RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rafael Hüseynov: Azərbaycanda prezident seçkiləri xalqın iradəsinin təntənəsi oldu! İyun 25, 2018 | 19:35 / AŞPA məruzələr

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ilk iş günündə Büro və Daimi Komitənin hesabatları, sonra isə Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı hesabat müzakirə edildi.

Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynov ölkəmizdə prezident seçkilərinin ən yüksək dünya standartlarına uyğun keçirildiyini qeyd edərək deyib: “Ölkəmizdə keçirilən son prezident seçkiləri Azərbaycan xalqının mütləq əksəriyyətinin iradəsinin ifadəsi idi. Amma bir sıra qüvvələr çox çalışırdılar və arzulayırdılar ki, bu, belə alınmasın. Yəni, seçkilərin nəticəsi xalqın iradəsinin ifadəsi olmasın. Mən sevinirəm ki, həmin qara qüvvələr Azərbaycan xalqının iradəsinə qalib gələ bilmədilər. Ancaq bunu da qeyd etməliyəm ki, həmin təzyiqlər onu törədənlərin gözlədiyinin əksinə olaraq əks-effekt verir. Azərbaycan xalqının öz seçdiyi liderinə inamını, sədaqətini daha da artırır”.

Deputat mayda Xalq Cümhuriyyətinin 100 illiyini bayram etmiş və müstəqilliyin çətin yolu ilə inamla irəliləyən Azərbaycana qarşı bu qəbil təzyiqlərin təsadüfi olmadığını bildirib. Qeyd edib ki, 2018-ci il Azərbaycan və onun əhalisi üçün çox əlamətdardır. Düz 100 il əvvəl Azərbaycan müsəlman Şərqində ilk demokratik respublikanı qurub. 100 il əvvəl Azərbaycan öz ilk milli parlamentini yaradıb və xalqa bir çox azadlıqları bəxş edib. AŞPA-nın üzv ölkələrinin əksəriyyətindən əvvəl qadınlara seçib-seçilmək hüququnu Azərbaycan məhz həmin tarixdə verib.

R.Hüseynov deyib: “Lakin təəssüf ki, 1920-ci ildə Azərbaycan işğala məruz qaldı. Müstəqillik qəsb edildi. Azərbaycan 70 il kommunist rejimi içərisində yaşamağa məcbur oldu. Artıq 27 ildir ki, müstəqilliyimizi bərpa etmişik, yenidən demokratiya yolu ilə irəliləyirik. Bir dəfə itirdiyimizə görə biz müstəqil olmağın mənasını və bəxtiyarlığını bəlkə də müstəqilliyinin yaşı yüz illərlə ölçülən ölkələrdən daha artıq hiss edirik. Keçirdiyimiz azad, şəffaf, demokratik seçkilər də bu müstəqilliyin əlavə bir təsdiqinə çevrildi”.

Deputat Azərbaycana qarşı təzyiqlərin ölkəmizin müstəqilliyinə yönəldiyini vurğulayaraq bildirib: “Mən bütün qəlbimlə inanıram, buradan da bəyan edirəm ki, heç bir qüvvə bizi düz yolumuzdan döndərə bilməyəcək. Heç bir qüvvə bizim müstəqil siyasətimizə mane ola bilməyəcək, xalqımızın iradəsini sındıra bilməyəcək. Son prezident seçkilərinin gedişi və nəticəsi də məhz Azərbaycan xalqının iradəsinin təntənəsidir. Azərbaycan xalqı öz doğru seçimini edib”.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook