RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Şaiqin sönməyən ümidi Fev 19, 2024 | 12:28 / Mətbuatda çıxışlar

Onu azərbaycanlıların gələcək nəsilləri də mütləq tanıyacaq. Bu adı yaxın və uzaq sabahlarda da biləcəklər, bu əsərləri oxuyacaqlar. Onlarsız mümkün deyil - bu söz inciləri artıq "Vətən Dərsliyi"nin ayrılmaz parçaları, mütləq yadda saxlanası səhifələridir. Və hər yeni nəslin insanları "Abdulla Şaiq bizim üçün nə qədər əzizdir, Abdulla Şaiqin yeri millət ruhunun hansı ucalıqlarındadır" suallarına cavablar axtardıqca həmişə yada 1923-cü ilin 27 dekabrındakı bir mərasim düşəcək. O mərasim ki, orada Abdulla Şaiqin yubileyi keçirilirdi.

Həmin ildönümü başqa bu qəbil bayrametmələrin heç birinə bənzəmir.

Abdulla Şaiq 1881-ci ildə anadan olmuşdu. 1923-cü ildə onun yuvarlaq ildönümü deyildi. Ancaq həmin gün yuvarlaq bir ildönümü bayram edilirdi - 20 illik keçirilirdi, Abdulla Şaiqin müəllimliyinin 20 illiyi. İlk danışan Azərbaycanın xalq maarif komissarı Mustafa Quliyev olmuşdu. Xalq maarif komissarı bugünkü ölçülərlə həm təhsil, həm mədəniyyət naziri idi (Yəni mədəniyyət həmişə milli təhsilin ayrılmaz parçası deməkdi). Mustafa Quliyev deyirdi ki, Abdulla Şaiq çocuqlara tərbiyə vermək və tədris etməkdə bir məktəbin dörd divarı arasına sığınıb qalmaqla kifayətlənmədi, ona görə də şairliyə və müəllimliyə bərabər iqdam etdi. Nəticəsi də bu oldu ki, ölkəmizin hər guşəsində sayıldı. Bu gün yaranan yeni ədəbiyyatımızın və dilimizin təməlində dayananların ilklərindən birincisi Abdulla Şaiqdir.

Mustafa Quliyev o gecə inandığı ümdəbir həqiqəti də dilə gətirərək deyirdi ki, avropalılar, qərblilər bugünkü ədəbiyyatda, mədəniyyətdə nail olduqları irəliləyişlərə görə sələflərinə borcludurlar. Biz də Azərbaycanın bugünkü yeni ədəbiyyatına görə Şaiq kimi müəllimlərimizə minnətdar olmalıyıq. Natiq çıxışını alxışla bitirirdi - Şaiqə "yaşasın!" deyirdi. Ancaq sadəcə şair Şaiq, sadəcə müəllim Şaiq yox, "Qoca müəllimimiz Şaiq yaşasın!" deyirdi. O zaman Abdulla Şaiqin vur-tut 42 yaşı vardı, ancaq ətrafı onu qocaman bir insan kimi qavrayırdı. Mustafa Quliyev o axşam bu arzusunu da ifadə eləmişdi ki, biz çox istəyirik hələ bundan sonra 20 ildə Abdulla Şaiq bizim tədrisimizə, mədəniyyətimizə, ədəbiyyatımıza, dilimizə xidmət etsin. Şaiqə o qədər qocaman kimi baxırdılar ki, bu 20 illik müddəti çox uzaq vaxt məsafəsi kimi nəzərdə tuturdular.

Bu alxış ediləndə 1923-cü il idi və 20 il sonra 1943-cü il gələcəkdi. Abdulla Şaiqsə 1943-cü ildən sonra da illərcə yaşadı, yaratdı. Ancaq Şaiqin hələ 42 yaşında ikən, məhz həmin o 1923-cü ildə də qocaman bir insan kimi qavranılması yalnız Mustafa Quliyevin gözlərinin və düşüncəsinin gördüyü deyildi. Bir çox başqalarında da eyni təsəvvür vardı. Az sonra kürsüyə Atababa Musaxanlı çıxacaq. O da Abdulla Şaiqin tələbələrindən idi və müəllimini "babamız Şaiq" adlandırırdı. Yəni Abdulla Şaiq o cavan yaşında artıq azman, ərən bir insan kimi qavranılırdı. O gün o kürsüyə qalxanların da, o zalda oturanların da hər biri Abdulla Şaiqi həm çox sevir, həm də yaxşı tanıyırdılar. Amma bununla belə, kürsüyə qalxanların hər biri "Şaiq kimdir" sualına cavab arayır, onun böyüklük dərəcəsini müəyyənləşdirməyə cəhd edirdi. Hər kəs istəyirdi ki, Şaiqin böyüklüyünü öz görüm bucağından bacardıqca tutumlu təqdim edə bilsin. Qafur Rişad Əfəndizadə qalxmışdı kürsüyə. Bir-bir Abdulla Şaiqin bədii əsərlərini, məktəb üçün yazdığı kitabları sadalayırdı. Deyirdi, Abdulla Şaiq olmasaydı, "milli qiraət kitab"ı yox idi. Deyirdi ki, Abdulla Şaiq olmasaydı, "ədəbiyyat dərsləri kitabı" yox idi. Deyirdi ki, Abdulla Şaiq olmasaydı, "məktəblərimizdəki müntəxəbat" yox idi. Deyirdi ki,"Abdulla Şaiq yox idisə, türk ədəbiyyatı kitabı" yox idi. Bu kitablar olmasa isə, məktəbimiz boş, müəllimlərimiz yalavac qalacaqdı. Və ona görə də Qafur Rişad nəticə çıxarırdı - Abdulla Şaiqin varlığının nə olduğunu anlamaq üçün onun yoxluğunu düşünməliyik, o olmasaydı, nələr olmazdı, nələrdən məhrum qalardıq fikrinə dalmalıyıq. Deyirdi ki, türklərin məşhur Müəllim Nacisi var. Gərək biz də Şaiqi Azərbaycanın "Müəllim Şaiqi" adlandıraq. Və daha bir mühüm mətləbə toxunurdu - 1922-ci ildə Bakıda Qala divarlarının yanında ilk şair heykəli ucaldılmışdı: Mirzə Ələkbər Sabirin abidəsi. O dövrdə bu, Azərbaycanda bir ədəbiyyat, mədəniyyət, elm adamına ucaldılan ilk və tək mücəssəmə idi. Sözünü tamamlayan Qafur Əfəndizadə təsdiqləyirdi: Abdulla Şaiqin bu millət qarşısında xidmətləri o qədər böyükdür ki, o da bir abidəyə çevrilərək Sabir heykəlinin yanında dayanmağa layiqdir. Daha artığını arzulayırdı ki, Abdulla Şaiqin Bakıda heykəli elə sağlığında ucaldılsın.

O gecə şeirlər də söylənmişdi və həmin qoşqulardan birini elə həmin günün ərəfəsində məşhur alim və müəllim İsmayıl Hikmət yazmışdı. O İsmayıl Hikmət ki, onun Azərbaycan və türk ədəbiyyatının tarixinə həsr etdiyi kitabları həmin illərdə yazılsa da, bu gün də qiymət və sanbalını saxlamaqda, təkrar nəşr və iqtibas edilməkdədir, o çağlar Azərbaycanda qısa müddətdə yaşayıb-çalışsa da, adı ədəbiyyat və ədəbiyyatşünaslığımızın tarixində ən qiymətli alimlərdən biri kimi həmişə sayğıyla anılacaq. İsmayıl Hikmətin 1923-cü ilin 27 dekabrındakı həmin Şaiq gecəsində ilk dəfə oxuduğu və bir gün əvvəl qələmə aldığı şeir dönüb olur dillər əzbəri. Çünki o qısa şeir Abdulla Şaiqin nurani mahiyyətini və çöhrəsini son dərəcə dəqiq nişan verirdi.

Biri insan mələk olurmu desə,

Bən derim, bir misalı var, baxınız!

Bu təbii şüari munislə,

Məncə, Şaiq nümunədir mələyə.

Şaiqi sadəcə mələk kimi görmürdü, ikibaşlı söyləyirdi - onu həm mələk adlandırır, həm də mələklərə belə nümunə ola biləcək şəxsiyyət kimi dəyərləndirirdi.

Söz növbəsi Xəlil Fikrətə çatmışdı. Özü hamının etiraf etdiyi ən yaxşı müəllimlərdən biri idi. Ancaq arzusunu dilə gətirərək deyirdi ki, biz hamımız ruhca Şaiqə bərabər bir müəllim mərtəbəsinə yetişsək, nə xoşbəxt olardıq.

O gecə yalnız Şaiqin müəllimliyinin yox, ədibliyinin də dəqiq qiymətini vermək təşəbbüsləri olmuşdu. Bunların ən sərrastlarından biri Mikayıl Rzaquluzadənin dilindən səslənmişdi. Soruşurdu ki, yaxşı ədəbiyyat nədir, yaxşı ədəbiyyatı necə yazarlar? Və özü də cavab verirdi ki, yaxşı ədəbiyyat Şaiqin yazdığı ədəbiyyatdır, ədəbiyyatın yaxşı olması üçün onu Şaiq kimi yaradarlar.

O gecə Abdulla Şaiq çox bəxtiyar idi. Cavan insandı, ancaq o tərifli sözlər ki səslənirdi, o qiymətlər ki verilirdi, onları eşidən elə zənn eləyərdi ki, bu qiymətlər, bu dəyərləndirmələr 42 yaşlı deyil, bir neçə 42 illəri yaşamış insan haqqındadır. Beləcə, bu cavan sinnində Abdulla Şaiq anlayan və dürüst qiymət verməyi bacaran müasirlərinin gözündə müəllimlər müəllimi olmaq, örnək hesab edilmək, mələk sayılmaq, abidəsi ucaldılmaq haqqı qazanmışdı.

..Əslində cansız saydığımız daş-divar da cansız deyil. Əslində daşın, divarın da yaddaşı var. Sadəcə, biz onu dindirə bilmirik. Dilini bilsəydik, daş divar da danışardı, hekayətlər söyləyərdi. XXI yüzildə Bakının hüsnü çox dəyişsə, əski həyətlərin və binaların bir çoxu artıq sökülmüş, itmiş olsa da, bir zamanlar Şaiqin yaşadığı məhəllə də, ev də qalmaqdadır, orada yenə də həyat, yaşayış davam edir. O mülk ki illər onun daşını-divarını qocaldaraq bozardıb, pəncərələrinin, pillələrinin, məhəccərinin rəngini soldurub, orada 1916-cı ildən ta 1957-ci ilə qədər - 41 il boyunca Azərbaycanın ən sevimli insanlarından biri - Abdulla Şaiq ömür sürüb. Hər gün elə indi köhnə qonşularının nəvə-nəticələrinin addımladığı küçədən keçirmiş, pillələrlə qalxırmış, həmin məhəccərin yanından keçirmiş, tanış qapını açaraq girirmiş doğma mənzilinə və möcüzələr yaradırmış. Ancaq Şaiq bura çox zaman tək gəlmirmiş. Yanında simsarları, köhnə və yeni dostları Hüseyn Cavid, Seyid Hüseyn, Cəfər Cabbarlı, Səməd Vurğun... olurmuş. Vaxtında bu mənzil Azərbaycan ədəbiyyatının, Azərbaycan müəllimliyinin, Azərbaycan ziyalılığının ən seçmə insanlarının ən sevimli ünvanlarından olub.

Abdulla Şaiq məşhur şeirlərindən birində "Yad et məni, Şaiqanə yad et" deyirdi. Abdulla Şaiqi - o böyük ədibi, o böyük şairi, o böyük müəllimi bütövlüyü və əsl böyüklüyü ilə dərk etmək və görməkçün onu elə başqalarını xatırladığın kimi anmaq bəs etməz. Gərək onu özünün məsləhət bildiyi kimi - şaiqanə yad edəsən.

Abdulla Şaiqi şaiqanə ana bilmək, ona Şaiqin özünün müdrik nəzərləriylə baxa bilməksə, adi iş deyil. Bundan ötrü gərək elə Abdulla Şaiq boyda şair, ədib, müəllim olasan, o hündürlükdən baxasan ki, bu zərif vücuddakı əzəməti layiqincə seyr edib dəyərləndirməyə gücün çata. Abdulla Şaiq varlığı və su kimi dupduru, aydın, birbaşa ürəyə, düşüncəyə işləyən, misraları muncuq kimi düzülmüş şeirləri ilə klassik ədəbiyyatın məşhur deyimini xatırladır: "Səhl-imümtənə" - əlçatmaz sadəlik.

Şaiq bayatı sadəlikli şeirlər yazıb, amma hər biri hikmətlə dolu, yaşadıqca yaşayası solmaz şeirlər. Şair Abdulla Şaiq haqqında şairanə söz demək üçün gərək elə onun özü boyda şair olasan. Abdulla Şaiq məşhur şeirində məsləhət görürdü: "Yad etməni, qaibanə yad et". O insanlar ki Abdulla Şaiqlə oturub-durmuşdular, təmasda olub birgə çətin, sınaqlı yollar keçmişdilər, sağ olsaydılar, sıra-sıra xatirələriylə onu dünənlərdən bizim günlərə gətirərdilər. Hamısı gedib, indi tək yolumuz Şaiqin tövsiyəsinə əməl edərək onu qaibanə yad etməkdir. Şaiqi görmüş köhnə şahidlərdən qalan bircə elə onun səliqə-sahmanının qorunub-saxlandığı mənzilidir. O mənzil ki, indi də diridir, hər gün qapısı açılır, hər gün qonaq-qarası olur, ancaq keçmiş əyyamlardan fərqli olaraq, gecələr burada həyat dayanır, iş saatları bitəndən sonra hazırda burada yerləşən Şaiq muzeyinin işçiləri qapıları kilidləyib gedirlər öz ev-eşiklərinə, buralar sükuta qərq olur. Hamı gedir, burada qalan olur təkcə Şaiqin ruhu.

Onlar iki dost, iki məsləkdaş, iki ruhdaş idilər. Hər ikisi müəllim idi. Həm də elə sadəcə sinif otağına girərək gündəlik dərsini verən öyrədici yox, bütün mahiyyəti ilə Müəllim! Cavid də, Şaiq də məktəblərdə dərs deyirdilər. Çünki bu qəbil istedad və qələm sahiblərini tarix və tale yalnız doğurduqları əsərlərlə xalqlarına dərs verməkçün deyil, elə bilavasitə müəllimlikdən ötrüdə ezam və məsul edir. Onlar tarixin elə kəsiklərində gəlirlər ki, xalqın məhz həmin dönəmdə bu biliklərə və işığa xüsusi ehtiyacı olur. Və onlar özləri də daşıdıqları işığı ətrafdakılara paylamağı daxili zərurət kimi hiss və qəbul edərək çalışırlar. Şaiq də, Cavid də müəllim idi və onları yaxınlaşdıran həm də bu cəhət vardı ki, elə yaşca da təxminən eyni dövrün uşaqları idilər. 1881-ci ildə Şaiq doğulmuşdu, 1882-ci ildə Cavid. Bir yerdə dərslik də yazdılar: onlardakı müəllim xisləti üstündə qoşa imza olan bir kitabda da qovuşdu: "Ədəbiyyat dərsləri". Şaiq ailəsi ilə Cavidgilin, Cavid ailəsi ilə Şaiqgilin daimi qonaqlarından idi. Qaynayıb-qarışmış, birevli kimi olmuşdular. Hətta kəc dövranın hökmü ilə onların həyatları da eyni gündə tamamlana bilərdi. 1918-ci ilin mart qırğınlarında ermənilər bir çox başqaları ilə bərabər, Cavidlə Şaiqi də həbs edərək "İslamiyyə" mehmanxanasında dustaq saxlayırdılar. Məqsədləri əsir götürdüklərinin canına qəsd etmək idi. Cavid ölümün gözlə qaş arasında dayandığı o həyəcanlı gün barədə zövcəsi Mişkinaz xanıma söyləyibmiş ki, nə yaxşı yanımızda bir dolaq bublik vardı. Bizi ermənilərin dustaq saxladığı uzun saatlar boyunca Şaiqlə həmin bubliklərdən yeyib aclığımızı birtəhər yola verdik.

O bəladan salamat qurtardılar, sonra yolları oxşar bəlayadək yenə birgə davam etdi - ta 1937-ci ilə qədər. Fəqət bu birgəlik bir az da tez qırıla bilərdi. Cavidi 1937-ci ildə tutdular, ancaq elə 1920-ci illərdə də, 1930-cu illərin başlanğıcında da daimi həbs təhlükəsi Abdulla Şaiqin başının üstündə qara bulud kimi dolanmaqdaydı. Hətta şiddətli tuthatutlar toxtayanda, zahirən bir qədər daha sakit dövr gələndə belə Şaiq yenə təhlükələrlə üz-üzə idi. Övladı, unudulmaz alimimiz Kamal Talıbzadə yada salırdı ki, 1950-ci ildə bir ara Abdulla Şaiqi ev dustağı da etmişdilər, qardaşı Yusif Ziyanın adı onun ömründə "Domokl qılıncı" kimi kəsməyə daim hazır idi.

Və həmin 1923-cü ildə Azərbaycanda tanınmış bir müəllimlə bağlı ilk dəfə yubiley mərasiminin keçirildiyi günün astanasında bir divar qəzeti buraxmağı da qət etmişdilər. O işi icra edənlərə yaxşı məlumdu ki, Şaiqlə Cavid dostdurlar. Şaiq haqqında təəssüratlarını almaqçün Cavidə yaxınlaşmışdılar. Həm də xahiş etmişdilər ki, cavabını yazılı versin. Çünki Cavidin öz sözünə qarşı son dərəcə vasvası münasibətindən, yazdığının, dediyinin azacıq belə təhrifinə dözmədiyindən xəbərdar idilər. Cavid onların "cavabınızı yazılı təqdim edin" ricasının müqabilində dərhal dillənmişdi ki, "yazmayacam" və dəqiqləşdirmişdi, "daha doğrusu, yaza bilməyəcəm". Ardınca da izahını vermişdi ki, rəsmi mərasimlərdə bir insan haqqında təmtəraqlı təsvirlər, gözəl sözlər söyləmək olur. Ancaq iş yazmağa gələndə daxildəki hisslər coşub-daşır, onları sözə çevirmək çətinləşir. Cavid dostu Şaiqin çox yüksək qiymətini verərək demişdi ki, o, təcrübəli, şagirdlərinin sevdiyi ustad müəllim, nazik bir şair, saf, nəcib insandır. Və ona verilən suala ürəyinə yatan cavabı verməkçün özü də özündən soruşmuşdu ki, "kimdir Şaiq?" Qoyduğu suala özü də cavab verirdi - Şaiq mühitimizdə bir heçdir ki, ətrafdakı parlaq görünən çox ulduzlardan daha ucalarda dayanmağa layiqdir.

...Abdulla Şaiq fitrətdən müəllim idi. Canıyla, qanıyla müəllim olmaq məziyyəti ona irsən nəsib olmuş keyfiyyət idi. O, müəllim balası idi və bu peşəni də çox sevirdi. İlk gənclik illərindən sinif otaqlarına girmişdi, məktəbə, dərsliyə bağlı olmuşdu və bu sevgi onunla ömrünün son saatınacan qaldı. Ancaq Abdulla Şaiq bircə gün dərs deməsə belə, yenə ən böyük müəllim olaraq qalardı. Çünki cövhərində olan müəllimlik vergisinin, ustadlıq nurunun izi qələmindən nə çıxıbsa, hamısında duyulmaqdadır. Sadəcə dərs deməyib, həm də əsl öyrədici olmaq qabiliyyəti, içərisində olan gücü və şəfqəti başqalarına da ötürmək nəcibliyi əsl müəllimlərə xas özəllikdir və Abdulla Şaiqin bütün yaradıcılığının da bəzəyi məhz elə bu keyfiyyətdir.

O, məktəbin vurğunu idi. Özünün ilk gənclik illəri ilə bağlı xatirəsi var ki, günlərin birində Bakıda bərk qar yağırmış, yerə də möhkəmcə yatıbmış, qalınlığı bir arşından da hündürmüş. O vaxt Sabunçuda dərs deyirmiş. Bu soyuqda-sazaqda gərək ən azı özünü elektrik qatarına çatdıraydı ki, oradan da Sabunçuya yetişə bilsin. Hərçənd elektrik qatarından enəndən sonra hələ stansiyadan məktəbə qədər də xeyli piyada getməli idi. Ancaq ən əvvəl gərək özünü dəmiryol vağzalına çatdıraydı. Yada salırdı ki, səhər durdum, geyindim, ancaq anam qabağımı kəsdi. And-aman elədi ki, yox, bu qarda-qiyamətdə səni buraxmaram, soyuq dəyəcək, xəstələnəcəksən; yalvar-yaxarla anamı razı saldım, qarı yara-yara güc-bəla özümü çatdırdım dəmiryol vağzalına, yetişdim Sabunçuya, orada stansiyada enəndən sonra da yenə qarı yara-yara gedib çatdım məktəbə. Amma məktəbə yaxınlaşınca gördüm ki, darvazadan iri bir qıfıl asılıb. Qarın-çovğunun ucbatından o gün nə müəllimlər, nə də şagirdlər dərsə gəlibmiş. Ancaq hər halda bir yaşlı müəllim, bir də məktəbin milliyyətcə rus olan direktoru oradaymış. Onlar gənc müəllimin bu qarlı gündə məktəbə gəlməyinə həm sevinir, həm təəccüblənirlər və direktor sevinc və təəccüb qarşıq hissini gülüşlə ifadə edir: "Ax, cavanlıq, cavanlıq!"

Dünyagörmüş məktəb direktorunun bu müşahidəsi, əlbəttə ki, doğru idi. O qarlı-çovğunlu havada Şaiqi məktəbə çəkib gətirən, dərs otağına səsləyən içərisindəki şövq, gənclik həvəsi idi. Ancaq illər ötdü, onillər keçdi, Şaiq yaşa da doldu axı. Ağsaçlı insan idi, yenə müəllimliyini eləyirdi və əvvəlki gənclik şövqü, dərs verməyə olan cavanlıqdakı ehtirası yenə onunla idi. 34 ildən bir az çox müəllimlik etdi. Özünün sözüdür ki, təkrarlamağı xoşlayırmış və bu qənaətini 1945-ci ildə kağıza da köçürüb. Yazır ki, hərdən dostlar, tanışlar, yaxınlar məni qınayırlar. Məzəmmət eləyirlər ki, sən məktəbə, dərsə, müəllimliyə sərf elədiyin vaxtı öz yaradıcılığına, bədii əsərlərinə ayırsaydın, yaratdıqlarının sayı indikindən iki-üç dəfə çox olardı.

Ancaq Şaiq etiraf edirdi: "Mən müəllimliyimlə bədii yaradıcılığımdan da ziyadə iftixar edirəm!"

...Köhnə illərin qəzetlərini vərəqləyirəm, kitabları açıram və göz önündə bir kəhkəşan canlanır. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ziyalılığımızın nə parlaq çağları varmış. XX əsr başlanırdı, meydanda böyük ədiblər, güclü aydınlar, nəşrə başlayan və insanların daxilində yeni çağın təlatümlərini yaradan təzə qəzet-jurnallar və bu havada yetişən gənc nəsil. XX əsr gün-gün irəliləyirdi və onlar hələ şagird, gimnazist, tələbə idilər, ancaq 10 il ötəcək, 15 il sovuşacaq, onlar ədəbiyyatın, mədəniyyətin, ziyalılığın aparıcı simalarına çevriləcəklər. Gələcəyin görkəmli ədibi Seyid Hüseyn onlardan biri idi. 1903-cü il idi və o, hələ məktəbdə oxuyurdu. İyirmi il keçəndən sonra xatırlayırdı ki, günlərdən birində sinfin qapısı açıldı, çəlimsiz, arıq bir gənc oğlan daxil oldu sinfə. Bizim şəriət müəllimimiz xəstələnmişdi, bu cavan -Abdulla Şaiq onu əvəz eləməyə gəlmişdi.

Seyid Hüseyn Şaiqi ilk dəfə belə görür, lakin çox keçmir, 1908-ci ildə onunla daha yaxından tanış olur. Bilavasitə yox, onun ruh aləminə girməklə, qələmindən çıxanların aləminə varid olmaqla. Yazdıqlarını oxuduqca Şaiqin kimliyini anlayır və etiraf edirdi ki, həmin anlardan məndə Şaiqə xüsusi məhəbbət və rəğbət oyandı. Bir dəfə hansı nəşrdəsə qarşısına "Məzlum gecə" adlı şeir çıxır. Həmin şeiri dəftərçəsinə köçürür. Və Seyid Hüseyn yazır ki, 1908-ci ildə bizim bir ədəbi cəmiyyətimiz vardı, vaxtaşırı toplaşar, müzakirələr edər, özümüzün yazdığımız şeirləri, bədii parçaları oxuyardıq. Yenə günlərin birində həmin ədəbi cəmiyyətdə toplaşmışdıq, söhbət köhnə və yeni ədəbiyyatdan düşmüşdü, hərə öz bəyəndiyi, layiq bildiyi parçaları oxuyur, təhlil edirdi və ətrafdakılar da ona münasibət bildirirdi. Yoldaşlarımızdan biri ayağa qalxdı, içərisi çətin ibarələrlə dolu bir şeir oxudu və bunu yeni ədəbiyyatın yaxşı bir nümunəsi kimi təqdim elədi. Ən pisi odur ki, onu təqdir edənlər də tapıldı. Mən qalxdım ayağa, açdım dəftərçəmi, həmin "Məzlum gecə" şeiri ki qəzetdən köçürmüşdüm, onu oxudum və dedim ki, yeni ədəbiyyatın əsl nümunəsi bax budur:

Məzlum gecədə nişanlı bir qız,

Min dərd, əzab içində yalnız...

Şeiri əvvəldən-axıracan oxudum, hamı diqqətlə dinlədi və sükuta daldı. Orada iştirak edənlərdən hər birinin elə sükutlarıyla həmin şeirin yeni ədəbiyyatın çox xoşagələn bir nümunəsi olmasını qəbul etməsi məni məmnun qoydu.

Və Seyid Hüseyn Abdulla Şaiqin çağdaş ədəbiyyatdakı yerini dəqiqləşdirərək bildirir ki, Məhəmməd Hadi gurultulu, təmtəraqlı şeirləri ilə, Mirzə Ələkbər Sabir həcv və məzhəkəli qoşqularıyla köhnə ədəbiyyatın əsaslarını dağıtdılar, ancaq yeni ədəbiyyatı yarada bilmədilər və yeni ədəbiyyatın təməlini qoyanların ən ilklərindən biri məhz Abdulla Şaiq oldu.

Seyid Hüseyn dəyərləndirməsinin çəkisi yetərincə ağırdır. Bu, işin içində olan şəxsin - özü də köhnə ədəbiyyatdan çıxmış, ədəbi tərbiyəsini köhnə ədəbiyyatdan almış və yeni ədəbiyyatın da sıra nəfərlərindən biri olan, yeni ədəbiyyatın yaxşı nümunələrini yaradan, o ədəbiyyatla bu ədəbiyyat arasında körpülərdən, keçid mərhələlərindən olan üstün ədibin qiymətidir. Seyid Hüseyn o tərəfi də, bu tərəfi də incəlikləri və xırdalıqları ilə bilirdi, səriştə ilə müqayisə etmək imkanı vardı və Abdulla Şaiqi yeni ədəbiyyatın təməlini qoyanların birincilərindən sayarkən onun qiymət verməsi yalnız hissə, Şaiqə olan məhəbbətə deyil, ən əvvəl dəqiq müşahidələrə və peşəkar bilgilərə əsaslanırdı.

Seyid Hüseyni Talıbzadələr ailəsinə də, Abdulla Şaiqə də bağlayan təkcə ədəbi zövq və səliqə məsələsi deyildi, həm də məslək idi. 1911-ci ildə "Müsavat" firqəsi təsis edilərkən onun sıralarına qəbul edilən ilk dörd-beş nəfərdən ikisi bilirsiniz kimidi? Bunu Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu, həmin gedişatın canlı şahidi Məmmədəli Rəsulzadə dəqiqləşdirirdi: biri Seyid Hüseyn, digəri Abdulla Şaiqin dost-doğma qardaşı Yusif Ziya Talıbzadə.

Yusif Ziya Abdulla Şaiqin böyük qardaşı idi. 1877-ci ildə anadan olmuşdu. Evin böyük oğlu qardaşı Abdulladan dörd yaş böyük idi. Ataları Axund Mustafa Qafqaz şeyxülislamının müavini idi. Həm möhtərəm din adamı, həm də tanınmış müəllim idi, həm ruhanilər arasında, həm də ədəbi-mədəni mühitdə xüsusi nüfuzu vardı. Təbii ki, özü müəllim olan, başqalarını oxuyub-öyrənməyə çağıran Axund Mustafa balalarının da mükəmməl təhsil alması haqqında düşünürdü. Tiflisdə yaşayırdılar və Yusif Ziya əvvəlcə Rüşdiyyə məktəbində oxumuş, orada ərəbcəni, farscanı, bunlarla yanaşı, ruscanı da mükəmməl öyrənmişdi. Atası istəyirdi ki, onun dini təhsili bir az da kamilləşsin. Göndərdi, Yusif Ziya Xorasanda, Məşhəddə ali dini savad aldı, sonra Bağdada gedib ali ruhani təhsilini tamamladı. 1900-cü ildə Bakıya qayıdan Yusif Ziya ədəbi-mədəni mühitlə, ziyalılar zümrəsi ilə tezcə qaynayb-qarışdı və bu mühitdəki ən fəallardan birinə çevrildi. Müxtəlif qəzetlərdə yazıları ardıcıl işıq üzü görürdü və 1900-cü ildən 1910-cu ilə qədərki müddətdə 10-dan artıq kitabı nəşr edildi. Bu kitabların əsas hissəsi din, şəriət məsələləri ilə bağlıdır. Ancaq Yusif Ziyanın kitablarını oxuduqca bunu da sezirsən ki, o, din məsələlərindən, şəriət problemlərindən bəhs edərkən daha çox onların fəlsəfi qatına sirayət edir. Başqa sözlə, yaşca cavan olsa da, onun yazı və ifadə tərzinə bir müdriklik, dərinlik, mətləblərin üst qatının təsviri ilə kifayətlənməyərək onların mahiyyətinə varmaq xas idi. Ancaq Yusif Ziyanın nəşr olunan kitabları, eləcə də qəzetdə yazdıqları yalnız din-şəriət məsələləri ilə əlaqədar da deyildi. Örnəyi, 1903-cü ildə Bakıda onun Hacı Zeynalabdin Tağıyevə həsr edilmiş kitabçası oxuculara çatdı. Bu, Hacı Zeynalabdin Tağıyevin mükəmməl və elmi tərcümeyi-halı hesab edilə biləcək ilk qaynaq idi. Həm də elə mötəbər qaynaq ki, üstündən bu qədər zaman keçəndən sonra yenə də əhəmiyyəti və sanbalını saxlamaqdadır. Hacı Zeynalabdin Tağıyev bu zəkalı gəncə xüsusi rəğbət bəsləyirmiş. Hacı "Quran"ı üç cilddə Azərbaycan dilinə tərcümə etdirmişdi. Qərara alır ki, həmin kitabın nüsxələrindən İstanbula da göndərsin və sovqatını Sultan II Əbdülhəmidə çatdırmaq vəzifəsini Yusif Ziyaya etibar edir. Yusif Ziya yollanır İstanbula, II Sultan Əbdülhəmidlə görüşür. Hədiyyələri təqdim edir və geniş bilikləri, cazibəli nitqi ilə sultanda xoş təəssürat oyadır. Oradan ayrılırkən sultan ona brilyant qaşlarla bəzənmiş iki orden verir. Birini özünə, digərini isə Hacı Zeynalabdin Tağıyevə çatdırmaq üçün.

XX əsrin əvvəlləri özünəməxsus coşqun inkişafı, müxtəlif cərəyanların bir-birinə qarışması ilə səciyyələnən vaxt parçası idi. Amma eyni zamanda bu vaxt kəsiyi həm məcazi, həm birbaşa anlamda inqilablara hamilə idi. Səbəbsiz deyil ki, yeni başlanan əsrin ilk iki onilində irili-xırdalı inqilablardan və həyatın çeşidli sahələrindəki inqilabi dəyişikliklərdən tutmuş dünya müharibəsinədək çox ciddi dəyişikliklər baş verdi. Birinci Cahan savaşının Qafqaza, Azərbaycana da gəlib çatan dalğası Yusif Ziyanın ömrünün səmtini dəyişir, tam başqa cür ola biləcək qismətini bir ayrı səmtə yönəldir. Bəlkə də o müharibə olmasaydı, hadisələr fərqli məcrada cərəyan eləsəydi, Yusif Ziya da büsbütün başqa bir yolu tutub gedər, mütəfəkkir bir dinşünas kimi daha artıq şöhrət qazanardı. Ancaq nəsibi beləymiş və o, dindən- dünşünaslıqdan, fəlsəfədən-ədəbiyyatdan hərbçiliyə sarı döndü. Balkan müharibəsində də iştirak etdi, Osmanlıda hərb təhsili də alaraq Birinci Dünya müharibəsinin gedişində türk ordusunun zabiti kimi diqqətəlayiq şücaətlər göstərdi. Çox keçmir ki, Yusif Ziya Ənvər paşanın ən çox etibar etdiyi, güvəndiyi silahdaşlarından birinə çevrilir. O, türk ordusunda minbaşı rütbəsinə qədər ucalmışdı. Ancaq türk ordusunda xidmət etdiyi, müxtəlif hərbi əməliyyatlara qatıldığı əyyamlarda da Yusif Ziya Azərbaycan mühitindən aralanmırdı. Azərbaycanda çıxan qəzetlərdə onun imzasıyla yazılar mütəmadi görünürdü. Şura hökuməti qurulandan, Azərbaycan istiqlalı devriləndən sonra bir ara o, əzizlərini görmək üçün İran tərəfdən Azərbaycana, Bakıya gəlmək də istəyirmiş. Ancaq Yusif Ziyanı sərhəddə saxlayıb həbs edirlər. Dustaq Yusif Ziya Talıbzadə təkidlə xahiş edir ki, onun məktubunu, həbsedilmə xəbərini Nəriman Nərimanova çatdırsınlar. Nərimanla onlar ailəvi yaxın idilər. Abdulla Şaiq həmin yaxınlığın tarixçəsini xatirələrində belə təsvir edir ki, Nəriman Nərimanovu ilk dəfə Tiflisdə görüb, o, tez-tez atasının yanına gələr, məsləhətləşər, söhbət edərmiş. Abdulla Şaiq bunu da xəbər verir ki, Bakıya gəlişindən sonra Nərimanı, onun anasını görməkçün evlərinə gedir. Abdulla məktəbdə müəllim kimi işə başlamaqdan ötrü imtahan verməli imiş. Nəriman Nərimanov bunu bilincə yazı masasının üstündəki kitabların arasından özünün müəllifi olduğu "Sərf" kitabını çıxararaq verir Abdullaya, deyir ki, sizin imtahanda sualların çoxu elə buradan olacaq. Şaiq bunu da unutmamışdı ki, ertəsi gün "əla" qiymət alacağı imtahana girəndə görür ki, cavab verəcəyi üç müəllimdən biri elə Nəriman Nərimanov özüdür.

Talıbzadələr ailəsinə Nəriman Nərimanov qayğılarını heç vaxt əsirgəmir və sərhəddə həbs olunarkən də bu xəbərin ona çatdırılmasını istəyən Yusif Ziya əmin idi ki, başına belə iş gəldiyini Nəriman bilsə, əsla biganə qalmayacaq. Həqiqətən də, məlumatı alınca Nəriman Nərimanov göstəriş verir, Yusif Ziyanı gətirirlər onun yanına. Və Yusif Ziya ilə bağlı Nəriman Nərimanov birbaşa Leninə müraciət edir. Yusif Ziyanın əslini-nəslini çoxdan tanıdığını, onun mükəmməl bilikli bir cavan olduğunu, İstanbulda yaxşı hərbi təhsil aldığını deyir, amma əlavə edir ki, türk ordusunda qulluq eləyib, indi bizə xidmət etməsi heç də pis olmazdı.

Nəriman Nərimanovun sözünün gücünə, Leninin yanındakı hörmətinə baxın ki, həbsə alınaraq cəza verilməsi gözlənilən Yusif Ziyanı Naxçıvanın hərbi komissarı təyin edirlər.

1921-ci ilin yanvar-fevral aylarından Yusif Ziya Naxçıvanın komissarı kimi tarixdə qalan mühüm işlər görür. Camaatı daşnak quldurlarının həmlələrindən qorumaq üçün heç vaxt unudulmayacaq tədbirlilik və şücaətlər göstərir, hətta deyirlər, Naxçıvanda insanların minnətdarlığının cavabı kimi bir Yusif Ziya kəndi də varmış. Ancaq ermənilərlə bağlı Mərkəzin şübhəli hərəkətləri və ikibaşlı oyunları Yusif Ziyanı çox pəjmürdə edir. Anlayır ki, bu riyakar orduda qulluğunu davam etdirə bilməyəcək. Heç nəyi gizlətmədən, gördüyünü, ürəyində olanları elə bu şəkildə də Nəriman Nərimanova söyləyir. Nəriman ona növbəti misilsiz yaxşılığını edir. Çıxıb xaricə getməsinə rəsmi icazə alır. Ancaq Yusif Ziya İstanbul tərəfə deyil, Türküstan sarı baş alır. Gedib qoşulur basmaçılara. Və 1923-cü ildə basmaçıların tərkibində şura hökumətinin qoşunlarına qarşı mübarizələrdə həlak olur.

Abdulla Şaiqin ömrünün çoxunu yaşadığı, indi xatirə muzeyinin yerləşdiyi mənzildə üstündəki qan ləkəsinin yaşı bir əsr olan köynəkdə saxlanılır. O qanlı köynək və qana bulaşmış "Quran" Yusif Ziyanın yadigarıdır.

Bunu mənə zamanında atası Abdulla Şaiqin dilindən unudulmaz alimimiz Kamal Talıbzadə söyləmişdi. Danışırdı ki, bir gün bu mənzilin qapısı döyülür, Şaiqin tanımadığı bir adam həmin qanlı köynəyi və cildi qana bulaşmış Müqəddəs Kitabı təqdim edib deyir ki, bu köynək də, bu Quran da qardaşınız Yusif Ziyanındır, ölümündən azacıq qabaq özü bunları mənə verdi və xahiş elədi ki, sizə çatdırım. Yaralanmışdı, can atırdı ki, Amudərya çayını üzərək Əfqanıstan sarı keçsin. Ancaq çayı keçə bilmədi, sulara qərq oldu...

Yusif Ziya 1923-cü ildə Amudərya sularında həyatını itirdi, ancaq Abdulla Şaiq yaşayırdı. Yusif Ziya özü ölüb getsə də, adı sovet hökumətinin qəddar düşmən saydıqlarının gizli siyahısında qalırdı. Bu ada görə Abdulla Şaiq ömrü boyu təqiblərə məruz qaldı, həyatı uzunu bir söz deyəndə, bir yazı yazanda, bir ictimai hərəkət edəndə daim ehtiyatlandı. Bir üşəntili xof, qəlbini gəmirən hürkü, istənilən növbəti gündə həbsə atılmaq təhlükəsi ondan əl çəkmədi. Bu qorxunu yaradan həm də o səbəb vardı ki, Abdulla Şaiq özü də az aşın duzu olmamışdı. Özünün də XX əsrin əvvəlində yazdığı istiqlal şeirləri, turançı mənzumələri vardı, o, Azərbaycan Xalq Cümhuriyyətini, üçrənglimizi ilk vəsf edənlərdən idi. Yaşadığı bütün sovet onillərində həmin şeirləri gizlətməyə, kimsənin bunlardan xəbər tutmamasına çalışdı. Bu da ibrətlidir ki, Abdulla Şaiqin o qəbil şeirləri dövlət müstəqilliyimiz bərpa ediləndən, istiqlalımız qayıdandan sonra, bu cür vətənçi, millət və istiqlal sevgisiylə süslənmiş şeirlərə kəskin ehtiyac duyulurkən aranmağa başlandı və yalnız 2000-ci illərin əvvəllərində yenidən insanlarımızın dodaqlarında səsləndi.

...1987-ci il idi, mənim "Vaxtdan uca" kitabım yenicə nəşr edilmişdi, ilk nüsxələrdən birini Kamal Talıbzadəyə bağışlamışdım. Həmin kitabda Şaiqin ömründən də o çağacan mətbuatda, yazı-pozuda əksini tapmamış, siyasi sıxıntılarla ləbələb sovet əyyamlarının dəhşətlərindən bəhs edən səhifələr vardı. Kamal müəllim kitabı iki gecəyə oxumuşdu və atasının istiqlalçı şeirlərindən bir neçəsini mənə ilk dəfə onda göstərmişdi və demişdi ki, sənin kitabında belə parçaları görəndə ümidim yaranır ki, bəlkə haçansa bu şeirləri də adam arasına çıxarmaq mümkün oldu.

Hələ 1987-ci ilin yayı idi, hələ sovet dövləti cabəca yerində idi, hələ müstəqilliyimiz ürəklərin lap dərinlərindəki ülvi arzu idi.

Və o gün Kamal müəllim mənə bunu da demişdi ki, Şaiq çox illər qabaq həmin gizli saxladığı istiqlal şeirlərindən ona danışıb, bu barədə heç vaxt heç yerdə kəlmə kəsməməsini dönə-dönə tapşıranda bunu da pıçıldayıbmış ki, ay Allah, görəsən, haçansa bunlar üzə çıxa biləcəkmi?

Şaiq sovetin gücünün yerə-göyə sığmadığı illərdə yaşayırdı, o çağlar o şər səltənətinin haçansa, hansı möcüzəyləsə dağılacağını ağla gətirmək belə mümkünsüz idi. Ancaq Şaiq bu şeirlərin ona da, ailəsinə də təhlükələr vəd etməsinə baxmayaraq, onları saxlayırmış. Demək, xəfif də olsa bir ümid, kiçicik də olsa bir inam hər halında, düşüncəsində və ürəyində diriymiş ki, bu şeirlərin günü gələ də bilər. Bütün milləti məsud edən o əziz günlər, nəhayət ki, yetişdisə, bu müdhiş bəxtiyarlığı gətirən həm də Şaiqlərin könlündəki ən qəddar zəmanələrdə də sönməyən ümid və inam oldu!

 

Akademik Rafael Hüseynov

525-ci qəzet

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook