RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Lüksemburq xarici işlər naziri: Azərbaycan bizimlə dost ölkədir İyun 27, 2018 | 16:42 / Mühüm hadisələr

Lüksemburqun Avropa və xarici işlər naziri Jan Asselborn Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində çıxış edib. J. Asselborn çıxışından sonra Parlament Assembleyasının üzvlərinin suallarını cavablandırıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Lüksemburq xarici siyasət idarəsinin rəhbərinə sualla müraciət edib.

Lüksemburq ilə Azərbaycan arasında sıx əməkdaşlığın və səmərəli siyasi dialoqun mövcudluğuna, Avropa İttifaqında ölkəmizin əsas tərəfdaşları sırasında olmasına toxunaraq, iki ölkə arasında diplomatik əlaqələrin yaranmasından 26 il ötdüyünü bildirib. İkitərəfli diplomatik münasibətlərin 25 illiyi münasibətilə onun təbrik məktubuna və bu məktubda 4 istiqamətdə - müxtəlif sahələrdə praqmatik və uğurlu əməkdaşlıq, iki ölkəni birləşdirən əlaqələrin gücləndirilməsi, hər iki xalqın bir-birini tanıması prosesinin dərinləşdirilməsi və iki dövlət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə nail olunması kimi prioritetləri vurğuladığını qeyd edib.

Eyni zamanda, nazirin gələcəkdə əlaqələrin daha da yüksək səviyyəyə qalxması və iki dövlətin qarşılıqlı maraqları naminə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial mövcud olduğunu diqqətə çatdırmasından bəhs edərək ona sual verib:

“2018-ci ilin ikinci yarısında Azərbaycana səfəriniz və bu səfər çərçivəsində Xarici İşlər nazirlikləri arasında danışıqların yeni mərhələsi nəzərdə tutulur.

İkitərəfli münasibətlərin inkişafı üçün geniş potensial deyərkən hansı imkanları nəzərdə tutursunuz və qarşıdakı görüş və müzakirələriniz ikitərəfli münasibətlərin inkişafına hansı yeni təkan verə bilər?”

Lüksemburqun Avropa və xarici işləri naziri J. Asselborn bildirib ki, Azərbaycan və Lüksemburq Avropanın eyni qurumlarında təmsil olunan, daim sıx əlaqələr saxlayan dost ölkələrdir. Dövlətlərarası münasibətlərdə şəxsi əlaqələrin də xüsusi rol oynadığını bildirən C.Asselborn diqqətə çatdırıb ki, Azərbaycan xarici işlər naziri ilə 15 ildir dostluq edir. Bu isə istənilən anda hər iki tərəflə bağlı hansısa məsələnin qarşılıqlı kömək və dəstək göstərməklə dərhal həll edilməsinə imkan yaradır.

“Bu mənada ikitərəfli münasibətlərin inkişafında daim yalnız tərəqqidən söz aça bilərik”, - deyə Lüksemburq xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

 

AzərTAC

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook