RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Axşam görüşləri” proqramı Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunub Fev 25, 2024 | 11:43 / Verilişlər

Fevralın 25-də Azərbaycan Radiosunda “Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında yayımlanan proqram XX əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımına həsr olunub.

“Axşam görüşləri”ndə Xocalı həqiqətlərindən, ermənilərin 32 il əvvəl törədikləri soyqırımı cinayətlərindən bəhs edilib.

Akademik Rafael Hüseynov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş hadisələrin 20-ci əsrin ən dəhşətli faciələrindən biri olduğunu qeyd edib, onun haqlı olaraq soyqırımı adlandırıldığını vurğulayıb. O, soyqırımı nəticəsində 600-dən çox Xocalı sakininin qəddarcasına qətlə yetirildiyini, 150 nəfərdən çox şəxsin itkin düşdüyü və onların taleyinin bu günədək məlum olmadığını diqqətə çatdırıb. Bildirib ki, amansızlıqla qətlə yetirilən bütün mülki şəxslər tamamilə günahsız idilər. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası sayəsində tarixi ədalətin bərqərar olduğunu söyləyən akademik Rafael Hüseynov Xocalının da işğalına son qoyulduğunu, tezliklə Xocalı sakinlərinin öz ana yurdlarına dönməyə başlayacaqlarını bildirib. O, vurğulayıb ki, bu gün Azərbaycanın hər yerində Dövlət Bayrağı dalğalanır, işğaldan azad edilən ərazilərimiz yenidən dirçəlir. Bütün Qarabağın, eləcə də dərdli Xocalının həyatında yeni dövran başlanır. Gün gələcək indi quruculuq işləri aparılan Xocalı Azərbaycanın ən gözəl guşələrindən birinə çevriləcək, yenə Xocalıda şən məclislər qurulacaq.

Qeyd olunub ki, gələcək nəsillərin insanları Xocalıda baş vermiş dəhşətlər haqqında filmlərdən, kitablardan biləcəklər. Nəsillər dəyişəcək, canlı şahidlər, o günlərin acı xatirələrini içində daşıyanlar gedəcəklər. Lakin gələcək nəsillər gərək heç vaxt bu faciəni unutmasınlar, keçmişdə baş verənlərin hər anını bilsinlər. Nə qədər illər keçsə də gərək gələcək nəsillərin insanları Xocalıda baş vermiş soyqırımı yalnız keçmişin hadisəsi hesab etməsinlər, elə bugünlərdə baş vermiş dəhşət, faciə kimi qavrasınlar. 

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook