbbüs Şamaxıdan, birinci katibdən gəlir, məni oradan sıxışdırıb çıxarmaq niyyətindədir. Rayondakı pozuntularla bağlı sədr Vitali Krasilnikova ətraflı danışdım: "Daha dözmək olmaz, orada baş verənlərlə əlaqədar istəyirəm ki, Heydər Əliyevə şəxsən məlumat verim. Onunla işləmişəm, məni yaxşı tanıyır. Sizdən icazə istəyirəm ki, ona müraciət edim. Bir az da təəccüblə qayıtdı ki, sən bütün bunları Heydər Əliyeviçə danışmaq istəyirsən? Dedim ki, bəli, burada nə var? Birinci katib özünü Allah kimi aparır. Heydər Əliyevdən başqa kimə deməliyik ki bunu!"
DTK sədri Heydər Əliyevlə birbaşa əlaqə telefonunun dəstəyini qaldırır. Oqtay müəllim deyir ki, saata baxdım: axşam onbirin yarısı idi.
"Heydər Əliyeviç, bizim Şamaxı şöbəsinin rəisi yanımdadır. Sizə çatdırılası təcili sözü var, qəbulunuza gəlmək istərdik".
Ani pauzadan sonra "Gəlin" deyir.
"Onbirə on dəqiqə qalmış artıq Heydər Əliyevin kabinetində idik. Stolunun üstü qalaq-qalaq sənədlərlə, kağızlarla dolu idi. Yorğun görünürdü. Soruşdu ki, nə məsələdir orada səndə? Dedim ki, hali-qəziyyə belə. Axıracan dinlədi, üzünü tutdu Krasilnikova ki, biz bu işi tapşıraq Baş prokuror Abbas Zamanova. Abbas Əliyeviç də işçimiz olmuşdu, müavin idi bizdə, özü də əslən şamaxılı idi. Heydər Əliyevə o gecə bunu da söylədim ki, siz Şamaxıya gələndə birinci katib yanınızda gedirdi, bir-iki dəfə qolunuza girmək istədi, axırı siz onun qolunu özünüzdən kənara itələdiniz. Rayon yeridir, camaat hər şeyə fikir verir, bunu ona görə edirdi ki, baxın, görün mən Heydər Əliyevlə necə yaxınam, qol-qola gəzirik. Gülümsündü: "Sən bunu haradan gördün?" Dedim, axı elə mənim işimin adı sizinlə bağlı hər anı görmək idi də!
Nə isə, 3-4 gün sonra Bakıdan, prokurorluqdan araşdırmalar aparmaqçün 5 nəfərlik briqada yola düşdü, rəhbərləri də Şükür Rzayev. Şükür də elə-belə adam deyildi. 3 ay oturdular Şamaxıda. Çoxlarını həbs elədilər. Sonra Bakıya qayıtsalar da, yenə ara-sıra gəlirdilər. 1974-cü ilin 27 dekabrı idi. Atam vəfat etmişdi, dəfni idi. Qəbir üstündə birdən yasa gələnlərin arasında Şükür Rzayevə gözüm sataşdı. Yaxınlaşıb qucaqladı məni. Qulağıma pıçıldadı ki, adamını bu gün götürdük. Atamın dəfni günü olduğu üçün bu tarix belə dəqiq yadımda qalıb. Başda Şamaxının birinci katibi olmaqla tutulanların neçəsinə 15 il, bəzilərinə 10 il həbs cəzası verildi, bu söhbəti bütün Azərbaycan danışırdı".
O gecə Heydər Əliyevin kabinetinə Oqtay Mansurov özü ilə nə sənədlər aparmışdı, nə hansısa yazılar. 15-20 dəqiqə ərzində Şamaxıdakı vəziyyətlə bağlı danışmışdı. Və Heydər Əliyev də bu məlumatı dinləyincə qəti qərarını vermişdi. Bu ani qərarqəbuletməyə qətiyyən sadə baxılmasın. Bu da yalnız Heydər Əliyevcəsinə görəbilmənin sayəsində mümkün olan iş idi. Həmin birinci katib SOV.İKP-nin XXIV qurultayına nümayəndə seçilmiş adam idi, Lenin ordenli idi (hərçənd narazılıq edirmiş ki, niyə Sosialist Əməyi Qəhrəmanı yox, Lenin ordeni? Bunu da bir neçə nəfərin yanında elə tərzdə dilə gətiribmiş ki, bu da sonra başına gələn bəlanın əsas səbəblərindən birinə çevrilibmiş), böyük bir rayonun rəhbəri idi. Bir DTK əməkdaşının (lap çoxdan tanısan da, lap nə qədər inansan da) 15-20 dəqiqəlik şifahi məlumatına əsaslanaraq belə hökmü vermək üçün necə bəsirətli, necə müstəsna səriştəli, necə ildırımsürətli dəyərləndirmə bacarıqlı, necə başverənləri bütöv panoramda seyr edə bilmək qabiliyyətli, necə bir çox başqa əlaqəli mənbələrə bələd, necə axırdakını əvvəldən görə bilən olasan!
1978-ci il iyulun 20-si idi, Heydər Əliyev mikrofon qarşısında idi, Mərkəzi Komitənin plenumu gedirdi: "İndi olmuşları təhlil edərkən istər-istəməz suallar doğur. Qasım İsmayılov rayonu xüsusi çəkisi heç də böyük olan rayonlardan deyil. Necə olur ki, məhz bu rayonun birinci katibinə səkkizinci beşilliyin yekunlarına görə Lenin ordeni verilir? Özü də o, vur-tut 2 il imiş ki, həmin rayona gəlibmiş. Bundan qabaqsa il yarım Astarada birinci katib işləyib və həmin rayonların da heç birinin böyük istehsal göstəriciləri olmayıb. Biz adətən Sov.İKP qurultaylarına kənd rayonlarından 2-3 nümayəndə seçirik. Necə olur ki, məhz Qasım İsmayılov rayonu birinci katibinin üstündə dayanılır? İndi bu suallara heç kim ağlabatan cavab verə bilmir. Bütün bunları cəmləyib qiymətləndirərkən inanmalı olursan ki, məhz Məmmədzadə MK katibi olaraq ona himayədarlıq edib".
Ancaq Heydər Əliyev o iclasda tək bu adları və onlara göstərilmiş havadarlığı xatırlatmır, elə həmin təhər qanad altına alınmış İncəsənət İnstitutunun həbs edilən rektoru Rahib Hüseynovdan ta bir silsilə artıq işdən azad edilmiş başqa vəzifəlilərədək adları çəkir, etibardan belə yolverilməz istifadəni qınayır və öyüdünü verirdi: "Bütün bu söylənənlərdən çıxarılmalı nəticə hər kəsə aydındır. Ən əvvəl sözün əsl mənasında sədaqətli olmaq lazımdır. Gərək işlə söz bir-birinə uyğun gələ. Heç bir vəchlə təkəbbürlülüyə yol vermək olmaz. Yüksək vəzifəyə irəli çəkilmək heç kəsin başını gicəlləndirməməlidir. Əksinə, hər yeni etibar daha artıq təvazökar olmağa, özünə qarşı daha çox tələbkarlığa, nəhayət, hər işdə vicdanlı olmağa səfərbər etməlidir. Rəhbər işçilərin gərək həmişə məsul vəzifəni tutmaq üçün mənəvi haqqı ola. Hər birimiz daim düşünməliyik ki, bizə göstərilən etimadı necə doğrulduruq. Hər birimiz daim şəxsimizdə özünənəzarət duyğusunu tərbiyə etməliyik".
Eramızdan əvvəl VI yüzildə yaşamış, "Qoca körpə" ləqəbli Çin filosofu Lao-Tszının "Dao de tszin" - "Yollar və xeyirəməl kitabı" əsərində əsrlər qət edərək bizə gəlib çatmış və zərbülməsələ çevrilərək neçə xalqın dilinə düşmüş bir deyim var: "Yüksəkdə oturub uzaq baxıram".
Vəzifələr iriliyindən-xırdalığından asılı olmayaraq o kürsünü tutana başqalarına nisbətən daha yüksəkdə oturmaq, daha uzağa baxmaq fürsəti verir. Sənə vəzifə qismət olubsa, həm də bu pillədən xalqın taleyinə təsir göstərmək imkanın varsa, gərək oturduğun kürsünün göstərə bildiyindən daha uzaqları görmək qabiliyyətin də ola. Yoxsa ha yüksəkdə əyləşirsən əyləş, burnundan uzağı görməyəcəksən. Yaxını aydın görüb uzağı yaxşı seçməmək də göz qüsurudur, uzağı rahat görüb yaxını dumanlı görmək də gözlərin bir ayrı çatışmazlığıdır. Onda da ki, bu, siyasi gözlər ola, dövlət gözləri ola.
Heydər Əliyev ona görə yolaçan, yolgöstərən ola bildi ki, həmişə görməyi bacardı. Həm yaxını, həm çox uzaqları! Hamının gördüyündən daha artığını görə bildiyi üçün öncəgörümlər etmək gücündəydi, millətinin və yurdunun sabahı ilə bağlı ülgülər düşünməyi bacarırdı.
Yalnız zahirdəkini deyil, batindəkini də görə bilmək, məğzə nüfuz etmək elə məziyyətdir ki, belə istedadı daşıyan insanın həyatdakı hər nəsnəyə münasibətində özünü büruzə verir. Bu qəbil insanlar nəyə baxsa, elə qatlara sirayət edir, elə incəlikləri görür ki, başqalarına bütün bunlar örtülü kimi qalır.
Heydər Əliyev rəsm əsərlərinə baxırdı, nəğmələr dinləyirdi, teatr tamaşalarında olurdu, filmləri seyr edirdi. Nələr gördüyünü deməyə başlayanda hansısa məqamlarda mütləq ətrafdakıları daxilən diksindirirdi. Axı onunla birgə baxmışdılar, dinləmişdilər, duyğulanmışdılar, amma niyə bu ayrıntıları o görən kimi görə bilməmişdilər.
Gənclik illərindən sevdiyi Milli Dram Teatrına növbəti dəfə təşrif gətirmişdi, illər boyu müxtəlif ifalarda gördüyü "Fərhad və Şirin"ə yenə baxırdı, tamaşaçılar müxtəlif nəsillərin təmsilçiləri idilər, aralarında teatrşünaslar, sənət biliciləri də az deyildi. Təəssüratlarını bölüşürdü və heç kimin danışmadığı tərzdə danışırdı, heç kəsin toxunmadığı məqamları qabardırdı və zahir olurdu ki, tamaşaya hamıyla bərabər baxsa da, hamıdan daha çox görüb. Baş rolu Mikayıl Mirzə oynamışdı. Onun bu tamaşadakı ifasının, ümumən aktyorluğunun elə bir özəlliyini görüb vurğulayırdı ki, Mikayıl Mirzənin mahiyyəti məhz bu idi: fədakarlıq! Səhnədə, əsərdə erkən orta əsrlər idi, ancaq Heydər Əliyevin gözləri əski əyyamların əhvalatlarına baxaraq onların içində həm də bugünün ən qaynar və düyünlü hadisələrini görürdü: "Əsərin süjeti mənə məlumdur və ilk dəfə 1940-cı illərdə görmüşəm, oxumuşam, ancaq nə qədər məlum olsa da, dəqiqəbədəqiqə izləyirsən - nə olacaq, nə təhər olacaqdır, sonra nə olacaq? Bizim görkəmli aktyorumuz, böyük sənətkar Mikayıl Mirzə əsas - baş rolu çox gözəl ifa etdi, çox gözəl. Mən o vaxt görmüşəm. Ələsgər Ələkbərov, Rza Əfqanlı o vaxt dublyor idilər. Vaqif rolunda da dublyor idilər, burada da dublyor idilər. Onların ikisini də görmüşəm. İndi o böyük aktyorların - xüsusən Ələsgər Ələkbərovun davamçıları da var. Bizim müasir, yeni sənət ustaları, onlardan da görkəmlisi Mikayıl Mirzədir. Və indiyə qədər olduğu kimi, çox gözəl, fədakarcasına, çox böyük məharətlə, ürəklə bu rolu ifa etdi. Bu əsər bu gün aktualdır, ona görə ki, həm sevgi saf, pak olmalıdır, həm də xəyanət, satqınlıq, vəzifəpərəstlik, vəzifə uğrunda mübarizə aparanlar, həmən o Şapur kimi, baş vəzir olmaq üçün hər cür xəyanətə gedənlər bizim də vaxtımızda vardır. Nə qədər adamlar vəzifə almaq üçün nə qədər xəyanətlər ediblər. Elə bu xəyanətlərin nümunələrini son vaxtlar bizim televiziya göstərir. Əgər Şapur, tutaq ki, bir Fərhada, yaxud Şirinə, Xosrovun özünə xəyanət etdisə, indi xəyanət edənlər bizim millətimizə, dövlətimizə ölkəmizə, dövlətçiliyimizə xəyanət ediblər. Ona görə Səməd Vurğunun yazdığı bu əsər bu gün də aktualdır, 10 ildən, 50 ildən sonra da aktual olacaq. Nə qədər ki insan cəmiyyəti yaşayır, insanlar arasında gedən bu proseslər daimidir".
Siyasətdə, dövlətçilikdə Heydər Əliyev biçimli yaxını və uzağı hamının görmədiyi sayaq görməyi bacaranlara ehtiyac həmişə olacağı kimi, indi və bütün sabahlarda elə sənətin, ədəbiyyatın, elmin, küllən yaradıcılığın, yaşayışın çeşidli səmtlərində də digərlərindən çox fərqli görüb göstərməyə qadirlər daim aranacaq, umulacaq, dəyərləndiriləcək!
...O, yenə insan dənizi qarşısında dayanmışdı. 2002-ci ilin noyabrı idi. Şəkidəki meydan ləbələb idi. Əllərdə irili-xırdalı saysız-hesabsız Azərbaycan bayrağı dalğalanırdı. Həmin minlərlə bayraq arasında xeyli ucaya qaldırılmış bir bayraq da vardı. Bayrağı qaldıran qara gödəkçəli bir qız idi. Böyründəkilər daha hündürboylu olduğundan yandan baxanda qız heç görsənmirdi. Heydər Əliyev istiqlalımızdan danışırdı, ən ali sərvətimiz olan dövlət müstəqilliyimizdən danışırdı, iftixarla, insanları vəcdə gətirən təsirliliklə danışırdı və iti baxışları bu meydan boyu dikələn minlərlə bayraq arasında xeyli aralıdakı bircəsinə - yan-yörəsindəkilərin çiyinlərindən aşağı olan, ancaq Prezidentin çıxış etdiyi səhnənin hündürlüyündən görünən həmin qızın qaldırdığı Üçrənglimizə yönəlmişdi. Boyunun balacalığından savayı, üstəlik, televiziyanın meydanda quraşdırılmış ayaqlı, iri kameralarından biri də qızın qarşısını kəsib onu görünməz edirdi. Amma Heydər Əliyevin iti nəzərləri bu boyda meydanda, bir belə insan arasında ən görməlini görə, ən seçilməlini seçə bilmişdi. Və nəzərinin məhz bu bayrağa, o qıza dikilməsi də səbəbsiz deyilmiş. Həmin bayrağı, həmin qızı əli ilə göstərdi: "Müstəqilliyimizin rəmzi bu üçrəngli bayrağımızdır. Mən bayaqdan baxıram. O gənc qız bir əli ilə bayrağı tutubdur. Bayaqdan fikir verirəm, siz də hamınız fikir verin. Tək əli ilə bayrağı qaldırıb. Yel o bayrağı bu tərəfə vurur, o yana döndərir, o qızsa bir əlində bayrağı saxlayıb, dayanıb. Qızım, görürəm səni, gözəl bir qızsan. Mən səni bağrıma basıram, mən səni öpürəm. Sən ki Azərbaycanın müstəqilliyinin rəmzi olan bayrağı bu cür sevirsən, bu cür əlində saxlayırsan, mən sənə sevgimi, ehtiramımı bildirirəm".
Və qızı tribuna tərəfə çağırdı. İnsan dənizi yarılıb yol açdı, o qız bayaqdan saatlar boyu başı üzərində saxladığı bayrağı ilə Heydər Əliyevə doğru irəlilədi, Öndər qızı qucaqladı, bayrağı öpüb gözünün üstünə qoydu...
O anda o irilikdə meydanda, görəsən, ürəyində Azərbaycan eşqi olan bircə nəfər belə tapılardımı ki, qürurundan qəhərlənməyə?!
Elə bilirsiniz insanların bayraq uğrunda qurban getməyə hazır olması duyğusu elə öz-özünə yaranır?
Belə sevgi dərsləri olmasa, o cür fədakarlıqlar olardımı?!
11 sentyabr 2023