RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rafael Hüseynov: Avropanın enerji təhlükəsizliyinə töhfələr verən Azərbaycana münasibətdə bu qitə daha diqqətli olmalıdır İyun 27, 2018 | 19:41 / Mühüm hadisələr

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hər sessiyasında aktual mövzular ətrafında sərbəst müzakirələr olur. Yay sessiyasında da parlamentarilər sərbəst müzakirələrdəki çıxışları ilə Avropa siyasi həyatının rəngarəng palitrasını yarada bildilər.

AZƏRTAC xəbər verir ki, yay sessiyası çərçivəsində keçirilən sərbəst müzakirələrdə erməni nümayəndə heyətinin bir neçə üzvü də çıxış edərək, Azərbaycan haqqında yalanları səsləndirməyə başlayıb. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov həmin yalanları qətiyyətlə rədd edərək deyib: “Məndən qabaq Ermənistan nümayəndə heyətindən olan deputatlar, az öncə erməni xalqının devirdiyi Sarkisyan rejiminin və komandasının üzvləri həmişəki kimi Azərbaycan əleyhinə böhtan və saxtakarlıqla dolu, nifrət yağan çıxışlar etdilər. Mən həmin həqiqətdən uzaq iftiraları qətiyyətlə rədd edirəm. İnanmaq istəyirəm ki, onların yerinə gələcək yeni Ermənistan deputatları ilə biz burada daha konstruktiv dialoq aparmaq imkanına malik olacağıq”.

R.Hüseynov Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm yeri barədə danışaraq bildirib: “Bakının mərkəzində bir abidə ucalır. Abidə anlayışı, ilk növbədə, mədəniyyət faktı deməkdir. Lakin haqqında söz açmaq istədiyim abidənin mədəniyyətdən daha əvvəl tarixi, iqtisadi, siyasi mənası var. Dünyada sənaye üsulu ilə neft ilk dəfə 1846-cı ildə Azərbaycanda, Bakıda hasil edilib. Həmin abidə də bu dünya əhəmiyyətli hadisənin şərəfinə yaradılıb. Azərbaycan bir neft, qaz ölkəsidir. Neft və qaz isə həmişə birbaşa olaraq siyasətin maraq dairəsində qərar tutub. Keçmişdə belə olub, indi də belədir.

Mayın 29-da Bakıda təməli 4 il əvvəl qoyulmuş Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilirdi. Bu mühüm iqtisadi layihənin həm də son dərəcə ciddi siyasi yükü var. Çünki bu layihə yalnız Avropanın gələcək enerji təhlükəsizliyi üçün deyil, həm də milli təhlükəsizliyindən ötrü xüsusi əhəmiyyət kəsb edir”.

Cənub Qaz Dəhlizinin Avropanın iqtisadi həyatında vacib rol oynayacağını vurğulayan azərbaycanlı deputat bu layihəyə dünyanın ən böyük dövlətlərinin də dəstək göstərməsindən söz açıb: “Azərbaycanın aparıcı fiqur olduğu Cənub Qaz Dəhlizi Avropanı həm qazla təmin edəcək, həm də müəyyən qüvvələrin qaz amilindən Avropa ölkələrinə qarşı siyasi təzyiq kimi istifadə imkanlarını aradan götürəcək. Azərbaycan qazı 3500 kilometr uzunluğunda olan boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya ərazisinə, 2020-ci ildən başlayaraq digər Avropa ölkələrinə nəql olunacaq.

Bu nəhəng layihənin gerçəkləşməsinə illərdir ki, ABŞ, Böyük Britaniya, Avropa İttifaqı daimi ciddi siyasi dəstəyini və digər köməkliyini göstərir. Çünki onlar bu layihənin ən əvvəl ağır siyasi çəkisi olduğunu anlayırlar. Cənub Qaz Dəhlizi Azərbaycanın Avropaya iqtisadi və siyasi dayaq, etibarlı tərəfdaş olan ölkə kimi önəmini xeyli artırır. Eyni zamanda, Cənub Qaz Dəhlizi iqtisadi maraq və gücləri birləşdirən amil kimi də çıxış edir. Çünki gələcəkdə bu kəmərlə Azərbaycan qazı ilə yanaşı, Orta Asiya, İsrail, İran qazının da ötürülməsi nəzərdə tutulur. Avropanın qaz şantajı vasitəsilə törədilən siyasi təhdidlərdən qurtulmasına mötəbər əsas yaradan Cənub Qaz Dəhlizinə Azərbaycan da öz milli təhlükəsizliyi üçün əlavə vasitə kimi baxır. Çünki belə faydalanmalar həmişə qarşılıqlı olur və olmalıdır”.

Rafael Hüseynov Azərbaycanla sıx tellərlə bağlanan Avropanın gələcəkdə ölkəmizə münasibətdə ən azı bu səbəbdən daha həssas münasibət bəsləməsinin zəruriliyini diqqətə çatdırıb. “Mən səni qoruyuram, sənə arxayamsa, sən də məni qorumalı, mənə arxa durmalısan. Çünki bir-birimizə bağlıyıq, bir-birimizə gərəyik. Bu kontekstdə müəyyən görünməz qüvvələrin əli Azərbaycana qarşı bəzi Avropa qurumlarındakı süni təzyiqlər narahatlıq doğurur və anlaşılmazdır. Beləliklə, Cənub Qaz Dəhlizi Avropa üçün həm enerji, həm də milli təhlükəsizlik baxımından böyük imkanlar açır. Artıq fəaliyyətə başlamış Cənub Qaz Dəhlizi Avropadan da ən azı elə bu səbəblərdən Azərbaycana münasibətdə daha korrekt və aydın, daha ölçülü-biçili və düşünülmüş, daha ədalətli və obyektiv – əsl tərəfdaşlara layiq mövqe ortaya qoymağı tələb edir”, - deyə R.Hüseynov vurğulayıb.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook