RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Axşam görüşləri” görkəmli şərqşünas alim Əkrəm Bijeyə həsr olunub Apr 29, 2024 | 17:35 / Verilişlər

Azərbaycan Radiosunda “Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında yayımlanan proqram Cənubi Azərbaycanşünas alimlərimizdən olan tarix elmləri doktoru Əkrəm Rəhim oğlu Bijeyə həsr olunub.

"Axşam görüşləri"ndə Əkrəm Rəhimlinin həyatı və elmi fəaliyyətindən, alimin Qazaxdan başlayan, 40-cı illərdə İranın Mərənd şəhərində keçən, daha sonra yenidən Qazaxda və Bakıda davam edən keşməkeşli həyat yolundan, Şərqşünaslıq İnstitutundakı fəaliyyətindən, onun Türkiyə, İran, eləcə də Cənubi Azərbaycanın sosial-siyasi və iqtisadi-mədəni durumuna həsr olunmuş elmi yaradıcılığından bəhs edilib.

Bildirilib ki, Əkrəm Rəhimli 1932-ci ildə Azərbaycanın dilbər guşələrindən olan Qazax şəhərində anadan olub. Enişli-yoxuşlu həyat yolu keçmiş alim hələ uşaq ikən soykökü Cənubi Azərbaycandan olduğuna görə Cənubi Azərbaycana deportasiya edilmişdir. 1946-cı ilin dekabr ayının 12-də S.C.Pişəvərinin rəhbərlik etdiyi milli-demokratik hərəkat xarici imperializmin və daxili irticanın əli ilə məğlubiyyətə uğradıldıqdan sonra o, ailəsi ilə birlikdə yenidən Şimali Azərbaycana, Qazaxa qayıtmışdır.

Şərqşünaslıq elmimizdə mühüm yeri olan Əkrəm Rəhimlinin Türkiyə iqtisadiyyatı və Cənubi Azərbaycan tarixi üzrə dəyərli araşdırmaları ilə tanındığı qeyd olunub. Rafael Hüseynov yüksək intellekti, prinsipial mövqeyi, dərin məntiqi və özünəməxsus dəst-xətti ilə seçilmiş alimin ömür boyu xalqa sədaqətlə xidmət etmək, gənc nəslə elmin sirlərini öyrətmək, özündən sonra tarixin səhifəsinə çevriləcək qiymətli əsərlər yazmaq, mənəvi dəyərləri madiyyatdan üstün bilmək yolunu tutduğunu bildirib.

Diqqətə çatdırılıb ki, Əkrəm Bije 90 yaşında dünyasını dəyişib. Alimin “Seyid Cəfər Pişəvəri və Cənubi Azərbaycan” adlı son kitabı ölümündən sonra işıq üzü görüb.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook