RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Türk dövlətlərinin diaspor gəncləri Nizami Muzeyinin qonağı olublar Okt 03, 2023 | 10:12 / Görüşlər

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin və Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə Bakıda keçirilən Türk Dövlətlərinin Diaspor Gənclərinin “Heydər Əliyev və Türk dünyası” adlı I Forumunun iştirakçıları Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar.

2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar keçirilən beynəlxalq forumda azərbaycanlı gənclərlə yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və TDT-yə müşahidəçi üzv statusunda Türkmənistan, Şimali Kipr Türk Respublikası və Macarıstan nümayəndələri də iştirak ediblər.

Türk dövlətlərinin diaspor gəncləri ədəbiyyat muzeyinin zəngin ekspozisiya zallarını gəzərək Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olublar. Qonaqları muzeyin əməkdaşı Gülnar Əqiq müşaiyət edərək onları bu mədəniyyət ocağı haqqında məlumatlandırıb.

Gənclər muzeyi gəzərkən bir daha mədəniyyət və ədəbiyyatımızın Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri olduğunun şahidi olublar. Onlar Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci ildə dövlət səviyyəsində, eyni zamanda UNESCO-nun xətti ilə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinə,  Azərbaycanın mütəfəkkir şairi Nəsiminin 600 illik və bütün türk dünyasının iftixar mənbəyi, qüdrətli söz ustadı Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr olunmuş Bakıda və dünyanıın bir çox ölkələrində keçirilən kompleks tədbirləri əks etdirən müxtəlif eksponatlar, tablo və xalılarla tanış olublar.

Diaspora gəncləri sonra muzeyin direktoru, akademik Rafael Hüseynovla görüşüblər. Muzeyin İstiqlal zalında baş tutan bu görüşdə Rafael Hüseynov türk dünyasının böyük şəxsiyyəti Heydər Əliyevin türkdilli dövlətlərin diaspora mərkəzlərinin yaradılması ilə bağlı gördüyü işlərin əhəmiyyətini vurğulayıb, Ulu Öndərin ədəbiyyatımıza daim xüsusi diqqət və qayğı ilə yanaşdığını qeyd edib. Söhbət əsnasında Rafael Hüseynov qonaqlara Azərbaycan Xalq Cümhuriyyətinin şanlı istiqlal yolu ilə bağlı olan muzeyin İstiqlal zalı haqqında da məlumat verib və bütün türk dünyası gənclərinin qarşısında duran vəzifələrdən, türk dünyası diaspora gənclərinin birliyinin bu günü və perspektivləri ilə bağlı danışıb.

Sonda akademik Rafael Hüseynov gəncləri maraqlandıran sualları cavablandırıb.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook