RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Axşam görüşləri” proqramının budəfəki buraxılışı Xalq artisti Fərhad Bədəlbəyliyə həsr edilib Yan 29, 2024 | 03:18 / Verilişlər

Azərbaycan Radiosunda yayımlanan “Axşam görüşləri” proqramının növbəti buraxılışı dünyaşöhrətli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəyliyə həsr edilib.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında efirə gedən proqramda Xalq artisti Fərhad Bədəlbəylinin zəngin yaradıcılığına nəzər salınıb. Bildirilib ki, Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri sırasında Fərhad Bədəlbəylinin layiqli yeri var. O, müasir Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən dəyərli sənətçilərdəndir.

Diqqətə çatdırılıb ki, Fərhad Bədəlbəyli 1967-ci ildə Praqada ilk böyük uğurunu qazanmış, həmin müsabiqədə 3-cü mükafata və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatına layiq görülmüşdür. 1968-ci ildə Portuqaliyada qazandığı mükafat isə sovet ittifaqında böyük səs-səda doğurmuş, o, Lissabonda keçirilmiş Pianoçuların Beynəlxalq Müsabiqəsində Vianna da Motta adına beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlarından sonra məşhurlaşmışdır:

"Lakin vaxt ötsə də Fərhad Bədəlbəyli dəyişməyib, onun hər məclisi varlığı ilə bəziyə bilmək gücü on illiklər öncə necə idisə, indi də o cürdür. Bu gün Fərhad Bədəlbəyli bütün başqa məziyyətlərindən əlavə, mədəniyyətimizdə meyar olan şəxsiyyətlərdəndir. O, varlığı ilə, parlaq fəaliyyətləri ilə yalnız atası görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin deyil, əmisi bəstəkar Əfrasiyab Bədəlbəylinin deyil, ustadları Qara Qarayevin, Niyazinin, musiqimizin, ziyalılığımızın tacı Üzeyir bəyin adını, ruhunu, xəttini yaşadır. Azərbaycan xoşbəxtdir ki, onun Fərhadı var".

Akademik Rafael Hüseynov qeyd edib ki, dünyaşöhrətli pianoçu ilə birgə olmaq həm tarixlə görüş, həm tarixmizdən keçmiş dəyərli insanları sanki yaxından görmüş kimi təmas, həm də musiqi ilə ünsiyyətdir. Fərhad Bədəlbəyli mədəniyyətimizi sabahkı nəsillərə ötürə bilən etibarlı körpüdür. 

Bildirilib ki, Fərhad Bədəlbəyli 1991-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektorudur. Məhz onun varlığı ilə bu sənət ocağında Üzeyir bəydən, Qara Qarayevdən, Əşrəf Abbasovdan, Cövdət Hacıyevdən və digər ölməzlərimizdən qalan dərslər və ənənələr sadəqətlə davam etdirilməkdədir. Fərhad Bədəlbəyli daşıdığı şanlı soyadın şöhrətinə şöhrət artırmağı bacarmış, istedadı ilə Vətənini, millətini daha da başı uca etmiş seçilmişlərdəndir.

“Axşam görüşləri"ni buradan dinləyə bilərsiniz.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook