RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Atalar sözünə bənzəyən Dek 31, 2023 | 14:25 / Mətbuatda çıxışlar

O müdrik, o səxavətli kişinin səsi XIX yüzilin sonlarının, XX əsrin əvvəllərinin çox guşələrindən dikəlir. Sədası haradan gəlirsə, orada mütləq hansısa xeyirxahlığın, nəcibliyin izi var. Elə Hüseynzadələr ailəsinin taleyində də onun daha bir təmənnasız yaxşılığının sonralar nəsil-nəsil ötürüləcək hekayəti qalır. Bu, Əbülqasım müəllimin danışdığı əhvalatlardandır.

Atası Nurməhəmməd kişinin adında doğuluşundan nur varmışsa da, gözlərinin işığını itiribmiş. O, dülgər idi, əsas işi neft mədənlərində taxtadan buruqlar, qüllələr düzəltməkdi. Bakının dəlisov küləkli günlərindən birində qüllə aşır, Nurməhəmməd kişi yıxılır, gözünə tilişkə batır və bir müddət sonra hər iki gözünün işığını itirir. Amma taxta-şalban zavodunun rəhbərliyi iş başında şikəst olmuş dülgərin dolanışığı olsun deyə onun məvacibini verməkdə davam edir, özünə də söyləyirlər ki, hərdən gəl-get, məsləhət-filan ver, bu, yetər. 1902-ci il imiş. Balaca Əbülqasım yapışıbmış atasının əlindən, İçərişəhərin dar küçələrindən keçə-keçə onu aparırmış taxta-şalban zavoduna. Tağıyevin kontorunun yanından keçəndə Hacı Zeynalabdin onları görür, gendən səsləyir ki, Kərbəlayı, bir bura gəlin. Dəvət edir içəri, keçib əyləşirlər. Soruşur ki, Kərbəlayı, bu yanındakı kimdir? Nurməhəmməd cavab verir ki, oğlumdur.

- Təhsil alırmı, harada oxuyur?

- Mollaxanada oxuyur, Hacı.

- Nə oxuyur, hansı kitablardan dərs alır?

- Nə oxuyacaq, başına dönüm, "Quran", çərəkə, arada da "Gülüstan".

Tağıyev qayıdır ki, a kişi, istəyirsən sənin balan böyüyüb halvaxor molla olsun?

Nurməhəmməd də fağır-fağır dillənir ki, ay Hacı, nə edim, kasıb adamam, Rus-tatar məktəbinə qoymaq ürəyimdən keçir, amma onunçün pul lazımdır, mənim də imkanım yox.

Hacı Zeynalabdin Tağıyev çıxarıb 25 manat verir ki, al bu pulu, əvvəlcə uşağına yaxşı geyim-kecim al, məktəbə gedəndə yaxşı görünsün, sonra da baş çəkərsiniz Mahmud bəyə, deyərsiniz ki, məni Hacı göndərdi, qoy uşağı məktəbinə qəbul eləsin. Balaca Əbülqasıma da deyir ki, hər ay gələrsən bu kontora, sənə 5 manat verəcəklər. Həmin 5 manat da sənin aylıq məktəbxərcin olsun.

Beləliklə, Hacı Zeynalabdin Tağıyevin alicənab himayədarlığı ilə Əbülqasım düzəlir məktəbə və onun həyatında tamam yeni bir səhifə açılır. İllər ötəndən sonra o, həmişə məhəbbət və ehtiramla andığı Tağıyevlə haqqındakı xatirələrini qələmə almışdı və neçə dəfə görüşdüksə, həmişə buna şahid oldum ki, nədən danışır-danışsın, hökmən bir yolla söhbəti hərləyib-fırlayaraq axırda gətirib çıxarır Hacı Zeynalabdinin üstünə və Tağıyevdən etdiyi söhbətlərin hamısında da mütləq o el ağsaqqalının qəlb genişliyindən, maarif işığı saçan əməllərindən soraq vardı. Bunu da öz gözü ilə görüb şahid olmuşdu. Nə bir yerdə yazılıb, nə danışılıb. Əbülqasımın məktəbli olduğu vaxtların əhvalatlarındandır. Deyirdi ki, 6 saylı şəhər məktəbində oxuyurdum, bir səhər bizə tapşırdılar ki, camaat yığılıb məktəbin yanındakı məscidin həyətinə, Hacı da oradadır, siz də gəlin. Biz də qaçışdıq məscidin həyətinə, artıq xeyli adam yığılmışdı. Bir nəfər çıxış edirdi. Söyləyirdi ki, burada yeni üsullu məktəb üçün bina tikmək niyyətindəyik, bu, camaatın gücü ilə olacaq, Hacı 5 min manat ianə edib, 2 min, 3 min, min manat verənlər də var, indi sizi də çağırmışıq ki, kimin nəyə gücü çatır versin.

Ora yığışanların arasında şəhərin hörmətli, imkanlı adamları, tacirlər, dükan sahibləri vardısa da, əksəriyyət elə tikinti işi ilə məşğul olanlardı - bənna, dülgər, suvaqçı... Hamısının imkanı aşağı olduğundan məzənnə asta-asta aşağı düşürdü - 1000-dən 100-ə endi, oradan 50-60-a, oradan da gəlib dirəndi 10 manata, ancaq bu da bir çoxuna iri məbləğ kimi görünürdü. Bu əsnada bir nəfər ayağa durdu, üzünü tutdu Tağıyevə. Dedi, ay Hacı, imkan verməyin hədd 10 manatdan aşağı düşsün. Çünki görürsünüz, biz hamımız kasıb adamlarıq, 10 manatdan yuxarı verməyə imkanımız yoxdur, uzaq başı 3-5 manat verə bilərik. Bunu eşidincə Hacı üzünü tutdu yığışanlara, dedi ki, ay camaat, bəli, mən 5 min manat vermişəm. Amma mənim 5 min manatım elə sizin 1 manatınıza, 2 manatınıza bərabərdir. Çünki siz 1-2 manatı böyük zəhmətlə, alın təri ilə qazanırsınız. Siz yox yerdən verirsiniz, mənsə 5 min manatı var yerdən vermişəm, ona görə o məbləğlə bu məbləğ əslində bərabərdir, kimin nəyə gücü çatır, onu versin.

Hacının bu sözləri camaatı çox həvəsləndirdi, 1 manat, 3 manat, 5 manat verənlərin sayı çoxaldı. Qısa müddət içində böyük bir məbləğ cəm oldu, həmin pulla da məktəb tikildi. Məktəb camaatın ümumi iştirakı ilə inşa olundu, amma məktəbin tikilib ərsəyə gəlməsinin əsas səbəbkarı elə Hacı idi ki, vardı.

Əbülqasım müəllim bunu da yada salırdı ki, o məktəb məscidin həyətində indi də durur, deyirdi ki, son vaxtlaracan hərdən yolumu oradan salardım, hər dəfə də ora baş çəkəndə mənə elə gəlirdi ki, Hacıya salam vermiş kimi oluram...

Vaxtın izahı mümkünsüz gizli qaydaları, özünəməxsus cazibəsi, adi düşüncənin tuta bilməyəcəyi yönəltmə gücü var. Onillər öncə - 1980-ci illərin lap başlanğıcında bir gün yazıçı Anar dedi ki, gedək Əbülqasım Hüseynzadəyə baş çəkək. Əliboş olmayaq deyə yolumuzu Pasaj bazarından saldıq və üz tutduq ömrü boyu atalar sözü toplamış, bu gedişatda elə özü də həm zahiri, həm davranışları ilə ata sözünə oxşamağa başlamış Əbülqasım müəllimin İçərişəhərdə, Sabir küçəsi 17-dəki mənzilinə. Hal-əhval tutduq, xeyli söhbət etdik və həmişəki kimi, Əbülqasım müəllim bir-birindən maraqlı xatirələri ilə bizi keçmişlərə apardı. İki saata qədər oturduq və mən bu söhbətlərin hamısını lentə aldım. Elə o vaxtdan bəri həmin lent yazısı arxivimdə qalırdı və açığı, belə bir səs yazısının varlığı xatirimdən çıxan kimi idi. Amma Əbülqasım ustadı həmin ziyarətimizin üstündən 40 ilə yaxın vaxt keçəndən sonra bir gecə dostum Sultan Fərzəliyev mənə telefonda yazdı ki, bu axşam Əbülqasım Hüseynzadənin qohumları ilə görüşüb və eşitdikləri ona çox maraqlı gəlib, düşünüb, mən də bu qiymətli folklorçu ilə maraqlansam, yaxşı olar.

Həmin andaca 1981-ci ildə Anar müəllimlə birgə Əbülqasım ustadgilə getməyimiz, o lent yazısı yadıma düşdü, xeyli axtarandan sonra yüzlərlə başqa kaset arasından o səs yazısını tapdım. Artıq Əbülqasım müəllimin vəfatından 31 ildən artıq zaman sovuşurkən bu lentin dəyəri sözə sığan deyildi. Başladım elə gecə ilə qulaq asmağa və lentin fırlandığı həmin iki saat boyunca unudulmaz Əbülqasım canlı idi və sanki yenə 38 il əvvəlki kimi, onun İçərişəhərdəki mənzilində qarşı-qarşıya əyləşmişdik.

Ertəsi gün radioya zəng vurdum ki, fonotekanı araşdırsınlar, səsyazma arxivi ilə əlaqə saxlayıb onlardan da soruşdum, məlum oldu ki, bir əsrlik ömür yaşayaraq 1988-ci il sentyabrın 2-də 98 yaşında vəfat etmiş, axıracan da iti hafizəsini itirməmiş folklorçu Əbülqasım Hüseynzadəni ya studiyaya dəvət edərək, ya evinə gələrək söhbətlərini yazmaq kimsənin yadına düşməyibmiş. Elə bu ikicə saatlıq yadigar söhbətimiz də mənə bir daha anlatdı ki, vaxtaşırı Əbülqasım müəllimin qapısını açmaqla o xəzinə adamdan nə qədər bəhrələnmək olarmış...

Əbülqasım müəllimin "Hatəmi-Tai" adlandırdığı və adı ömrü boyu dilindən düşməyən Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də vəfat edəndə 103 yaşı vardı. Hacı həmin 103 ildən sonra 1988-ci il sentyabrın 2-dək də ən azı Əbülqasım Hüseynzadənin minnətdar xatirələrində dipdiri idi və nə qədər ki o cür sevgiylə, sayğıyla dolu anmalar var, elə diri də qalacaq.

1981-ci ildə Əbülqasım Hüseynzadəylə İçərişəhərdəki mənzilində görüşərkən o, Hacı ilə bağlı bir xatirəsini də söyləmişdi və bu, kədərli, sadəcə qəmli yox, həm də ağrıdan xatirə idi. Həmin xatirənin qəhrəmanını mən tez-tez görürdüm - çiynində içərisi kağızlarla, sənədlərlə ləbələb ağır çantalar, indiki İstiqlaliyyət, ovaxtkı Kommunist küçəsi ilə hər gün yoxuş yuxarı qalxır, aşağı enir, ünvan-ünvan gedir, atası haqqındakı haqsız unutqanlığa son qoyulmasına çalışır. Bu, Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım idi. Əbülqasım Hüseynzadənin xatirəsi də həmin qadınla əlaqədardı. Danışırdı ki, İkinci Dünya müharibəsindən sonrakı illərdən birində, "İsmailiyyə"də hansısa böyük iclas keçirilirmiş, qəfildən Sara xanım bu toplantıya aidiyyəti olmadan və söz almadan qalxır ayağa, gündəliyə, orada bəhs edilən mətləblərə dəxli olmayan sözlər söyləməyə başlayır. Deyir ki, rus mətbuatında, ayrı-ayrı kitablarda Savva Morozov haqqında xeyli yazılar çıxıb, onu tərif edirlər, xeyriyyəçiliyini, yaxşı əməllərini insanlara nümunə göstərirlər. Bəs mənim atam haqqında niyə danışmırlar? Mənim atamın gördüyü yaxşı işlər haqqında niyə bir kəlmə müsbət söz deyən yoxdur?

Əbülqasım müəllim həmin yığıncaqda iştirak edirmiş, deyir, iclası aparan çox cəhd elədi ki, Sara xanımın sözünü yarımçıq kəssin, danışmağına imkan verməsin, amma camaat yer-yerdən səsini qaldırdı ki, imkan verin danışsın. Əbülqasım müəllim dünyagörmüş adam idi, həyatın hər üzünə bələd idi, uzun yaşadığı, çətin əyyamlardan keçdiyi ömrü boyunca elə dramatik hadisələrin şahidi olmuşdu ki, onu dünənin hansısa ürəksızladan xatirələri ilə riqqətə gətirmək, həyəcanlandırmaq, qəhərləndirmək çox çətin idi. Dünyanı yaxşı tanıyırdı o. Ancaq Hacı Zeynalabdin Tağıyev haqqında bu qüssəli xatirəni dilə gətirəndə yaşı 100-ə çatmaqda olan Əbülqasım Hüseynzadənin gözləri dolmuşdu. Səsi titrəmişdi və xeyli susandan sonra handan-hana demişdi ki, o gün acizliyimə, Hacının qızına bu yerdə dayaq dura bilmədiyimə görə özümü çox vecsiz adam saymışdım, mənim kimi neçə başqası da kirimişcə, sadəcə günahkar kimi bir-birimizə baxmışdıq...

Atalar sözləri bizə öyüddür.

Yüz illər, min illər söylənəcəkdir.

Yaxşılıq eləyib sən at dənizə,

Balıq bilməsə də, xalq biləcəkdir.

Uzun ömrü boyu müdrik ata sözlərinin saf havası ilə nəfəs almış Əbülqasım Hüseynzadə Bəxtiyar Vahabzadənin bu misralarını elə zərbülməsəl kimi təkrarlamağı sevərdi və ata sözlərinə necə bağlandığını, bu el müdrikliyinin incilərini toplamağın haradan onun ürəyinə bir eşq olaraq düşdüyünü nağıl söyləyirdi və onun ata sözlərini necə yığmağa başlaması haqqındakı söhbəti yazıçı qələmindən çıxmış hekayət kimi son dərəcə maraqlı idi. Nağıl edirdi ki, 1900-cü illərin əvvəllərində Bakıdakı rus-müsəlman məktəbində oxuduğu çağlarda Hacı Zeynalabdin Tağıyevin ayırdığı 5 manat ki Əbülqasımın məktəb xərclərinə nəzərdə tutulmuşdu, Nurməhəmməd kişi hər gün həmin puldan 1 şahı, yəni 3 qəpiyi oğluna məktəbə gedib-gələndə şirni almaqçün verərmiş: "Məktəbimizin yanında şirniçi dükanı vardı, orada 3-ü 1 qəpiyə yaxşı saçaqlı konfetlər satırdılar. 5 yoldaş idik, hərəmiz 1 qəpik qoyurduq, 15 konfet alırdıq, elə oradaca kağızlarını soyub başlayırdıq ağzımızı şirin eləməyə. Həmin konfetlərin kağızlarında seçmə atalar sözləri yazılardı. Birinci dəfə oxuyandan xoşuma gəldi, konfetlərimin kağızlarını saxladım, o biri dostlarım öz konfetlərinin kağızını atmaq istəyəndə onlardan da rica elədim ki, versinlər mənə, başladım hər gün o konfetlərdən almağa. Hansılarında ki atalar sözləri təkrarlanırdı, onları qoyurdum bir qırağa, təkrarlanmayanları ayırırdım, bir kitabın arasına yığırdım".

Saçaqlı, alabəzək konfet kağızlarını bir kitab arasına yığdığı həmin günlərdən yarım əsrdən də artıq vaxt keçərkən, 1960-cı illərin sonlarında Əbülqasım Hüseynzadənin qalın atalar sözləri kitablarından növbətisi işıq üzü görmüşdü. O, səxavətli adamdı, ömrü boyu başqalarından yaxşılıq, kömək gördüyündən bu xasiyyət Əbülqasımın da canına hopmuşdu. Kitabları çıxanda çoxlu nüsxələri alardı, dosta, tanışa, heç tanımadıqlarına da üstünü yazaraq hədiyyə edərdi. Avtoqraflı kitab yolladığı dostlarından biri sadəcə telefon açaraq təşəkkür etməyi az hesab etmişdi, götürüb Əbülqasım müəllimə bir açıqcada məktub yazmışdı. Hər işində səliqə-sahmanlı Əbülqasım ustad yüz cür başqa yadigar kağızlarının arasında həmin açıqcanı da qoruyub saxlamışdı. O açıqcanın xüsusi dəyəri bunda idi ki, orada minnətdarlıq sözlərini yazan şəxs hədiyyə aldığı kitabın onillər öncə necə yaranmağa başlamasının şahidi idi - 1900-cü illərin əvvəllərində Əbülqasım Hüseynzadə ilə eyni məktəbdə oxuyan uşaqlardan biri, indi bu kitabı vərəqlədikcə yarım əsrdən də xeyli qabaq dərsə gedərkən yol boyu yediyi şirnilərin dadını damağında hiss edərək xəyalən o əziz günlərə qayıdan ixtiyar. Yazırdı ki: "Əbülqasım! Sənin bizdən fərqli çox vacib bir cəhətin var. O vaxt hamımız eyni konfetləri alırdıq, yeyirdik. Həmin kağızları bəlkə bəzilərimiz də oxuyurduq, amma saxlamırdıq, atırdıq. Amma sən saxladın və saxlamaqla da kifayətlənmədin. Başladın o atalar sözlərinin üzərinə yenilərini əlavə eləməyə. İllər keçdi, indi budur, kitablar yazırsan, xəzinələr yaradırsan. Bu kitabların təməlində dayanan bir vaxtlar ağzımızı şirin eləmək üçün aldığımız o konfetlər dayanır. Amma sənin yaratdığın bu kitablar indi bütün millətin ağzını şirin edir".

...Ədəbiyyatımıza, mənəvi xəzinəmizə bu qədər əvəzsiz incilər bağışlamış Əbülqasım Hüseynzadə heç ədəbiyyat adamı deyildi - hesabdardı. Yeniyetməliyində Bakıdakı tütün fabrikində işləmişdi - XX əsrin əvvəllərində, məktəbi bitirəndən az sonra. 1910-cu ildən isə Səadət məktəbində işə başladı. Orada da mühasib idi. Ancaq taleyi elə gətirmişdi ki, lap əvvəldən həmişə ədəbi mühitlə əhatə olunmuşdu. Uşaqkən, 6 saylı məktəbdə təhsil alanda onun müəllimləri məşhur ədiblər Abdulla Şaiq, Süleyman Sani Axundov idi. O cür müəllimlərin şagirdi ola-ola ədəbiyyatı sevməmək mümkündümü? Şagird yoldaşlarından biri Seyid Hüseyn idi. O Seyid Hüseyn ki, sonradan Azərbaycanın ən məşhur yazıçılarından birinə çevrildi. 1910-cu ildə Səadət məktəbində hesabdarlığını etməyə başlayanda da ətrafındakıların hərəsi mədəniyyət, ziyalılıq, yazı-pozu aləmində adı, imzası ilə tanınan parlaq simalar idi: Fərhad Ağazadə, Üzeyir Hacıbəyli, Vüsaqi təxəllüsü ilə şeirlər yazan, gələcəyin şöhrətli şairi Mikayıl Müşfiqin atası Mirzə Əbdülqadir İsmayılzadə. Və sonra qismət Əbülqasımı gətirib bağladı Azərnəşrə. Burada düz 35 il baş mühasib işlədi. O vaxtsa Azərnəşr tək nəşriyyat idi. Bir növ, Azərbaycanın əsas ədəbi mərkəzi idi. Bütün tanınmış yazıçılar, ədəbiyyata yeni gələn istedadların hamısı hər gün-günaşırı ora baş çəkirdilər. Bu gəlib-getməklərin hamısının sonunda qələm adamlarının müəlliflik haqqı alması dayandığından onların hər birinin yolu hökmən gec-tez mühasibatdan - Əbülqasımın otağından keçirdi. Odur ki, Əbülqasım Hüseynzadə ahıllı-cavanlı yazıçıların hamısı ilə mütəmadi ünsiyyətdə idi. Alın yazısı belə cızılmışdı ki, o, uşaqlığından həmişə ədəbiyyatın yanında, bədii sözümüzlə və bu sərvəti yaradanlarla nəfəs-nəfəsə olmuşdu. Ona görə də söz eşqi onun içərisində gəncliyindən deyil, lap uşaqlıq, məktəb dövründən axır nəfəsinəcən ürək kimi çırpınırdı.

...Səadət məktəbində işlədiyi vaxtlarda günlərin birində müəllimlər otağında açır qalın dəftərini, topladığı atalar sözlərini ilk dəfə müəllim yoldaşlarına göstərir. Dəftər əl-əl gəzir, kim vərəqləyirsə, çox xoşuna gəlir, hətta bəziləri xahiş edirlər ki, icazə ver bəzi atalar sözlərini köçürək. Fərhad Ağazadə də həmin yoğun dəftəri alır, diqqətlə baxır, deyir ki, Əbülqasım, sən faydalı iş görürsən, bunu nəbada yarımçıq qoyasan. Üzeyir Hacıbəyli alıb dəftəri vərəqləyir və onun da tövsiyəsi bu olur ki, əsla belə xeyirli işi dayandırmaq rəva deyil, mütləq davam etdir.

Bu ruhlandırmalar Əbülqasımın həvəsini birəbeş artırır. Bunu da özü söyləyirdi ki, həmin gündən sonra elə ilhamlandım ki, çox keçməmiş bir dəftərim iki oldu, dalınca da üçüncüsü gəldi.

Belə-belə dəftərlər qalaq-qalaq yığılmağa başlayır. Amma Əbülqasımın ürəyindən o da keçirdi ki, günlərin birində bu dəftərlər kitaba çevrilsin. Nəhayət, bəxt həmin çırağı da yandırır. 1925-ci ildə, Azərnəşrdə işlədiyi vaxtlarda rəhbər vəzifə tutanlardan olan Əlisgəndər Cəfərov Əbülqasımın atalar sözlü dəftərlərini görür. O, Əbülqasımın hələ məktəbli çağlarından atalar sözləri toplamasından xəbərdar idi. Çünki özü də orada Əbülqasıma dərs demişdi.

Bir gün Əbülqasım utana-utana keçmiş müəlliminə müraciət edir ki, hamının kitablarının çıxdığı bir yerdə işləyirəm, bəlkə kömək edəsiniz mənim də kitabım işıq üzü görsün, atalar sözlərini neçə illərdir toplayıram, içərisində elələri var ki, çox adam bilmir, nəşr olunmasa, ola bilsin, asta-asta unudulub gedə.

Bu təklif Əlisgəndər Cəfərovun ağlına batır, dəstəyi götürüb Böyükağa Talıblıya zəng edir. Talıblı o dövrdə Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri imiş. O da müraciətə biganə qalmır, öz növbəsində Abdulla Şaiqə müraciət edir ki, Əbülqasımın topladıqlarını nəzərdən keçirib münasibətini bildirsin. Amma Əlisgəndər Cəfərov Əbülqasım Hüseynzadənin əlyazmasını necə tərif eləmişdisə, Böyükağa Talıblının özünü də maraq götürür, istəyir tanış olsun görək Əlisgəndərin ağız dolusu "xəzinə" dediyi dəftərlərdə nələr var. Deyir, ləngitməyin, elə indi göndərin gəlsin, mən də baxım. Tanış olunca da elə həmin gün qət edir ki, çox gərəkli kitab alınacaq, yubatmadan çap etmək lazımdır. Abdulla Şaiqin rəhbərliyi altında komissiya təşkil edilir. Allah özü adamın işini düz gətirsin - Şaiq də Əbülqasımın müəllimi olmuşdu, dəftərlərdən də haçandı ki, xəbəri vardı və təbii ki, belə bir kitabın nəşrinə də, təqdim edilmiş əlyazmaya da rəyi müsbət olur. Və 1926-cı ilin baharında Əbülqasım Hüseynzadə çevrilir dünyanın ən xoşbəxtinə - 2.000 atalar sözünün qovuşduğu ilk kitabı nəşr edilmişdi. İllər sonra Əbülqasım Hüseynzadə ilk kitabının çıxmasının gətirdyi bəxtiyarlığın hələ də soyumamış fərəhi ilə belə yazırdı: "Uçmağa qanadım yox idi, bir gənc ata övladının dünyaya gəlişinə necə sevinirsə, mən də o cür sevinirdim. Axı hər kitab həm də insanın övladı deməkdir. Axı hər kitab həm də insanın mabədidir".

"Mabədi" yazırdı Əbülqasım Hüseynzadə - yəni davamı, ardı, kitabı insanın doğmaca övladına oxşadırdı, insana qanad verdiyini təsdiqləyirdi.

XXI əsrin üçüncü onilliyidir. Müasir Azərbaycanda o ilk "Atalar sözləri" kitabının nəşrindən bir əsrəcən vaxt keçir. Çoxdandır Əbülqasım Hüseynzadə həyatda yoxdur. Amma onun ötən yüzillikdə yaratdığı o və ondan sonrakı kitablar qalır, yenə təkrar-təkrar nəşr edilir.

Əbülqasım Hüseynzadəyə həyatını və uçuşunu davam etdirməyə qanadları və övladları kömək edir - ömrünün mabədi olan, sadiq balaları olan həmin kitabları.

...Bakının memarlıq incilərindən olan həmin binanın yanından keçəndə istər-istəməz həmişə qanrılıb o tərəfə baxıram - XX yüzillik tikincərlik tariximizdə ən gözəgəlimlərdən olan, cizgisi Stanislav Penonun yadigarı Azərnəşr binasına, 1933-cü ildə Mətbuat Sarayı kimi tikilmiş və Bakıdakı heç bir binaya oxşamayan yaraşıqlı imarətə. Bir zamanlar ora Azərbaycan yazıçılarının hamısı üçün olduğu kimi, Əbülqasım Hüseynzadədən ötrü də öz evi kimi imiş. Əbülqasım müəllimin cavan vaxtlarından ahıl çağlarınacan həyatının çox hissəsi orada keçdi. Öz evi yolun obiri tayında, İçəri şəhərdə, beş-on dəqiqəlik məsafədə yerləşdiyindən çox vaxt iş saatlarından sonra da bura gələrdi, sakitlikdə kağızlarını qaydaya salar, kitablarının mətnləri üzərində çalışardı.

Bir dəfə 1970-ci illərin ortalarında Azərnəşrin dəhlizində dayanaraq şöbələrdən birinə əlyazmasını gətirmiş bir dostu gözləyirdim. İki-üç yazıçı dayanıb qızğın söhbət edirdi. Hamısının da diqqəti çevrələdikləri şair Hüseyn Hüseynzadədə idi. O vaxtlar hələ şair istəkli oğlunu itirərək Hüseyn Arif olmamışdı, elə ad-soyadı ilə tanınan təxəllüssüz söz ustalarımızdan biriydi. Hüseyn Hüseynzadənin orada söylədiyi misralar elə həmin andaca yaddaşıma hopdu və bugünəcən də hafizəmdədir. Təzə yazdığı şeirlərindən birindən iqtibas gətirərək deyirdi ki:

Alim var, anamız qoca Qafqazın

Çeşmətək durulub dibindən çıxır.

Alim var, sağ əli Salman Mümtazın,

Sol əli Hümmətin cibindən çıxır.

Neyləməli ki, bu, acı həqiqətdir. Dərin bilikli, vergili, yorulmaz alimlərimiz həmişə olub, var, gələcəkdə də olacaq, lakin Hüseyn Hüseynzadənin söylədiyi qəbildən olanlar da heç az deyil axı.

Əbülqasım Hüseynzadənin el sözünü toplamaq yolunda böyük sələfləri vardı. Acı ruzigarlar Salman Mümtazları, Hənəfi Zeynallıları, Hümmət Əlizadələri, Bəhlul Əfəndiləri və neçə-neçə başqalarını caynağına alıb apardı. Nə yaxşı ki, Azərbaycanın bəxtində Əbülqasım Hüseynzadə kimi fədakarlar da varmış ki, onların yarımçıq qalan yolu davam etdi.

Azərbaycanın birinci atalar sözü kitabı 1899-cu ildə İrəvanda işıq üzü görmüşdü və həmin kitabı buraxan Məhəmməd Vəli Qəmərli idi. Ondan sonra bu hikmət saçan mirasın qızıl zərrələrinin ardınca düşənlər az olmadı. Amma həmin şərəfli yolda ən uzun gedən və hamıdan çox məhsul verən Əbülqasım Hüseynzadədir. Əbülqasım ustad, uşaqlığındakı ilk konfet kağızlarından başlasaq, dünya araşdırıcılıq tarixindəki misli olmayan bir müddətdə - 80 il atalar sözləriylə oturub-durdu, xalqımıza 30-a yaxın kitab bağışladı. Elə kitablar ki, hamısı həmişə yaşayacaq. 1899-cu ildə çıxan ilk atalar sözü kitabımızda 750 müdrik el deyimi vardı, Əbülqasım Hüseynzadənin 1926-cı ildə işıq üzü görən birinci atalar sözü kitabında 2.000, lakin onun ömrünün sonlarında hazırladığı məcmuə daha mükəmməl idi və 20.000 atalar sözünü əhatə edirdi. Amma bu da hamısı deyildi. Yaşı 100-ə yaxınlaşsa da, Əbülqasım Hüseynzadənin ürəyi arzularla dolu idi və çox istəyirdi ki, üzərində atalar sözləri və zərbülməsəlləri qeydə aldığı 50.000 vərəqdən ibarət kataloqundakı irsin böyük hissəsini təzə kitabında sevimli millətinə axırıncı sovqatı kimi ərməğan etsin.

Əbülqasım Hüseynzadə ömrü boyu kağızla, qələmlə baş-başa oldu. Amma Azərbaycanın sözün çəkisini bilən məşhur yazıçılarından biri Əbülqasım Hüseynzadəyə hədiyyə etdiyi kitabın ilk səhifəsində onu əli qələmli yazıçıya deyil, əli külünglü Fərhada oxşadırdı və bir çox baxımdan haqqı da vardı. Fərhad böyük zəhmətlərə qatlaşaraq dağ çapan sayaq, Əbülqasım Hüseynzadə də qələmi ilə onillərlə atalar sözlərimizi zərrə-zərrə, gilə-gilə, damla-damla toplayaraq, Azərbaycanın atalar sözü ümmanını yaratmağı bacarmışdı. 90 il boyunca davam edən bu yol qaya çapmaqdan qat-qat ağır və çətin başa gələn əməl, çox adamda ola biləcək qol zorundan fərqli olaraq, hər adama nəsib olmayan zəka gücü tələb edən hünərdir. Və Əbülqasım Hüseynzadənin gördüyü işlərin bəhrələrinə indinin nəzərləri ilə baxarkən ona veriləsi ən layiqli və ədalətli qiymət elə "qəhrəman" kəlməsidir. Lakin bəlkə də daha dəqiqini başqa bir şairimiz - Əlağa Vahid deyib. Vahidin adətiymiş ki, hər kitabı çıxınca bir-bir dost-tanışa şəxsən özü aparıb təqdim edərmiş. Əbülqasım Hüseynzadəyə hədiyyə etdiyi növbəti kitabının əvvəlində şair onu "millətin xeyirxahı" adlandırır. Gerçəkdən də belədir. Yurdunun xeyirxahı, millətinin canıyananı olmasan, belə böyük işləri görə bilməzsən.

Əbülqasım Hüseynzadə ömrünü yaşayıb gedib, kitabları qalıb. Və onun milləti üçün etdiyi xeyirxahlığının mükafatı xalqının ürəyində və yaddaşında həmişəlik qalmaq, kitabları hər dəfə vərəqləndikcə rəhmətlə yad edilmək məsudluğudur.

...Əbülqasım Hüseynzadənin illərlə sevərək topladığı minlərlə ata sözləri içərisində xüsusən sevdiyi biri də vardı: "Yaxşılıq görmək üçün gərək əvvəldən beh verəsən".

Əbülqasım Hüseynzadə özü əvvəldən bu cür beh verənlərdən idi. Ona görə də həyatı boyu o yaxşılıqlarla qarşı-qarşıya gəlməsi hökmi-zər idi. Onun verdiyi beh gördüyü nəcib iş idi - ata sözlərini itib-batmaqdan xilas etmək, kitaba döndərmək, millətə çatdırmaq. Əbülqasım müəllim 1981-ci ildə mənzilinə qonaq olduğumuz saatlarda savab əməllərinin onun qarşısında yolları necə açmasının birinin hekayətini də Qurban Pirimovun, Mirzə Mansurun, Bəhram Mansurovun muğam çalğısına bənzəyən aram danışığı ilə bizimlə bölüşmüşdü. Deyir, 1941-ci il idi, müharibənin şıdırğı vaxtları. Axşamın gec saatlarında Mərkəzi Komitədən zəng oldu. Dövr elə dövr idi ki, Mərkəzi Komitədən, yuxarılardan olan istənilən zəngdən sonra adamın ürəyi qopurdu. Çünki dərhal bunun düşər-düşməzi ola bilməsi ağlından keçirdi. Yollandım Mərkəzi Komitəyə, məni Teymur Quliyevin qəbuluna çağırmışdılar. Teymur Quliyev o vaxtlar Xalq Komissarları Şurasının sədri idi. Bugünkü dillə desək, baş nazir.

Əbülqasım dövrün inzibati şakərinə müvafiq olaraq üç-dörd saat qəbul otağında nigaranlıq içində gözlətdirilir. Gecədən xeyli keçəndən sonra onu içəri dəvət edirlər: "Girdim içəri, Teymur Quliyev müqəddiməsiz başladı. Söylədi ki, biz İrana böyük nümayəndə heyəti göndəririk. Tərkibə alimlər, şairlər, yazıçılar, mədəniyyət xadimləri də daxildir. Orada uzun müddət olacaqlar, iş aparacaqlar. Ona görə bir mühasibə də ehtiyac var. Mühasibsə adi adam ola bilməz. Adi adam bizə yaramır. Gərək ərəb əlifbasında yazıb-pozmağı yaxşı bilsin, farsca danışmağı bacarsın. Aradıq, soraq elədik, məlum oldu ki, bu keyfiyyətləri olan, həm də təcrübəli, üz tutmalı yeganə adam sizsiniz. Ona görə sizi göndəririk ora. Sabahda-birisigündə yola düşürsünüz".

Əbülqasım müəllim bu sözləri eşidəndən çox həyəcana düşdüyünü, üstəlik bərk də qorxduğunu deyirdi. Çünki etiraz eləmək olmazdı. "Yox" deyərdin, qanın gedərdi, səni İran əvəzinə birbaşa Sibirə vasil edərdilər. Amma vəziyyətdən də çıxmaq lazım idi. Öz sözü, burada da atalar sözləri, atalar sözlərinin hikməti, zərbülməsəllərin verdiyi ağıl dadına yetişir. Deyir ki, mən hökumətimin, dövlətimin naminə nəinki İrana gedib işləməyə, lap 24 saat da xidmət eləməyə hazıram. Ancaq indi mənim İrana yola düşməyimə mane olan mühüm bir səbəb var.

Teymur Quliyev bir az hirslə xəbər alır ki, o nə səbəbdir elə? Əbülqasım qayıdır ki, mənim doqquz nəfərlik ailəm var, onları başsız necə qoyub gedəcəm?

- Yox, narahat olma, sənə yüksək məvacib ödəniləcək, ailənə də burada lazımi qayğı əsirgənməyəcək.

- Amma burada mənim əsas işimdən əlavə bir məşğuliyyətim də var ki, o da yarımçıq qalacaq.

Əbülqasımın inadla bu cür boyun qaçırması, illah da "ayrı məşğuliyyət" məsələsi köhnə çekist Teymur Quliyevi şəkləndirir, soruşur ki, o nə məşğuliyyətdir ki, bizim bu işlərdən daha vacib sayırsan?

Əbülqasım müəllim deyirdi ki, mən "ayrı məşğuliyyət" məsələsini səbəbsiz demirdim, əslində bu söz o anda ağlıma gəlmişdi. Çünki baxdım ki, Teymur Quliyevin masasının üstündə açıq bir kitab var, arasında da qələm, yəqin, mən gələnədək oxuyurmuş, dayandığı yerdən davam etməkçün qələmi də ora əlfəcin kimi qoyubmuş. Dedim ki, mən atalar sözləri toplayıram.

- Hə, nə yaxşı, bu, lazımlı məsələdir. Ancaq bu işi başqa adamlar da görür, kitab da buraxırlar, sən fikir eləmə. Bax, elə əlimdə o kitablardan birini oxuyurdum. Sən bunu görmüsən?

- O kitabı elə mən buraxmışam.

Əbülqasım müəllim xatırlayırdı ki, mən belə deyəndə Teymur Quliyevin bayaqdan ciddilik, sərtlik yağan sifəti dəyişildi, səsi də yumşaldı. Kitabı götürdü, dedi ki, mən bunu diqqətlə oxumuşam, həmişə də masamın üstündə saxlayıram, çox da bəyənmişəm, soruşmuşam da, söyləyiblər ki, bizdə indiyədək ortaya çıxan ən sanballı "Atalar sözləri" kitabı elə budur. Ancaq mən rusların buraxdığı belə kitabların bir neçəsini görmüşəm, onlar sənin nəşr etdirdiyindən beş-altı dəfə qalındır. Məgər bizim atalar sözlərimiz belə azdır?

Əbülqasım ürəklə dillənir ki, az niyə, bizimki başqalarınkından dəfələrlə çoxdur, hazırda əlimdə 12.000 atalar sözləri var, onlardan ən azı 9.000-ni dərhal çap etmək olar. İmkan olsaydı, nəşr etdirərdim, hamı da görərdi ki, bizim atalar sözlərinin zənginliyi ruslarınkından geri qalan deyil.

Teymur Quliyev "Çapına mən kömək edərəm, amma niyə 12.000 atalar sözü artıq əlinizdə olduğu halda deyirsiniz ki, bunun hələlik 9.000-i çap oluna bilər? O 3 minin ortaya çıxarılmasına nə mane olur ki?

- Yoldaş Quliyev, mən hər növ atalar sözlərini toplayıram. Amma onların eləsi var ki, mənası gözəldir, ancaq elə açıq-saçıqdırlar ki, onları çap etmək, geniş kütlə arasına çıxarmaq münasib deyil, o atalar sözlərində bəzi biədəb kəlmələr, ifadələr var.

Teymur Quliyev qımışır:

- Olsun da. Mənim belə məsəllərdən də xəbərim var, Vladimir Dalın o məşhur lüğəti haqqında oxumuşam ki, bir cildi də var, ancaq nəşr edilməyib. Dal orada söyüşləri, el içərisində dolaşan, indi adam arasına çıxarılması məqbul olmayan ifadələri cəmləyib. Çünki bu da elin sözüdür, elin sərvətidir. - Ardınca da Əbülqasıma: - Hə, o qırağa qoyduğun 3 min atalar sözündən bir-ikisini de, eşidək, - deyir.

Əbülqasım təbəssümlə yad edirdi ki, Teymur Quliyev belə deyəndə pörtdüm, qıpqırmızı qızardım, başımı saldım aşağı. Hər halda yüksək vəzifə sahibi idi, yaşlı adamdı, mən də cavan oğlan, onun yanında elə sözləri dilimə gətirməyə heç üzüm gəlmirdi.

Teymur Quliyev onu toxdadır ki, utanma, burada qadın yoxdur ki, ikimizik, çəkinmə, de.

Əbülqasım müəllim söyləyirdi ki, Teymur Quliyev təkid edəndən sonra canımı dişimə tutub üç-dördünü dedim, şaqqanaq çəkib güldü. Dedi, yaxşı, get öz işinlə məşğul ol, amma İrana yollamaqçün bir nəfər uyğun adam tap, elə olsun ki, ərəb əlifbasını bilsin, az-çox farscası da olsun. Sənin kitabının nəşrinə də mən kömək edəcəyəm.

Gecə saat üç radələrində Əbülqasım çıxır Teymur Quliyevin kabinetindən. Deyir, sanki çiynimdən dağ götürülmüşdü. Şəhərin küçələri bomboş, ins-cins gözə dəymirdi. Həyəcanımdan heç evə getmədim. Birbaşa gəldim Azərnəşrə, kabinetimi açdım. Bircə qarovulçu idi işdə. Sübhəcən otağımda oturub fikirləşdim və adamı tapdım. Azərnəşrdə köməkçim işləyən bir nəfər vardı, mühasibliyi də vardı, ərəb əlifbasını da bilirdi, farscadan da qismən başı çıxırdı. Daha ondan yaxşısını tapmaq mümkün deyildi. Səhər ona söyləyəndə ki, belə bir iş var, İrana gedib orada çalışmalısan, yaxşı da maaş olacaq, istəyirəm sənin namizədliyini verim, sevindiyindən kövrəldi. Allah ikimizin də işimizi düzəltmişdi. Heç bir saat keçməmiş bu xəbər də gəldi ki, Teymur Quliyev tapşırıb, nə qədər atalar sözün var, topla gətir, növbədənkənar kitabını buraxacağıq.

Atalar sözünə oxşayan o nurlu kişi - unudulmaz Əbülqasım Hüseynzadə 1981-ci ildə, ömrünün 90-a doğru irəlilədiyi günlərində bunları söyləyəndə ötmüş əziz çağların axarında idi və çöhrəsində elə məsumluq vardı və qırx il əvvəlki ovqatını olduğu kimi çatdırmaq istərkən o qədər səmimi idi ki, onun həmin gün Bakı küçələri ilə yeriməyini, məhz sevincindən qanadlanıb uçduğunu təsəvvür edirdim.

Akademik Rafael Hüseynov

525-ci qəzet

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook