AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının, AR Mədəniyyət Nazirliyinin və AR Milli Məclisinin Mədəniyyət Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan dilindən istifadə: uğurlar, problemlər və vəzifələr” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AR mədəniyyət nazirinin müavini Səadət Yusifova, AR Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, millət vəkilləri, Bakı şəhər İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının, AMEA-nın Dilçilik İnstitutunun nümayəndələri və KİV əməkdaşları iştirak ediblər.
Dəyirmi masanı giriş nitqi ilə açan akademik İsa Həbibbəyli tədbirin Azərbaycan dilindən istifadənin müasir vəziyyəti, problemlər və qarşıda duran vəzifələrə həsr olunduğunu, müzakirələrin Azərbaycan yazıçılarının dilimizlə bağlı çağırışları əsasında AMEA, Mədəniyyət Nazirliyi və Milli Məclisin Mədəniyyət Komitəsinin bu çağırışlara dəstək verməsi fonunda baş tutduğunu bildirib.
Akademik İsa Həbibbəyli ölkə başçısının AMEA-nın 70 illik yubileyində proqram xarakterli və dərin məzmunlu çıxışı zamanı Azərbaycan dili haqqında qiymətli fikirləri içərisində dilimizin saflığının qorunması ilə bağlı alimlərimiz, ziyalılarımız, ictimai xadimlərimiz qarşısında vəzifələr qoyduğunu söyləyib. Qeyd edib ki, dəyirmi masada qarşımızda duran başlıca vəzifələr dilimizin daxili imkanlar hesabına zənginləşməsinə elmin dəstəyini vermək və yad sözlərin dilimizə necə gəldi daxil olmasının qarşısını almaq yollarının müəyyənləşdirilməsindən ibarətdir.
Azərbaycan dilinin tətbiqi, ədəbi dil normalarının qorunması, dilimizin saflığının təmin olunması və digər istiqamətlərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda mühüm tədqiqatlar aparıldığını deyən akademik İsa Həbibbəyli institutun Nitq mədəniyyəti və monitorinq şöbəsində metodoloji və praktiki cəhətdən bir çox tədbirlərin həyata keçirildiyini bildirib. Həmçinin Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən də ana dilimizin saflığının qorunması istiqamətində müntəzəm tədbirlərin keçirildiyini, mediada, TV-lərdə jurnalistlərin, aparıcıların məqalələrində, nitqlərində, eləcə də musiqi xadimlərinin mahnı sözlərində monitorinqlərin aparıldığını və bunların kitab halında işıq üzü gördüyünü diqqətə çatdırıb.
Azərbaycan dilinin müstəqillik illərində daha da zənginləşdiyini, dünya dilləri sırasında öz yerini qoruduğunu bildirən AMEA rəhbəri dilimizə həm də yad təsirlərin olduğunu deyib, bunun qarşısını almaq üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb və müzakirələrin bu istiqamətdə həyata keçirilən işlərə təkan verəcəyini söyləyib.
Sonra çıxış edən AR Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri millət vəkili Fazil Mustafa dilin hər birimizin ümumi məsələsi olduğunu, yazıçılarımızın, xüsusilə Seyran Səxavətin bir neçə müraciətini nəzərə alaraq bu müzakirələrin keçirildiyini diqqətə çatdırıb.
“Ana dilimiz haqqında həyəcan təbili çalanlar haqlıdırlar. Bu gün Azərbaycan dövlətinin, xalqının, ziyalılarının dili var, lakin filosoflarının, yəni düşüncənin dili yoxdur. Ana dilini düşüncə dilinə çevirə bilən xalqlar fərqliliklər edə bilirlər. Dilin zənginləşməsi yazılı mətnlərdən asılıdır. Azərbaycan dilinin qapalıqlığı problemi var. Hüdudlarının genişlənməsinə, düşüncə dilinə çevrilməsinə ehtiyac var”, - deyə millət vəkili qeyd edib.
Bildirib ki, aparılan müzakirələrdə konkret nəticəyə gəlinə bilməsə belə, ortaq fikir əldə oluna bilər və bu da dilimizin düşüncə dilinə çevrilməsinə, onun zənginləşməsinə yardımçı olar.
AR mədəniyyət nazirinin müavini Səadət Yusifova isə çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hər zaman ana dilimizə xüsusi qayğı ilə yanaşıb, onun saflığının qorunmasına çalışıb. Prezident İlham Əliyevin də Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini bildirən S.Yusifova ölkə başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzaladığını xatırladıb.
Dövlətimizin dil siyasətinin milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi həyata keçirildiyini və mütəmadi qorunduğunu deyən nazir müavini gənc nəslin vətənpərvər ruhda tərbiyəsində ana dilinin mühüm rol oynadığını söyləyib. Qeyd edib ki, qlobal çağırışlar fonunda ana dilimizin saflığının qorunmasına çalışmalı, dilə olan münasibətimizi dəyişməli və Azərbaycan dilində danışdığımız üçün fəxr etməliyik.
Danışıq dilimizin problemlərinə aid yazıçı mövqeyini təqdim yazıçı-publisist Seyran Səxavət televiziya kanallarında apardığı müşahidələr əsasında üzə çıxardığı dil pozuntuları barədə geniş məruzə edib. Azərbaycan media məkanında dil səlistliyinin vacib məqamlarına toxunaraq cümlə qurmağın dövlət qurmaq qədər çətin olduğunu vurğulayan yazıçı problemləri konkret faktlarla sadalayıb, həmçinin dilin qorunması ilə bağlı öz təkliflərini də səsləndirib.
Dövlət Dil Komisiyyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva dünyanın ən gözəl dillərindən olan Azərbaycan dilinin qorunmasının vacib olduğunu səsləndirərək, bu istiqamətdə ölkə başçısı İlham Əliyevin verdiyi Sərəncam, Fərman və çıxışlarını diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının sədri olaraq Prezident, Ali Baş Komandan İlham Əliyev ordumuzun başında olduğu kimi, imzaladığı Sərəncam, fərmanlar, o cümlədən müxtəlif qurumlar qarşısında qoyduğu vəzifələrlə dilimizin də keşiyindədir. Problemlərin aşkarlanması istiqamətində qurum tərəfindən aparılan monitorinqlər haqqında da məlumat verən məruzəçi nəticələrin hesabat şəklində təqdim edildiyini deyib.
Tədbirdə çıxış edən MM Mədəniyyət Komitəsinin üzvü Xalq şairi Sabir Rüstəmxanlı, MM Mədəniyyət Komitəsinin üzvü akademik Nizami Cəfərov, MM Elm və təhsil komitəsinin üzvü akademik Rafael Hüseynov, MM Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini professor Sayalı Sadıqova, yazıçı Aqşin Yenisey, Əməkdar jurnalist Mübariz Əsgərov və digərləri cəmiyyətin ana dilindən düzgün istifadə vərdişlərinə yiyələnməsi üçün ölkəmizdə həyata keçirilmiş dil siyasəti və dövlət proqramları ilə məsələyə kifayət qədər həssas yanaşıldığını vurğulayıblar. Çıxışçılar müxtəlif platformalarda ədəbi dilin norma və prinsiplərinin pozulması hallarını da diqqətə çatdırıblar.
Müzakirələrdən sonra akademik İsa Həbibbəyli qonaqlara Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərini hədiyyə edib.