RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verilişinin Hüseyn Ərəblinskiyə həsr olunan ikinci buraxılışı yayımlanıb Dek 18, 2024 | 18:25 / Verilişlər

Mədəniyyət kanalında “Vətənim” verilişinin Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri, tanınmış aktyor və rejissor Hüseyn Ərəblinskiyə həsr olunan ikinci buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında efirə gedən verilişdə Azərbaycan teatrının, Azərbayan səhnəsinin və aktyorunun yolunda bəhs olunub.

Bildirilib ki, Hüseyn Ərəblinskinin əfsanəvi tamaşalarından, səhnədəki misilsiz oyunlarından bir neçə dəqiqəlik kinolent belə yadigar qalmayıb, onun insanları heyran edən təsirli səsi bizə gəlib çatmayıb. Biz görkəmli aktyoru ancaq köhnə insanların xatirərindən, mətbuatdan tanıyırıq. Müasirləri onun hər zaman səliqəli geyindiyini, vüqarlı görünüşü ilə insanların diqqətini cəlb etdiyini söyləyiblər.

Akademik Rafael Hüseynov vurğulayıb ki, səhnədə hər şeyə diqqət yetirən Hüseyn Ərəblinski böyük aktyorluq və rejissorluq istedadından başqa,  güclü təşkilatçılıq qabiliyyətinə də malik idi. Bir çox dünya klassiklərinin, eləcə də rus dramaturqlarının əsərlərini ilk dəfə Azərbaycan səhnəsinə gətirən məhz Hüseyn Ərəblinski olub.

"1909-cu il may ayının 14-də Məşədi Mozalan bəyin "Molla Nəsirəddin" jurnalında, daha sonra Hüseyn Minasazovun "Zaqafqaziya" qəzetində, eləcə "Kaspi" qəzetində və digər mətbu orqanlarda Hüseyn Ərəblinskidən bəhs olunan məqalələr dərc edilib. Lakin bəzi məqalələr Hüseyn Ərəblinskinin surətini insanların gözündə ləkələmək üçün yazılırdı. Görkəmli rejissor ona qarşı yalan məlumatlara, böhtanlara cavab olaraq məcburi məqalə çap etdirib. Yazının sonunda o, səhnəni, teatrı ömrümdən çox sevdiyini bildirib", - deyə akademik Rafael Hüseynov qeyd edib.

Diqqətə çatdırılıb ki, başqa başağrıları azmış kimi, günlərin birində Hüseyn Ərəblinski afişaya görə də bəlaya düşüb. 1912-ci il mayın 3-də "İqbal" qəzetindəki bir xəbərə görə, Bakı qradonaçalnikinin - şəhər polis idarəsi rəisinin əmri ilə küçələrdə afişa yapışdırmaq qaydasını pozduğuna görə Hüseyn Ərəblinski 10 manat cərimələnib. Millətin yaddaşında ülvi sənətkar, zirvə kimi qalan Hüseyn Ərəblinskinin gündəlik həyatı belə idi. Hər addımda bu cür çək-çevirlər, qısma-boğmalarla üzbəüzdü və tarixdə həmişə qalacağı zirvəyə də aşılması müşkül saysız maneələrin cəngəlliyindən keçərək çatmışdı. Dişiylə-dırnağıyla dikəldiyi həmin quruca zirvəni də ona çox görürdülər. Ərəblinski səhnədə bir-birindən mürəkkəb taleləri öz ömrü kimi vicdanla yaşayırdı, cığal həyatsa onunla qaydalar gözləmədən hər gün bir ayrı oyun oynayırdı.

Vurğulanıb ki, teatr ömrü boyunca səhnələrdə Hüseyn Ərəblinski çox surətlər yaradıb. Amma bəlkə də öz sözü ilə demək daha dəqiq olardı. Onun söylədiyidir ki, "səhnədə oynamazlar, səhnədə yaşayırlar". Ona görə də Ərəblinski səhnədə həmin surətlərin hər birini yalnız yaratmayıb, həm də yaşayıb. Amma bu silsilədə bir obraz da var ki, onun yanından sakitcə keçmək olmaz.

Akademik Rafael Hüseynov əlavə edib ki, Ərəblinski səhnəyə elə bağlı idi ki, onu teatr həyatından yalnız heysiz vücudunu çarpayıya yıxan ağır xəstəlik ayıra bilərdi. Vərəm xəstəliyinə tutulan sənətkar teatra qovuşmağın xatirinə bu xəstəliklə ikiqat mübarizə aparıb.

Bildirilib ki, Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar”ında Qacar, Lanskoyun “Qəzavət”ində Əhməd bəy Şamxal, Qoqolun “Müəffətiş”ində Xlestakov, Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərində Fəxrəddin, Mirzə Fətəli Axundovun “Hacı Qara” komediyasında Heydər bəy, Şillerin “Qaçaqlar”ında Frans, Şekspirin “Otello”sunda Otello Hüseyn Ərəblinskinin ən uğurlu rolları sırasındadır.

Verilişi buradan izləyə bilərsiniz.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook