RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Okt 06, 2017 | 03:37 / Axşam görüşləri
Qanadında nur daşıyan: "Axşam görüşləri" verilişinin Həbib Sahirin xatirəsinə həsr edilmiş II buraxılışının anonsu

Mən bilmirəm uzun yaradıcı ömrü boyunca Həbib Sahir neçə il, neçə ay, neçə gün masa arxasında rahat, onu məngənəsində sıxan qayğılardan azad olaraq, daxili bir asudəliklə arxayınca şeir yazıb. 
Bütün ömrü ərzində belə asudə saatların üst-üstə gələndə neçə il, neçə ay, neçə gün olduğunu soruşsam da, hər halda təxminən təsəvvür edirəm ki, 83 illik həyatı içərisində belə anlar toplanacaq olursa heç 1 il etməz. 
Bəlkə uzaq başı bir neçə ay ola-olmaya. 
Sanki tale bu istedadlı insanın alnına orta əsrlərin tərkidünya sufiləri kimi elə yalnız nahamvar günlər qoynynda, kələkötür həyat yollarında irliləyə-irəliləyə yaşayıb-yaratmağı yazıbmış. 
Hərdən mənə elə gəlir ki, hətta ola bilsin Həbib Sahir öz narahat qismətinə o qədər alışıbmış ki, bəlkə ən firavan günlərində də şeirlərini diznin üstündə qələmə alırmış.
Əsəb həkiminin yanına gedəndə sənin hissiyatının nə dərəcədə yalın olmasını yoxlamaqçün əvvəlcə dizinə vurur. Dizinə dəyən zəif zərbədən belə ayaqları atan adama “əsəbisən” deyib müalicə yazırlar. 
Həbib Sahirin şeirlərini dizi üstündə yazdığını səbəbsiz fərz etmirəm. Onun hər misrasında çılpaq, bir himə bənd imiş kimi atlanan əsəb telləri, həyəcandan itiləşən nəbz döyüntüləri duyulur.
Şeirlərindən birində Sahir özündən və insanlardan xəbər alırdı:

Gecə vaxtı ulduzları sayanlar,
Bulaqların nəğməsini duyanlar,
Öz ömründən usananlar, doyanlar,
Sabahatək oyaq qalan kimlərdir?

Dəniz coşub qabararkən dalğalar,
Buz suları Ay edərkən zərnigar,
Gecələrin ahəngilə biqərar,
Pərvanətək şama çarpan kimlərdir?

Gözəllikdən sərməst olan-olmayan,
Yar eşqindən saralmayan, solmayan,
Bir nəğməylə gözü yaşla dolmayan,
Şairləri dəli sanan kimlərdir?

Əlbəttə Həbib Sahir bu sualların cavabını yaxşı bilirdi və həmin sualları dilə, qələmə gətirirdi ki, sizlər də bu haqda düşünəsiniz.
Həbib Sahiri itirəndən sonra, onun artıq həyatda olmadığı çağlarda bir başqa güneyli şair – Haşım Tərlan həmin sualların mümkün cavablarından birini belə verirdi:

O kimdir hər sözü, andı,
Şeirə dönüb qatarlandı?
Nərə çəkən, haray salan:,
“Vətən yandı!.. Vətən yandı!..”
O, Sahirdir.

Rüzgarın yazdığın pozan,
Dargözlərin qəbrin qazan,
İnamında düm-düz duran,
Nə axsayan, nə də azan –
O, Sahirdir!

Gülün ətri, şeirin xası,
Misraları Ərk qalası.
Ilqarında sabitqədəm,
Nəiminin nər balası,
O, Sahirdir!

Hakimlərə dedi: “Dayan!
Nədir sizdə bu fitnə-qan?
Qarğa deyil, mən şahinəm!”.
Qanadında nur daşıyan,
O, Sahirdir!

Hər misrasında çırpınan nəbzi millətinin nəbzi ilə həmahəng vuran, şeir fəzalarımızda əbədi uçuşa başlamış nur qanadlı yadigarları ilə qoca Sahir bizimlədir və arzuladığı bəxtiyar günlər yetişənə qədər də bu uçuş davam edəcək!
Oktyabrın 8-də saat 21.30-da və oktyabrın 10-da saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” sizə unudulmaz söz ustadı Həbib Sahir (1903-1986) haqqında ikinci verilişi təqdim edəcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook