RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Muzeyin elmi jurnalının növbəti nömrələri müəlliflərə təqdim olunub Dek 25, 2023 | 14:59 / Yeni nəşrlər

Dekabrın 22-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Risalə” elmi araşdırmalar jurnalının növbəti nömrələrinin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan akademik Rafael Hüseynov bu jurnalın ayrı-ayrı nömrələrinin təqdimatının ənənəyə çevrildiyini söyləyib.

Akademik bildirib ki, dahi Nizami Gəncəvinin əsrlərdən bəri davam edən “Xəmsə”çilik ənənəsi fərqli formatda Ədəbiyyat Muzeyində də özünü göstərir. Bu ənənənin davamı olaraq 2004-cü ildən Ədəbiyyat Muzeyinin “Beşlik” - “Qaynaq” mənbələr toplusu, “Şərq” tərcümə toplusu, “Risalə” elmi araşdırmalar jurnalı, “Xəzinə” kataloqlar toplusu, “Məclis” mərasimlər toplusu nəşr edilir. Bu toplulardan biri olan “Risalə” elmi araşdırmalar jurnalında ədəbiyyatşünaslıq və muzeyşünaslıq üzrə elmi məqalələr, müxtəlif araşdırmalar yer alır. Ədəbiyyatın müxtəlif mövzu və məsələlərinə dair tədqiqatların yer aldığı jurnalda muzey əməkdaşlarının, gənc alim və tədqiqatçıların əsərləri elmi ictimaiyyətə təqdim olunur. “Risalə” elmi araşdırmalar jurnalı ən sanballı elmi araşdırma və məcmuələrdən biridir”,- deyən R.Hüseynov jurnalın filologiya və sənətşünaslıq elm sahələri üzrə Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər siyahısında olduğunu bildirib. Akademik qeyd edib ki, jurnalın beynəlxalq statusu istiqamətində də bir sıra irəliləyişlər olub. Toplunun çox böyük redaksiya heyətində Azərbaycanla yanaşı, Avropa və Amerikadan da tanınmış alimlər təmsil olunur.

Rafael Hüseynov məqalə müəlliflərini təbrik edərək, onlara “Risalə” elmi araşdırmalar jurnalının yeni nömrələrini təqdim edib.

Jurnalın bu nömrələrində akademik Rafael Hüseynovun, muzey əməkdaşlarının, elmlər doktorları, fəlsəfə doktorları, dissertasiya müdafiəsinə hazırlaşan gənc tədqiqatçıların klassik və müasir dünya, eləcə də Azərbaycan ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid, folklorşünaslıq, mətnşünaslıq sahələrindəki araşdırmaları, həmçinin muzeyşünaslıq elminin problemlərini işıqlandıran məqalələr dərc edilib.

Qeyd edək ki, yeni saylarda dərc edilən yazılar ən qədim Azərbaycan ədəbiyyatı və mədəniyyətinin aktuallıq kəsb edən ciddi problemləri ilə yanaşı, müasir ədəbiyyat və mədəniyyətin müəyyən aktual məsələlərini əhatə etməklə “Klassik irs: tarixi və nəzəri problemləri”, “Yeni və müasir dövrdə ədəbi-mədəni proses”, “Tarixi və mədəni abidələrin qorunması və tədqiqi. Muzeyşünaslıq” bölmələrindən ibarətdir. “Risalə” elmi araşdırmalar jurnalı 2018-ci ildən EBSCO beynəlxalq elektron məlumat bazasına daxil edilib. Jurnalın müstəqil saytı olduğu üçün jurnal iki beynəlxalq standart seriya nömrəsi (İSSN) ilə - çap və elektron formatda fəaliyyət göstərir. 2023-cü ildən etibarən jurnalda çap olunan nömrələrə ayrı-ayrılıqda Rəqəmsal Obyekt İdentifikatoru (DOİ) verilib və hər iki nömrəsi üzrə məqalələr “Crossref Metadata”sında yerləşdiriləcək.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook