RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verilişinin istiqlal şairi Əhməd Cavada həsr olunan növbəti buraxılışı yayımlanıb Okt 14, 2023 | 11:07 / Verilişlər

“Mədəniyyət” kanalında "Vətənim" verlişinin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavada həsr olunmuş üçüncü buraxılışı yayımlanıb.

Veriliş Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında efirə gedib.

Akademik Rafael Hüseynov istiqlal şairi Əhməd Cavadın repressiyaya məruz qalmasından, çətin həyatından bəhs edib. Bildirilib ki, 30-cu illər repressiyasına xalqımızın ən istedadlı ziyalılarının, söz ustalarının, müstəqilliyimiz uğrunda böyük mübarizlərin məruz qalmaları hamıya məlumdur. Bu repressiya ədəbiyyatımızın, mədəniyyətimizin  inkişafına ağlagəlməz zərbələr vurmuşdur. Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Vəli Xuluflu, Salman Mümtaz və başqa yazıçılarımızla sonradan gələn nəsillər arasındakı varislik tellərini amansızcasına kəsib doğramışdır. Həmin sənətkarlar arasında ən çox bəxti gətirməyənlərdən biri Əhməd Cavaddır.

Diqqətə çatdırılıb ki, Əhməd Cavad yazılarına və siyasi görüşlərinə görə repressiyaya məruz qaldığı dövrə qədər artıq 3 dəfə həbs olunmuşdu. Sinəsi söz dustağı, özü isə göz dustağı olan Əhməd Cavad 1937-ci il mart ayının 21-də - Novruz bayramı günü müəllimi Hüseyn Cavid və Vəli Xuluflu ilə bir gecədə bolşeviklər tərəfindən  həbs edilib. Səkkiz aya yaxın NKVD zirzəmisində işgəncələrə məruz qalan Əhməd Cavad 1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə döyə-döyə qətlə yetirilib.

Vurğulanıb ki, XX əsrin otuzuncu illərinin sonunda günahsız yerə repressiya qurbanı olmuş Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Əhməd Cavadın öldürülməsindən 86 il ötsə də xalqımız öz şair oğlunu heç vaxt unutmayıb. Şairin faciəvi ömrü sonrakı nəsillər üçün dastana çevrilib.

Üçüncü buraxılışı buradan izləyə bilərsiniz.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook