RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Noy 25, 2017 | 12:26 / Axşam görüşləri
Emin Sabitoğlunun saatındakı vaxt: "Axşam görüşləri" verilişinin Emin Sabitoğluna həsr edilmiş buraxılışının anonsu

Bu söhbətimiz Emin müəllimlə 1980-ci illərin lap əvvəllərində olub. 
O vaxtlar əksəriyyyətin ürəyindən keçsə də, heç kimin ağlına gəlməzdi ki, Sovet İttifaqı belə tezliklə dağılacaq, bu nəhənglikdə imperiya lap yaxın illərdə çökəcək və Azərbaycan müstəqil dövlət olacaq.
Qəfilcə Emin Sabitoğlu həmin andakı danışdıqlarımıza birbaşa aidiyyəti olmayan sözlər söylədi, sanki içərisindəki düşüncələri səslə ifadə edərək fikirli-fikirli dilləndi: “Türkiyə türklərinə paxıllıq edirəm.”.
Təəccüblə baxdım ona, baxışlarımla soruşdum ki, yəni niyə?
–Həsəd aparmıram, qibtə etmirəm, məhz paxıllıq edirəm.
Bu dəfə artıq səslə soruşdum: “Niyə axı?”.
–Bilirsən, türklər hansısa xarici səfərdən qayıdarkən təyyarədən enən kimi hava limanında ətrafda yalnız türkcə danışıldığını eşidirlər. Bizsə...
Hələ SSRİ yerində çox möhkəm oturmuşdu və bu da yatanda yuxumuza girməzdi ki, 10-12 il keçəcək və bizim həmişə sıx təmaslarının həsrətində olduğumuz Türkiyəyə get-gəllərimiz adiləşəcək və bizim də mühitimizdən hakim yad dil asta-asta qırağa çəkiləcək, ana dilimiz cəmiyyətdə, dövlət həyatında layiq olduğu uca yerini tutmağa başlayacaq və heç vəchlə təsəvvürə gətirmədiyimiz 
iş də baş verəcək ¬– bir sıra alimlərimiz, sənət xadimlərimiz, yazıçılarımız kimi Emin Sabitoğlu da Türkiyəyə gedib orada müəllimlik etməyə başlayacaq. 
Özü də 3 ay yox, 5 ay yox, ömrün bütöv son 6 ilini. 
O, 1994-cü ildən ta 2000-ci ilə qədər İstanbuldakı Texniki Universitetin Türk Xalq Musiqisiu şöbəsində çalışdı. 
Həyatdakı ən böyük arzularından birinə çatmışdı, hər gün çox sevdiyi İstanbulun havasını udmaq, gözəlliyinə dalmaq imkanı vardı. 
Di gəl, hər gün, hər saat nədir, hər dəqiqə ürəyi Bakı ilə döyünürdü. 
Tətillər öz yerində, lakin hər münasib fürsət düşən kimi hökmən Azərbaycana gəlirdi, doğmalarla, dostlarla birgə olmaqdan, Bakı küçələrini sadəcə piyada dolaşmaqdan hədsiz zövq alırdı.
Orda, İstanbuldakı mənzilində divar saatı vardı, masasının üstündə də bir ayrı saat. Hər ikisinə əqrəblər İstanbul deyil, Bakı vaxtını göstərirdi. 
Bu, Emin müəllimin öz etirafı idi.
Elə bil ki, bununla – hər an ən azı baxışları ilə Bakı vaxtının cazibəsində olmasıyla qəlbindəki Azərbaycan xiffətini soyutmaq, doğma yerlərdən ötrü qəribsəyən, hərgünkü ünsiyyətlərindən sarı darıxan ürəyini toxtatmaq istəyirdi.
...Əziz dostumzun, unudulmaz Emin Sabitoğlunun ruhu sığallayan melodiyalarını dinləyirəm, mahnılarına qulaq asıram...
Eminin ömür saatı 17 ildir ki, dayanıb.
O mahnıların, o melodiyaların içərisindəki vaxtsa hərəkətdədir, bugünlədir, bəlkə lap sabahla həmahəngdir. 
O zərif incilərin içərisindəki nəbz Eminin nəbzidir, onlardakı dayanmayan vaxt Eminin vaxtıdır. 
Və o yadigarların hər xalı, hər guşəsi bütün həyatı uzunu Eminin varlığını bürümüş Azərbaycan sevgisi ilə doludur...
Noyabrın 26-a saat 21.30-da və noyabrın 28-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi 80 illiyini onsuz qarşıladığımız bəstəkar, xalq artisti Emin Sabitoğluna həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook