RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Mart 11, 2018 | 23:19 / Axşam görüşləri
Qardaş yükü: "Axşam görüşləri" verilişinin Şeyx Məhəmməd Rəsizadəyə həsr edilmiş buraxılışının anonsu

Onun yetirmələrinin neçəsi bu gün bütün Azərbaycan boyu tanınan, adlarına, xatirələrinə ehtiram bəslənən məşhur şəxsiyyətlərdir. 
Akademiklər Yusif Məmmədliyev, Həsən Abdullayev, Həsən Əliyev, Məmməd Cəfər Cəfərov, Abbas Zamanov…
Unudulmaz Heydər Əliyev 1996-cı ilin oktyabrında, Naxçıvana Böyük Hüseyn Cavidin məqbərəsinin açılışına gedərkən mənə söyləmişdi ki, şairin böyük qardaşı, həmin Şeyx Məhəmməd onun da hər zaman minnətdarlıqla andığı müəllimlərindəndir. Və bunu da əlavə etmişdi ki, Şeyx Məhəmməd çox bilikli, eyni zamanda çox da tələbkar müəllim idi və şagirdlərinə dili, ədəbiyyatı elə öyrədirdi ki, həmin dərslərdə mənimsənənlər ömür boyu insanla qalırdı.
Şeyx Məhəmməd şagirdlərini, tələbələrini o qədər sevirmiş ki, onların inşalarını, yoxlama dəftərlərini, hətta qaralamalarını arxivində saxlayırmış. 
İlk dəfə 1980-ci illərdə ondan qalan yazıları birinci dəfə başdan-sona diqqələ araşdıranda əvvəlcə təəccübləndim ki, niyə kağızlara, sənədlərə, yadigar yazılara münasibətdə bunca səliqəli olan Şeyx Məhəmmədin şəxsi arxivində istəkli qardaşı Hüseyn Cavidin bircə səhifə belə yazısı, məktubu, fotosu yoxdur.
Niyəsini də dərhal ehtimal etdim və az sonra bu sualın lap dəqiq cavabını da bildim.
Oğlu Hamid anasının dilindən söyləyirdi: “Anam nağıl eləyirdi ki, Cavid tutulandan sonra Şeyx Məhəmmədi tez-tez çağırıb haraya isə aparır, sorğu-suala tuturdular. Gecə yarısı o, qanıqara qayıdıb gələr, səhərə qədər yatmayıb kitab və kağızları araşdırardı. Mən isə bir kənara yığılmış kitab və kağızları aparıb təndirə tökərək yandırardım. Heç kim bilməsin deyə külünü də yığışdırıb düz evimizn qarşısından axan çaya tökərdim”.
Kim bilir, bəlkə də Şeyx Məhəmməd ədəbi irsinin ən yaxşı hissələri, Cavidin ona məktubları, hansısa başqa yazıları da elə o yandırılanların arasındaymış?!
Şeyx Məhəmmədin kiçik qızı Gövhər xanım mənimlə anasının bu göynəkli xatirəsini bölüşürdü ki, atası içərisindəkini hələ-hələ büruzə verən adam deyilmiş. Amma bütün həyatı boyu iki dəfə hönkürtüylə ağlayıb. Bir Cavidin tutulmağını eşidəndə, bir də böyük qızı Zəhra sürgün ediləndə.
Şeyx Məhəmmədi Cavidin həbsindən sonra “xalq düşmənləri” ilə əlaqədar söhbətlər açılan müxtəlif rəsmi yığıncaqlara qəsdən tez-tez dəvət edirlərmiş qardaşı haqqında əzazil dövrün amansızlaşdırdığı ifşaçıların belə toplantılatdakı hər çıxışını dinləyib dillənməməyə vadar qalar, evinə sarsılmış halda dönər, ürəyinin atəşini soyutmaqçün şeirlər yazar və sonra da onları yandırılmalı kağızlara qatarmış...
Azərbaycan Radiosunda martın 11-də saat 21.30-da və martın 13-də saat 23-də FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi bu ayın 15-də 140 yaşı tamam olan Şeyx Məhəmməd Rasizadəyə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook