Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tanınmış ictimai xadim, Xalq şairi Rəsul Rzanın anadan olmasının 114-cü ildönümü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı, Rəsul Rzanın oğlu Anar başda olmaqla qurumun rəhbərliyi, mərhumun ailə üzvləri, dostları və poeziya həvəskarları şairin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər.
Qələm adamları Xalq şairi Rəsul Rzanın məzarı üzərinə tər güllər düzüb, onun xatirəsini anıblar.
Mərasimdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Rəsul Rza Fondunun sədri akademik Rafael Hüseynov Rəsul Rzanın zəngin yaradıcılığından söz açıb, Xalq şairi ilə bağlı xatirələrini bölüşüb. O, Rəsul Rzanın ədəbiyyatımızda öz sözü, yeri, fərdi yaradıcılıq siması və orijinal yazı manerası ilə başqa qələm yoldaşlarından fərqləndiyini vurğulayıb.
Tədbirdə şairin əsərlərinin fəlsəfəsindən, poetik məna çalarlarından bəhs edilib, onun "Qızılgül olmayaydı" poemasını milli poeziyanın repressiya qurbanlarına həsr olunmuş ilk və ən mükəmməl nümunələrindən biri olduğu bildirilib.