Akademik Rafael Hüseynovun təqdimatından "Vətənim" verilişinin növbəti buraxılışı yayımlanıb
Noy 16, 2023 | 19:30 / Verilişlər
Mədəniyyət kanalında “Vətənim” verlişinin növbəti buraxılışı yayımlanıb.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında efirə gedən verliş dahi ədib Füzulinin ustadlarından sayılan görkəmli Azərbaycan şairi Həbibin yaradıcılığına həsr olunub.
Akademik Rafael Hüseynov bildirib ki, Füzuli ilk poetik ilhamını XV əsrin sonlarında yaşamış Həbibidən almışdır. Həbibi şeirlərinə tez-tez sevgi mövzularını daxil etdiyi üçün onu "eşq şairi" də adlandırmışlar. Həbibinin divanı dövrümüzədək gəlib çatmamışdır. Ədəbi irsindən yalnız 47 şeiri (qəsidə, qəzəl, müsəddəs, tohid, qitə və sair) məlumdur.
"Həbibi ədəbiyyata, şeirə yeni nəfəs gətirənlərdəndir. Sıra-sıra şairlər Həbibinin şeirlərinə heyran qalaraq onlara cavab yazıblar. Füzuli Həbibi müsəddəsinə nəzirə olaraq müsəddəs yazıb. Sənətkar qüdrəti ilə dahi Füzulini belə özünə heyran edib", - deyə Rafael Hüseynov əlavə edib.
Diqqətə çatdırılıb ki, Həbibi şeirlərini oxuduqca şair insanın könül dostuna çevrilir. O, şeirdəki ana dilimizi xeyli təmizləyib, ərəb-fars kəlimələrini yerində elə otuzdurub ki, uzatmalara ehtiyac qalmayıb. Həbibi şeirimizə yeni nəfəs gətirib.
Veilişdə Həbibinin ömür yolundan, zəngin irsindən, Ağqoyunlu hakimiyyətinin süqutundan sonra Şah İsmayıl Səfəvinin sarayına dəvət olunmasından bəhs olunub. Bildirilib ki, Şah İsmayıl Həbibin istedadını, şeirlərini yüksək dəyərləndirib.
Vurğulanıb ki, özü dahi olan, ustadlar ustadı Füzuli Həbibiyə ustad deyərək onun şeirinə cavab yazıb. Akademik Rafael Hüseynov 3 fəsli Füzuliyə, 2 fəsli isə Həbibiyə məxsus həmin müxəmməsi səsləndirib.
O, həmçinin 1990-cı illərin sonlarında Türkiyədə Hacı Bektaş Vəliyə həsr olunmuş beynəlxalq tədbirdə iştirakı zamanı Həbibiyə məxsus şeirlərin səsləndiyini deyib. Rafael Hüseynov həmin tədbirdə bütün iştirakçıların bu şeirlərə heyran qaldığını qeyd edib.
Növbəti buraxılışı buradan izləyə bilərsiniz.