RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Avg 16, 2017 | 22:40 / Axşam görüşləri
Möhür üstündən möhür vura bilmək hünəri: "Axşam görüşləri" verlişinin Alim Qasımova həsr edilmiş II buraxılışının anonsu

Hər nəciblik və etibarın bir cavabının 
olması vacibdir. Mən də bu kiçik yazını 
əziz Alimin 60 yaşının sevincini onunla 
bölıüşməkdən ötrü uzaq yol qət edərək 
İrandan Bakıya gəlmiş, uzun illərdən bəri 
görkəmli sənətkara səmimi məhəbbət və 
ehtiram bəsləyən HEYDƏR ŞOKƏTİ və 
XOSROV SƏRTİBİYƏ ithaf edirəm.

...Hər halda XX yüzilin sonlarına yaxınlaşana qədər musiqi aləmimizdə bu ənənə və müəyyən mənada tərbiyə, ədəb-ərkan əlaməti sayılası nümunəvi vərdiş yaşayırdı. 
Özünə hörmət bəsləyən heç bir müğənni hansısa başqa bir dəyərli sənətkarın möhür vurmuş olduğu hansısa musiqi əsərinə ondan daha yaxşı ifa edəcəyinə tam əmin olmasa yaxın durmazdı. 
Lakin elə musiqi inciləri də vardı ki, onlar sənətimizin şah əsərəri cərgəsindən idi və yüksək ifa mərtəbəsinə ucalmış müğənnilərimiz həmin ülgü əsərlərə üz tutmağı müəyyən mənada borc bilirdi. 
Ancaq mühüm bir şərtlə -- onlardan hər biri artıq ən ötülməz ifaçısı danışıqsız məlum olan inciyə öz qabiliyyəti çərçivəsində, öz yozumunda, hökmən yeni xallar, təzə nəfəslər əlavə etməyə çalışırdı.
Tutalım ki, Üzeyir bəyin “Sənsiz”i məhək daşı sayılan əsərlərdən biri kimi həm tədris edilirdi, bunu tələbələr mütəmadi ifa edirdi, amma həm də hər adlı oxuyanın ürəyindən keçirdi ki, yaradıcılğının hansısa məqamında mütləq Bülbülün təkrarsızlığını, ötülməzliyini qəbul edə-edə öz “Sənsiz”ini yaratsın. 
Yəni bununla həm də dahi Üzeyir bəyə sayğılarını, sevgilərini ifadə edirdilər, bunun müstəsna Ustadın qarşısındakı ortaq borcumuzun xırdaca bir əvəzi kimi qavranılmasını umurdular.
Bunlar yazılmamış qaydalar idi ki, onlara əməl etməklə sənətin sıra nəfərindən tutmuş korifeylərədək hamı birlikdə ümumi ab-havanı, nizamı müəyyənləşdirmiş olurdu.
Sonra əsrlər dəyişdi, minillər əvəzləndi, dünya başqalaşdı.
Sanki çox meyarlar da meyarlıqdan çıxdı, dələngavaz əyyamlar yetişdi, cəmiyyət həyatının ən müxtəlif sahələrində yazılmamış qaydaların yartdığı oturuşmuş ahəngdarlığı, qaydasız döyüş üsullarının doğurduğu qatmaqarışıqlığın hökmranlığı əvəzlədi. Ara qarşıdı, məzhəb itdi. 
Həm də tək bizdə yox, çox yerdə. 
Dünyanın, zəmanənin dəyişməkliyi yalnız Azərbaycana təsir etməyəcəkdi ki!
Cılız, cır, şit ifalarla ən məşhur və sevilən mahnılara heyranlığı soyutmağa müvəffəq oldular. Misilsizliyi hamılıqla qəbul edilmiş məşhur filmləri guya təzə yanaşmalarla çəkib əhvalatların süni şəkildə davam etdirlməsi kimi yöndəmsiz təşəbbüsləri ilə məşhur əsərlərin kölgəsində şöhrət qazanmağa nail olmasalar da, köhnə, bəlli incilərin yaddaşlarda ideallaşmış görünüşünə xəfif də olsa kölgə salmağı bacardılar.
Kağıza yazığım gəlir deyə saysız-hesabsız misallar çəkib qan qaraltmaqdan vaz keçirəm.
Ötənlərdə kiminsa möhür vurduğu hansısa təsnifi, mahnını, romansı bir ayrısının ifa etməkdən çəkinməsi həm də buna səbəb olurdu ki, daha çox yeni əsərlər yazılırdı. 
Müğənnilər şairlərdən, bəstəkarlardan əl çəkmirdilər ki, məhz onlarınki ola biləcək, ən azı ilk dəfə məhz onların ifa edəcəyi əsərlər daha çox yazılısın.
Amma musiqi mədəniyyətimizdə Alim Qasımov hadisəsi də var ki, ətrafında düşündüyümüz bu nigaran suallrla bağlı tam fərqli mənzərəni təqdim edir.
İndi Alim Qasımovun bəlli reperuarında yer alan (muğamları qoyaq bir qırağa) xalq və bəstəkar mahnılarının, bəstəkar və xalq təsniflərinin bir çoxuna ondan öncə əla ifalarıyla möhür vurmuş sənətçilər olmuşdu.
Alim bu bəlli, dönə-dönə dinlənilmiş, millətin qulaq yaddaşına başqa səslərlə hopmuş əsərlərə yenidən üz tutdu.
Həmin məşhur bəstələrə və qoşqulara xüsusi bir iddiası olmadan müraciət etdi.
Nə kiminsə daha əvvəldən təsdiqlənmiş, qəbul və eriraf edilmiş şöhrətinə xələl gətirmək istədi, nə də “mən bu mahnını, bu təsnifi ona möhür vuracaq səviyyədə oxuyacağam” xülyasına düşdü.
Sadəcə, həmin əsərləri qəlbinə yatdığına, ruhuna yaxın olduğuna görə ən əvvəl özü, ürəyi üçün və sırf Alim kimi oxudu.
Bu isə həmin incilərin hər birinin büsbütün yeni doğuluşu, tam yeni təcəssümdə dirilməsi demək idi.
O köhnə əsərlərin hərəsinin üstündə bir başqa sənətkarın möhürü vardı. 
İndi həmin əsərlərin hamısında həm də Alimin möhürü var.
Əvvəlki möhürlərin heç birinə bənzəməyən, yalnız Alimə xas, Alimdən başqa birisinin möhürü ilə qarışdırla bilməyəcək cazibəli imza!
Bircəsini yada salsaq, yetər.
Hüseyn Cavidin “Şeyx Sənan” faciəsindəki bu qəzəl 1920-30-cu illərdə əksər Azərbaycan ziyalısının dilinin əzbəri idi. 
Bu qəzəl və “Şeyx Sənan”ın xeyli başqa parçaları.
1912-1914-cü illərdə əsasən Gürcüstanda qələmə alınaraq cilalanmış həmin pyesdəki o qəzəl elə həmin onuncu illərdə də xanəndə tərəfindən oxunmuşdu.
Hüseyn Cavidlə yaxın dostluq münasibətləri olmuş gənc Seyid Şuşinski yeni parlayan çağlarında taleyin hökmü ilə məhz Tiflisdə həmiz qəzəli muğam üstündə səhnədə oxumuşdu.
Sonra həmin qəzəli yanıqlı, təsirli səsi ilə, insanı riqqətə gətirən cazibə ilə Haşım Kələntərli ifa etdi.
1978-ci ildə Haşım Kələntərli ixtiyar bir insan idi. 
Vaxt bu qoca xanəndənin yaddaşından müəyyən hadusələri, surətləri, tarixləri, cizgiləri silib aparmışdı..
Amma heç vəchlə unutmadığı təfərrüatlar da vardı. 
O, 1930-cu illərdə Cavid sözlərini muğamlarda oxumasını, böyük şairin həbsindən sonra həmin valların da məhv edilməsini kövrələrək yada salırdı, “Nə eşq olaydı...” qəzəlini başdan-sona, az qala nəfəsini dərmədən, şövqlə dilə gətirirdi.
(Və bu yazdıqlarımın hamısı Haşım Kələntərlinin canlı səsində 39 il əvvəlki görüşümüzün yadigarı olan lentdə də qalmaqdadır).
Lakin bu qəzəlin taleyindəki daha uğurlu günlər hələ qarşıdaymış.
1950-ci illərin sonlarında Azərbaycan Milli Akademik Teatrında tamaşaya hazırlanan “Şeyx Sənan”ın yeni quruluşuna Fikrət Əmirov musiqi bəstələyir. 
O zaman dram teatrında işləyən Məmmədəli Əliyevin səs imkanlarını nəzərə alaraq rejissorlar adətən bəstəkarlardan hər yeni tamaşada bir, ya bir neçə mahnının olmasını da istəyirdilər.
“Şeyx Sənan”da da eyni niyyət ifadə olunur və Cavidin ölməz sözləri Fikrət Əmirovun möhtəşəm musiqisi ilə qovuşaraq elə yarandığı, ilk səsləndiyi anlardan ürəkləri fəth edir.

Nə eşq olaydı, nə aşıq, nə nazlı afət olaydı!
Nə xəlq olaydı, nə xaliq, nə eşq-i həsrət olaydı!
Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm!
Nə aşina-yi vüslət, nə bar-i firqət olaydı!
Könüldə nur-i məhəbbət, gözümdə pərde-yi zülmət!
Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı!
Nədir bu xilqət-i bimərhəmət, bu pərdəli hikmət?
Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı.
Tükəndi taqət ü səbrim, ədalət! Ah, ədalət! 
Nə öncə öylə səadət, nə böylə zillət olaydı!

Məmmədəli Əliyev bu mahnıya möhürünü vurmuşdu. Fəqət sonralar bu gözəldən gözəl sözlər və musiqyə bir neçə ən qüdrətli müğənnimiz də biganə qala bilmir. Oxuyurlar. Təbii ki, öz böyükülüklərinə uyğun olaraq hərəsi bu əsəri bir ayrı cilvədə canlandırır. 
Siz adlara baxın! Bu adlar hələ həmin səs saxlanclarını dinləməzdən belə hər şeyi deyir. “Kor ərəbin mahnısı”nı Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov ifa etmişdilər. Onlardan sonra da daha neçə-neçə tanınmış, adlı-sanlı müğənni.
Rəşid Rəşiddir, Şövkət Şövkətdir, Gülağa Gülağadır!
Hər biri ötülməz, əvəzsiz sənətkar! 
Kimsə mənimlə mübahisəyə girə bilər – nə sirdisə, bu ifaların heç biri, mənim nəzərimcə, Məmmədəli Əliyevin vurduğu möhürü üstələyə bilmədi.
...1990-cı illərin ortalarında Hüseyn Cabidin yaxınlaşan 115 illiyi ərəfəsində Cavidin cildlərindən birini Alim Qasımov vermişdim. Xahiş etmişdim ki, şeirlərdən hansınısa seçsin, özünün məsləhət bildiyi bir muğam üstündə oxumağı sınaqdan keçirsin.
Çünki o vaxt həm Cavid haqqında ayrıca veriliş hazırlamaq, həm də bir yubiley gecəsi təşkil etmək istəyirdim.
Söz yox, Alimin ifası həmin verilişin də, gecənin də bəzəyinə dönə bilərdi.
2-3 il ötdü, nəsə Alimdən xəbər çıxmadı. Mən də daha ö söhbətin üstünü vurmadım.
Nəticə xeyli sonra, 2012-ci ildə, artıq Cavidin 120 yaşının tamamında ortya çıxdı.
Alim muğam üstündə Caviddən qəzəl oxumağına oxudu. 
Amma bu qəzəl həmin məşhur “Kor ərəbin mahnısı”na bir əlavə kimi idi. 
Əsas yük məhz mahnının üzərində idi.
Və dönə-dönə eşitdiyimiz, Məmmədəli Əliyevin avazı ilə möhürlənmiş həmin nəğmə, “Kor ərəbin mahnısı” bizə onillərcə eşitdiyimizdən tam fərqli gəldi. 
Başqa dad, ayrı rənglər, özgə zəriflik və dərinliklər qazanmışdı.
Hüseyn Cavid və Fikrət Əmirov dühalarının doğurduğu bu şahanə əsərə Alim öz beyni və qəlbini də əlavə etmişdi.
Özündən əvvəlki müğənnilərin hamısından fərqli olaraq Alim dünya işığına həsrət bir ərəbin deyil, öz gününün, öz içərisinin acısını, nisgilini, duyğularını oxuyurdu.
Bu möhür təzə möhür idi.
Köhnə möhür və möhürlərlə höcətə girməyən, “onlar olsun, mən də varam” deyən, sənəti qədər təvazösü də böyük olan Alim Qasımovun səs tariximizdə qalacaq daha bir möhürü! 
İlk möhürü vurmaq və ad çıxarmaq həmişə çətindir!
Amma əvvəlki məşhur möhürün üstündən onu üstələyə biləcək yeni möhürü vurmaq qat-qat müşküldür və əsl hünərdir.
Belə möhürlərdən birini yox, bir çoxunu vurmaq məsudluğu qiymətli sənətkarımız Alim Qasımovun qismətidir!

Avqustun 20-də saat 21.30-da və avqustun 22-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişində böyük sənətkarımız Alim Qasımovla keçən bazar günündə başladığımız söhbət davam edəcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook