RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ədəbiyyat Muzeyində “Kədərli və şərəfli tarixin dərsləri” adlı elmi sessiya keçirilib Yan 19, 2024 | 12:32 / Tədbirlər

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş elmi sessiya keçirilib.

Tədbirdə Ədəbiyyat Muzeyinin direktoru akademik Rafael Hüseynov “Kədərli və şərəfli tarixin dərsləri” mövzusunda məruzə ilə çıxış edib. R.Hüseynov 20 Yanvar hadisələrindən, faciənin başvermə səbəblərindən, Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən söz açıb.

20 Yanvarın xalqımızın azadlığı və müstəqilliyi yolunda böyük əhəmiyyət daşıdığını deyən akademik bu günün Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq salnaməsi kimi daxil olduğunu deyib: “Hər millətin tarixində elə səhifələr var ki, gərək unudulmasın. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun silahlı qüvvələri Azərbaycana hücum etdi. Əliyalın, günahsız insanlar təpədən-dırnağadək silahlanmış böyük bir ordu ilə üzbəüz dayanmışdı. O gün Azərbaycan üçün faciə idi, xalqımız itkilər verdi. Azərbaycan insanı həmin gecə mərdliyi, rəşadəti ilə bizim gələcək istiqlalımızın, az sonra başlanacaq dövlət müstəqilliyimizin təməlini qoyurdu”.

Bu günün Azərbaycanın tarixində təkcə faciə deyil, həm də qürur səhifəsi olduğunu dəyən akademik bildirib ki, xalqımız hər zaman 20 Yanvar faciəsini böyük kədərlə qeyd edib. Ancaq 20 Yanvar yalnız kədər, hüzn deyil, həm də xalqımızın mərdliyini, qəhrəmanlığını, birliyini nümayiş etdirdiyi gündür. 20 Yanvar hadisələri xalqımızın öz milli azadlığına qovuşmasına təkan verdi və müstəqilliyə gedən yolun başlanğıcı oldu. Sovet imperiyasının da məqsədi xalqımızın müstəqillik, istiqlaliyyət yolunda mübarizəsini boğmaq, susdurmaq idi. Ancaq onlar bu istəklərinə çata bilmədilər. Sovet rejimi xalqımızın mübarizə əzmini qıra bilmədi.

R.Hüseynov həmin günlərdə xalqımızın haqq səsinin dünyaya çatdırılmasının qarşısını almaq məqsədilə Azərbaycan televiziyasının enerji blokunun partladıldığını, respublika televiziyası və radiosunun verilişlərinin tamamilə kəsildiyini bildirib. O, 20 Yanvar faciəsinin, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında Ulu Öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edib. Bu qanlı hadisənin ertəsi günü Ümummilli Lider Heydər Əliyevin özünün və ailəsinin həyatını təhlükəyə ataraq İlham Əliyevlə birlikdə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək 20 Yanvar faciəsini bütün dünyaya bəyan etdiyini xatırladıb.

Rafael Hüseynov 20 Yanvar hadisələri zamanı qəhrəmanlıq göstərmiş jurnalist və mətbuat işçilərinin də fəaliyyətindən söz açıb, Azərbaycanın çətin və ağrılı günlərində türk xalqının böyük oğlu Oljas Süleymenovun xalqımızın yanında olduğunu və böyük dəstək göstərdiyini bildirib.

“20 Yanvar təkcə faciə deyil, həm də zəfər, qürur günü kimi qeyd edilməlidir”, - deyən akademik 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edildiyini, Azərbaycanın böyük tarixi Zəfər qazanaraq ərazi bütövlüyünün, suverenliyinin tam bərpa edildiyini və bu gün dünyanın güclü dövlətləri sırasında olduğunu deyib. R.Hüseynov xalqımızın hər zaman Azərbaycanın müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının, şəhidlərinin xatirəsini əziz tutduğunu, heç zaman onları unutmayacağını bildirib.

Tədbirdə “Silahdaşlar” filmi nümayiş olunub.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook