RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Avg 04, 2017 | 22:50 / Axşam görüşləri
Əfrasiyab Bədəlbəylinin alın yazısı: "Axşam görüşləri" verilişinin Əfrasiyab Bədəlbəylinin xatirəsinə həsr edilmiş buraxılışının anonsu

Bu böyük insanlar millət və yurd qarşısında həmişə başıucadırlar, çünki ləyaqətlə xidmət göstəriblər, silinməz izlər qoyub gediblər və daim ehtiramla, sevgilərlə anılmalıdırlar.
Əfrasiyab ana tərəfdən Qacarlar nəsli ilə bağlı idi, ata tərəfdən isə Bədəlbəyli idi və məktəb müdiri, teatr xadimi olan atası Bədəl bəy Üzeyir bəylə doğmaca xalaoğlu idilər.
Musiqimizin, mədəniyyətimizin, mənəvi dəyərlərimizin fədakar qoruyucusu olmaq və bu sərvətlərin inkişafından ötrü ömrü boyu fədakar mübarizələr aparmaq onun qanında idi, bu onun alın yazısı, taleyi idi.
Əfrasiyab Bədəlbəyli 1907-ci ildə anadan olmuşdu və 1924-cü ildə onun vur-tut 17 yaşı vardı. İndinin gözü ilə baxsaq, yeniyetmə, sütül bir gənc. Ancaq milli operalarımıza (əslində, böyük ölçüdə Üzeyir bəyə qarşı) başladılmış mübarizəyə sadə bir seyrçi kimi qala bilmir, mərd-mərdanə sinəsini qabağa verir, muğam operalarımızın əleyhinə bolşevikcəsinə aparılan hərəkata qarşı ən sərt mövqeyini ifadə edən məqalə ilə “Kommunist” qəzetində çıxış edir.
Bu, heç kəsə qətiyyən sadəcə bir məqalə yazmaq, fikir ifadə etmək qədər adi iş kimi gəlməsin. Azərbaycanda sovet hakimiyyəti qurulduğu ilk günlərdən Üzeyir Hacıbəyli yeni rejimin özündən olmayanlar sırasına aid etdiyi şəxsiyyətlər sırasında idi. Azərbaycan Cümhuriyyəti ilə bilavasitə bağlı olmuşdu, ana dilində çıxan “Azərbaycan” qəzetinə redaktorluq etmişdi, ilk milli respublikanın himnini bəstələmişdi, bəy oğlu idi, qardaşı Ceyhun bəy Fransada siyasi mühacirətdə idi, siyasi düşüncəsi, milliyyətçi baxışları dərc edilmiş yüzlərlə yazısından hamıya bəlli idi. Yəni sovet onu hər an həbs edə, güllələyə, gedər-gəlməz sürgünlərə yollaya bilərdi. Bununçün tədarüklər də görülürdü. Üzeyir bəyin aradan götürüləcəyi təqdirdə opera səhnəmizin boş qalmaması üçün yeni və həm də yeni tipli operalara ehtiyac vardı. Reynqold Qliyer “Şahsənəm”i yazmaq üçün Azərbaycana gətiriləndə elə basılıca niyyətlərdən biri bu məsələ ilə bağlı idi. Ona görə də gənc Əfrasiyabın milli operalarımızın süni şəkildə müasirləşdirilməsi əleyhinə məqaləsi artıq həm də onun siyasi mövqeyinin ifadəsi, Üzeyir bəyin yanında olması haqda şıq bəyanatı demək idi və təbii ki, cavan müəllif bu çılğın addımının vəd etdiyi təhlükələri də göz altına almamış deyildi.
Əfrasiyab Bədəlbəylinin az qala zərbülməsələ çevrilmiş “Kotletdən yarpaq dolması çıxmaz” deyimi elə milli ruh olmadan Qərb musiqi modellərini zorən Azərbaycan mədəniyyətinə tətbiq etmək istəyənlərlə barışmamasının, milli musiqi hissiyyatı damarlarından axmayanların bu xalq üçün sevilə biləcək əsərlər yarada bilməyəcəklərinə inamının ifadəsi kimi dilə gətirilmişdi.
Qərb musiqi şəkillərindən və simfonizmdən yararlanarkən milli koloriti ön sıraya çıxarmaq, yeni musiqimizdə milli çöhrəni hifz etmək Əfrasiyab Bədəlbəylinin ilk gəncliyindən başladığı mübarizələrindəki səmtlərdən biri idi.
Muğam, tar uğrunda mübarizələrdə Əfrasiab Bədəlbəylinin 1920-ci illərdəki fəaliyyətləri isə qəhrəmanlıq sayılmağa layiq fədakar, kişiyana hərəkətlər idi. 1922-1928-ci illərdə Azərbaycanın xalq maarif komissarı işləmiş Mustafa Quliyevin 1929-cu ilin 12 yanvarında incəsənət və musiqi işçilərinin qarşısında çıxışından, həmin məruzənin 1929-cu ildə özünün redaktoru olduğu “İnqilab və mədəniyyət” jurnalında “Azərbaycan musiqi mədəniyyətinin inkişaf yolları” sərlövhəsi ilə ayrıca məqalə kimi dərcindən sonra tar əleyhinə amansız mübarizə başlanır, həm musiqiçilər, həm ziyalılar arasında Mustafa Quliyevin səsinə səs verənlər çox olur.
Süleyman Rüstəmin 1932-ci ildə Bakıda nəşr edilmiş “Atəş” kitabında yer almış (və sonradan şairin əsərlərinin heç bir yeni çapına daxil edilməmiş) “Tar səsə qoyulur” şeirində o mənzərə aydın əksini tapıb.

– Mən qoyuram tarı səsə. Kim lehinə? Sayıram:
Bir, iki, üç... Daha yoxmu?
Lehinə budur ancaq!
– Əl qaldırsın kim bu tarın əleyhinə. Sayıram:
Bir, iki, üç, on, yüz, bu on min.
Olmayır heç saymaq!
– Yox, mən buna dözə bilməm, mən bu dərddən partlaram,
Mən əməkdar bir alətəm, bir söz, əməkdar taram.
Yoldaş şair! Məni səsə qoymaq neçin?! Bu nədir?!
– Vətəndaş tar, mən nə edim?! Sənin əleyhinədir:
Fabrikalar və zavodlar, bu vışkalar, bu həyat,
Yorulmuşsan, bir az da get, uzan, muzeylərdə yat!

Bu şeir 1930-cu il aprelin 18-də yazılıb.
Əfrasiyab Bədəlbəyli “Kommunist” qəzetinin 1929-cu il 11 yanvar buraxılışında dərc etdirdiyi “Tarın mühakiməsinə dair” məqaləsində bütün qətiyyəti ilə həmin “səs verənlərin” “minlər”inin deyil, barmaqla sayılacaq qədər azlarının yanında idi.
Bütün bunlar sonradan dəyişdirilməsi, pozulub təzədən ürəyin istəyən kimi, indiki vaxta münasib olaraq yazılması mümkünsüz olan, artıq yaşanmış qəmli, keşməkeşli tariximizdir və həmin tarix içərisində Əfrasiyab Bədəlbəylinin boyu şərəflə ucalır!
Avqustun 6-da saat 21.30-da və avqustun 8-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi böyük musiqiçi Əfrasiyab Bədlbəylinin xatirəsinə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook