RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Akademik Rafael Hüseynov Aida İmanquliyevanın 85-ci ildönümünə həsr olunmuş elmi konfransda çıxış edib Dek 21, 2024 | 06:18 / Konfranslar

Bakı Dövlət Universitetində görkəmli şərqşünas alim, Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü, professor Aida İmanquliyevanın anadan olmasının 85-ci ildönümünə həsr olunmuş “Ərəbşünaslıq və şərqşünaslıq: müasir dünyada mədəniyyətlərarası dialoq” mövzusunda respublika elmi konfransı keçirilmişdir.

Konfransın açılış mərasimində Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov da çıxış edib. O, öz çıxışında bildirib: “İngilis yazıçısı Redyard Kiplinqin məşhur “Şərq-Qərb” poemasının əvvəlində sonralar aforizmə çevriləcək bu misralar gəlirdi: “Şərq Şərqdir, Qərb Qərbdir, onlar heç vaxt kəsişməyəcək”. Sonralar siyasi leksikonda Kiplinqin bu məşhur fikri Şərqlə Qərbin barışmazlığını, qarşıdurmasını ifadə etmək üçün işlənərdi. Bugünkü konfransın mədəniyyətlərarası dialoq adlandırılması təsadüfi deyil. Bir neçə gün əvvəl Mərakeş Krallığının paytaxtı Rabatda keçirilən dinlərarası dialoq mövzusunda beynəlxalq konfransda iştirak edirdim. Bu gün bu zalda əyləşən yüzlərlə insan var ki, onların da mövqeyi, düşüncələri, baxışları fərqlidir və üst-üstə düşmür. İnsanları bir-birindən fərqləndirən, ayıran nöqtələr çoxdur, amma əgər insanları bir kəsişmə nöqtəsində birləşdirən məqamlar olarsa, onlara dayaq nöqtəsi kimi istinad etməliyik ki, dünyamız daha nizamlı olsun.”

Akademik Aida İmanquliyevanın fəaliyyətindən bəhs edərək qeyd edib ki, o, şərqşünas alim idi: “Şərqşünaslıq bir elm sahəsi kimi orta çağdan başlayaraq mədəniyyətlər, dinlər və insanlar arasında körpü olmaq, əlaqələr yaratmaq və bu əlaqələri möhkəmləndirmək vəzifəsi daşıyırdı. Aida İmanquliyevanın Azərbaycan şərqşünaslığında başlıca missiyasının nədən ibarət olduğunu dəqiqliklə müəyyən etmək üçün tarixə bir qısa ekskurs etmək lazım gəlir. 

İlk nöbvədə qeyd etməliyik ki, şərqşünaslıq elmi Azərbaycanda XX yüzilliyin əvvəllərində yaranmışdır. Biz həmişə dərin minnətdarlıq duyğusu ilə bu işin təməlini qoyanları yad etməliyik. Şərqşünaslıq fakültəsinin ilk dekanı olmuş Panteleymon Krestoviç Juzenin Azərbaycanda şərqşünaslıqlığın bir elm sahəsi kimi formalaşmasında çox böyük xidmətləri olub. O, Qüdsdə doğulmuşdu, milliyyətcə ərəb və əsl adı Bəndəli idi. O, öz adını dəyişdirib zahirən avropalaşmış olsa da, mahiyyət etibarilə şərqli və özündə Qərblə Şərqi birləşdirən bir şəxsiyyət idi. Panteleymon Juze o çağın tanınmış sovet şərqşünas alimlərinin çoxunu, o cümlədən İ. İ. Meşşaninov, V. V. Bartold, N. Y. Marr kimi öndə gedən simalarını Azərbaycana dəvət edərək bu sahənin ölkəmizdə inkişafına qiymətli töhfələr vermişdi. 

O dövr Azərbaycan şərqşünaslığı çərçivəsində ərəbşünaslıq elmi formalaşdı və 1957-ci ildə Şərqşünaslıq fakültəsində ilk dəfə Ərəb filologiyası bölməsi açıldı və bu şöbənin ilk tələbələri sırasından yetişən alimlər ərəbşünaslığın sonrakı inkişaf tarixində mühüm rol oynadılar. Həmin bölmənin ilk məzunları Azərbaycan mədəniyyətində, tarix və ədəbiyyatında öz sözlərini dedilər. Onların içərisində Malik Mahmudov, Zakir Məmmədov kimi ərəbşünaslıq sahəsində tamamilə yeni bir istiqamət yaradan dəyərli alimlər var idi. Aida xanım da məhz belə bir qrupun içərisində universal ərəbşünas mütəxəssis kimi yetişmişdi.

Aida xanımın əslində hər hansı bir üz tutacağı sahədə parlayacağı bir az soy-kökdən, nəsildən gəlirdisə, digər tərəfdən də onun içərisində yetişdiyi mühitlə bağlı idi. Aida xanım həm Şərqşünaslıq fakültəsi Ərəb filologiyası bölməsində dərs deyirdi, həm də vaxtilə mənim də çalışdığım Azərbaycan SSR Elmlər Akademiyasının Yaxın və Orta Şərq dilləri İnstitutunda elmi fəaliyyətlə məşğul idi. Qeyd edək ki, bu institut o zaman sovet ictimai-siyasi düşüncəsində mühüm yer tuturdu və bu tədqiqat ocağına çox böyük diqqət yetirilirdi. Belə bir mühüm elmi mərkəzdə ilk dəfə yaradılan Ərəb filologiyası şöbəsinə Aida İmanquliyeva rəhbərlik etməyə başladı. O dövrdə bu institutda fəaliyyət göstərən doqquz elmi şöbə var idi və onların hər birində də şərqşünaslıq elminin müxtəlif sahələri üzrə bütün Sovet İttifaqı miqyasında tanınan çoxlu qabil mütəxəssislər çalışırdılar.

Aida İmanquliyeva gənc olmasına rəğmən bu cür ciddi bir elmi mühitdə on ildən artıq o şöbəyə rəhbərlik etdi və çox böyük fədakarlıqla çalışdı. Onun rəhbərliyi dövründə digər şöbələrlə müqayisədə daha çox sayda gənc alim dissertasiya işləri müdafiə edərək Azərbaycanda ərəbşünaslıq elminin inkişafına xidmət göstərdilər. 

Vaxtilə görkəmli şərqşünas alim, mənim də elmi rəhbərim olan Qəzənfər Əliyevin söylədiyi, Aida xanımın elmi bioqrafiyasını zənginləşdirən bu fikri diqqətinizə çatdırmaq istəyirəm. Mərhum Qəzənfər müəllim deyirdi ki, sovet dönəmində çox mühüm funksiyanı yerinə yetirən SSRİ Ali Attestasiya Komissiyasının Ekspert şurasına gənc ərəbşünas mütəxəssis Aida İmanquliyevanı da daxil etmişdilər. Bu, həm o dövrdə, həm də bu gün Azərbaycan elmi üçün iftixar edə biləcəyimiz bir hadisə idi.”

Daha sonra alim Aida xanımın şəxsi keyfiyyətlərindən bəhs edərək onunla birgə çalışdığı illərdən xatirələrini bölüşüb: “Aida xanımın atası Nəsir İmanquliyev Azərbaycan mətbuat tarixində izi olan görkəmli şəxsiyyət idi. Onun qurucusu olduğu “Bakı” axşam qəzeti o dövr Azərbaycan mətbuatı üçün mühüm bir hadisə idi. O zaman çox fantastik tirajlarla nəşr olunan qəzet və jurnalların arasında “Bakı” axşam qəzeti kimi insanlara mənən daha yaxın olan və səmimi bir ruh daşıyan mətbuat orqanı yarandı. Təbii ki, belə bir ailə ocağında böyümək Aida xanımın daşıdığı insani keyfiyyətlərdə təsirsiz deyildi.

Aida xanımla Şərqşünaslıq İnstitutunda birgə çalışdığım illərlə bağlı kiçik bir xatirəni sizlərlə bölüşmək istəyirəm. Mən Şirvan şairləri haqqında bir toplu hazırlayırdım. Aida xanım bir gün mənə yaxınlaşaraq şeirlərdən ibarət bir əlyazmanı mənə verdi və dedi ki, bu şeirlər nənəsi Fatma xanımın şeirləridir. Mən onların üzünü köçürdüm və sonra da o topluya daxil etdim, onlardan birini nümunə üçün sizə oxuyuram:

  Aşiq oldum bir gözəlcik şahə mən,

  Bu Xudadandır mənə, bəs neyləyim Allaha mən.

 Beləcə, ədəbiyyata, poeziyaya məhəbbət, şairlik istedadı nəsildə davam edərək, sonralar nəvə, nəticələrdə də özünü göstərdi.”

 Rafael Hüseynov çıxışını görkəmli alim Əkrəm Cəfərin Aida İmanquliyevaya həsr etdiyi şerlə başa vurub: “Aida İmanquliyevanı yad edərkən bu gün görkəmli əruzşünas, ədəbiyyatşünas alim, şair Əkrəm Cəfəri xatırlayıram. O, Aida xanıma bir şeir həsr etmişdi, həmin şeir institutun divar qəzetində dərc olunmuşdu. Bu şeirin misraları Aida İmanquliyevanın bir şəxsiyyət kimi nə dərəcədə sevildiyini ifadə edir.

O sözə vurğun olmuş, özü də bir şeirdi,

Şeir kimi gözəldir Nəsir qızı Aida.

Təvazökar, zəhmətkeş, axtarışdan yorulmaz, 

Ərəbşünas qızların dan ulduzu Aida.

Bu gün Aida xanımın 85 yaşı tamam olur. Düşünürəm ki, alim üçün bu çox qısa bir ömürdür. Aida xanım İmanquliyevanın yeri həm o çağ üçün, həm də bü gün üçün Azərbaycan şərqşünaslıq elmində hər zaman görünəcək. O, öz qısa ömrü ilə sanki bir şimşək kimi çaxdı getdi, elminin parıltısı, işığı isə daim bizimlə, Azərbaycan ziyalılığı ilə oldu və olacaq, əziz xatirəsi daim qəlblərdə yaşayacaq.”

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook