BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) tədbirlərində Pakistan İslam Respublikasından da nümayəndələr iştirak edib.
Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir. Azərbaycan Respublikasının müstəqilliyi Pakistan tərəfindən 1991-ci il dekabrın 12-də tanınıb. Bu münasibətlər, ölkələr arasında diplomatik əlaqələr, mədəni əlaqələrin də yaranmasına səbəb olub.
Pakistanlı Omar Səid ORİC Tədqiqat İnnovasiya və Kommersiyalaşdırma Mərkəzinin maliyyə departamentinin rəhbəridir. COP29 çərçivəsində keçirilən tədbirlərdə iştirak edən Omar Səid eyni zamanda Pakistanda reytinqli təhsil müəssisəsi Faysalabad Universitetinin rəsmisidir.
Omar Səid qeyd edib ki, Yaşıl zonada təşkil olunan tədbirlərdə iştirak etməklə böyük təcrübə qazanıb və iqlim dəyişiklikləri ilə bağlı dünya liderləri ilə görüş onda maraqlı hisslər yaradıb. Burada tək iqlim və ekologiya sahəsində deyil, həm də insanların rifahı, gələcəyi haqqında müzakirələr aparılıb. Onun Bakıya gəlişinin maraqlı təcrübəsindən biri də şəhərin mərkəzində yerləşən Nizami muzeyinə ziyarəti olub.
Omar Səid Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovla görüşüb. Muzey işinin təkmilləşdirilməsi, qurulması mövzusunda aparılan söhbət zamanı Omar Səid akademik Rafael Hüseynovun rəhbərliyi ilə yaradılmış muzeylər barədə məlumatı olduğunu qeyd edib. Həmçinin Pakistan İslam Respublikasında muzey yaratmaq, bu təşəbbüsü akademik Rafael Hüseynovun təcrübəsindən faydalanaraq reallaşdırmaq məqsədilə fikir mübadiləsi aparıblar.
Omar Səid Azərbaycanın zəngin tarixi keçmişini və mədəniyyətini yaşadan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ekspozisiyası ilə tanışlıqdan məmnun olduğunu bildirib.
Muzeyin rəylər və təəssüratlar kitabında pakistanlı ziyarətçi bu səfər çərçivəsində Gəncə şəhərini və Nizami Gəncəvinin məqbərəsini ziyarət etdiyini qeyd edib. Azərbaycanlıların qonaqpərvərliyindən bəhs edən Omar Səid, Bakının çox gözəl şəhər olduğunu bildirib.
Sonda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov xatirə olaraq Omar Səidə müəllifi olduğu "Məkansız və zamansız", “Məhsəti Gəncəvi. Portret-oçerk” (urdu dilində) kitablarını və “Nizami muzeyinin xalçaları” adlı açıqca dəstini hədiyyə edib.